Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-729/2022 31.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2, üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “X4 faktiki istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, plan-ölçü sənədinin tərtib edilməsi və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Qəbələ Rayon Bələdiyyəsinin 21 iyul 2005-ci il tarixli 07 nömrəli qərarı ilə Qəbələ şəhər ərazisində fərdi yaşayış evi tikintisi məqsədi ilə mənə verilmiş torpaq sahəsinin yerində koordinantlarının müəyyən edilməsi ilə plan-ölçü sənədinin hazırlanması və hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək “X4 faktiki istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, plan-ölçü sənədinin tərtib edilməsi və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli hazırlıq iclasının protokol qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-729/2022 nömrəli qərardadı ilə iş üzrə Qəbələ bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı iddiaçının vəsatəti təmin edilməmiş, X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - Qəbələ Rayon bələdiyyəsinin 21 iyul 2005-ci il tarixli 07 nömrəli qərarı ilə Qəbələ şəhər ərazisində 0.06 ha fərdi yaşayış evi tikintisi məqsədi ilə torpaq sahəsi əldə etmişdir. O, həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi üçün cavabdehə müraciət etmiş, lakin, müraciəti təmin edilməmişdir. Hazırda həmin torpaq sahəsinə aid bütün orjinal sənədlər özündədir. Torpaq sahəsinin yerləşmə sxemi itirilmişdir. İddiaçı həmin sxemin təkrar olaraq əldə edilməsi üçün dəfələrlə Qəbələ bələdiyyəsinə müraciət etməsinə baxmayaraq, plan ona təqdim edilməmişdir. İddiaçı tələb hüququnu müvafiq torpaq sahəsinin Qəbələ Rayon bələdiyyəsinin 21 iyul 2005-ci il tarixli 07 nömrəli qərarı ilə Qəbələ şəhər ərazisində 0.06 ha fərdi yaşayış evi tikintisi məqsədi ilə ona satılması, cavabdeh orqan isə iddia tələbinə etirazını, Qəbələ Rayon bələdiyyəsinin 21 iyul 2005-ci il tarixli 07 nömrəli qərarı ilə iddiaçının əldə etdiyi 0.06 ha torpaq sahəsinə xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və plan ölçü sənədinin verilməsi ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etdi. İşdə olan, cavabdeh orqan tərəfindən təqdim edilmiş, xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İşin araşdırılması məqsədi ilə DƏDKR X13 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri 25 iyul 2022-ci il tarixdə Qəbələ rayonu Qəbələ şəhərində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı iddia etdiyi, cavabdeh X4 istifadəsində olan faktiki naturada ölçülmüş 0,07 ha torpaq sahəsi Qəbələ rayonu Qəbələ şəhəri İnzibati sərhəddi daxilində yaşayış məntəqəsi torpaqları olmaqla, uqodiyası çoxillik əkmələrdir. Sözügedən torpaq sahəsinin 0,06 hektar hissəsi **********35 nömrəli reyestr çıxarışına əsasən X3 xüsusi mülkiyyətinə verilmişdir və X8 tərəfindən istifadə olunur. Torpaq sahəsinin koordinatları və yerləşmə vəziyyəti yerquruluşu planlarında göstərilmişdir (yerquruluşu planı 1,2). A seriyalı 160278 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsi sorğuya əlavə olunan torpaq sahəsinin yerquruluşu sənədində koordinatlar olmadığına görə göstərilən 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşməsini təyin etmək mümkün deyil. A seriyalı 068796 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsi A seriyalı 160278 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. İşdə olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi X3 adına qeydiyyata alınmışdır. İşdə olan, JN-1793F KOD 40601004 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Qəbələ rayon Aqrar İslahatı Komissiyasının xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə 0.06 ha torpaq sahəsi X4 adına qeydiyyata alınmışdır. İşdə olan, xx.xx.2015-ci il tarilxi daşınmaz əmlakın bağışlama müqaviləsindən görünür ki, X1 şəhərinde yerləşən 0.06 ha torpaq sahəsini X5 hədiyyə etmişdir. İşdə olan, Qəbələ bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 113 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı iddia etdiyi torpaq sahəsi X4 mülkiyyətindədir. Məhkəmə, iddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı X4 faktiki istifadəsində olan torpaq sahəsi üzərində özünün mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, plan-ölçü sənədinin tərtib edilməsi və çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. İddiaçı, tələb hüququnu həmin torpaq sahəsinin alqı-satqı müqaviləsi ilə onun mülkiyyətinə verilməsi ilə əsaslandırır. Lakin, iş materiallarında görünür ki, sözügedən torpaq sahəsi X3 mülkiyyətindədir. Sonuncunun adına çıxarışın verilməsinə əsas Qəbələ rayon Aqrar İslahatı Komissiyasının xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə X6 0.06 ha torpaq sahəsi ilə bağlı JN-1793F KOD 40601004 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və bağışlama müqaviləsi olmuşdur. Belə ki, sözügedən şəhadətnamə ilə həmin torpaq sahəsi Əziz Osmanovun mülkiyyətinə verilmiş, daha sonra xx.xx.2015-ci il tarilxi daşınmaz əmlakın bağışlama müqaviləsi ilə X5 hədiyyə edilmişdir. Belə olan halda iddiaçı, hüquqi marağına uyğun olaraq ilk növbədə JN-1793F KOD 40601004 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni mübahisələndirilməli, həmin tələbi uğurlu olacağı halda, X3 adına tərtib edilmiş çıxarışı və onun verilməsinə əsas olan sənədləri mübahisələndirməlidir. Həmin iddialar müsbət həllini tapdıqdan sonra iddiaçının hazırkı tələbinə mahiyyəti üzrə baxılması mümkün olacaqdır. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iş üzrə keçirilmiş məhkəmə iclasında iddiaçıya izah edilərək, onun dinlənilmə hüququ təmin edilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “X4 faktiki istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, plan-ölçü sənədinin tərtib edilməsi və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.
Hakim Vüqar Musayev.