Məhkəmə qərarları › İş №2-1(116)-73/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-73/2022

03.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-73/2022 03.02.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə iddiaçının cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı “Yevlax rayonu Balçılı kəndində yerləşən RX seriyalı ******* nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0,44 ha torpaq sahəsinin hansı ərazidə yerləşdiyinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsi) məhkəməyə müraciət edərək, Yevlax rayonu Balçılı kəndində yerləşən RX seriyalı ******* nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hansı ərazidə yerləşdiyinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Yevlax rayon Balçılı kəndində yerləşən 0,44 ha torpaq sahəsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışa əsasən iddiaçının xüsusi mtilkiyyətindədir. Həmin torpaq sahəsinin dəqiq yerini müəyyən edə bilmir. Həmin torpaq sahəsi tam qanuni əsaslarla ona məxsusdur. Torpaq sahəsinin planı və ölçüsünə əsasən Yevlax rayonu Balçılı kəndində yerləşən 0,44 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Torpaq sahəsi çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətində olmasına baxmayaraq, o, torpaq sahəsinin harada yerləşdiyini bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan ********** qeydiyyat nömrəli 08.11.2019-cu il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Yevlax rayon Balçılı kəndində yerləşən 0,44 ha torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsi tərəfindən torpaq sahəsinə dair 05.11.2019-cu il tarixdə A №429973 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakin Kadastri və Ünvan Reyestri Xidmətinin 17.05.2021-ci il tarixli **********83 nömrəli imtina məktubunda göstərilmişdir ki, iddiaçıya məxsus pay torpaq sahəsinin kənar şəxslər tərəfindən zəbt edilməsi faktının araşdırılması, bununla bağlı məhkəməyə yanlış rəy verilməsi və torpaq sahəsinin geri qaytarılması məsələsinə köməklik göstərilməsi barədə müraciətinə aidiyyəti üzrə baxılmışdır. Yevlax Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(039)-2077/2020 nömrəli qərardadı əsasında mübahisəli əraziyə baxış keçirilərək ölçmə işləri aparılmışdır. Aparılmış araşdırma nəticəsində qərardadda qoyulmuş suallarla bağlı mütəxəssis rəyi və sxem hazırlanaraq 15 yanvar 2021-ci il tarixli, **********81 nömrəli məktubla Yevlax Rayon Məhkəməsinə təqdim edilmişdir. Eyni zamanda qeyd edilmişdir ki, qeyd edilən məsələ ilə bağlı iddiaçının təkrar ekspertizaya müraciət etmək hüququ vardır. Cavabdehin 05.08.2021-ci il tarixli **********84 nömrəli etirazında qeyd edilmişdir ki, İddiaçı və Mingəçevir Şəhər Vəkil Bürosu tərəfindən 06.04.2021-ci il tarixli, 05.05.2021-ci il tarixli 260 nömrəli məktublarla Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə zəbt olunmuş torpağın qaytarılması və Yevlax rayonu Balçı kəndində yerləşən 0,44 ha torpaq sahəsinin harada yerləşməsinin müəyyən edilməsi barədə arayış təqdim edilməsi xahiş olunmuşdur. Qeyd olunan müraciətlərə aidiyyəti üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyesri Xidmətinin tabeliyində olan "xxxx" MMC-də baxılaraq 17.05.2021-ci il tarixli **********83 nömrəli və 31.05 2021-ci il tarixli **********71 nömrəli məktublarla müvafiq münasibət bildirilmişdir. Yevlax Rayon Məhkəməsinin 18.11.2020-ci il tarixli 2(039)-2077/2020 nömrəli müraciəti əsasında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilmiş və hazırlanmış mütəxəssis rəyi Xidmətin 15.01.2021-ci il tarixli **********81 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmişdir. Mingəçevir Şəhər Vəkil Bürosu tərəfindən mübahisəli torpaq sahəsinin naturada tanıdılması ilə bağlı məktubu ilə əlaqədar bildirilmişdir ki, torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirildiyi üçün müraciətdə qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin müddəalarına uyğun olaraq aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə müraciət edilməsi məqsədəuyğundur. Cavabdeh 03.09.2021-ci il tarixli **********84 nömrəli məktubla eyni tarixli arayışı məhkəməyə təqdim etmişdir. 03.09.2021-ci il tarixli 393 nömrəli arayışda göstərilmişdir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********22 reyestr nömrəli çıxarışla iddiaçının xüsusi mülkiyyət hüququ ilə hüquqları qeydiyyata alınmış “torpaq sahəsinin planı və ölçüsü” sənədində koordinatlarla göstərilən 0,44 ha torpaq sahəsinin yerləşdiyi ərazi müəyyən edilmiş, sahəsi və koordinatları əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Həmçinin iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmış 0,44 ha torpaq sahəsinin sərhədlərinin göstərildiyi sxematik təsvir məhkəməyə təqdim olunmuşdur. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsi 12.10.2021-ci il tarixli **********15 nömrəli məktubla iddia ərizəsinə münasibət olaraq bildirmişdir ki, iddiaçının mülkiyyətində olan 0.44 ha torpaq sahəsinə yerində baxış keçirilmişdir, ona məxsus torpaq sahəsi yerində tanıtdırılaraq mövcud vəziyyətdə göstərilmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin üzərində yaranmış mübahisə torpaq qanunvericiliyinin tələblərinə uyğun həll edilə bilər. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında Yevlax rayonu Balçılı kəndində yerləşən, mülkiyyətində olan 0,44 ha torpaq sahəsinin yerinin koordinatlar üzrə ona iki dəfə tanıdıldığını bildirmiş, iddiaçının vəkili maraqlarını müdafiə etdiyi şəxsin izahatını təsdiq etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğu və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığı üçün, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsi verildikdən sonra mübahisə predmeti ortadan qalxmış, cavabdeh iddiaçının tələbinə uyğun hərəkət etmiş və müvafiq tədbirlər görmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Məcəllənin 67.3-cü maddəsinə görə, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı “Yevlax rayonu Balçılı kəndində yerləşən RX seriyalı ******* nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0,44 ha torpaq sahəsinin hansı ərazidə yerləşdiyinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar