Məhkəmə qərarları › İş №2-1(116)-730/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-730/2023

05.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-730/2023 05.09.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənzillə təmin ediləcək hərbi qulluqçuların siyahılarına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “mənzillə təmin ediləcək hərbi qulluqçuların siyahılarına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən o, Azərbaycan Ordusunun “mayor” rütbəli istefada olan zabitidir. 2013-cü ildə Müdafiə nazirinin müvafiq əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) istefaya buraxılmışdır. Azərbaycan Ordusunda ümumilikdə 21 (iyirmi bir) təqvim ili müddətində fasiləsiz olaraq həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmətinin böyük hissəsi döyüş bölgəsində keçmişdir. Şəhid ailəsidir, öz mənzili yoxdur, dövlət tərəfindən mənzillə təmin olunmamışdır, 4 (dörd) nəfərlik ailə üzvləri ilə birlikdə kirayədə yaşayır. Mövcud qanunvericiliyə əsasən dövlət vəsaiti hesabına mənzillə təmin olunmaq hüququ vardır. Bu hüququ gerçəkləşdirmək üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə rəsmi müraciət etmişdir. Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsindən daxil olmuş 31 08.2022-ci il tarixli cavab məktubunda qeyd olunur ki, “siz Milli Məclisin 01 fevral 2001-ci il tarixli Amnistiya Aktına əsasən cəzanın çəkilməmiş qalan hissəsindən azad edilmisiniz. Ona görə də mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahılarına daxil edilə bilməzsiniz”. Cavabdehin bu mövqeyini absurd, qanunsuz və əsassız hesab etdiyindən məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh etirazında bildirmişdir ki, Tərtər Qarnizonu Hərbi Məhkəməsinin 01 iyun 2000-ci il tarixli hökmü 3 il müddətinə azadlıqdan məhrum etmə Azərbaycan Respublikası CM-nin 41, 42, 21-1 -ci maddələri tətbiq olunmaqla İddiaçı barədə hökmün icrasının təxirə salınması və döyüşən orduya göndərmək qərarı çıxarılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 01 fevral 2001-ci il tarixli amnistiya aktına əsasən iddiaçı 2001 -ci il 17 oktyabr tarixindən cəzasının çəkilməmiş qalan hissəsindən azad edilmişdir. İddiaçının ümumi təqvim xidmət ili 21 il 16 gün, məhkumluq müddəti 1 il 3 ay 16 gün təşkil etdiyindən Fərmanının 3-2ci bəndinə əsasən məhkumluğun olduğu müddət iddiaçının ümumi təqvim xidmət ilindən çıxıldıqdan sonra iddiaçı 20 təqvim ili xidmətə malik olmamışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Aşağıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:  708 saylı hərbi hissə komandirinin xx.xx.2013-cü il tarixli 239 nömrəli əmrindən çıxarış;  İddiaçıya məxsus EZ ******* nömrəli hərbi bilet;  SHXÇDX-nin İsmayıllı rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 36 nömrəli arayışı;  Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli V-2593 nömrəli Arayışı;  Cavabdehin xx.xx.2022-ci il tarixli etiraz məktubu;  SHXÇDX-nin İsmayıllı rayon şöbəsinin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə edilmiş sənədlər;  Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktubları;  Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya verilmiş medallara dair sənədlər.  Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubu. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir.Həmçinin, iddia əsaslıdır. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki,iddia əsaslıdır və təmin edilməlidir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı:

1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. 3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz.

Azərbaycan Respublikasının 17 may 2002-ci il tarixli, 333-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Qüsursuz xidmətə görə" medalı haqqında Əsasnamə:

1. “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər.

2. “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: “Qüsursuz xidmətə görə” 1ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 2ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 3cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Həmin məcəllənin : Maddə 83.1. Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Maddə 83.4. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Maddə 83.4-1. Əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Maddə 83.6. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Cavabdehin iddianın təmin edilməsindən imtina etməkdə əsas dəlili ondan ibarətdir ki, Tərtər Qarnizonu Hərbi Məhkəməsinin 01 iyun 2000-ci il tarixli hökmü 3 il müddətinə azadlıqdan məhrum etmə Azərbaycan Respublikası CM-nin 41, 42, 21-1 -ci maddələri tətbiq olunmaqla İddiaçı barədə hökmün icrasının təxirə salınması və döyüşən orduya göndərmək qərarı çıxarılmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki,iddiaçı Azərbaycan SSR Cinayət Məcəlləsinin 238-ci (Tabelikdə olan şəxsin rəisi və rəisin tabelikdə olan şəxsi təhqir etməsi) maddəsi ilə təqsirli blinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 68-VİQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilmiş və 331.2-ci maddə (Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi, habelə tabelikdə olan şəxsin öz rəisini təhqir etməsi) Məcəllədən çıxarılmış, bununla da həmin əməl dekriminallaşdırılmışdır. Dekriminallaşma dedikdə əməlin cinayət hesab edilməməsi başa düşülür. Yəni, bu əməl əvvəl cinayət hesab edilirdisə, daha sonra dekriminalizasiya edilib və artıq kriminal əməl deyil.Əməlin dekriminallaşdırılması onun yaratmış olduğu hüquqi nəticələri də aradan qaldırmışdır.Bu halda iddiaçının Azərbaycan Ordusunda ümumi təqvim xidmət ili 21 il 16 gün olmaqla tam hesablanmalıdır. Beləliklə,iddiaçının 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olması onu “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına aid etməyə əsas verdiyindən, həmin Fərman ona da şamil edilməlidir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehin üzərinə iddiaçının mənzillə təmin ediləcək hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. İddiaçı adının mənzillə təmin ediləcək hərbi qulluqçuların siyahısına daxil edilməsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar