Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-730/2025 20.02.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9 qızının katibliyi, İddiaçı Əhiman oğlunun iddiaçının nümayəndəsi X5, cavabdehin nümayədəsi X2 ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “X1 və digərlərinin adına verilmiş xx.xx.2022-ci il tarixli, **********15 reyestr nömrəli elektron çıxarışın ləğv olunmasına və paylı mülkiyyətində olan fərdi yaşayış evinin torpaq sahəsi ilə bağlı aparılmış qanunsuz qeydiyyat əməliyyatlarının silinərək reyestrdə və kadastrda müvafiq düzəlişlərin aparılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi, müəyyən etdi: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X1 və digərlərinin adına verilmiş xx.xx.2022-ci il tarixli, **********15 reyestr nömrəli elektron çıxarışın ləğv olunmasına və paylı mülkiyyətində olan fərdi yaşayış evinin torpaq sahəsi ilə bağlı aparılmış qanunsuz qeydiyyat əməliyyatlarının silinərək reyestrdə və kadastrda müvafiq düzəlişlərin aparılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçı, xx.xx.1974-cü il tarixdə X1 ilə nikah bağlamış, nikahları xx.xx.1990-cı ildə pozulmuşdur. İsmayıllı rayon Məhkəməsinin xx.xx.1993-cü il tarixli qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, ev 44B ünvanında yerləşən fərdi yaşayış evi tərəflər arasında bölünmüş və iddiaçının adına 56.2 kv.m sahəsi olan 2 otaqlı yaşayış evinə münasibətdə Qeydiyyat vəsiqəsi verilmişdir. Hazırda iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli, **********15 reyestr nömrəli çıxarışda qeyd edilmiş fərdi yaşayış evinin torpaq sahəsi ilə bağlı hissəsi mübahisələndirilir. İddiaçı hesab edir ki, onun razılığı olmadan paylı mülkiyyətində olan evin torpaq sahəsinin üçüncü şəxslərin adına rəsmiləşdirilməsi qanunsuz olmuşdur. Cavabdeh orqan iddia ərizəsində irəli sürülən tələblərin icrası ilə bağlı səlahiyyətinin olmadığını əsas gətirərək iddia tələbinə etiraz etmişdir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı, əlavə olaraq bildirdi ki, Cəmilə Ağayeva ilə nikahları pozulduqdan sonra həmin yaşayış sahəsində yaşamamışdır. Daimi yaşadığı yer İsmayıllı rayonu Quşencə kəndi olmuşdur. 1992-ci ildən sonra ümumiyyətlə həmin torpaq sahəsinə gedibgəlməmişdir. Torpaq islahatı aparılan zaman həmin torpaq sahəsindən və orada yerləşən yaşayış sahəsindən onun birinci nikahdan olan ailəsi yaşayaraq istifadə etmişdir. O, hesab edir ki, torpaq islahatı zamanı həmin torpaq sahəsinin keçmiş ailə üzvlərinə ayrılmasında islahat komissiyası səhvə yol vermişdir. O, torpaq sahəsinin birinci nikahdan olan ailə üzvlərinə verilməsindən məlumatlı olsa da, əvvəllər uşaqlarına münasibətdə xoş niyyətdə olduğundan torpaq sahəsinin birinci nikahdan olan ailəsinə verilməsini mübahisələndirməmişdir. Hazırda, birinci nikahdan olan övladları ona qarşı aqressiv olduqlarından və onu saymadıqlarından torpaq sahəsini onlardan alıb ikinci nikahdan olan övladına vermək niyyətindədir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs X1 xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, qaldırılmış iddia tələbinə etiraz edir. Belə ki, iddiaçı bir neçə yerdə əsassız olaraq torpaq sahəsi əldə etmişdir. Torpaq islahatından 28 il keçdikdən sonra qaldırılmış iddia əsassızıdır və iddia müddəti ötürülmüşdür. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Belə ki, işin araşdırılmış hallarına görə, iddiaçının mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli, **********15 reyestr nömrəli çıxarışdakı torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli 111 saylı qərarı ilə ayrılmışdır. Belə ki, həmin qərar əsasında İsmayıllı şəhər sakinlərinin qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin mülkiyyətlərinə verilməsi üçün hazırlanmış yerquruluşu sənədləri təsdiq olunmuş, Azərbaycan Respublikası Dövlət torpaq və Xəritəçəkmə Komitəsindən vətəndaşların həyətyanı torpaq sahələrinə mülkiyyət hüququna dair şəhadətnamələrin hazırlanmasına köməklik göstərilməsi xahiş edilmişdir. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli 111 saylı qərarı ilə İsmayıllı şəhəri üzrə vətəndaşların xüsusi mülkiyyətinə verilmiş torpaq sahələrinə dair subyektlər siyahısında X1, X7, X6 və X3 adları qeyd edilmiş, torpaq sahəsinə dair A274111 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Nəzərə alınmalıdır ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003cü il tarixli 111 saylı qərarı inzibati aktdır və iddia olunan torpaq sahəsinin hansı subyektlərin xüsusi mülkiyyətinə verilməsi məsələsi məhz həmin inzibati akt əsasında həll edilmiş, həmin subyektlərdən biri olan Cəmilə Ağayevanın adına plan-ölçü sənədi tərtib olunaraq, ümumi birgə mülkiyyətə verilmiş torpaq sahəsinin naturada yeri müəyyən edilmişdir. Torpaq sahəsinin üçüncü şəxslərin ümumi birgə mülkiyyətinə verilməsi barədə iddiaçının məlumatlı olmasına dair məhkəmə qeyd edir ki, bu hal iddiaçının izahatı əsasında müəyyən edilmişdir. Belə ki, o, torpaq sahəsinin birinci nikahdan olan ailə üzvlərinə verilməsindən xəbərdar olduğunu, lakin həmin dövrdə uşaqlarına qarşı xoş niyyətli olduğuna görə torpaq sahəsi ilə bağlı hər hansı mübahisə qaldırmadığını bildirmişdir. İddiaçı, hazırkı tələbinin səbəbi kimi birinci nikahdan olan övladlarının ona qarşı aqressiv davranmalarını və onu saymamalarını göstərmiş, buna görə də torpaq sahəsini onlardan alaraq ikinci nikahdan olan övladına vermək niyyətində olduğunu vurğulamışdır. Göründüyü kimi torpaq sahəsinin aqrar islahat komissiyasının qərarı əsasında üçüncü şəxslərin ümumi birgə mülkiyyətinə verilməsindən iddiaçı məlumatlı olmuş, həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, bu məsələ ilə bağlı mübahisə açmamışdır. Nəticədə, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli 111 saylı qərarını mübahisələndirmək imkanını da itirmişdir. İddiaçı, mübahisəli torpaq sahəsinin İsmayıllı şəhər XDS İK-nin xx.xx.1979-cu il tarixli 12 saylı iclas protokolu ilə ayrıldığını bildirsə də, məhkəmə qeyd edir ki, torpaq islahatı zamanı sovet dönəmində ayrılmış torpaq sahələrinin yeni statusu və qanuni istifadəçiləri müəyyənləşdirilmiş, yeni mülkiyyətçilər formalaşmışdır. Nəticə etibarilə, torpaq sahəsinin hüquqi statusu ilə bağlı sonuncu inzibati akt İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli 111 saylı qərarıdır. Bu qərar sözügedən torpaq sahəsinə dair hissədə iddiaçı tərəfindən mübahisələndirilmədiyindən torpaq sahəsinin hüquqi statusu artıq həmin qərara əsasən müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. Şərh olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli, **********15 reyestr nömrəli çıxarışdakı torpaq sahəsinin üçüncü şəxslərin ümumi birgə mülkiyyətində qeyd edilməsinə səbəb sözügedən torpaq sahəsinin İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli 111 saylı qərarı ilə həmin şəxslərə ayrılması olmuşdur. Odur ki, həmin qərar qüvvədə olduğu müddət ərzində onun əsasında tərtib edilmiş sənədlərin ləğvi ilə bağlı mübahisələrə mahiyyəti üzrə baxıla bilməz. Məhkəmə tərəfindən iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün xx.xx.2025-ci il tarixdə məhkəmə iclası təyin edilmiş və iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi izah edilərək onun dinlənilmə hüququ təmin edilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “X1 və digərlərinin adına verilmiş xx.xx.2022-ci il tarixli, **********15 reyestr nömrəli elektron çıxarışın ləğv olunmasına və paylı mülkiyyətində olan fərdi yaşayış evinin torpaq sahəsi ilə bağlı aparılmış qanunsuz qeydiyyat əməliyyatlarının silinərək reyestrdə və kadastrda müvafiq düzəlişlərin aparılması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-730/2025
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-730/2025
20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver