Məhkəmə qərarları › İş №2-1(116)-731/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-731/2021

01.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-731/2021 01.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı cavabdehin imtinasının qanunsuz hesab edilməsi və müavinətin ödənilməsi tələbinə dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 07 aprel və xx xxxx 2020-ci il tarixli qərarlarına əsasən təyin edilən aylıq 190 manat müavinətin verilməsindən cavabdehin imtinasının qanunsuz hesab edilməsi və müəyyən edilmiş qaydada qeydiyyatın aparılaraq həmin müavinətin bütün aylar üzrə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçının işsiz kimi qeydiyyata alınmasından və buna müvafiq olaraq COVİD-19 pandemiyası ilə əlaqədar yardım üçün müraciətindən imtina edilməsinin səbəbi adına aktiv VÖEN-in olmasının göstərilməsidir. Halbuki, VÖEN aktiv deyil, istifadə etmir, bağlatdırmaq üçün dəfələrlə müraciət etməsinə baxmayaraq, kodu itirdiyinə görə bağlanmasının mümkün olmadığı bildirilmişdir. İşsiz olmasına və heç bir yerdən gəliri olmamasına baxmayaraq, yardım ala bilməmişdir. Bununla bağlı cavabdehə, o cümlədən apellyasiya şurasına müraciətləri nəticəsiz qalmışdır. Cavabdehin hərəkətləri qanunsuz hesab edilməli və cavabdehin üzərinə 190 manat pandemiya ilə əlaqədar maddi yardımın verilməsi vəzifəsi qoyulmalıdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-3745/2021 nömrəli qərardadına əsasən, iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Qərardadın əsaslarına görə, “iddiaçının qeydiyyat ünvanı Zərdab rayonu Aşağı Seyidlər kəndidir. Zərdab rayonu Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasında yerləşir. Hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquqi ünvanı ünvan 2 olsa da, onun yurisdiksiyasına Respublikanın bütün rayonları daxil olmaqla, birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Belə ki, iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh qanunsuz olaraq ona pandemiya ilə əlaqədar 190 manat ödəməkdən imtina etmişdir. "Yaşayış yeri və olduğu yer üzrə” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Qanun normasından da aydın olduğu kimi şəxsin qeydiyyatda olduğu yer şəxsin yaşayış yeri sayılır. AZE Seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən göründüyü kimi, İddiaçı yaşayış yeri qismində Zərdab rayonu, Aşağı Seyidlər kəndi göstərilmişdir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Zərdab rayonu Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir (19.13-cü bənd) və beləliklə, məhkəmə hesab etmişdir ki, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir.” Şəki İnzibati Məhkəməsi mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə qismində hazırkı işə baxmaq üçün özünü səlahiyyətli saymır. Belə ki, iddianın ərazi aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə iddianın növünün müəyyən edilməsi zəruri şərtdir. İddiaçının Zərdab rayonunun Aşağı Seyidlər kəndində qeydiyyatda olması, cavabdehin isə Bakı şəhərində yerləşməsi mübahisə üzrə ərazi aidiyyətinin və səlahiyyətli məhkəmənin müəyyən edilməsi üçün kifayət edən şərt kimi qiymətləndirilməsi inzibati prosessual qanunvericliyin tələblərinə ziddir. İddia ərizəsinin məzmunundan da göründüyü kimi, iddiaçı birdəfəlik sosial yardımın ödənilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh iddiaçıya sosial yardımın təyin olunmasından imtina etmiş, iddiaçı məhkəməyə müraciət edərək birdəfəlik sosial yardımın təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə isə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Ümumi olaraq qeyd olunmalıdır ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı faktiki olaraq inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bildiyi halda, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.3-cü bəndində hansı meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmədiyi göstərilmiş, həmin Qaydaların 3.5-ci bəndinə əsasən isə yoxlama nəticəsində işsiz şəxsin bu Qaydaların 2.3-cü bəndində göstərilən şəxsə aid olmaması müəyyən edildikdə birdəfəlik ödəmənin təyin edilməsi haqqında MAS (“Məşğulluq” altsistemi) tərəfindən qərar qəbul olunduğu müəyyən edilmişdir. İddiaçı ona birdəfəlik ödəmənin təyin edilməsində imtina edən cavabdehin hərəkətlərini mübahisələndirsə də, faktiki olaraq cavabdehdən sosial yardımla təmin olunmasını xahiş etmiş, cavabdehə müraciəti birdəfəlik sosial yardımın ödənilməsi ilə bağlı olmuşdur, müraciəti təmin edilmədikdə isə həmin yardımın ödənilməsi vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb etmişdir. Odur ki, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddialara deyil, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərindən biri olan inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara, yəni öhdəliyin icrası haqqında iddialara aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-537/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərarında da eyni mövqedən çıxış edilərək, analoji iddianın öhdəliyin icrası haqqında iddialara aid olmasını göstərmişdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq, mübahisənin ərazi aidiyyətinin müəyyən edilməsi zamanı məhz bu mövqedən çıxış edilməsini məqsədəmüvafiq hesab edir. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən İPM-in 8-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq olunur ki, həmin Məcəllənin: 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.3-1-ci maddəsinə görə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.4-ci maddəsinin tələbinə əsasən isə digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Belə ki, normaların tələbindən də göründüyü kimi, öhdəliyin icrası haqqında iddialara, əgər həmin iddialar daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı deyildirsə, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibəti ilə bağlı deyildirsə, Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı deyildirsə, cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yeri olmadığı hallarda olduğu yerin və ya axrıncı yaşayış, yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı iddia öhdəliyin icrası haqqında iddiadır və aidiyyətlə bağlı sadalanan istisnalar iş üzrə müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 15ci maddəsinin tələbinə əsasən işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Həmin qanunun 43-cü maddəsinə görə inzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı iddiaya ərazi aidiyyəti üzrə cavabdehin yerləşdiyi yerin məhkəməsində, yəni hüquqi ünvanı ünvan 3 olduğundan, Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının xx.xx.2019-cu il tarixli 4 nömrəli qərarının 15.12-ci bəndinə əsasən Bakı şəhərinin Yasamal rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 9.1.3-cü maddəsinə əsasən, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda, ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Şəki İnzibati Məhkəməsinə münasibətdə yuxarı məhkəmə instansiyası Şəki Apellyasiya Məhkəməsi olduğundan hazırkı iş ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi məqsədilə Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 8 və 9-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı cavabdehin imtinasının qanunsuz hesab edilməsi və müavinətin ödənilməsi tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi məqsədilə Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar