Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-733/2023 21.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə qarşı “mülkiyyətində olan VAZ-21011 markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobili çıxdaş edilməklə uçotdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “mülkiyyətində olan və Yevlax X3 və Texniki Baxış şöbəsində qeydiyyata alınmış VAZ-21011 markalı, **-BB-*** dövlət nömrə nişanını yeni əldə etmək istədiyi OPEL ASTRA markalı avtomobilin üzərinə təhkim edilərək adına rəsmiləşdirilməsi öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan Baş X8i İdarəsinin Yevlax X3 və Texniki Baxış şöbəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “mülkiyyətində olan VAZ-21011 markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobili çıxdaş edilməklə uçotdan çıxarılması və üzərində olan **-BB-*** dövlət nömrə nişanını yeni əldə etmək istədiyi OPEL ASTRA markalı avtomobilin üzərinə təhkim edilərək adına rəsmiləşdirilməsi haqqında öhdəliyin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan Baş X8i İdarəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-733/2023 nömrəli qərardadı ilə iddia tələbinin “VAZ-21011 markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobilin üzərində olan **- BB-*** dövlət nömrə nişanının yeni əldə etmək istədiyi OPEL ASTRA markalı avtomobilin üzərinə təhkim edilərək adına rəsmiləşdirilməsi haqqında öhdəliyin” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan Baş X8i İdarəsinin üzərinə qoyulması” hissəsi mümkün sayılmamışdır. İddia ərizəsinin əsaslarına görə, 1998-ci il tarixdən iddiaçının mülkiyyətində VAZ- 21011 markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobili var. Uzun illər öncə istismar müddətini bitirmiş, istifadəyə tam yararsız hala düşmüş və onun hissələrini, qovşaqlarını zaman-zaman məişət tullatısı kimi atmış, metalloma lazımlı hissələrini yaşadığı küçəyə işlənmiş və yarasız dəmir almağa gələn tanımadığı şəxlərə vermişlər. Hal hazırda avtomobilə məxsus texniki şəhadətnamə və dövlət qeydiyyat nişanı iddiaçıdadır. Qanunlardan xəbərsiz olduğundan avtomobilə aid sənədləşmə işlərini həyata keçirmək, yəni onu çıxdaş etməklə uçotdan çıxarmaq və üzərində olan dövlət nömrə nişanını yeni almaq istədiyi avtomobilin üzərinə təhkim etmək kimi prosedurları dövlət orqanında həyata keçirməyə köməklik etmək üçün digər şəxsə etibarnamə versə də verdiyi etibarnamə əsasında bu mümkünsüz olmuşdur. xx.xx.2022 tarixdə oğlu X5yla birlikdə Yevlax X3 və Teniki Baxış şöbəsinə müraciət etmiş, məqsədi adı çəkilən nəqliyyat vasitəsini qanunla nəzərdə tutulan formada çıxdaş etmək və üzərində olan **-BB-*** dövlət nömrə nişanını yeni aldığı avtomobilin üzərinə təhkim etməklə qeydiyyatdan keçirtmək olmuşdur. Yevlax X3 və Teniki Baxış şöbəsində avtomobili çıxdaş etmək üçün bizdən avtomobili uzun illər öncə verdiyi metal yığan şəxslərdən hər hansısa formada arayış (və ya akt) alıb təqdim etməyi tələb edilmişdir. Bunun qanunsuz olduğunu hesab etdiyindən Daxili İşlər Nazirliyinə, həmçinin Baş X8i İdarəsinə rəsmi şəkildə müraciət etsə də nəticəsi olmamışdır. Ona görə də inzibati orqanın hərəkətsizliyi nəticəsində yaranmış problemin həlli üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, DİN Baş X8i idarəsi Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən «VAZ 21011» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.1998-ci il tarixdən İddiaçı adında qeydiyyatdadır. «VAZ 21011» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin İddiaçı adına qeydiyyata alınmasına əsas olmuş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ağdaş rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 356 nömrəli məktubuna əlavə olunmuş “Elektron notariat” X1 Çıxarışdan görünür ki, İstehsal ili 1980, mühərrik № 4654932, BAN № ******* olan, 03BB002 dövlət qeydiyyat nişanlı VAZ 21011 nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixədək İddiaçı tərəfindən X2 “sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, İpoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək” səlahiyyətləri verilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iddia ərizəsinə etirazında məhkəmə iclasının nümayənədəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçılar cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşlar. Lakin, iddia əsassızdır. DİN-nin 1999-cu il “14” 06 tarixli 190 nömrəli əmri ilə təsdiq edilmiş, “mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması işlərinin aparılması barədə” Təlimat:
1. 5. Nəqliyyat vasitələri uçotdan çıxarıldıqda “Əsasnamə”nin tələblərinə müvafiq olaraq, bu Təlimatın 2.1-2.5, 2,7-2.10, 2.13 və 2.18-ci bəndlərində göstərilən hərəkətlər həyata keçirilir. Qeyd: Fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin uçotdan çıxarılması üçün bu Təlimata 3 nömrəli əlavədə göstərilən forma üzrə doldurulmuş ərizə qəbul edilir. 2.1. Nəqliyyat vasitələrinin qeydiyyatı üçün onların mülkiyyətçilərindən “Əsasnamə” ilə nəzərdə tutulmuş sənədlər və müvafiq ərizə (hüquqi şəxslər üçün “Təlimata İ nömrəli əlavə, fiziki şəxslər üçün isə - Təlimata 2 nömrəli əlavə qəbul edilir. 2.2. Nəqliyyat vasitəsi sahibinin və ya onun nümayəndəsinin şəxsiyyəti, “Əsasnamə”nin 2.8-ci hissəsində nəzərdə tutulmuş müvafiq şəxsiyyət vəsiqəsi, onlar itirildikdə isə polis orqanlarının verdiyi arayış əsasında müəyyən edilir. 2.3. Fiziki şəxslərə məxsus olan nəqliyyat vasitəsinin qeydiyyatı üçün sahibin nümayəndəsi müraciət etdikdə onun bu səlahiyyətlərə malik olmasını təsdiq edən vəkalətnamənin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlərin mövcudluğu yoxlanılır. Nəqliyyat vasitəsi sahibinin və ya onun nümayəndəsinin şəxsiyyətini müəyyən etmək üçün polis orqanlarının pasport qeydiyyat xidmətlərinin və ya məlumat-axtarış bazasının uçot göstəriciləri ilə müvafiq yoxlamalar aparıla bilər. 2.4. Nəqliyyat vasitəsinin və onun nömrəli aqreqatlarının sahibliyini təsdiq edən sənədlər yoxlanılır. həmin sənədlərin və qeydiyyat şəhadətnaməsinin həqiqiliyi, onlarda düzəlişlərin olub-olmaması vizual baxış və ya texniki vasitələrdən istifadə edilməklə yoxlanılır və bu məqsədlə müvafiq sorğular aparıla bilər. 2.5. Müvafiq vergi, ödənc və haqqların ödənilməsi barədə təqdim edilən qəbzlər və ya ödəmə tapşırıqları yoxlanılır. Nəqliyyat vasitəsinin sahibi göstərilən ödənc və vergilərin ödənilməsində mövcud qanunvericiliklə nəzərdə tutulmuş qaydada güzəşt və imtiyazlara malik olduqda müvafiq təsdiqləyici sənəd təqdim olunmalıdır. 2.7. Nəqliyyat vasitələri “Əsasnamə”nin 2.6 və 2.7-ci bəndlərində nəzərdə tutulmuş qaydada texniki müayinədən keçirilir. Texniki müayinənin nəticəsi barədə ərizədə “DYP-nin xidməti qeydləri” qrafasında müvafiq qeydlər aparılır və ya akt tərtib edilib möhürlə təsdiqlənir. (Nəqliyyat vasitəsinin texniki müayinə aktı Təlimata 4 nömrəli əlavədə göstərilmişdir). 2.8. Nəqliyyat vasitələri, onların nömrəli aqreqatları, nəqliyyat vasitələrinə sahibliyi təsdiq edən sənədlər, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları qaçırılmış və oğurlanmış nəqliyyatın məlumat-axtarış uçotu bazası üzrə yoxlanılır. Aparılmış yoxlamanın nəticəsi barədə qeydiyyat ərizəsində müvafiq qeydlər edilir. Nəqliyyat vasitəsi Azərbaycan Respublikasına xarici dövlətlərdən gətirildikdə və müəyyən şübhə doğurduqda, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “İnterpol” MMV və ya ƏSİL vasitəsilə müvafiq yoxlama həyata keçirilə bilər. Yoxlanılan nəqliyyat vasitələri sorğuya cavab alınan müddətədək müvəqqəti qeydiyyata alınmalıdır. 2.9. Sənədlər qəbul edildiyi vaxtdan bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və onun uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsi həyata keçirilməlidir. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. 2.10. Təqdim edilən sənədlərdə saxtakarlıq əlamətləri aşkar edildikdə, “Əsasnamə”nin 10-cu bəndində göstərilən hallarda sənədlər və nəqliyyat vasitəsi mövcud qanunvericiliklə nəzərdə tutulmuş qaydada saxlanılır və müvafiq yoxlamalar aparılır. 2.13. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatından keçirilməsi, dövlət qeydiyyat nişanlarının və qeydiyyat şəhadətnaməsinin verilməsi barədə qeydiyyat hərəkətlərinin aparılması reyestrində (Təlimata 5 nömrəli əlavə müvafiq yazılar qeyd olunur. Qeydiyyat hərəkətlərinin növləri üzrə ayrıca reyestrlər aparılır. 2.18. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması üçün müvafiq əsaslar olmadıqda, ərizə təqdim edilmiş digər sənədlərlə birlikdə nəqliyyat vasitəsinin sahibinə və ya onun nümayəndəsinə qaytarılır və imtinanın səbəbləri barədə ona yazılı cavab verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə: 1.3. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin yaxud haqların ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. 5.1. Bu Əsasnamənin 1.2-ci bəndində nəzərdə tutulmuş orqanlar tərəfindən nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan aşağıdakı hallarda çıxarılır: 1) nəqliyyat vasitəsi sahibinin yaşayış yeri dəyişdikdə və onun yeni yaşayış yeri nəqliyyat vasitəsini qeydiyyata almış müvafiq orqanın fəaliyyət göstərdiyi ərazinin hüdudlarından kənarda olduqda, habelə qeydiyyat yerinin dəyişməsi ilə bağlı olan digər hallarda: 2) nəqliyyat vasitəsinə mülkiyyət hüququ xitam edildikdə və ya nəqliyyat vasitəsi başqasınqa verildikdə; 3) nəqliyyat vasitələri çıxdaş edildikdə. DİN-nin 1999-cu il “14” 06 tarixli, 190 nömrəli əmri ilə təsdiq edilmiş, “mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması işlərinin aparılması barədə” Təlimatın tələbinə görə Nəqliyyat vasitələri uçotdan çıxarıldıqda “Əsasnamə”nin tələblərinə müvafiq olaraq, bu Təlimatın 2.1-2.5, 2,7-2.10, 2.13 və 2.18-ci bəndlərində göstərilən hərəkətlər həyata keçirilir. Keçirilməsi nəzərdə tutulan hərəkətlər və Təlimata 3 saylı əlavədəki ərizənin məzmunu onu deməyə əsas verir ki, çıxdaş edilmədən öncə iddiaçı həmin nəqliyyat vasitəsinə visual baxışın keçirilməsini təmin etmək üçün nəqliyyat vasitəsini cavabdeh orqana təqdim etməli, bu mümkün olmadıqda isə həqiqətən də nəqliyyat vasitəsinin məhv olmasını sübut etməlidir. Təlimata 3 saylı Əlavədə DYP-nin xidməti qeydləri hissəsində “nəqliyyat vasitəsinin mühərrikinin şassisinin, banının nömrələri, rəngi və digər göstəricilər bu ərizədə göstərilənlərə uyğun gəlir” qrafasının mövcudluğu onu deməyə əsas verir ki, cavabdeh orqan nəqliyyat vasitəsinin faktiki vəziyyətinə visual baxış keçirmədən, yaxud nəqliyyat vasitəsinin məhv olması barədə sübutlar mövcud olmadan ərizəçinin müraciəti əsasında nəqliyyat vasitəsini çıxdaş etməklə uçotdan çıxara bilməz. İstinad olunan Təlimatın 2.8-ci bəndinin tələbləri baxımından nəqliyyat vasitəsini çıxdaş etməkdən əvvəl cavabdeh orqan nəqliyyat vasitəsini, onun nömrəli aqreqatlarını, nəqliyyat vasitəsinə sahibliyi təsdiq edən sənədləri, qeydiyyat şəhadətnaməsini və dövlət qeydiyyat nişanını qaçırılmış və oğurlanmış nəqliyyatın məlumat-axtarış uçotu bazası üzrə yoxlamalı, aparılmış yoxlamanın nəticəsi barədə qeydiyyat ərizəsində müvafiq qeydlər icra etməlidir. Hazırkı iş üzrə iddiaçı, çıxdaş edilməsini tələb etdiyi nəqliyyat vasitəsini faktiki olaraq təqdim edə bilmədiyindən və həmin nəqliyyat vasitəsinin fiziki olaraq məhv olması müəyyən edilmədiyindən, həmçinin 2022-ci ilin iyul ayinda etibarnamə verilmiş nəqliyyat vasitəsinin cavabdeh orqana ilkin müraciətin edildiyi 2022-ci ilin noyabr ayınadək məişət tullantısına çevrilməsi inandirici olmadığından məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə qarşı “mülkiyyətində olan VAZ-21011 markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobili çıxdaş edilməklə uçotdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.