Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-735/2024 22.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı Göyçay rayonu Çərəkə bələdiyyəsinin 10 sentyabr 2007-ci il tarixli, 15 nömrəli qərarına əsasən ona satılmış 20 ha torpaq sahəsinin 90979,58 kv.metr hissəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Göyçay rayonu Çərəkə bələdiyyəsinin 10 sentyabr 2007-ci il tarixli, 15 nömrəli qərarına əsasən ona satılmış 20 ha torpaq sahəsinin 90979,58 kv.metr hissəsinin dövlət reyetsrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-3127/2023 nömrəli qərardadı ilə Göyçay rayonu Çərəkə bələdiyyəsi adi qaydada üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “Göyçay rayonu Çərəkə bələdiyyəsinin 10 sentyabr 2007-ci il tarixli, 15 nömrəli qərarına əsasən ona satılmış 20 ha torpaq sahəsinin 90979,58 kv.metr hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Göyçay rayonu Çərəkə Bələdiyyəsinin xx.xx.2007ci il tarixli 15 saylı protokolun qərarı ilə iddiaçıya kənd təsərrüfatı, heyvandarlıq və balıqçılığın inkişafı məqsədilə 20 ha torpaq sahəsi satılmış, torpaq sahəsinin satılmasına DT və XK-nin Ucar rayon şöbəsi tərəfindən etiraz edilməmiş, torpaq sahəsinin seçilməsi ilə bağlı baxış aktı tərtib edilmişdir. İddiaçı ayrı-ayrı vaxtlarda həmin 20.0 hektar torpaq sahəsinin 2,3031 ha, 0.5 ha, 5,0538 ha və 576,4 kv.m hissəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əldə etsə də, 90979,58 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, Göyçay rayonu. Çərəkə kəndində yerləşən 9.09 ha torpaq sahəsinə yerində baxış keçirilmiş və faktiki istifadədə olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları müəyyən edilərək baza məlumatlarına əsasən yoxlanmışdır. Torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən yoxlanarkən qeyd olunan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması müəyyən edilmişdir. Həmçinin bildiririk ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi alqı-satqı predmenti deyil, yalnaız vətəndaşlara icarəyə verilə bilər. Torpaq İslahatı haqqında Qanunun 7-ci maddəsinin 2-ci bəndinə əsasən Bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatına yararlı torpaqları kənd təsərrüfatı istehsalı üçün hüquqi və fiziki şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız icarəyə verilir. Bu səbəbdən Göyçay rayonu, Çərəkə kəndində yerləşən 9.09 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənin icrası mümkün olmamışdır. Əlavə olaraq qeyd edirik ki, yerqurluşu kompleks islahat xəritələrində (DVJ) sözügedən torpaq sahəsi AİK-sı tərəfindən vətəndaşların mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst- üstə düşür. Yeni elektron uçot baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aiddir. Məhkəmə iclasında iddiaçının vəkili, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, xx.xx.2007-ci il tarixli torpaqların alqı satqısına dair akt, DT və XK-nın Göyçay rayon şöbəsinin rəyi, iddiaçıya kənd təsərrüfatı, heyvandarlıq və balıqçılığın inkişafı məqsədilə mülkiyyətində olan torpaq sahəsində təsərrüfat əhəmiyyətli tikinti işlərinin aparılmasına icazə verilməsi barədə xx.xx.2009-cu il tarixli akt, Göyçay rayonu Çərəkə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 15 nömrəli qərarı, xx.xx.2007-ci il tarixli ödəniş qəbzi, cavabdehin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunmuş mütəxəssis rəyi, A 212166 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi, **********81, **********82, **********83 reyetsr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının və üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Göyçay rayonu Çərəkə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 15 nömrəli qərarı ilə iddiaçıya, kənd təsərrüfatı, heyvandarlıq və balıqçılığın inkişafı məqsədilə 20 ha torpaq sahəsi satılmış və həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan, torpaq sahəsinin satılması barədə qərar, alqı-satqı aktı, “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə də təsdiq edilir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara qismən riayət edilməklə iddiaçıya satılmışdır. Sözügedən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması ilə bağlı cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, həmin torpaq sahəsinə dair tərtib edilmiş A 212166 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin kadastr göstəricilərində sözügedən torpaq sahəsi sair sahələr qrafasında qeyd edilmiş, bonitet balı 20, keyfiyyət qrupu 5 göstərilmişdir. Göyçay rayonu Çərəkə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 15 nömrəli qərarında da, həmin torpaq sahəsinin kənd təsərrüfatına yararsız olması qeyd edilmişdir. Həmçinin DT və XK-nin Göyçay rayon şöbəsi tərəfindən də həmin torpaq sahəsinin kənd təsərrüfatına yararsız olması barədə rəy verilmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdeh orqan Göyçay rayonu Çərəkə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 15 nömrəli qərarı əsasında satılmı torpaq sahəsinin 20 ha torpaq sahəsinin 10,91 ha hissəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququnu dövlət qeydiyyatına almışdır. Həmin torpaq sahələrinin plan-ölçü sənədlərində də, torpaq sahəsinin bonitet balı - 20, keyfiyyət qrupu - 5 göstərilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, Göyçay rayonu Çərəkə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 15 nömrəli iclas protokolunun qərarı iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinin üzərinə Göyçay rayonu Çərəkə bələdiyyəsinin 10 sentyabr 2007-ci il tarixli, 15 nömrəli qərarına əsasən ona satılmış 20 ha torpaq sahəsinin 90979,58 kv.metr hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.