Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-735/2025 07.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Müharibə veteranı adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən İddiaçı 2018-ci ildən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində mülki vəzifədə işləmişdir.2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 10-a dək davam edən Vətən Müharibəsində N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə öz vəzifə borclarını yerinə yetirmişdir. Həmin müddətdə Suqovuşan qəsəbəsi və Tərtər rayonu Talış kəndi istiqamətində maddi-texniki təminat üzrə tapşırıqları (yaralı daşımaq, sursat daşımaq, yanacaq boşaltmaq, texnika daşımaq və s.) yerinə yetirmişdir. Həmin dövrdəki rəhbər heyətin göstərişinə əsasən o, qeyd edilən ərazilərdə olmuş və maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir. Döyüşlər bitdikdən sonra ona məlum olmuşdur ki, qeyd edilən bölgələrdə onun iştirakı ilə bağlı hərbi hissə komandirinin müvafiq əmri olmamışdır. Ümumiyyətlə həmin dövrdə döyüşlərdə iştirak edən heç bir mülki işçinin adı döyüş əmrində qeyd edilməmişdir. Döyüşlərdə iştirakı ilə bağlı onun canlı şahidləri var. Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək ona müharibə veteranı adı verilməsini xahiş etmiş, sonuncu bundan imtina etmişdir. Cavabdeh etiraz məktubunda bildirmişdir ki, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin imperativ göstərişi şəxsin döyüş əməliyyatları aparılan ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməsi və ya hərbi aviasiya, hava hücumundan müdafiə bölmələrinin tərkibində əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsidir. Döyüş əməliyyatları aparılan ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmə dedikdə şəxsin Şuşa. Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 27 sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat üzrə tapşırıqları icra etməsi nəzərdə tutulur. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə müharibə veteram adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən aşağıda qeyd olunan zəruri şərtlərin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 27 sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməsi; Qeyd olunan şərtlərin hər hansı birinin mövcud olmaması şəxsə “Müharibə veteram" adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Bu əsasnamənin birinci hissəsinin 8-ci, 9-cu və 10-cu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən verilir. Bununla yanaşı, Əsasnamənin 1-ci hissəsinin 9-cu və 10-cu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə, N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 63 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Tərtər rayonu Suqovuşan və Talış kəndində maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmiş, lakin adı müharibədə iştirak edən şəxsi heyətin döyüş rayonlarına göndərilməsi üçün tərtib olunmuş komandirin xx.xx.2020-ci il tarixli nizami hissə üzrə əmrində yoxdur. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli 648 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı təqdim olunmuş sənədlərdə döyüş əməliyyatlarında iştirakı nizami hissə üzrə əmrlə təsdiqlənmədiyinə görə “Müharibə Veteram” adı və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Beləliklə, yuxanda qeyd olunanlardan görünür ki, İddiaçı 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 27 sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində döyüş əməliyyatlarında iştirakı əmrlərlə təsdiq olunmamışdır.. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyi Katibliyinin xx.xx.2024cü il tarixli məktubundan görünür ki, cavabdeh orqan iddiaçının müraciətin təmin edilməsindən imtina etmişdir.
2. 07.05.2024-cü il tarixli akt; maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmiş mülki işçi baradə N nömrəli hərbi hissənin Arayış-Məlumatı;
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli Arayışı;
4. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandirinin N nömrəli əmrindən çıxarış;
5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubu;
6. Azərbaycan Respublikasinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu və iddiaçının Qeydiyyat kartası;
7. 0780449 nömrəli əmək kitabçasının surəti;
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı Müharibə veteranı adının və onu təsdiq edən vəsiqəsinin verilməsindən ibarətdir. İş materiallarından görünür ki, iddiaçı MN-in N saylı hərbi hissəsinin xx.xx.2018-ci il tarixli N nömrəli əmri ilə maddi-texniki təminat bölüyünün hamam-camaşırxana kombinatında təmirçi çilingəri (avadanlıqların təmiri üzrə) vəzifəsinə mülki işçi kimi işə qəbul edilmişdir. İddiaçı barəsində xidmət keçdiyi hərbi hissə tərəfindən tərtib edilmiş arayışməlumatdan görünür ki,o, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək təmirçiçilingər vəzifəsində döyüş əməliyyatlarında maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir.İddiaçı xidməti vəzifəsini Tərtər rayonunun Suqovuşan və Talış kəndlərində icra etmişdir. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 10 və 11-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Həmin Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Yuxarıda istinad olunan Əsasnamənin tələbləri baxımından Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara da, “Müharibə veteranı” adı verilməlidir. Cavabdeh orqan Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talış kəndləri istiqamətində gedən döyüşlərdə maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsində bilavasitə iştirak etməyi ilə əlaqədar hərbi hissə tərəfindən bu halı təsdiq edən "Vətən müharibəsi'ndə döyüş tapşırıqları ilə bağlı fəaliyyətə cəlb olunmasına dair əmrin təqdim edilmədiyini bildirsə də, mülki işçi kimi döyüş əməliyyatlarının maddi-texniki təminatı ilə bağlı müvafiq tapşırıqları yerinə yetirmişdir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtinasını İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Tərtər rayonu Suqovuşan və Talış kəndində maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirməsini, lakin adının müharibədə iştirak edən şəxsi heyətin döyüş rayonlarına göndərilməsi üçün tərtib olunmuş komandirin xx.xx.2020-ci il tarixli nizami hissə üzrə əmrində olmaması ilə əsaslandırmışdır. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının hərbi qulluqçu olmaması, hər hansı bir hərbi hissənin nizamı hissə üzrə əmrlərində onun barədə məlumatın öz əksini tapmaması səbəbindən ona müharibə veteranı adı və vəsiqəsi verilməli olmaması ilə bağlı cavabdehin dəlilləri əsassız olmuşdur. Belə ki, qanunvericilik hərbi qulluqçu olmayan şəxslərə də əgər onlar döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuşlarsa, müharibə veteranı adı və vəsiqəsinin verilməsinin mümkünlüyünü nəzərdə tutur. Göründüyü kimi iş materialları ilə təsdiq olunur ki, iddiaçı döyüş əməliyyatları aparan hərbi hissədə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün cəlb edilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin edilir. İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə