Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-736/2022 21.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin vəkili X2 iştirakı ilə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialının Cavabdehnə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş “İcra sənədinin icra sənədini vermiş orqana qaytarılmasına dair” 15.12.2021-ci il tarixli 5/2410 nömrəli qərarın qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi və 13 saylı regional ərazi filialı tərəfindən qəbul edilmiş qərarların icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “İcra sənədinin icra sənədini vermiş orqana qaytarılmasına dair” 15.12.2021-ci il tarixli 5/2410 nömrəli qərarın qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi və 13 saylı regional ərazi filialı tərəfindən qəbul edilmiş qərarların icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Fondun 13 saylı regional ərazi filialı tərəfindən vətəndaşlara əsassız ödənilmiş pensiya məbləğlərinin geri qaytarılması haqqında pul tələbinə dair qərarlar qəbul edilmişdir. Həmin qərarlar qanuni qüvvəsini aldıqdan sonra “İnzibati icraat haqqında” Qanunun 82-ci maddəsinin tələbinə əsasən icra olunması üçün Cavabdehnə göndərilmişdir. Şöbə tərəfindən “İcra sənədinin icra sənədini vermiş orqana qaytarılmasına dair” 15.12.2021-ci il tarixli 5/2410 nömrəli qərar qəbul edilmişdir. İddiaçı hesab edir ki, Şöbə tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli, Filialın qəbul etdiyi qərarların icra edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Cavabdeh 10.03.2022-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə “İnzibati orqanların Təsnifatı” təsdiq edilmişdir Həmin qərarın 14.1 və 14.1.4-cü yarımbəndlərinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu və onun yerli bölmələri inzibati orqan hesab edilmişdir. “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 912 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında "Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında*' Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 912 nömrəli Fərmanının icrası ilə əlaqədar “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi” təsdiq edilmişdir. Həmin Nizamnamənin 3.1 və 3.1.18-ci maddəsinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanının 6.3-cü bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarında dəyişiklik edilməsi barədə 5 mart 2021-ci il il tarixli 61 saylı qərarı ilə Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanının 6.3-cü bəndinə əsasən “İnzibati orqanların Təsnifatf’nm 14.1.4-cü yarımbəndi ləğv edilmişdir və Dövlət Sosial Müdafiə Fondu və onun yerli bölmələri inzibati orqanların siyahısından çıxarılmışdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə görə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Həmin Qanunun 3.1-ci maddəsinin tələbinə görə bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Yuxarıda qeyd edilən normanın tələbinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxs və onun regional ərazi filialı tərəfindən inzibati icraatın başlanması üçün qərar qəbul edilə bilməz. Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsində əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün publik hüquqi şəxs tərəfindən tədbirlərin görülməsi nəzərdə tutulsa da, Fond tərəfindən konkret olaraq inzibati orqan kimi inzibati icraat qaydasında qərar qəbul edilməsi göstərilməmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs olmaqla Fond və onun yerli bölmələri inzibati orqan hesab edilmir. “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxs qərarında inzibati orqan kimi inzibati qərar vermək səlahiyyətinin olmasını təsdiq edən normativ aklara düzgün istinad etməmişdir. Belkə ki, qərarı qəbul etmiş publik hüquqi şəxs istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatf’nm təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarında yuxarıda qeyd edilən kimi, həmin qərarda dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 05 mart 2021-ci il tarixli 61 saylı qərarı ilə Dövlət Sosial Fondu və yerli bölmələri inzibati orqanların siyahısından çıxarılmışdır. Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin 13 saylı regional ərazi filialı tərəfindən qəbul edilmiş inzibati qərar Nazirlər Kabinetinin sözügedən qərarı qəbul edildikdən və qüvvəyə mindikdən sonra qəbul edilmişdir. Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin 13 saylı regional ərazi filialı inzibati orqan olmadığı və inzibati qərar qəbul etmək səlahiyyətləri olmadığı üçün Cavabdehnə daxil olmuş qərarlar haqlı olaraq Cavabdeh tərəfindən “İcra sənədinin icra sənədini vermiş orqana qaytarılmasına dair” qərar qəbul edilmişdir və qərar qəbul edilərkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Məlumat üçün bildirilmişdir ki, eyni əsaslı və eyni predmetlər üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(107)-36/2022 saylı 13.01.2022-ci il tarixli qərarı ilə məhkəmə mövqeyini bildirərək göstərmişdir ki, barəsində artıq ödənilmiş əmək pensiyasının qaytarılması haqqında qərar qəbul edilən şəxlər həmin məbləği ödəməyə razılıq vermədiyi halda iddiaçı inzibati orqan özü qərar qəbul etməməli, artıq ödənilmiş pensiya məbləğinin qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli, məhkəmə isə iddia tələbinin təmin edilməsinə dair qərar qanuni qüvvəsini aldıqdan sonra icraya yönətməli idi. Ona görə də cavabdeh hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialı Cavabdehnə qarşı “İcra məmurunun qərarının ləğv olunmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə heç bir hüquqi əsası olmadığına görə iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili cavabdehin iddiaya etirazına uyğun izahat vermiş və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası mübahisələndirmə haqqında iddia (İPM-in 2.2.1 və 38.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı mübahisələndirilən 15.12.2021-ci il tarixli qərarı aldıqdan sonra 07.01.2022-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. İş materiallarında olan Cavabdeh “İcra sənədinin icra sənədini vermiş orqana qaytarılmasına dair” 15.12.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialının Q/87-05.05.2021-ci il tarixli, Q/95- 08.05.2021-ci il tarixli, Q/107-16.05.2021 -ci il tarixli, Q/94-08.05.2021-ci il tarixli, Q/115- 18.05.2021-ci il tarixli, Q/113-18.05.2021-ci il tarixli, Q/100-16.05.2021-ci il tarixli, Q/106- 16.05.2021-ci il tarixli, Q/89-05.05.2021-ci il tarixli, Q/101-16.05.2021-ci il tarixli, Q/93- 05.05.2021-ci il tarixli, Q/92-05.05.2021-ci il tarixli, Q/111-17.05.2021-ci il tarixli, Q/99- 16.05.2021-ci il tarixli, Q/114-18.05.2021-ci il tarixli, Q/94-06.05.2021-ci il tarixli, Q/112- 17.05.2021-ci il tarixli, Q/102-16.05.2021-ci il tarixli qərarları geri qaytarılmışdır. Qərarların icra olunmadan iddiaçıya qaytarılması ilə bağlı 15.12.2021-ci il tarixli 5/2410 nömrəli məktub göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının 27.12.2001-ci il tarixli 243-İİQ nömrəli Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 2.2-ci maddəsinə görə icra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Qanunun 6.1-ci maddəsinə əsasən aşağıdakılar icra sənədləri sayılır: 6.1.1. Məhkəmələr tərəfindən : Azərbaycan Respublikası məhkəmələrinin qərarları; iddianın təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi haqqında məhkəmələrin qərardadları; məhkəmələrin cinayət işləri üzrə hökmlərinin, qərardadlarının və qərarlarının əmlakın alınmasına dair hissəsi; beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin qərarları; xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qərarları əsasında verilən icra vərəqələri. 6.1.2. məhkəmə əmrləri; 6.1.3. alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlər; 6.1.4. notariusun icra qeydləri; 6.1.5. inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarları; 6.1.6. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarları; 6.1.7. Vekseldə onun aksepti haqqında qeyd olunubsa, onun aksepti hallarında veksel üzrə ödənilməməsinə görə qanunvericiliyə uyğun verilən protestlər; 6.1.8. Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar; 6.1.9. məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderləri (bundan sonra – qısamüddətli mühafizə orderi). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 82.1-ci maddəsinə görə pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. 82.2-ci maddəyə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir, lakin razılığı olmadığı halda məhkəmə qaydasında tutulur. Hazırkı halda, iddiaçı qanunvericiliklə tələb olunan qaydaya əməl etmədən “artıq ödənilən əmək pensiyasının geri qaytarılması barədə” qərarlarının icraya yönəldərək icra olunmasını tələb etmişdir. Bununla bağlı, “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Plenumunun qərarında qeyd edilmişdir ki, “... Ayrı-ayrı müstəsna hallarda dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri publik hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək üçün məhkəmə qərarının qəbul edilməsini tələb edə bilərlər. Məhkəmələr nəzərə almalıdırlar ki, dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri tərəfindən belə bir tələblə məhkəməyə müraciət olunması yalnız qanunvericilikdə birbaşa təsbit olunmuş müstəsna hallarda yolveriləndir. Məhkəmələrin dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektin xeyrinə baxacağı işlər həm pul tələblərinin ödənilməsinə dair, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialar ola bilər. Məsələn, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən qaldırılmış iddiada məhkəmə cavabdehdən dövlətin xeyrinə artıq ödənilmiş pensiya ilə əlaqədar müəyyən pul məbləğinin tutulmasına dair qərar çıxara bilər. Beləliklə, İPM-in 118-ci maddəsində təsbit edilmiş dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə icra sözügedən subyektlərin xeyrinə çıxarılmış həm pul tələblərinin icra edilməsi ilə bağlı olan, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən məhkəmə qərarlarının icrasına dair məsələlərin tənzimlənməsinə yönəlmişdir. Dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə icra həyata keçirilməli olduğu hallarda İPM-in 118.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi qismində işə baxan hakim və ya məhkəmə icra orqanı sayılır. İPM-in 118.3- 118.5-ci maddələrinə görə hakim icranın və ya ayrı-ayrı icra hərəkətlərinin həyata keçirilməsi məqsədilə, icra orqanı qismində müvafiq inzibati orqanı və ya məhkəmə icraçısını cəlb edə bilər. İcra ilə bağlı borcluya tətbiq edilməli olan mümkün məcburi icra tədbirləri yalnız hakim tərəfindən müəyyən edilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir. Pul tələblərinin icra edilməli olduğu hallarda icra orqanı qismində çıxış edən hakim İPM-in 79.2-ci və 118-ci, “İnzibati icraat haqqında” Qanunun 82-ci və “İcra haqqında” Qanunun 8-ci maddələrinə əsasən əvvəlcə məhkəmənin qanuni qüvvəyə minmiş qərarını borcluya göndərərək xəbərdarlığın alındığı (elan olunduğu) gündən sonrakı 10 (on) gün müddətində könüllü icranı təmin etmək barədə xəbərdarlıq etməlidir. Xəbərdarlıq müddəti ərzində borclu könüllü olaraq ödəməni həyata keçirmədikdə məhkəmə tərəfindən icra sənədi qanunla nəzərdə tutulmuş qaydada icraya yönəldilməklə müvafiq İcra qurumuna göndərilməlidir. İcra sənədi qanunvericiliyin tələblərinə uyğun verilmişdirsə, icra məmuru icra sənədini məhkəmədən qəbul etməli, icraata başlamalı və pul tələblərinin ödənilməsini təmin etməklə bağlı “İcra haqqında” Qanunda nəzərdə tutulmuş qaydada icra hərəkətlərini həyata keçirməlidir. Bundan sonra isə icra məmuru həyata keçirdiyi icra hərəkətləri və icranın vəziyyəti barədə icra sənədini vermiş məhkəməyə məlumat təqdim etməlidir. İcra məmurunun belə məlumat vermək borcu, o cümlədən məhkəmənin icranın lazımi qaydada həyata keçirilməsinə nəzarət etmək vəzifəsi “İcra haqqında” Qanunun 26-cı və İPM-in 118.5-ci maddələrinin müddəalarından irəli gəlir. Həmin normalara görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir...” Yuxarıda istinad olunan normalardan göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir, belə razılıq olmadığı halda isə məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Qanunun 82.3-cü maddəsi pul tələbinin ödənilməsi ilə bağlı qəbul edilmiş inzibati aktın icraya yönəldilmə qaydasını tənzimləyir. Bunun üçün iddiaçının pul tələbinin ödənilməsi barədə, yəni hazırkı işə münasibətdə - “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması barədə” qərar qəbul etmək səlahiyyəti olmalıdır. İddiaçı inzibati orqana birbaşa fəaliyyətini tənzimləyən “Əmək pensiyaları haqqında” Qanunla əmək pensiyaçısının razılığı olmadan, müstəqil olaraq “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması barədə” qərar qəbul etmək səlahiyyəti verilməmişdir. Buna görə də qeyd olunan normaya istinad etməklə, iddiaçının razılığı olmadan artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması ilə bağlı iddiaçının qəbul etdiyi qərarların icra sənədi qismində icraya yönəldilməsi əsassız olmuşdur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 sentyabr 2011-ci il tarixli Qərarında göstərilir ki, "İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdehin mübahisəli qərarı qanunvericiliyin tələblərinə, inzibati praktikaya və inzibati orqanın güddüyü məqsədlərə uyğun və mütənasib olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir; 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; 69.5-ci maddəsinə görə məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir; 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialının Cavabdehnə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş “İcra sənədinin icra sənədini vermiş orqana qaytarılmasına dair” 15.12.2021-ci il tarixli 5/2410 nömrəli qərarın qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi və 13 saylı regional ərazi filialı tərəfindən qəbul edilmiş qərarların icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-736/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-736/2022
21.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver