Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-736/2023 31.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "0422 nömrəli 02 iyun 2022-ci il tarixli əmrin ləğv edilməsi, müvafiq hərbi vəzifəyə təyin edilməklə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ön mövqedə döyüş tapşırığını yerinə yetirən “N” saylı hərbi hissənin mühəndis istehkam taborunda bölük tağım komandiri vəzifəsinə bərpa edilməyim və məcburi buraxılmış iş günlərinin əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi barədə” tələbinə dair iddia ərizəsinə və buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsinə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “0422 nömrəli 02 iyun 2022-ci il tarixli əmrin ləğv edilməsi, müvafiq hərbi vəzifəyə təyin edilməklə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ön mövqedə döyüş tapşırığını yerinə yetirən “N” saylı hərbi hissənin mühəndis istehkam taborunda bölük tağım komandiri vəzifəsinə bərpa edilməyim və məcburi buraxılmış iş günlərinin əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi barədə” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən buraxılmış müddətin bərpa edilməsinə dair ərizə təqdim etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: O, 2016-cı ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirmişdir. Daha sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə daxil olaraq, 2020-ci ildə həmin məktəbin mühəndis istehkam xidməti üzrə tam kursunu bitirmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirinin 0451 nömrəli, xx.xx.2020-ci il tarixli əmri ilə ona leytenant hərbi rütbəsi verilmişdir. 19 iyul 2020-ci il tarixdən - 12 yanvar 2021-ci il tarixədək Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühəndis istehkam bölməsində tağım komandiri vəzifəsində xidmət etmişdir. Daha sonra isə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək N saylı hərbi hissənin mühəndis istehkam taborunda bölüyün tağım komandiri vəzifəsində xidmət etmişdir. Cavabdeh Müdafiə Nazirliyinin 0422 nömrəli 02 iyun 2022-ci il tarixli əmri ilə “Hərbi xidmət keçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “E" bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Azərbaycan Ordusundan həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hesab edir ki, cavabdeh “Hərbi xidmət keçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “E" bəndi ilə onu ehtiyata buraxmaqda haqlı olmamışdır. Odur ki, 0422 nömrəli 02 iyun 2022-ci il tarixli əmrin ləğv edilməsi və məcburi buraxılmış iş günlərinin əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi barədə iddia qaldırmışdır. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı etirazını aşağıdakı kimi əsaslandırmışdır. - N nömrəli hərbi hissə komandiri mayor Amil Süleymanovun N nömrəli hərbi hissə komandirinə ünvanlandığı xx.xx.2022-ci il tarixli 238 daxil olma nömrəli raportdan görünür ki, mayor Amil Süleymanov 13 fevral 2022-ci il tarixdə hərbi hissə üzrə cavabdeh olan zaman saat 16:00-da qoşun xidmətinin təşkilini yoxlayarkən leytenant İddiaçı park növbətçisi olduğu zaman smartfon tipli mobil telefonunu xidmət yerinə gətirdiyini aşkar etmiş, həmçinin həmin gün saat 23:15 radələrində içkili vəziyyətdə hərbi hissəyə gələrək telefonu qaytarmasını Amil Süleymanovdan tələb etmişdir. Bununla əlaqədar İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) şərəf məhkəmələri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Müdafiə nazirinin 30 may 2015-ci il tarixli 24 nömrəli qərarının 3-cü bəndinin (məhkəmələrdə baxılan məsələlər) 3.1.5-ci yarımbəndinin (hərbi qulluqçunun xidmət yerində alkoqollu içki qəbul etməsi və ya sərxoş halda xidmət yerinə gəlməsi) tələblərinə əsasən kiçik zabitlərin şərəf məhkəməsində dinlənilmiş və dinləmə zamanı iddiaçı ona qarşı irəli sürülən iradlarla razı olduğunu, gələcəkdə xidmətində dönüş yaradacağını, intizamlı olacağını söz verərək öhdəlik götürdüyü barədə, adına tərtib edilmiş 15 fevral 2022-ci il tarixli 1 nömrəli protokolda bildirmişdir. Bundan sonra kiçik zabitlərin şərəf məhkəməsinin keçiriliməsı üzrə komissiya tərəfindən İddiaçı hərbi rütbəsinin bir pillə aşağı salınması barədə 15 fevral tarixli qərar qəbul edilmiş, lakin sonuncu X1 Komandanı tərəfindən bağışlandığı üçün rütbəsi aşağı salınmamış və xidmətində dönüş yaratması üçün ona vaxt verilmişdir. Buna baxmayaraq İddiaçı xidmətində heç bir dönüş byaratmamış və öz nizam- intizamsızlıqlarına davam etmişdir. İddiaçı ilə, törətdiyi intizamsızlıqlarına görə müxtəlif vaxtlarda söhbətlər aparılsada iddiaçıda müsbətə doğru heç bir irəliləyiş olmamış, əksinə intizamsızlılarına davam etmişdir. Belə ki, iddiaçı ilə söhbətləşmə aparılan zaman 15 fevral 2022-ci il tarixdə adına söhbətləşmə vərəqi tərtib edilmiş və və həmin vərəqədə smartfon tipli mobil telefonunu hərbi hissəyə gətirməsində günahkar olduğunu, spirtli içki qəbul edərək xidmət yerinə gəldiyini, xidmətində dönüş yaratmağa çalışsada nöqsanlara yol verdiyini, nəticədə xidmətində dönüş yaradacağını söz verərək imzası ilə təsdiq etmişdir. İddiaçı daha sonra xx.xx.2022-ci il tarixdə Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinin tələblərini pozaraq tabelik münasibəti olmayan hərbi qulluqçu ilə hərbi nəzakət qaydalarını pozduğuna görə mühəndis idarə rəisi tərəfindən "Şiddətli töhmət” elan edilməklə, xx.xx.2022-ci il tarixdə təyin edilmiş geyim formasını pozduğuna görə hərbi hissə komandri tərəfindən “Töhmət” elan edilməklə, xx.xx.2022-ci il tarixdə xidmət yerinə vaxtında gəlmədiyi üçün hərbi hissə komandiri tərəfindən “Töhmət” elan edilməklə intizam qaydasında cəzalandırılmış və etdiyi intizamsızlıqlara görə hərbi hissə komandiri tərəfindən iddiaçı ilə söhbətləşmə aparılmışdır. İddiaçı adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli söhbətləşmə vərəqində iddiaçı ona verilən intizam cəzalan ilə razılaşmış və öz imzası ilə təsdiq edərək ona verilən cəzalarla tanış olmuşdur. Bundan başqa İddiaçı xx.xx.2022-ci il tarixdə hərbi qulluqçuya yaraşmayan nalayiq hərəkət etdiyinə görə xx.xx.2022-ci il tarixdə hərbi hissə komandiri tərəfindən “Şiddətli töhmət” elan edilməklə, xx.xx.2022-ci il tarixdə park növbətçisi olduğu zaman vəzifə borcunu bilmədiyi üçün hərbi hissə komandiri tərəfindən “Şiddətli töhmət” elan edilməklə intizam qaydasında cəzalandırılmışdır. Hörmətli məhkəmə İddiaçılə, etdiyi intizam pozuntularına görə xx.xx.2022-ci il tarixdə bir daha söhbətləşmə apararaq adına həmin tarixli söhbətləşmə vərəqəsi tərtib edilmişdir. Söhbətləşmə zamanı iddiaçıya hərbi rütbəsinin bir pillə aşağı endirilməsinə təqdim ediləcəyi bildirilmiş və xx.xx.2022-ci il tarixdə digər hərbi qulluqçunun həyat yoldaşı ilə əlaqə yaradaraq hərbi qulluqçuya yaraşmayan nalayiq hərəkətə yol verildiyi barədə sual verildiyi zaman içkili və sərxoş vəziyyətdə olduğu üçün bu hərəkətləri etdiyini təsdiq etmişdir. Bundan sonra iddiaçı həmin söhbətləşmə vərəqəsində ordu sıralarından təxris olunmağına köməklik göstərilməsini xahiş etmiş və imza edərək bunu təsdiq etmişdir. Bununlada komandanlıq tərəfindən İddiaçı hərbi rütbəsinin bir pillə “kiçik leytenant” hərbi rütbəsinədək aşağı salınmasına təqdim edilməsi üçün adına 14 may 2022-ci il tarixli təqdimat tərtib edilmiş və yuxarı komandanlığa göndərilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddiaçı ilə bir daha söhbətləşmə aparılmış və söhbətləşmə zamanı iddiaçı, adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli söhbətləşmə vərəqəsində hərbi rütbəsinin aşağı salınmasının öz şəxsi məsuliyyətsizliyi səbəbindən baş verdiyini bildirmiş, bir daha komandanlıqdan tez bir zamanda ordu sıralarından təxris olunmağına köməklik göstərilməsini xahiş etmişdir. Beləliklə N nömrəli hərbi hissə komandiri xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissə komandirinə ünvanlandığı raportda kiçik leytenant İddiaçı dəfələrlə aparılmış intizam xarakterli söhbətlərdən, verilmiş intizam cəzalarından, xx.xx.2022-ci il tarixdə kiçik zabitlərin şərəf məhkəməsində dinlənilməsindən və xidmətə dönüş yaratması üçün ona verilən vaxtdan, hərbi rütbəsinin aşağı salınmasından heç bir nəticə çıxartmadığını bildirərək sonuncunun bir daha kiçik zabitlərin şərəf məhkəməsində dinlənilməsini xahiş etmişdir. Hərbi hissə komandiri həmin raporta dərkənar qoyaraq İddiaçı şərəf məhkəməsində dinlənilməsini əmr etmişdir. İddiaçı 25 may 2022-ci il tarixdə kiçik zabitlərin şərəf məhkəməsində dinlənilmiş və iddiaçının yuxarıda sadalanan intizamsızlıqlarını və buna baxmayaraq onun hərbi xidmətdə dönüş yaratmamasını nəzərə alaraq komissiya tərəfindən onun “Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddəsinin “e” bəndi ilə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə 25 may 2022-ci il tarixli qərar qəbul edilmişdir. Daha sonra iddiaçının ehtiyata buraxılmağa təqdim edilməsi üçün adına 31 may 2022-ci il tarixli təqdimat tərtib edilərək yuxarı komandanlığa göndərilmişdir. İddiaçı Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli, 0422 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 57 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq hərbi hissənin siyahısından çıxarılmışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - N nömrəli hərbi hissənin kiçik zabitlərin şərəf məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından çıxarışdan görünür ki, leytenant İddiaçı xidməti vəzifələrinin icrasına laqeyd yanaşmasını, ona göstərilən iradlardan heç bir nəticə çıxartmamasını, xidməti yerinə smartfon tipli mobil telefon gətirdiyini və hərbi hissəyə spirtli içki qəbul etmiş vəziyyətdə gəldiyini nəzərə alaraq hərbi rütbəsinin bir pillə aşağ salınması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. - İddiaçı xidməti vərəqindən çıxarışın təsdiqlənmiş surətindən görünür ki, iddiaçı xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə töhmət, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə şiddətli töhmət almışdır. - İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli söhbət vərəqindən görünür ki, iddiaçı ordu sıralarından təxris olunmasına köməklik göstərilməsini xahiş etmişdir. - N nömrəli hərbi hissənin kiçik zabitlərin şərəf məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından çıxarışdan görünür ki, kiçik leytenant İddiaçı xidməti vəzifələrinin icrasına laqeyd yanaşmasını, ona göstərilən iradlardan heç bir nəticə çıxarmamasını, zabit şərəfini ləkələyən nalayiq hərəkətə yol verməsini nəzərə alaraq Azərbaycan Ordusundan xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Məhkəmə iddiaçının müddətin bərpası barədə ərizəsinə baxaraq müəyyən etmişdir ki,iddiaçı barədə qəbul edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 0422 nömrəli 02 iyun 2022-ci il tarixli əmrinin iddiaçıya təqdim olunması öz təsdiqini tapmır.Cavabdeh tərəfindən müvafiq əmrin surəti xx.xx.2022-ci il tarixli məktubla iddiaçıya təqdim olunduğundan İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət ötürülməmişdir. Belə ki, cavabdehin xx.xx.2022-ci il tarixli əmrinin mübahisələndirilməsi üçün buraxılmış müddət bərpa edildiyindən məhkəmə iddia tələbinin müddətlə bağlı mümkünlük şərtlərinə cavab verməsi qənaətinə gəlir.Odur ki, iddianın xüsusi mümkünlük şərtinə əməl olunmuşdur. Lakin, iddia tələbi mahiyyət etibarilə əsassızdır. Hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün iki şərtin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. İnzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Bu baxımdan, cavabdehin mübahisəli əmri formal-hüquqi baxımdan qanunidir. Belə ki, həmin əmrin (inzibati aktın) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlumdur, həmin orqan buna müvafiq səlahiyyəti olan inzibati orqandır, əmr qanunvericiliyə əsasən müəyyən rəsmi sənəd formasında qəbul edilmə tələbinə cavab verən inzibati aktdır, əmrin icrası mümkündür və kimə ünvanlandığı aydındır. Mübahisəli inzibati aktın qanuniliyi maddi-hüquqi baxımdan yoxlanılarkən isə ilk növbədə hərbi qulluqçuların xəstəliyə görə hərbi xidmətdən ehtiyata buraxılması prosedurunu tənzimləyən qanunvericiliyin müvafiq müddəaları təhlil edilməlidir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun: Maddə 40. Həqiqi hərbi xidmətdən buraxılma 40.1. Müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. (-). 40.3. Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: (.) 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; (-); 42.0. Hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən istefaya buraxılırlar: (-) 42.0.2. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayıldıqda; (-) Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş ”Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: ... v) xəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; ...
157. Hərbi qulluqçular həqiqi hərbi xidmətdən istefaya buraxılırlar: ... b) xəstəliyə görə - hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayıldıqda. . Həmçinin «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 162-ci bəndinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir; Əsasnamənin 168-ci bəndinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156–158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Məhkəmə araşdırması zamanı iddiaçının istinad etdiyi hallar təsdiqini tapmamış, əksinə cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xidməti araşdırma materialı ilə iddiaçı barəsində qəbul edilən əmrin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin tələblərinə uyğunluğu müəyyən olunmuşdur. İddiaçı inzibati orqanda aparılan araşdırma çərçivəsində verdiyi izahatında da, yol vermiş olduğu pozuntuları etiraf etmiş, bunu öz imzası ilə təsdiq etmişdir. İddiaçının xidmət dövründə dəfələrlə,xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixədək olan bir ildən də az müddət ərzində altı dəfə töhmət,üç dəfə şiddətli töhmət növündə intizam cəzasına məruz qalması Xidməti vərəqədən çıxarışda öz əksini tapmışdır.Bütün bunlara qiymət verən məhkəmə hesab edir ki,iddia təmin olubnmamalıdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının vəzifəsindən azad edilməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.1), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin mübahisəli əmri qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır (İPM-70.1), əmr cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsi). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "0422 nömrəli 02 iyun 2022-ci il tarixli əmrin ləğv edilməsi, müvafiq hərbi vəzifəyə təyin edilməklə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ön mövqedə döyüş tapşırığını yerinə yetirən “N” saylı hərbi hissənin mühəndis istehkam taborunda bölük tağım komandiri vəzifəsinə bərpa edilməyim və məcburi buraxılmış iş günlərinin əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi barədə” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.