Məhkəmə qərarları › İş №2-1(116)-737/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-737/2025

07.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-737/2025 07.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müvafiq əlillik dərəcəsinin təyin edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “müvafiq əlillik dərəcəsinin təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: İddiaçı müharibə veteranı olmaqla, Azərbaycan Respublikasınıpn ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərkən yaralanmış və kontuziya almışdır. 2007-ci ildə buna görə 2-ci dərəcə əllillik təyin olunmuşdu. Lakin 2022-ci ilin may ayından sonra əlillik dərəcəsi təyin edilmədi. Bundan sonra iddiaçı əlilliyin təyin edilməsi üçün iki dəfə müvafiq dövlət orqanına müraciətlər etsə də əlillik dərəcəsi təyin edilmədi. Sonuncu dəfə müvafiq sənədləri də təqdim etməklə 26.12 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Kommisiyasına müraciət etdi. Kommisiya iddiaçının sənədlərini xx.xx.2024-cü il tarixdə qiymətləndirdikdən sonra əllilik dərəcəsi verməkdən imtina etmiş və səbəb kimi diaqnozun əlillik əlaməti təyin etməməsi göstərilmişdir. Halbuki, iddiaçının onlara təqdim etdiyi sənədlərdə diaqnozlarından birinin də “epilepsiya (G40)” olması barədə sənədləri də var idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ıl 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘Əlilliyin müəyyən olunması meyarları”na əlavənin 6.7-ci bəndinə əsasən epilepsiya (G40) əlillik dərəcəsi təyin edilməsi üçün əsasdır. Bundan başqa qoyulmuş diaqnozlardan biri də keçirilmiş qapalı kəllə-beyin travması sonrakı vəziyyət (T-90.5) olmuşdur. 20 iyul 2023-cü ıl tarixli 235 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları"na Əlavə-“Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”ndə 6.1-ci bənd yeni redaksiyada verilmişdir.İddiaçı bildirir ki, o xəsarəti 1992-ci il tarixdə almışdır. Ona görə ona münasibətdə 2023-cü ıl tarixdə qəbul olunmuş vəziyyətini pisləşdirən qərara uyğun qərar qəbul oluna bilməzdi. Bundan başqa yuxarıda da göstərildiyi kimi qeyd edilən qərarın 6.1-ci bəndi ləğv olunmamışdır, yeni redaksiyada verilmişdir. Cavabdeh isə iddiaçının diaqnozuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd edilən qərarının yeni redaksiyasında əlillik dərəcəsi düşübdüşmədiyini ümumiyyətlə araşdırmamışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında bildirmişdir ki, “Ucar rayon sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: 3-17-4/3-1-9456/2023). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 447 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı kəllə-beyin travması. Baş beyin silkələnməsi" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı başgicəllənməsindən şikayətlənmişdir. Anamnestik məlumatlarında hərbi xidmət zamanı başından qüllə yarası aldıqım, ondan sonra yalnız hərəkət edən zaman başgicəllənməsindən sonra yıxıldığını bildirmiş, hal-hazırda qəbul etdiyi dərmanların adlarını söyləyə bilməmişdir. Təqdim olunmuş Hərbi qərarda qüllə yaralanması haqqında məlumat öz əksini tapmamış, ekspertiza üçün əhəmiyyətli olan epitutmanı təsdiqləyən EEQ müayinəsinin dalğaları təqdim olunmamışdır Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, əlillik təyinatına əsas verən nevroloji və psixi defisit müşahidə edilməmişdir." kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı özündəngetmə, sol aşağı ətrafında qıcanma, bədəninin müxtəlif nahiyələrində qəlpələr olmasından şikayətlənmişdir. Səhhəti ilə bağlı şikayətlərinin hərbi qərar aldığı dövrdən yarandığını bildirmişdir. Medikamentoz preparatlardan tutmalarının sayı çoxaldığı zaman Depakin qəbul etdiyini söyləmişdir. Baxış zamanı başın təpə nahiyəsində, sağ beldə çapıq izlənilmiş, hərəkətləri sərbəst olmuşdur. Nevroloji defisit müəyyən edilməmişdir. Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli Beyin KT müayinəsinin nəticəsi “Sol ön periventrikulyar lokalizasiyada fokal işemik xarakterli hipodens-fokal işemik xarakterli ocaq qeyd olunur. Sol gicgah payında kistik-qliotik ocaq qeyd olunur. Hər iki para-periventrikullyar lokalizasiyada qliozisə xarakter ocaqlar, mikroanqiopatiya ocaqları qeyd olunur. Beyincik şırımları dərinləşmiş, retroserebellar sahədə subaraxnoidal sahənin genişliyi artmışdır-kortikal atrofiya qeyd olunur. Arxa kəllə çuxurunda, retroserebellar lokalizasiyada araxnoidal genişlənmə qeyd olunur. Supravermian sisterna geniş izlənmişdir. Yan mədəciklərdə minimal genişlənmə qeyd olunur. Beyin şırımları gicgahtəpə paylarında dərinləşmişdir-kortikal atrofiya əlamətləri izlənir" kimi qeyd olunmuş, yaşla əlaqədar dəyişikliklər kimi qiymətləndirilmişdir. Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Müayinə oyaq kən, fotostimulyasiya və hiperventilyasiya testləri zamanı çəkildi. Əsas ritm: Beta ritm üstünlük təşkil olunmuşdur. Çəkim boyunca bir neçə dəfə əzələ və elektrod atrefaktları qeyd edildi. Anormallıq: Çəkim boyunca zirvə-kəskin dalğa kompleksləri izlənilir. Yarımkürələrarası asimmetriyaya rast gəlinmədi. Hiperventilyasiya: Dəyişiklik meydana gətirmədi. Fotostimulyasiya: Dəyişiklik meydana gətirmədi" kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Ucar rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023xx.xx.2023-cü il tarixli Çıxarışında diaqnoz "Keçirilmiş kəllə-beyin travmasından qalıq. Kəllədaxili hipertenziya. Qıcolma tutmaları ilə (ayda 5-6 dəfə)" kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. X7 xx.xx.2023-cü il tarixli Laborator analizlərinin nəticəsi “Karbamazepin (Carbamazepine) 1.25 pq/mL (referans aralığı 4-12), Valproic asit 31.0 pq/mL (referans aralığı 50-100) ” kimi qeyd edilmiş, terapevtik dozadan aşağı olmuşdur. Anamnestik məlumatlarda, instrumental, laborator və əyani müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.”. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: • Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-ci il tarixli 447 nömrəli qərarının surəti. • TSEK-in qiymətləndirmə nəticələri. • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli qərarı • Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-2644/2024 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. • “Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyi” nin xx.xx.2025-ci il tarixli ekspert rəyi. Əsaslandırma hissəsi: İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. Məhkəmə işin hallarını araşdıraraq,aşağıdakı normaları işin hallarına tətbiq edərək mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlillik səbəbinin “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik” olaraq dəyişiklik edilməsi ilə bağlı inzibati akt qəbul olunmasını tələb etsə də müraciəti təmin edilməmişdir. İddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn tələbi ona əlilliyin təyin olunması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasına nail olmaqdan ibarətdir Hazırki işin hallarından müəyyən olunur ki, iddiaçının barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016cı il tarixli 447 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı kəllə-beyin travması. Baş beyin silkələnməsi" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Daha sonra, iddiaçının vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir.xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş və nəticədə barəsində 22 may 2024-cü il tarixdə “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul olunmuşdur. Məhkəmə ilkin olaraq mövcud qanunvericilik çərçivəsində iddiaçıya hərbi travma nəticəsində qazanılmış xəstəliyin əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı Agentliyin qəbul etdiyi qərarında qanunvericiliyin tələblərinə əməl olunub olunmamasının aydınlaşdırılmasını zəruri hesab edir. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri,digər tərəfdən şəxsin tibbiinstrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətininobyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Məhkəmə həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir. Məhkəmə iddiaçının sağlamlıq vəziyyətini qüvvədə olan meyarlar baxımından təhlil edərək bildirik ki, hazırkı sağlamlıq vəziyyəti onun əlilliyinin müəyyən edilməsini zəruri edir. Cavabdeh orqan iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina etmiş, bu imtinanın isə qanuni olması iş materialları və iş üzrə təyin edilmiş Məhkəmə-X4 publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 700 nömrəli rəyi ilə təsdiq olunmur. İş üzrə əldə edilmiş ekspert rəyində “Motivləşdirici” hissəsində qeyd edilmişdir ki, “Yoxlanılan şəxs İddiaçı hal-hazırda Üzvi emosional-iabil (astenik) pozuntu (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6) müəyyən edilir. Bunu anamnestik məlumatlar, inzibati iş materiallarında olan tibbi sənədlər və halhazırki müayinənin nəticələri - (İ Qarabağ döyüşlərdində iştirak etdiyi zaman, xx.xx.1992-ci ildə qranatomyot mərmisinin atılması nəticəsində xəsarət alması, inzibati iş materialına əlavə edilmiş MN Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli, 447 nömrəli qərarına görə X1 döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ildən 11,09.1992-ci ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu zaman onda “Qapalı kəllə-beyin travması. Baş-beyin silkələnməsi" diaqnozunun müəyyən edilməsi, deməsinə görə sonradan onda ürəkkeçmə tutmaları, aşağı ətraflarında qıcolma baş verməsi, göstərilən hallarla əlaqədar Ucar Rayon Mərkəzi Xəstəxanasında xx.xx.2016-xx.xx.2016-cı il tarixədək, xx.xx.2017- xx.xx.2017-ci il tarixədək, xx.xx.2017xx.xx.2017-ci il tarixədək stasionar müalicədə olması və ona “Keçirilmiş qapalı kəllə-beyin travmamın qalıq əlamətləri. Posttravmatik ensefalopatiya serebral hipertenziya cəngolma tutmaları” diaqnozunun müəyyən edilməsi, ona İİ qrup əlillik təyin edilməsi, ona təyin edilmiş əlillik dərəcəsinə imtina edildikdən sonra Akad. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasımda xx.xx.2022-ci il tarixdə müayinə olduğu zaman onda “Keçirilmiş qapalı kəllə-beyin travması, baş beynin silkələnməsindən sonrakı vəziyyət. Posttravmatik ensefalopatiya. Qıcolma sindromu. Kortinal atrofiya, asteno- nevrotik hal” diaqnozunun müəyyən edilməsi, həmçinin əlillik qrupu kəsildikdən sonra dəfələrlə Ucar Rayon Mərkəzi Xəstəxanasında stasionar müalicədə olması və ona “Keçirilmiş kəllə-beyin travmasından qalıq. Kəllədaxili hipertenziya. Qıcolma tutmaları ilə” diaqnozunun müəyyən edilməsi, hazırki müayinə zamanı psixi statusu, şikayətləri - sol ayağında qıcolma və həmin qıcolmanın sonra sağ aşağı ətrafa keçməsi, bir qədər əsəbiliyi, sorğu gedişatında az nəzərə çarpan astenizasiyası, lakin epilepsiya xəstəliyinə müvafiq əlamətlərin müəyyən edilməməsi sübut edir. “İİ Yekun hissəsi.” İnzibati iş materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: İddiaçı X3 qoyulmuş “T90.5- Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı vəziyyət, Posttravmatik ensefalopatiya, G40.2kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, simptomatik epilepsiya (ayda 5-6 tutmalarla), F48.8-digər dəqiqləşdirilməmiş nevrotik pozuntular, asteno-nevrotik hal” diaqnozu düzgündürmü? 2-ci sual: Əgər qoyulmuş diaqnoz düzgündürsə həmin diaqnozla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 447 nömrəli qərarında qeyd edilmiş diaqnoz (qapalı kəllə- beyin travması, baş beyin silkələnməsi) arasında səbəbli əlaqə varmı? 1-ci və 2-ci suallara cavab: X2 hal-hazırda Üzvi emosional-labil (astenik) pozuntu (Psixi və davranış pozuntulannın beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6) müəyyən edilir.”. Qeyd olunmalıdır ki, psixi və davranış pozuntularının beynəlxalq təsnifatı, dünya səhiyyə təşkilatı (ÜST) tərəfindən hazırlanmış və psixi sağlamlıq sahəsində diaqnoz qoymaq və tədqiqat aparmaq üçün istifadə olunan bir sistemdir. Bu təsnifat, müxtəlif ölkələrdəki psixi pozğunluqların diaqnoz və müalicəsinin uyğunlaşdırılmasına kömək edir. Həmin təsnifatda “Baş beyninin zədələnməsi və ya disfunksiyası yaxud fiziki xəstəlik nəticəsində digər psixi pozuntular” (F06)” bölməsində “Üzvi emosiaonal labil (astenik) pozuntu” diaqnozu F06.6 kodu ilə qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın “7. Psixi və davranış pozuntuları” bölməsinin 7.6-ci bəndində “Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular” qeyd edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 1.0.2 Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları; 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; (-). 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3- cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. Yuxarıda qeyd olunan normaları işin hallarına tətbiq edən məhkəmə hesab edir ki, Tibbi-Sosial Ekspert Komissiyasının 22 may 2024-cü il tarixli 3-17-4/3-3-3704-2024 nömrəli qərarı İddiaçı münasibətdə ləğv olunmalı, iddiaçıya əlillyin təyin edilməsi vəzifəsi cavabdehə həvalə olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilir. Tibbi-Sosial Ekspert Komissiyasının 22 may 2024-cü il tarixli 3-17-4/3-3-3704-2024 nömrəli qərarı İddiaçı münasibətdə ləğv olunur. İddiaçı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi Cavabdeh PHŞ-nin üzərinə qoyulur. Qərardan onun rəsmi Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar