Məhkəmə qərarları › İş №2-1(116)-738/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-738/2024

09.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-738/2024 09.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, iddiaçının vəkili X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı "iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”-nın 3.1.1-ci bəndinə əsasən iddiaçının adını riskli vergi ödəyicilərinin siyahısına salınması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********772100 nömrəli qərarının ləğv edilməsinə, iddiaçının adını riskli vergi ödəyicilərinin siyahısından çıxarılmasına və əsassız hesablanmış borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”-nın 3.1.1-ci bəndinə əsasən iddiaçının adını riskli vergi ödəyicilərinin siyahısına salınması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********772100 nömrəli qərarının ləğv edilməsinə, iddiaçının adını riskli vergi ödəyicilərinin siyahısından çıxarılmasına və əsassız hesablanmış borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı ailə üzvləri ilə və yaxın qohumları ilə birlikdə çöl süpürgəsinin yığılaraq satılması ilə məşğul olur. 05 yanvar 2021-ci ildə Gəncə şəhər Mənzil Kommunal Təsərrülatı İstehsalat Birliyinin rəisi ilə alqı-satqı müqaviləsi bağlamışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən yığdığı çöl süpürgəsini Birliyə təhvil verir, Birlik də malın dəyərini ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti və Müqavilənin ayrılmaz tərkib hissəsi olan elektron qaimə-fakturaları ilə müəyyənləşdirilir. Həmin Müqavilə bağlanaraq imzalanandan sonra iddiaçı ailə üzvləri ilə yığdığı çöl süpürgəsini Gəncə şəhərinə aparaq Birliyə təhvil vermiş və hər dövr üçün elektron qaiməni cavabdeh inzibati orqana təqdim etmişdir. Hesabat ilinin sonunda üzləşdirmə zamanı tərəfimdən heç bir qanun pozuntusuna yol vermədiyi, əldə olunan vəsait hesabına görə ödənilməli vergilərimin tamamilə ödənildiyi və borcunun olmaması müəyyən edilmişdir. Lakin 2022-ci ilin yekunu üzrə hesabat dövründən sonra məlum olmuşdur ki, təqdim etdiyim elektron qaimə-fakturalarda Birliyə satdığı mal çeşidlərindən fərqli mal çeşidlərini göstərmiş və nəticədə vergidən yayınmışdır. Bu barədə cavabdeh inzibati orqana müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" nın 3.1.1-ci bəndinə əsasən "təqdim etdiyim elektron qaiməfakturalarda tərəfindən alınan və ya idxal edilən mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi ilə bağlı vuranmış vergidən yayınma halı ilə əlaqədar xx.xx.2023-cü ildə **********910300 nömrəli məktub göndərilmişdir. Elektron qaimə-faktura məlumatlarına əsasən 2022-ci il ərzində təqdim etdiyi 74361 manat dəyərində "çöl süpürgəsi" əldə etdiyi elektron qaimə-faktura məlumatlarında və idxalda aşkar olunmadığından, xx.xx.2023-cü il tarixli **********772100 nömrəli qərarla riskli vergi ödəyiciləri siyahısına əlavə edilmisiniz. Bir daha bildirirəm ki, fərdi sahibkar olmaqla fiziki şəxs kimi elektron qaimə- fakturalarında göstərdiyi çöl süpürgəsini ailəsi ilə birlikdə sahədən yığaraq Müqaviləyə uyğun olaraq qeyd edib Birliyə təhvil vermişdir. Heç bir kənar şəxs çöl süpürgəsinin yığılmasına kömək etməmiş və ya həmin şəxslər yığdıqları süpürgəni satmamışdır. Yığılmış süpürgələr bağlanmış şəkildə Birliyə təhvil verilmişdir. Göründüyü kimi fiziki şəxs qismində vergi ödəyicisi kimi həmin fəaliyyətlə məşğul olan zaman heç bir qanun pozuntusuna yol verməmişdir. Lakin bütün bunlara baxmayaraq cavabdeh inzibati orqan heç bir tutarlı əsas olmadan iddiaçının il ərzində qeyd edilən məbləğ dəyərində çöl süpürgəsi yığaraq Birliyə satmağı mümkün olmasına şübhə ilə yanaşaraq barəsində qanunsuz və əsassız hesab edilən qərarını qəbul etməklə iddiaçının adını əsassız olaraq riskli vergi ödəyiciləri siyahısına salmışdır və adına əsassız borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" mn 2.1-ci bəndində riskli vergi ödəyicilərinin dairəsi dəqiq müəyyən edilmişdir. İddia ərizəsinə əlavə etdiyi elektron qaimə-fakturalarında Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə aralarında bağlanmış Müqavilədə göstərilən “çöl-süpürgəsi" göstərilmişdir. Həmin elektron qaimə-fakturalarında həmin çöl süpürgəsindən başqa mal göstərilməmişdir. Əgər belə olmasayda Birlik iddiaçı ilə olan müqavilənin ləğv edilməsi məsələsini mübahisələndirərdi. Göründüyü kımi iddiaçı fərdi sahibkar olmaqla vergi ödəyicisi kimi Müqavilə üzrə fəaliyyətində heç bir qanun pozuntusuna yol verməmiş və cavabdeh inzibati orqan iddiaçının adının riskli vergi ödəyicilərinin siyahısına salınması barədə qərar qəbul edərkən iş üçün mühüm əhəmiyyət kəsb edən yuxarıda qeyd etdiyi halları tam, ətraflı və hərtərəfli araşdırmamış və həmin hallara hüquqi qiymət verməmişdir. Bununla da cavabdeh orqan qanunvericiliyin yuxarıda göstərdiyi tələblərini pozmaqla iddiaçı barəsində qanunsuz və ədalətsiz hesab etdiyi qərarını qəbul etmişdir. Ona görə də cavabdeh inzibati orqana müraciət edərək adımın riskli vergi ödəyicilərinin siyahısına salınması barədə qəbul etdiyi qərarın ləğv edilməsini və adının riskli vergi ödəyicilərinin siyahısından çıxarılmasını və əsassız hesablanmış borcun silinməsini xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan iddiaçının adının riskli vergi ödəyicilərinin siyahısına salınmasına dair xx.xx.2023-cü il tarixli qərarını ləğv etməmiş, 19 sentyabr 2023-cü il tarixli məktubu ilə adımın riskli vergi ödəyiciləri siyahısından çıxarmasından imtina etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, İddiaçı ərizəsində ailə üzvləri və yaxın qohumları ilə birlikdə çöl süpürgəsinin yığılaraq satılması ilə məşğul olduğunu, yığılmış çöl süpürgəsinin Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi ilə bağlanmış xx.xx.2021 -ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Birliyə təhvil verdiyini, birlik tərəfindən malın dəyəri ona ödənildiyini və onun tərəfindən hər dövr üçün elektron qaiməni vergi orqanına təqdim etdiyini bildirmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, 2022-ci ilin yekunu üzrə hesabat dövründən sonra təqdim etdiyi elektron qaimə -fakturalarda Birliyə satdığı mal çeşidlərindən fəqli mal çeşidləri göstəridiyi üçün bu hal vergi orqanı tərəfindən vergidən yayınma halı kimi qiymətləndirilmiş və ona vergi orqanı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlan"nın 3.1.1-ci bəndinə əsasən "vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi ilə bağlı yaranmış vergidən yayınma halı ilə əlaqədar xx.xx.2023cü ildə **********910300 nömrəli məktub göndərilmiş və qeyd edilmişdir ki, elektron qaiməfaktura məlumatlarına əsasən 2022-ci il ərzində təqdim etdiyi 74361 manat dəyərində "çöl süpürgəsi" əldə etdiyi elektron qaimə-faktura məlumatlarında və idxalda aşkar olunmadığından, xx.xx.2023-cü il tarixli **********772100 nömrəli qərarla riskli vergi ödəyiciləri siyahısına əlavə edilmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, vergi ödəyicisi olmaqla müqavilə üzrə heç bir qanun pozuntusuna yol vermədiyini, cavabdeh vergi orqanı onu riskli vergi ödəyicisi siyahısına salınması barədə qərar qəbul edərkən iş üçün mühüm kəsb edən halları tam və hərtərəfli araşdırmamış, həmin hallara hüquqi qiymət verməmiş və barəsində qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. İddiaçı ərizəsində qərarın sürəti ona rəsmi qaydada xx.xx.2022-ci il tarixdə təqdim olunduğundan həmin qərardan aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə şikayət etmək üçün qanunla müəyyən edilmiş müddət tərəfindən buraxılmadığını bildirmişdir. Həmçinin İddiaçı ərizəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020- ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"nın 3.1.1-ci bəndinə əsasən adının riskli vergi ödəyicilərinin siyahısına salınması barədə 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********772100 nömrəli qərarın ləğv edilməsi, adının riskli vergi ödəyicisi siyahsından çıxarılmasını və əsassız hesablanmış borcun silinməsini məhkəmədən xahiş etmişdir. Göstərilənlərlə bağlı bildirilir ki, uçot-baza məlumatlarına əsasən, fərdi sahibkarın xx.xx.2020-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün “bitkiçilik sahəsində digər xidmətlərin göstərilməsi"ndən ibarət olduğu və vergi orqanında uçota alınmış aktiv təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" 03 dekabr 2021-ci il tarixli 406-VİQD Ne-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmiş və Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən fərdi sahibkar tərəfindən riskli 2 əməliyyatların aparıldığı müəyyən edilmiş və qeyd olunanlar ilə əlaqədar olaraq təqdim edilmiş bəyannamə göstəricilərinə əsasən 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Vergi ödəyicisinə araşdırmada iştirak etməklə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının 3.1.1-ci bəndinə əsasən “vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi ilə bağlı yaranmış vergidən yayınma halı ilə əlaqədar xx.xx.2023-cü ildə **********910300 nömrəli məktub göndərilmişdir. Uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın xx.xx.2023-cü il tarixli müraciətinə əsasən fəaliyyətinin xx.xx.2023-cü il tarixdən xx.xx.2083-cü il tarixədək dayandırdığı, 2022-ci il ərzində 74361,0 manat məbləğində malların təqdim edilməsi ilə bağlı elektron qaimə-fakturalarının təqdim edildiyi, elektron qaimə-faktura əldə etmədiyi, elektron alış aktlarının əldə edilmədiyi, 2022-ci il ərzində idxal əməliyyatlarının aparılmadığı, 2022-ci il ərzində bank hesabına 92687,0 manat “Alınan çöl süpürgəsinin dəyəri ödənilir" təyinatı ilə pul vəsaiti mədaxil olduğu müəyyən edilmişdir. Aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının 2.1.1-ci, 2.1.3-cü və 3.1.1-ci yarımbəndlərinə əsasən fərdi sahibkar tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmiş və Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2023-cü il **********772100 nömrəli “Riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi barədə" Qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları"nın 2.1.1, 3.1.1 və 3.1.2 yarımbəndinə uyğun olaraq aşağıdakı risk meyarları müəyyən edilmişdir. Araşdırma zamanı fərdi sahibkar tərəfindən 2022-ci il ərzində elektron qaimə-faktura əldə edilmədiyi, 2022-ci il ərzində elektron qaiməfaktura əsasında Ağdaş Kommunal Müəsisələr Kombinatına (VÖEN: **********) 4560,0 manat dəyərində, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı istehsalat Birliyinə (VÖEN: **********) 69801,0 manat çöl süpürgəsi təqdim edildiyi və 2022-ci il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində vergi ödəyicisi tərəfindən xərc məbləğlərinin göstərilmədiyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bazasına əsasən 2022-ci il ərzində vergi ödəyicisinin işçisinin olmadığı müəyyən edilmişdir. Beləliklə, uçot-baza məlumatlarına, təqdim edilmiş müvafiq təsdiqedici sənədlərə əsasən fərdi sahibkar tərəfindən 2022-ci il ərzində çöl süpürgəsinin təqdim edilməsi ilə bağlı elektron qaimə-fakturalarının təqdim edildiyini, 2022-ci il ərzində malların (işlərin, xidmətlərin) alınması ilə bağlı elektron qaimə-faktura və elektron atış aktlarının əldə etmədiyini, idxal-ixrac əməliyyatlarının aparmadığını, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bazasına əsasən 2022-ci il ərzində vergi ödəyicisinin işçisinin olmadığını, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nda nəzərdə tutulmuş qaydada təqdim edilmiş malların alışını təsdiq edən sənədlərin təqdim edilmədiyini, bununla da fərdi sahibkar tərəfindən 2022-ci il ərzində gəlir və xərclərinin uçotunu qanunvericiliyə uyğun aparılmadığı üçün Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən müəyyən edilmiş güzəşt huququnu itirilmişdir. Bununla bağlı vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********464200 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış izahat (təsdiqedici sənədlər) və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il üçün 11154,15 manat gəlir vergisi hesablanmış və "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********768900 nömrəli Qərar qəbul olunmuşdur.İddiaçı ərizəsində qərarın sürəti ona rəsmi qaydada xx.xx.2022-ci il tarixdə təqdim olunduğundan həmin qərardan aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə şikayət etmək üçün qanunla müəyyən edilmiş müddət tərəfindən buraxılmadığını qeydinə münasibət bildirirərkən qeyd etmək istərdik ki, 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2023-cü il **********772100 nömrəli “Riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi barədə" Qərar vergi ödəyicisinə rəsmi olaraq xx.xx.2023-cü il tarixdə vergi ödəyicisinə göndərilmiş və vergi ödəyicisi həmin qərarı rəsmi olaraq xx.xx.2023-cü il tarixdə almışdır. Əlavə olaraq bildiririk ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********768900 nömrəli Qərar da vergi ödəyicisinə rəsmi olaraq xx.xx.2023-cü il tarixdə göndərilmiş və həmin qərar xx.xx.2023-cü il tarixdə ödəyicisi tərəfindən rəsmi olaraq olaraq alınmışdır (çatdırılma barədə sənəd etiraza əlavə olunur). Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində məhəməyə iddia qaldırıla bilər. Göründüyü kimi vergi ödəyicisi tərəfindən qeyd olunan qərarlardan qanunla müəyyən edilmiş şikayət etmə müddəti ötürülmüşdür. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin mümkün hesab olunmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. İş materiallarında olan məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.

2. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin surəti.

3. 01.06.2022-ci il tarixli alqı-satqı müqaviləsinin surəti.

4. Ağdaş rayon İcra Hakimiyyəti Hapıtlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışı.

5. Ağdaş rayon İcra Hakimiyyəti Hapıtlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli arayışı.

6. Kameraı vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqənda xx.xx.2023-cü il tarixli məktub.

7. 06.09.2023-cü il traixli **********246500 nömrəli inzibati şikayətin təmin edilməməsi haqqənda qərar.

8. xx.xx.2023-cü il tarixli **********772100 nömrəli vergi ödəyicisinin riskli öd\yici hesab edilməsi barədə qərar.

Əsaslandırma hissəsi:

Hazırkı iddia, növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formalhüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddihüquqi baxımdan qanunilik). İddia əriazəsi Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddətin buraxılmadan məhkəməyə göndərildiyindən mümkünlük şərtinə riayət edilmişdir. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki, iddia mümkün olsa da, əsassızdır. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı adının riskli vergi ödəyicilərinin siyahısına salınması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********772100 nömrəli qərarının ləğv edilməsinə, iddiaçının adını riskli vergi ödəyicilərinin siyahısından çıxarılmasına və əsassız hesablanmış borcun silinməsindən ibarətdir. İş materiallarına əsasən iddiaçı 2022-ci il ərzində təqdim etdiyi 74361 manat dəyərində çöl süpürgəsi əldə etdiyi elektron qaimə-faktura təqdim edilmişdir.İddiaçı həmin malların özü və ailə üzvləri tərəfindən yığıldığını bildirmişdir. 2022-ci il ərzində iddiaçının bank hesabına 92687,0 manat “Alınan çöl süpürgəsinin dəyəri ödənilir" təyinatı ilə pul vəsaiti mədaxil olduğu müəyyən edilmişdir. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlan"nın 3.1.1-ci bəndinə əsasən "vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi ilə bağlı yaranmış vergidən yayınma halı ilə əlaqədar iddiaçıya xx.xx.2023-cü ildə **********910300 nömrəli məktub göndərmiş, elektron qaimə-faktura məlumatlarına əsasən 2022-ci il ərzində təqdim etdiyi 74361 manat dəyərində "çöl süpürgəsi" əldə etdiyi elektron qaimə-faktura məlumatlarında və idxalda aşkar olunmadığından, xx.xx.2023-cü il tarixli **********772100 nömrəli qərarla riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. Hazırkı iddia ərizəsi və iş materiallarına əsasən,eləcə də məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən elektron qaimə fakturalarında göstərilən məbləğin əldə olunmasına dair çəkilən xərcə dair sübut təqdim edilməmiş,göstərilən dəyərdə (həmin dəyərin əldə edilməsi üçün əldə edilməli olan malların sayı nəzərə alınmaqla) məhsulun yığılması ağlabat hesab edilmir.Məhkəmə hesab edir ki,iddiaçı tərəfindən müvafiq dəyərdə məhsulun ailə üzvlərinin iştirakı ilə yığılması, hazırlanması,daşınması (burada işçilik və nəqliyyat xərcləri nəzərə alınmaqla) normal əmək fəaliyyəti nəticəsində mümkün deyildir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə mübahisələndirlən qərarı əsaslı hesab edərək iddianın təmin edilməli olmadığı qənaətinə gəlir. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı " iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”-nın 3.1.1-ci bəndinə əsasən iddiaçının adını riskli vergi ödəyicilərinin siyahısına salınması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********772100 nömrəli qərarının ləğv edilməsinə, iddiaçının adını riskli vergi ödəyicilərinin siyahısından çıxarılmasına və əsassız hesablanmış borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar