Məhkəmə qərarları › İş №2-1(116)-738/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-738/2025

02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-738/2025 02.12.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X2 Cavabdehnə qarşı “iddiaçıya ikinci dərəcə əlilliyin təyin olunmasından imtina barədə Cavabdeh PHŞ-nin xx.xx.2024-cü il tarixli qərarını ləğv edərək, cavabdehin üzərinə iddiaçıya münasibətdə həmin tarixdən, yəni xx.xx.2024-cü il tarixindən tibbi sənədlərdə öz əksini tapmış diaqnoza uyğun olaraq 2 il müddətinə ikinci dərəcə əlilliyin təyin olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “əlilliyin bərpa edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili elektron kabinet vasitəsi ilə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, İddiaçı ikinci dərəcə əlilliyin təyin olunmasından imtina barədə Cavabdeh PHŞ-nin xx.xx.2024-cü il tarixli qərarını ləğv edərək, cavabdehin üzərinə iddiaçıya münasibətdə həmin tarixdən, yəni xx.xx.2024-cü il tarixindən tibbi sənədlərdə öz əksini tapmış diaqnoza uyğun olaraq 2 il müddətinə ikinci dərəcə əlilliyin təyin olunması baradə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə icraata qəbul edilmişdir. ddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: İddiaçı, zabit kimi hərbi xidmət keçərkən xx.xx.2003-cü ildə hərbi xidmət vəzifələrini yerinə yetirərkən başından travma almış və müayinələr nəticəsində “Qapalı kəllə-beyin travması. Baş beyin sillkələnməsi. Təpə nahiyyəsinin xırda ölçülü çapılmış yarası. Sol çiyinin sıyrılmış-əzilmiş yarası” diaqnozu qoyulmuşdur. Uzunmüddətli müalicə almağıma baxmayaraq, səhhətimdə müsbət irəliləyiş müşahidə olunmamışdır. Bununla əlaqədar olaraq 2017-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmişəm və aparılan araşdırmalardan sonra “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” səbəb əlaqəsi təyin olunaraq komissiya tərəfindən Qərar verilmişdir (xx.xx.2017-ci il tarixli, 980 nömrəli). Mənim səhhətimdə olan geridönməz və inkişafda olan travmanın nəticələri ilə əlaqədar TSEK-ə müraciət etmişəm, müayinələrdən keçdikdən sonra xx.xx.2017-ci il tarixində mənə cavabdeh tərəfindən təsdiq edilmiş aşağıdakı diaqnozlarla 2 (ikinci) qrup əlillik təyin edilmişdir: “Başın travmalarının nəticələri. X3-beyin travmasının davamlı qalıq əlamətləri. Başbeyin silkələnməsi (xx.xx.2003-cü ildə döyüş zonasında). Dəqiqləşdirilməmiş ensefalopatiya. Posttravmatik ensefalopatiya, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 7–8 dəfə). Xoşxassəli kəllədaxili hipertenziya. Kəllədaxili hipertenziya, vaqo-vegetativ krizlər, koordinator-statik pozğunluqlar, diensefal sindrom. Digər neqativ pozuntular. Kəskin asteno-nevrotik sindrom. Şəxsiyyətin emosional davamlısız pozuntusu. Baş-beyin travmasının nəticəsində şəxsiyyətin emosional davamlısız tip pozuntusu, davamlı psixotik və davranış pozuntuları.” Əlilliyin 5 (beş) ili tamam olduqdan sonra 2022 və xx.xx.2024-cü illərdə TSEK tərəfindən “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı Xəzər Tibbi Mərkəzinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, X3 Beyin Travmasının davamlı qalıq əlamətləri. Baş beyin silkələnməsi. və Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. O cümlədən qeyd edirik ki, tərəfimizdən vətəndaşın sağlamlıq vəziyyəti qiymətləndirilərkən müəyyən olunmuşdur ki, Qəbələ rayon sakini xx.xx.1980-cı il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2023-cü il tarixli S00068264AFV nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 3-17-4/3-1-19334/2023). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 980 nömrəli Qərar verilmişdir. Həmin qərarda Təpə nahiyəsinin xırda ölçülü çapılmış yarası. Sol çiyinin sıyrılmış əzilmiş yarası. Qapalı kəllə beyin travması. Baş beyin silkələnməsi” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrılarından şikayətlənmişdir. Anamnezində müalicə müəssisələrinə ailə üzvlərinin təkidi ilə getdiyini, heç nəyi xatırlamadığını qeyd etmişdir. Müayinə zamanı sol kürəkdə çapıqlar izlənilmişdir. Psixi statusunda intellektual mnestik sferası yaşına, həyat tərzinə və sosial mühitinə uyğun olmuş, psixi dəyişikliklər aşkarlanmamışdır” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yıxılaraq travma aldığını söyləmiş, başağrılarından şikayətlənmişdir. Müayinənin gedişatında xəstəliklə bağlı heç bir suallara cavab verə bilməmiş, özünü anlaqsız göstərməyə çalışmışdır. Medikamentoz preparatlardan Cyclodole və s. preparatlar qəbul etdiyini söyləmişdir. Psixi statusunda əyani müayinə zamanı geyimi səliqəli, mimikası canlı, ünsiyyətə həmən daxil olmuş, emosional labil, tənqidi tam saxlanılmış, aparılmış müalicələr və qəbul etdiyi dərmanlar barəsində məlumat verməmişdir. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2023-cü il tarixli 343 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli (Hərbi xidmət dövründə alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, yaddaş və intellektin enməsi ilə” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. 2 saylı X1 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10117/23 nömrəli Çıxarışında diaqnoz “Baş beynin üzvi xəstəliyi, (travma hərbi) nəticəsində nəzərə çarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaş intellekt zəifliyi, davamlı psixotik əlamətlərlə” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. X4 xx.xx.2023-cü il tarixli KT müayinəsinin nəticəsi “Beyin parenximasında alın payında sol tərəfdə kortiko-subkortikal qliotik ocaqlar izlənilir. Serebral atrofiyaya bağlı olaraq beyin şırımları, Silvian fissura dərinləşmişdir. Sağ haymor cibində retension kista, sağ etmoiddə və alın cibində yığıntı var. (Sağ tərəfli hemisinuit). Sol haymor cibində retension kista və polip izlənilir” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. X4 xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Beyinin diffuz tipli dəyişiklikləri (ensefalopatiya əlamətləri, 2003-cü ildə kəllə beyin travmasını qeyd edir), paroksizmlərə (alın, mərkəz, ənsə paylarda) meyilliyi və bioelektrik aktivliyinin bir qədər enməsi qeyd olunur” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Verdiyi anamnestik məlumatlara, klinik əlamətlərə və instrumental müayinə nəticələrinə əsasən əlillik təyinatına əsas verən patoloji, psixi dəyişikliklər müəyyən edilməmişdir Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazla eyni məzmunda izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. Cavabdeh orqanın əlilliyin təyin edilməsindən imtina barədə qərarın qüvvədə saxlanılmasına dair xx.xx.2024-cü il tarixli məktubu;

2. Cavabdehin xx.xx.2024-cü il tarixli etirazı və ona əlavə edilmiş sənədlər;

3. İddiaçı barəsində Əlillik Altsistemindən çıxarışlar;

4. Müdafiə Nazirliyi HHK-nın xx.xx.2017-ci il tarixli qərarı;

5. İddiaçının ambulator kitabçasından Çıxarış və digər müayinə,müalicə məlumatları;

6. İddiaçı barəsində əlilliyin qiymətləndirməsi nəticələri;

7. “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubu;

8. SHXÇDX-nin Qəbələ rayon şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu və iddiaçının şəxsi iş materialları;

9. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli məktubu və ekspert rəyi.

10. “Xəzər” Tibb Mərkəzinin 3 noyabr 2025-ci il tarixli 18-1-15/2-1508/2025 nömrəli məktubu.

Əsaslandırma hissəsi:

İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. İddiaçı ilkin tələblə cavabdehə müraciət etmiş, xx.xx.2024-cü il tarixində əliliyin təyin edilməsindən imtina edilmişdir.İddiaçı həmin qərardan şikayət vermiş,inzibati orqan həmin qərarı qüvvədə saxlamışdır. İddiaçı həmin qərarı aldıqdan 30 gün müddət ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırkı iddia mümkün iddiadır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia ərizəsindən və işin hallarından müəyyən edilir ki, ifadə tərzindən asılı olmayaraq iddiaçının hüquqi marağı və məqsədi ona əlilliyin təyin edilməsinə nail olmaqdan ibarətdir. İddia ərizəsinə əsasən iddia tələbi ikinci dərəcə əlilliyin təyin olunmasından imtina barədə Cavabdeh PHŞ-nin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və cavabdehin üzərinə iddiaçıya xx.xx.2024-cü il tarixindən 2 il müddətinə ikinci dərəcə əlilliyin təyin olunmasından ibarətdir. Məhkəmə iş hallarına qiymət verərək, aşağıdakı normaları işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Məhkəmə “əlilliyin təyin olunmasından imtina barədə Cavabdeh PHŞ-nin xx.xx.2024cü il tarixli qərarının ləğv edilməsi” tələbini ifadə tərzindən asılı olmayaraq həmin qərarın qanunsuzluğunun müəyyən edilməsi kimi qiymətləndirir.Aydındır ki,məcburetmə haqqında iddialarda imtina qərarının mövcudluğu iddiaçının hüquqi vəziyyətinin dəyişməsinə əsas olmur. İşin hallarından müəyyən edilir ki,iddiaçıya 16 oktyabr 2017-ci il tarixindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş,əlilliyin müddəti 16 oktyabr 2022-ci il tarixində başa çatmışdır. Sonrakı tarixlərdə iddiaçı barəsində təqdim edilmiş forma 88 göndərişləri cavabdeh tərəfindən qiymətləndirilmiş,əlilliyin təyinindən müxtəlif əsaslarla imtina edilmişdir. İddiaçı barəsində sonuncu forma 88 göndərişi “ Xəzər” Tibb Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixində tərtib edilmiş, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində “Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. İddiaçı barəsində tərtib olunmuş göndərişdə əsas diaqnoz T90.5 XBT koduna əsasən “Kəllədaxili travmaların nəticələri, X3 Beyin Travmasının davamlı qalıq əlamətləri. Baş beyin silkələnməsi.” kimi müəyyən edilmişdir.Həmin diaqnozun müxtəlif qiymətləndirici əlamətləri mövcuddur ki,bu da OFP-nin müxtəlif dərəcələrinin müəyyən edilməsinə əsas verir. Məhkəmənin sorğusuna əsasn “Xəzər” Tibb Mərkəzinin 3 noyabr 2025-ci il tarixli 18- 1-15/2-1508/2025 nömrəli məktubundan görünür ki, İddiaçı yazılmış Forma 88-də qeyd edilən diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması” Meyarlarının 6.1.10.1-ci yarımbəndində qeyd edilmiş “başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın mülayim pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları” xəstəliklərin əhatə dairəsinə uyğun olmuşdur.

başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın mülayim pozuntusu, piramid 6.1.10.1. çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və 35-60 1 il durmanın pozuntuları Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza əsasında “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin ekspert rəyində aşağıdakılar qeyd edilmişdir : Təqdim olunmuş sənədlərə əsasən İddiaçı davamlı psixotik əlamətlər qeyd edilmişdir. Hazırkı müayinə zamanı İddiaçı psixotik əlamətlər müşahidə edilmədiyindən, onda əvvəllər qeyd olunmuş psixotik halların remissiya vəziyyətinə çatması qənaətinə gəlmək olar. İddiaçı mülayim ifadə olunmuş yaddaş və intellekt zəifliyi (koqnitiv enmə) qeyd edilir. İddiaçı müxtəlif vaxtlarda qoyulmuş diaqnozların düzgünlüyünü hazırkı məhkəməpsixiatrik ekspertizasında qiymətləndirmək mümkün deyil. Hal-hazırda İddiaçı “Üzvi (keçirilmiş kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu” aşkar olunur. Qeyd olunmalıdır ki, təqdim olunmuş tibbi sənədlərdə İddiaçı xx.xx.2003-cü il tarixdə “baş beyin silkələnməsi” diaqnozunun qoyulduğu göstərilmişdir. “Baş beyin silkələnməsi” diaqnozu adətən həmin travmanın kəskin dövründə müəyyən edilir. Sonrakı mərhələlərdə təyin olunan diaqnozlar isə travmanın, yəni baş beyin silkələnməsinin erkən və ya gecikmiş fəsadlarını əks etdirir. Hazırkı psixiatrik müayinə zamanı İddiaçı müəyyən edilmiş “üzvi (keçirilmiş kəlləbeyin travması nəticəsində) şəxsiyyət pozuntusu” diaqnozu onun xx.xx.2003-cü il tarixdə keçirdiyi baş beyin silkələnməsinin uzaq və davamlı fəsadı kimi qiymətləndirilməlidir. İddiaçının mövcud sağlamlıq vəziyyəti Əlavənin 6.1.10.1-ci bəndinə uyğundur ki,həmin diaqnoz iki il müddətinə OFP-nin 35-60 faiz aralığında müəyyən edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.10-cu bəndinə əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Hazırkı iş üzrə iddiaçının sağlamlıq vəziyyətinin aid olduğu OFP-nin məhdudlaşması halı istinad olunan “Meyar”lara əlavənin 6.1.10.1-ci bəndində nəzərdə tutulmaqla konkret faiz dərəcəsi müəyyən edilməmiş, 35-60 % aralığında təsbit edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının OFP-nin 35-60 % aralığında konkret olaraq hansı faiz dərəcəsinə aid olmasının müəyyən edilməsi inzibati orqanın qiymətləndirmə azadlığına aiddir. Buna görə də, məhkəmə, iddiaçının OFP-nin İ dərəcə məhdudlaşması halının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə hüquqi məsələlənin həll edilməsini məqbul hesab edir. İddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasında qeyd edilmişdir ki, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Beləliklə, Qaydalardan da göründüyü kimi əlilliyin təyini və ya bundan imtina yalnız bu barədə müvafiq qərarın qəbul edilməsi nəticəsində öz hüquqi qüvvəsini müəyyən edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-368/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarında təsbit olunan hüquqi mövqe) Cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir. Qeyd etmək lazımdır ki, əlavə müalicəyə ehtiyacın olması ilə bağlı tələbin heç də bütün hallarda imtinanı şərtləndirmədiyi nəzərə alınaraq cavabdeh tərəfindən belə ehtiyacı zəruri edən şərtlər açıqlanmalı və əsaslandırılmalıdır. Bu zaman iddiaçının dəyişməyən xəstəliyi və eləcə də ötən müddət ərzində xəstəliyin ağırlaşması, həmçinin iddiaçıya həmin diaqnoz əsasında əlilliyin artıq bir necə dəfə təyin olunduğu da cavabdeh tərəfindən nəzərə alınmalıdır. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qərar qəbul edərkən qeyd olunan xüsusatları nəzərə aldığı iş üzrə materiallarla təsdiq olunmur.Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-1038/2023 saylı Qərarında da əks olunmuşdur. Məhkəmə hesab edir ki,cavabdehin iddiaçıya əlilliyin müəyyən olunmasından imtina etməsi barədə 08 yanvar 2024-cü il tarixli qərarı əsassız olmuşdur. İddia tələbinin İİ dərəcə əlilliyin təyin olunması,başqa sözlə OFP-nin 61-80 % dərəcəsinin müəyyən olunmasına münasibətdə isə məhkəmə hesab edir ki, iddiaçı barəsində tərtib edilmiş forma 88 göndərişi və onun sağlamlıq vəziyyəti qüvvədə olan Meyarla əsasən OFP-nin 35-60 % aralığında qiymətləndirilməli və müəyyən edilməlidir.İddiaçının OFP-nin pozulmasının səbəbli əlaqəsi “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” olmuşdur.Həmçinin,məhkəmə iddiaçının adının “Rafiq” olaraq dəyişdirilməsini nəzərə alır. Odur ki,iddia tələbi cavabdehin qərarının qanunsuz hesab edilməsi və əlilliyin müəyyən edilməsi hissəsində əsaslı, OFP-nin 2 il müddətində 61-80 % dərəcəsinin müəyyən olunması hissəsində əsassızdır. Məhkəmə işin hallarına aşağıdakı normaları tətbiq etmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 1.0.2 Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları; 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”

3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; (-). 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

4. Əlilliyin müddətləri … 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3- cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia qismən təmin edilir. İddiaçı (Rafiq) Məzahir oğlunun xx.xx.2024-cü il tarixindən, 1 il müddətində orqanizm funksiyalarının pozulmasının 35-60% dərəcəsinin (“Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar”) müəyyən edilməsi öhdəliyi Cavabdeh PHŞ-nin üzərinə qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar