Məhkəmə qərarları › İş №2-1(116)-742/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-742/2022

24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-742/2022 24.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona 08.10.2019-cu il tarixdən işə bərpa olunduğu 06.01.2022-ci il tarixədək məcburi işburaxma dövründə almadığı əmək haqqı, məzuniyyət pulu, hərbiçi kimi ailəsinə maddi yardım haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin 054 gm saylı, 2019-cu il 8 oktyabr tarixli əmrinin ləğv edilməsi, cavabdehin üzərinə onun 411-ci Aviasiya bazasının (411 nəmrəli hərbi hissə) 1-ci aviasiya eskadriyasının (SU-25) aviasiya manqasının texnikiistismar hissəsinin baş mexaniki vəzifəsinə bərpa edilməsi barədə öhdəliyin qoyulmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21.09.2021-ci il tarixli 2-1(102)-1467/2021 nömrəli qərarı əsasında 08.10.2019-cu il tarixdən işə bərpa olunan günədək məcburi iş buraxmaya görə aylıq pul məvacibinin, 2019-cu il üçün nəzərdə tutulan birdəfəlik pul mükafatının, 2020-ci il üçün nəzərdə tutulan birdəfəlik pul mükafatının, məzuniyyət pulunun və maddi yardımın, 2021-ci il nəzərdə tutulan məzuniyyət pulunun və maddi yardımın, həmçinin həmin işlə əlaqədar çəkdiyi xərclər - 1311 manat vəkillərə (1000 manat, 300 manat vəkil qanararı və 11 manat etibarnamə üçün) çəkdiyi xərclərin ödənilməsi öhdəliynin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 19.12.2019-cu il tarixdə Şirvan İnzibati- İqtisadi məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 2019-cu il 8 oktyabr tarixli, 054 gm saylı əmrin ləğv edilərək əvvəlki vəzifəyə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati Məhkəməsinin 2020-ci il 27 noyabr tarixli, 2-1(116)-930/2020 nömrəli qərarı ilə iddiaçının iddia tələbi rədd edilmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.04.2021-ci il tarixli 2-1(107)-111/2021 nömrəli qərarı ilə təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 2020-ci il 27 noyabr tarixli, 2- 1(116)-930/2020 nömrəli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin 054 gm saylı 08.10.2019-cu il tarixli əmri ləğv olunmuş, cavabdeh Nazirliyin Hərbi Havva Qüvvələrinin üzərinə İddiaçı 411-ci Aviasiya bazasının (N nömrəli hərbi hissə) 1-ci aviasiya eskadrilyasının (SU-25) aviasiya manqasının texniki-istismar hissəsinin baş mexaniki vəzifəsinə bərpa edilməsi öhdəliyi qoyulmuşdur. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21.09.2021-ci il tarixli 2-1(102)- 1467/2021 nömrəli qərarı ilə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.04.2021-ci il tarixli 2-1(107)-111/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı iddia ərizəsi ilə 08.10.2019-cu il tarixdən işə bərpa olunan günədək məcburi iş buraxmaya görə aylıq pul məvacibinin, 2019-cu il üçün nəzərdə tutulan birdəfəlik pul mükafatının, 2020-ci il üçün nəzərdə tutulan birdəfəlik pul mükafatının, məzuniyyət pulunun və maddi yardımın, 2021-ci il nəzərdə tutulan məzuniyyət pulunun və maddi yardımın, həmçinin həmin işlə əlaqədar çəkdiyi xərclər 1311 manat vəkillərə (1000 manat, 300 manat vəkil qanararı və 11 manat etibarnamə üçün) çəkdiyi xərclərin ödənilməsi öhdəliynin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil 11.05.2022-ci il tarixli məhkəmə iclasında “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək İddiaçı 08.10.2019-cu il tarixdən işə bərpa olunduğu 06.01.2022-ci il tarixədək məcburi işburaxma dövründə almadığı əmək haqqı, məzuniyyət pulu, hərbiçi kimi ailəsinə maddi yardım haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Cavabdeh 08.04.2022-ci il tarixli 8/1196 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin 30.10.2019-cu il tarixli 394 nömrəli əmri ilə hərbi xidmətdən tərxis olunmuşdur və sonradan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-111/2021 nömrəli 26.04.2021-ci il tarixli qərarına əsasən o, hərbi xidmətə bərpa olunaraq 06.01.2022-ci il tarixli 4 nömrəli əmrlə tutduğu vəzifənin icrasına başlamışdır. Yuxarıda qeyd edilən məhkəmənin qərarı ilə İddiaçı yalnız hərbi xidmətdən tərxis olunma əmrinin ləğv edilməsi və hərbi xidmətə bərpa olunması barədə öhdəlik Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin üzərinə qoyulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin qeyd edilən qərarı ilə hərbi xidmətdə olmadığı dövrdə İddiaçı pul təminatının ödənilməsi öhdəliyi Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin üzərinə qoyulmamışdır. Bu səbəbdən də hərbi xidmətdə olmadığı dövr üçün İddiaçı pul təminatının ödənilməsi qanunvericiliyə və məhkəmənin qərarına uyğun deyildir. Azərbaycan Respublikası müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə"nin tələblərinə uyğun olaraq hərbi qulluqçulara pul təminatı və pul təminatının digər növləri, yalnız onlar hərbi xidmətdə olduqları dövr ərzində ödənilir. İddiaçı 08.10.2019-cu il tarixdən 06.10.2022-ci il tarixədək hərbi xidmətdə olmamışdır və bu səbəbdən də ona büdcə vəsaiti hesabına pul təminatının ödənilməsi qanunsuz və əsassızdır. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İşin mübahisəsiz halı kimi müəyyən olunur ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 aprel tarixli, 2-1(107)-111/2021 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 2020-ci il 27 noyabr tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin 054 gm saylı, 2019-cu il 8 oktyabr tarixli əmri ləğv edilmiş, cavabdehin üzərinə iddiaçının 411-ci Aviasiya bazasının (411 N-li hərbi hissə) 1-ci aviasiya eskadrilyasının (SU-25) aviasiya manqasının texniki-istismar hissəsinin baş mexaniki vəzifəsinə bərpa edilməsi öhdəliyi qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21.09.2021-ci il tarixli 2-1(102)-1467/2021 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 aprel tarixli, 2-1(107)-111/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan: Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin 28.03.2022-ci il tarixli 2648 nömrəli məktubunda görünür ki, Müdafiə nazirinin müavini Hərbi Hava Qüvvələri komandanının 10.12.2021-ci il tarixli 065gm nömrəli əmri ilə gizir İddiaçı N nömrəli hərbi hissənin 1-ci aviasiya eskadrilyasının aviasiya manqasının texniki-istismar hissəsinin baş mexaniki vəzifəsinə bərpa olunmuşdur. Cavabdehin iddiaçıya ünvanladığı 08.02.2022-ci il tarixli 8/444 nömrəli məktubunda qeyd olunur ki, N nömrəli hərbi hissədən alınan məlumata əsasən iddiaçı hərbi hissə komandirinin 30.10.2019-cu il tarixli 394 nömrəli əmri ilə hərbi xidmətdən tərxis olunmuş və sonradan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-111/2021 nömrəli 26.04.2021-ci il tarixli qərarına əsasən hərbi xidmətə bərpa olunaraq 06.01.2022ci il tarixli 4 nömrəli əmri ilə tutduğu vəzifənin icrasına başlamışdır. Yuxarıda qeyd edilən məhkəmənin qərarı ilə iddiaçının yalnız hərbi xidmətdən tərxis olunmağı barədə əmrin ləğv edilməsi və hərbi xidmətə bərpa olunmağı barədə öhdəlik Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin üzərinə qoyulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin qeyd edilən qərarı ilə iddiaçının hərbi xidmətdə olmadığı dövrdə ona pul təminatının ödənilməsi öhdəliyi Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin üzərinə qoyulmamışdır. Bu səbəbdən də iddiaçının hərbi xidmətdə olmadığı dövr üçün ona pul təminatının ödənilməsi qanunvericiliyə və məhkəmənin qərarına uyğun deyildir. İddiaçı müraciətində hərbi xidmətdə olmadığı dövr ərzində müxtəlif növ pul təminatının ona ödənilməsi barədə Əmək Məcəlləsinə istinad etmişdir. Bununla əlaqədar bildirilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq işdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı ödənilmir. Bundan əlavə, Əmək Məcəlləsinin 6-cı maddəsinin "a" bəndinə uyğun olaraq Əmək Məcəlləsi hərbi qulluqçulara şamil edilmir. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. 10-cu maddəsinə görə, Azərbaycan Respublikası hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə alaraq hərbi qulluqçuların hərbi xidmət vəzifələrini icra etməsi üçün maddi və başqa şərait yaradır. Hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi almaq hüququ vardır. Həm də zabitlərin, gizirlərin və miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifə maaşlarının minimum məbləğləri Azərbaycan Respublikasında dövlət qulluqçularının orta əmək haqqından az ola bilməz. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır. Hərbi qulluqçulara təminat xərcliyi verilməsinin qaydası və bu xərcliyin normalarının dəyişdirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur. Hərbi qulluqçular və onların ailə üzvləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq rüsumlar sahəsində güzəştlərdən istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına ərzaq və əşya əmlakı alır, ərzaq və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. Azərbaycan Respublikasında dolanacaq xərclərinin indeksi dəyişildikdə pul kompensasiyasının normalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti yenidən nəzərdən keçirib dəyişdirir. Hərbi qulluqçular və onların ailə üzvləri dəmiryolu, hava, dəniz və avtomobil nəqliyyatında daşınmalar sahəsində güzəşt hüququna malikdirlər. Həm də müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) pulsuz istifadə edirlər. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hər il növbəti məzuniyyətə çıxarkən onlara əlavə olaraq bir aylıq vəzifə maaşı məbləğində pul təminatı verilir. 11-ci maddəsinə əsasən, hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 11.1-ci maddəsinə görə, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə işin hallarına yuxarıda göstərilən qanunvericilik nprmalarının tətbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, iddiaçının ilkin iddia tələbi təmin edilərək cavabdehin 054gm saylı 08.10.2019-cu l tarixli əmri ləğv edilmiş, iddiaçının əvvəllər tutmuş olduğu vəzifəyə bərpa edilməsi qərara alınmış və məhkəmə qərarı icra edilərək iddiaçı vəzifəsinə bərpa olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(107)-111/2021 nömrəli iş üzrə 26.04.2021-ci il tarixli qərarının əsaslandırma hissəsində qeyd etmişdir ki, “iddiaçı apellyasiya şikayətində qanunsuz olaraq işdən azad olunduğu müddət ərzində almalı olduğu məvacibin cavabdehdən tutulmasını xahiş etsə də, birinci instansiya məhkəməsində bu tələblə bağlı iddia qaldırmadığına görə apellyasiya instansiyası məhkəməsi icraatı qaydasında baxıla bilməz”. Cavabdehin ödənişi həyata keçirməkdən imtinası da məhz qanuni qüvvəyə minmiş məhkəmə qərarında belə bir göstərişin olmaması ilə bağlıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin qanunsuz hesab edilərək məhkəmə qaydasında ləğv olunmuş əmrinə əsasən tutduğu vəzifədən azad edilmiş və sonradan vəzifəsinə bərpa olunmuş iddiaçının məcburi işburaxma dövründə ona ödənilməmiş əmək haqqı və istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsinə dair tələbi əsaslıdır. İddia tələbi qalan hissədə isə təmin edilə bilməz. Belə ki, iddiaçı tərəfindən işləmədiyi müddətdə hərbiçi kimi ailəsinə maddi yardım haqqının ödənilməsi tələb edilsə də, iddia ərizəsində iddiaçının məhz hansı vəsaitin bu qismdə ödənilməsini tələb etdiyi əsaslandırılmamış, iddiaçı bunun aydınlaşdırılması ilə bağlı heç bir sənəd və sübut təqdim etməmişdir. İPM-in 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı 08.10.2019-cu il tarixdən işə bərpa olunduğu 06.01.2022-ci il tarixədək məcburi işburaxma dövründə almadığı əmək haqqı məbləğinin və istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar