Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-745/2023 28.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “15 iyun 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və sosial müavinət aldığı dövr ərzində yaranmış fərq pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı “15 iyun 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və sosial müavinət aldığı dövr ərzində yaranmış fərq pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, o, xx xxxx 1956-cı il tarixdə doğulmuşdur. 15 iyun 2021-il tarixdə 65 yaşı tamam olmaqla yaşa görə əmək pensiyası almaq üçün 2021-ci ilin may ayında sənədlərini ərizə ilə birlikdə DSMF-nin 16 saylı regional ərazi idarəsinə təqdim etmişdir. Cavabeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalı 13 oktyabr 2022-ci il tarixli **********2 nömrəli məktubla iddiaçının ilkin tələbinin icrasından imtina etmişdir. Cavabdeh məhkəməyə etirazını belə əsaslandırmışdır ki, iddiaçı 65 yaşını xx.xx.2021-ci il tarixdə tamamlamışdır. İddiaçının təqdim etdiyi əmək kitabçası, hərbi xidmət haqqında arayış və arxiv arayışlarının surətlərinə əsasən İddiaçı sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla) 23 il 5 ay (mübahisələndirilməyən) təşkil edir. İddiaçının mübahisəli sosial sığorta stajı 1878-ci ildə 11 ay, 1979-cu ildə 11 ay olmaqla Kolxozlararası Tikinti idarəsində əmək fəaliyyəti dövrü (1il 10 ay), xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək təhsil aldığını iddia etdiyi dövr (3 ay 28 gün), 1973-cü il tarixdən 1974-cü il tarixədək “Azad/Lenin” adına kolxozda olan əmək fəaliyyəti dövrü (1 il). Ümumilikdə 3 il 1 ay 28 gün iddiaçının mübahisəli sosial sığorta stajı var. Bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Bildiririk ki, əmək pensiyası itirilmiş əməkhaqqının kompensasiyası olması nöqteyi nəzərindən iddiaçının təqdim etdiyi Balakən rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli № 77 saylı arxiv arayışına əsasən Kolxozlararası Tikinti idarəsində əmək fəaliyyəti zamanı 1978-ci ildə 11 ay 1979-cu ildə 11 ay iddiaçının adına əməkhaqqı hesablanmadığı üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.1-ci yarımbəndinin 5-ci abzasına əsasən kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə)) əsasən hesablanır. Göründüyü kimi iddiaçı tərəfindən nə kolxozçunun əmək kitabçası, nə də müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeyd olan arayış inzibati orqana təqdim edilməmişdir. Bu səbəblə də iddiaçının “Azad/Lenin” adına kolxozda olan əmək fəaliyyəti dövrünün (1973-cü il tarixdən 1974-cü il tarixədək) sosial sığorta stajına daxil edilməsi qanunauyğun hesab edilmir. Əlavə olaraq bildiririk ki, iddiaçı tərəfindən təqdim olunan “təhsil barədə” müvafiq sənədə münasibətdə isə qeyd edək ki, təqdim olunan sənəddə Qanunun 67-ci maddəsinin ğ bəndində olan hansı təhsil növü olması öz əksini tapmamışdır. Bu səbəblə də xx.xx.1974-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək olan dövrün sosial sığorta stajına daxil edilməsi inzibati orqan tərəfindən qanunauyğun hesab edilməmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2021-ci il tarixdən 130 manat məbləğində yaşa görə müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixdən 180 manata çatdırılmışdır. Hesab edirik ki, iddiaçıya verilən imtina qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi yuxarıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2022-ci il tarixli **********2 nömrəli imtina məktubundan görünür ki,iddiaçının ilkin müraciəti təmin olunmamışdır. - İddiaçıya məxsus 1978-ci il tarixdə doldurulduğu göstərilən Əmək kitabçası; - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Balakən Rayon İcra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 148 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə 162 nömrəli əmrlə 58-09 nömrəli avtomaşına sürücü təyin edilmiş, xx.xx.1979-cu il tarixli 11 nömrəli əmrlə ehtiyat sürücü keçirilmişdir. 1979-cu ilə aid əmrlər kitabında İddiaçı işdən çıxması qeyd edilməmişdir. Balakən Rayonu Kolxozlararası Tikinti idarəsinin şəxsi hesab kitablarında İddiaçı 1978-ci il dekabr ayında, 1979-cu il yanvar ayında əməkhaqqı aldığı qeyd edilmişdir. Balakən rayonu Hənifə kəndi “Azad Lenin” adına kolxozun şəxsi hesab kitablarına əsasən Mamedov İsmixanın (ata adı qeyd olunmamışdır) 1973-1974-cü illərdə həmin kolxozda işlədiyi qeyd edilmişdir. Əsaslandırma hissəsi: Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır.Lakin iddia mahiyyət etibarı ilə əsassızdır. Məhkəmə aşağıdakı qanunvericilik aktlarının müddəalarını hazırkı iddia tələbinə tətbiq edərək iddianı əsassız hesab edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli qərar ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnaməyə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 1.1-ci hissəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. “Əmək pensiyaları” haqqında Qanunun : 1.0.2 sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı tələb hüququnun əsası olaraq öz adına xx.xx.1978-ci ildə tərtib edilmiş əmək kitabçasını məhkəməyə təqdim etmişdir.Əmək kitabçasında aparılmış qeydlərə əsasən müəyyən olunur ki,iddiaçının aşağıdakı əmək stajı var. - 01 yanvar 1973-10 noyabr 1974 - “Azad Lenin” adına kolxozda əmək fəaliyyəti (01 il 10 ay 10 gün) 18 mart 1974-16 iyul 1974-cü il ərzində sürücülüklə bağlı təhsil aldığı 03 ay 28 gün yuxarıdakı dövrlə əhatə olunur. - 10 noyabr 1974-14 dekabr 1976-cı illər ərzində hərbi xidmət dövrü (02 il 01 ay 4 gün) - 01 avqust 1977-16 noyabr 1977- Balakən Konserv zadovu (03 ay 15 gün) - 09 noyabr 1979-02 yanvar 1980 (01 ay 23 gün) - 22 yanvar 1980-06 avqust 1985 (5 il 6 ay 15 gün) - 20 sentyabr 1985- 01 oktyabr 1985 (10 gün) - 22 noyabr 1985- 01 oktyabr 1987 (01 il 10 ay 10 gün) - 01 aprel 1988-17 sentyabr 1997 ( 09 il 5 ay 17 gün ) - 17 sentyabr 1997-01 oktyabr 2000 ( 03 il 14 gün ) Əmək kitabçasının 4-cü səhifəsində 3-cü və 4-cü qeydlər iddiaçının 01 fevral 1977-ci il tarixidən 11 dekabr 1978-ci illəri əhatə edən dövrdə Kolxozlarası tikinti idarəsində işlədiyi barəsindədir.Həmin qeydlərə münasibətdə məhkəmə qeyd edir ki,həmin qeydin qarşısında əmrin 07 fevral 1978-ci il tarixli olduğu göstərilir.Həm də iddiaçı 01 avqust 1977-16 noyabr 1977-ci illər ərzində Balakən Konserv zadovunda işləmişdir. Digər tərəfdən arxiv məlumatlarının araşdırılması zamanı iddiaçının 15 noyabr 1978ci il tarixidən 162 nömrəli əmrlə sürücü təyin olunduğu göstərilmişdir.Həmçinin,əmək kitabçasında iddiaçının 11 noyabr 1978-ci il tarixdə işdən azad olunduğu qeyd olunsa da 23 yanvar 1979-cu il tarixdə onun ehtiyat sürücü keçirilməsi barədə 11 nömrəli Əmr verildiyi görünür.Bununla belə iddiaçının 1979-cu ildə nə vaxt işdən azad olunduğu barəsində arxiv məlumatı yoxdur.Hazırkı ziddiyyətli məqamlar iddiaçının Kolxozlarası tikinti idarəsində əmək fəaliyyəti barədə əmək kitabçasının qeydinin mötəbərliyini istisna edir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının cəmi iş stajl 24 il 3 ay 28 gün olmaqla tələb olunan 25 il sığorta stajına malik olmadığından ona yaşa görə əmək pensiyası təyin edilməli deyildir. Həmçinin,məhkəmə qeyd edir ki, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır ki, iddiaçının da həmin tarixə pensiya kapitalı qeydə alınmamışdır. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “15 iyun 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və sosial müavinət aldığı dövr ərzində yaranmış fərq pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №2-1(116)-745/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-745/2023
28.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver