Məhkəmə qərarları › İş №2-1(116)-745/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-745/2024

07.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-745/2024 07.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X6, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “JN-4270A saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin koordinatlarını faktiki istifadə vəziyyətinə uyğunlaşdıraraq Ağdaş şəhəri, Nəsimi küçəsi dalan 4-də yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin mərhum X5 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı “Ağdaş şəhəri, Nəsimi küçəsi dalan 4-də yerləşən və faktiki istifadədə olan 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair iddiaçının mərhum atası X2 xüsusi mütkiyyət hüquqlarının DƏDR-də qeydiyyata alınması, torpaq sahəsi və fərdi yaşayış evinə dair plan ölçünün və daşınmaz əmlakın reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-745/2024 nömrəli qərardadı ilə Ağdaş rayon Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “JN-4270A saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin koordinatlarını faktiki istifadə vəziyyətinə uyğunlaşdıraraq Ağdaş şəhəri, Nəsimi küçəsi dalan 4-də yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin mərhum X5 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Ağdaş şəhəri, Nəsimi küçəsi dalan 4də yerləşən və faktiki istifadədə olan 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin mərhum atası X5 məxsus olması barədə arayışın verilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabden iddiaçının müraciətinin icrasından imtina etmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, Ağdaş şəhəri, İ,Nəsimi küçəsinin 4cü dalanında yerləşən fərdi yaşayış evi üzərində X2 mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və təqdim olunmuş sənədlər toplusu qanunvericiliyin tələblərinə uyğun ekspertiza edilmişdir. Araşdırma zamanı fərdi yaşayış evinin ləgv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan torpaq sahəsində deyil. 4730 nömrəli cizgidə göstərilən. Bələdiyyə balansında olan torpaq sahəsində yerləşir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında etirazın məzmununa uyğun izahat verən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. İİ-ЖГ seriyalı 433601 nömrəli Ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X8 xx.xx.1993-cü il tarixində vəfat etmişdir.

3. 29.09.2023-cü il tarixli arayışdan görünür ki, X10 xx.xx.1992-ci il tarixdə vəfat etmişdir.

4. Ağdaş rayon Ağdaş Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçının Ağdaş şəhər Bələdiyyəsinin şəxsi təsərrüfat kitabında onun mərhum atası X1 adına ünvan 1 ünvanda 0.06 ha həyətyanı torpaq sahəsi və 90 kv metr ölçüdə əmlakı var. X7 vəfat etdiyi xx.xx.1993- cü il tarixdən etibarən ona məxsus ünvan 1 ünvanda 0.06 ha həyətyanı təyinatlı torpaq sahəsi və 90 kv metr ölçüdə əmlakı mərhumun oğlu İddiaçı ailəsi ilə birgə istifadə etməklə, torpaq və əmlak vergiləri M. Məhərrəmov tərəfindən ödənilmişdir.

5. JN-4270A KOD 90301004 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-ci il tarixli 01 saylı qərarı 0.06 ha torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-ci il tarixli 01 saylı qərarı, Ağdaş rayonunda vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid subyektlər siyasından çıxarışdan görünür ki, X1 adı qeyd olunmuşdur.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-1428/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin, həmçinin JN- 4270A (kod 9********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair, Şəhadətnaməyə əsasən verilmiş 0.06 ha torpaq sahəsinin naturada sahəsi, döngə nöqtələri, koordinatları, yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Elektron məlumat bazasında mövcud olan Ağdaş rayonu, Ağdaş bələdiyyəsinin “X4 X9”ndəki xəritəsinə əsasəsn, X3 JN-4270A (kod 9********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnaməyə əsasən verilmiş 0.06 ha torpaq sahəsinin, həmçinin iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin təyinatı (kateqoriyası) - yaşayış məntəqələrinin torpaqları, uqodiyası - tikiinti altında olan torpaqlar, mülkiyyətçisi - Ağdaş bələdiyyəsidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi JN-4270 A (kod 9********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş 0.06 ha torpaq sahəsi ilə üst-üstə düşmür. JN-4270 A (kod 9********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş 0.06 ha torpaq sahəsinin 241 kv.m hissəsi **********53 reyestr nönmrəli çıxarışla, 126 kv.m hissəsi JN-4223 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə ilə başqa şəxslərin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, 233 kv.m ha hissəsi Ağdaş bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsi ilə üst-üstə düşmür. Faktiki istifadə olunan torpaq sahəsi başqa şəxslərin torpaq sahəsi ilə üst-üstə düşmür. İddia olunan fərdi yaşayış evi iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi üzərində yerləşir.

8. Ağdaş rayon Ağdaş Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Ağdaş şəhər Bələdiyyəsinin şəxsi təsərrüfat kitabında iddiaçının adına Nəsimi küçəsi 1/15 saylı ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və 90 kv.m ölçüdə fərdi yaşayış evi vardır.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı mərhum atası X2 mülkiyyətində olmuş fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsinin atasına məxsus olmasına dair arayışın verilməsindən ibarətdir. Cavabdehin imtina əsası iddia olunan torpaq sahəsi ilə Şəhadətnamənin koordinatlarının eyni olmaması ilə bağlı olmuşdur. Aşağıdakı normaları işin hallarına tətbiq edən məhkəmə iddianı əsaslı hesab edir. Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə əsasən islahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən torpaq islahatı aparılarkən ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınmasına, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə, ətraf mühitin mühafizəsinin təyin edilməsinə və torpaq islahatının yerquruluşu layihələri əsasında aparılmasına əməl edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdiriləcək torpaqlarında kompleks yerquruluşu layihələrinin hazırlanması “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 21-ci maddələrinin “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinin müddəaları əsas götürülməklə rayon aqrar islahatı komissiyasının təsdiq etdiyi baş sxemə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən bu Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq sovxoz və kolxozların özəlləşdirilən torpaq sahələrindən pay almaq hüququ olan hər bir subyektə düşən torpaq payının ölçüsünü müəyyən edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında (bənd 2.3) kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış - daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında X4 X9nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları" : 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, JN-4270A KOD 90301004 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən, 0.06 ha torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir.Ağdaş şəhəri, Nəsimi küçəsi dalan 4-də yerləşən 0.06 ha torpaq sahəsi üzərində 1960-ci ildə inşa edilmiş fərdi yaşayış evi mövcuddur. Cavabdehin imtinasının dəlilinə münasibətdə məhkəmə qeyd edir ki,iddia olunan torpaq sahəsi Şəhadətnamə ilə mərhumun mülkiyyətinə verilsə də həmin dövrün texniki imkanları baxımından Şəhadətnamənin koordinatları faktiki mülkiyyətə verilən ünvana deyil,müəyyən məsafədə olan torpaq sahəsini göstərir.Həmçinin,həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi yerləşmədiyindən aqrar islahatı məqsədi baxımından mülkiyyətə verilən torpaq sahəsinin mpvcud koordinatda olan deyil,iddia olunan torpaq sahəsinin olduğunu müəyyən etmək mümkündür. Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında X4 X9nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları"na əsasən cavabdeh tərəfindən uyğunlaşdırma aparılmaqla faktiki istifadə olunan 0,06 ha torpaq sahəsi və onun üzərində inşa olunan fərdi yaşayış evinin X5 məxsus olmasına dair arayışın verilməsi təmin edilməlidir. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə JN-4270A saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin koordinatlarının faktiki istifadə vəziyyətinə uyğunlaşdıraraq Ağdaş şəhəri, Nəsimi küçəsi dalan 4-də yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evinin mərhum X5 məxsus olmasına dair arayışın iddiaçıya verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar