Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-746/2024 18.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xx.xx.2023-cü il tarixdən 1 il müddətində ünvanlı sosial yardımın təyin olunaraq birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin-“Ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi” bəhanəsi ilə ünvanlı dövlət sosial yardımın təyinatından imtina edilməsi barədə qəbul etdiyi qərarın ləğv edilməsi və “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və 8-ci maddələrinin tələbinə əsasən 01 may 2023-cü il tarixli **********364 nömrəli “Ərizə-bəyannamə” ilə müraciət etdiyi 01 iyun 2023-cü il tarixdən 1 il müddətində hər ay üçün 237,96 AZN olmaqla sosial yardımın aztəminatlı ailəsinə təyin olunaraq birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, tələbini dəqiqləşdirərək “xx.xx.2023-cü il tarixdən 1 il müddətində ünvanlı sosial yardımın təyin olunaraq birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı 4 nəfərdən ibarət ailə tərkibinin olmasını bildirərək ünvanlı sosial yardımın təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli **********36401 nömrəli ərizə ilə müraciət etmişdir. “VEMTAS” yoxlaması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixli **********36401 nömrəli müraciətində ərizəçi İddiaçı həmin dövrdə ünvanlı sosial yardım almış və "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC abonent məlumatları düzgün göstərilməmişdir. Buna görə də ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilmişdir. Daha sonra İddiaçı yenidən VEMTAS vasitəsilə ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli **********36402 nömrəli ərizə ilə müraciət etmişdir. Maddi-məişət şəraitinin müayinəsi zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il müraciətində ərizəçi İddiaçı tərəfindən ailə gəlirləri barədə məlumat düzgün göstərilməmişdir. Həmçinin ərizəçi ərizə-bəyannamədə başqa şəxsə aid olan abonent kodunu qeyd etmişdir. Buna görə də, ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli müayinə aktından da göründüyü kimi İddiaçı ailənin gəlir yerinin 520 AZN öz maaşı və həyat yoldaşı X1 414 AZN əməkhaqqından ibarət olduğunu bildirmişdir. Həmçinin ünvan 1 ünvanında kirayə müqaviləsinə əsasən yaşadıqlarını bildirmişdir. Kirayə müqaviləsinə əsasən aylıq 200 AZN kirayə haqqı ödədiyini bildirmişdir. Yenidən İddiaçı VEMTAS vasitəsilə ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli **********36403 nömrəli ərizə ilə müraciət etmişdir. Maddi-məişət şəraitinin müayiəsi zamanı müəyyən olunmuşdur ki. xx.xx.2023-cü il tarixli müraciətində ərizəçi İddiaçı tərəfindən ailə gəlirləri barədə məlumat düzgün göstərilməmişdir. Buna görə də ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli müayinə aktından da, göründüyü kimi İddiaçı ailənin gəlir yerinin 520 AZN öz maaşı və həyat yoldaşı X1 414 AZN əməkhaqqından ibarət olduğunu bildirmişdir. Həmçinin ünvan 1 ünvanında kirayə müqaviləsinə əsasən yaşadıqlarını bildirmişdir. Kirayə müqaviləsinə əsasən aylıq 200 AZN kirayə haqqı ödədiyini bildirmişdir. Nəzərə çatdırılmışdır ki, kameral baxış zamanı təmsilçi İddiaçı Əmək və Məşğulluq altsistemində (ƏMAS) xx.xx.2020-ci il tarixindən "xxxx" MMC şirkətində aktiv əmək müqaviləsinin olduğu müəyyən edilmişdir. ''ƏMAS” alt sistemində təmsilçi İddiaçı xx.xx.2023-cü il tarixindən aylıq əməkhaqqı məbləğinin 566 manat qeyd olunduğu və “Ünvanlı yardım” (VEMTAS) altsistemində müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə muzdlu işdən əldə olunan gəlirin 4934.16 manat məbləğində hesablandığı müəyyən edilmişdir. “Sığorta" (Hesabat) altsistemində İddiaçı sığorta hesabına baxış zamanı müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə muzdlu işdən əldə olunan gəlirinin 8238.77 manat olması məlum olmuşdur. Təmsilçinin “ərizə-bəyannamə'də bəyan edilən gəlirləri ilə “Sığorta” (Hesabat) altsisteminə baxış zamanı aşkarlanan gəlirləri arasında 3304.61 manat fərq yarandığı üçün təmsilçinin müraciətinə ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbindən imtina cavabı verilmişdir. Məlumat üçün bildirilmişdir ki, təmsilçi İddiaçı xx.xx.2023-cü il tarixli **********36402 nömrəli müraciətinə maddi-məişət şəraitinin müayinəsi nəticəsində verilmiş digər imtina səbəbi "xxxx" və "xxxx" abonent kodlarının yanlış qeyd edildiyi aşkarlandığı üçün olmuşdur Belə ki, "xxxx" abonent kodunu müraciəti zamanı “ərizə-bəyannamə”də **********11678 qeyd edildiyi, lakin düzgün abonent kodunun **********11679 olduğu, həmçinin "xxxx" abonent kodunu **********00530 qeyd edildiyi və düzgün abonent kodunun **********00590 olduğu aşkarlanmışdır. Eyni zamanda nəzərə çatdırılmışdır ki, İddiaçı ünvanlı sosial yardım almaq üçün “Ünvanlı yardım” (VEMTAS) altsistemində xx.xx.2023-cü il tarixli **********36403 nömrəli sonuncu müraciətinə “ərizə-bəyannamə”də bəyan edilən gəlirləri ilə “Sığorta’ (Hesabat) altsisteminə baxış zamanı aşkarlanan gəlirləri arasında fərq yarandığı üçün ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbindən imtina cavabı verilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, analoji iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-442/2021 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmişdir. Belə ki, Ali Məhkəmənin mövqeyinə görə iddiaçının ərizə bəyannamədə qeyd etdiyi məlumatlarla maddi-məişət şəraitinin yoxlanılması zamanı aşkar olunmuş məlumatlar arasındakı ziddiyətlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 37 nömrəli qaydalarda birbaşa olaraq imtina əsası kimi göstərilmişdir. Odur ki, ərizə bəyannamə ilə maddi-məişət şəraitinin yoxlanılması zamanı əldə olunmuş məlumatlar arasındakı uyğunsuzluq (ünvanda yaşayan şəxslərin düzgün göstərilməməsi) birmənalı olaraq imtina əsasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 saylı Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarının 3.7.1-ci bəndinə əsasən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda sosial yardımın təyin olunmasından imtina edilir. İddiaçının təqdim etdiyi “Ərizə-bəyannamə”də ailənin gəlirləri kimi göstərdiyi məlumatlar araşdırma zamanı təsdiqini tapmamış, iddiaçının təqdim etdiyi məlumatlarla yoxlama zamanı müəyyən edilən məlumatlar arasında uyğunsuzluq müəyyən edilmişdir. Qaydalara görə “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduğu halda sosial yardımın təyin olunmasından imtina edilir. "Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 477 saylı Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 nömrəli qərarı ilə "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X3 və X4 (VEMTAS) yaradılmışdır. "Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.2-ci maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən Qanunun 6.3-cü maddəsinə əsasən, sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Sözügedən Qanunun 7.1-ci maddəsinə əsasən, sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Sözügedən Qanunun 7.3-cü maddəsinə əsasən, ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 saylı Qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 1,2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri əmək qabiliyyətli olan ailə üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi səbəblərindən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının 09 dekabr 2022-ci il tarixli Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 01 dekabr 2010- cu il tarixli Qərarında qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Cavabdeh orqan iddia tələbinə etirazını əsaslandırarkən sözügedən "Qaydaların" 3.1, 3.3, 3.4.2, 5, 5.22-ci bəndlərinə istinad edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməməsinixahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” xx.xx.2023-cü il tarixli **********36402 nömrəli bildirişdən görünür ki, sosial yardımın təyin edilməsindən aşağıdakı səbəblərə görə imtina edilmişdir:
1. Ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi,
2. "Ərizə-Bəyannamə"də başqa şəxsə aid olan abonent kodunun bəyan edilməsi. - “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” xx.xx.2023-cü il tarixli **********36403 nömrəli bildirişdən görünür ki, ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbi ilə sosial yardımın təyin edilməsindən imtina edilmişdir. - Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə xx.xx.2023-cü il tarixli məlumat vərəqəsindəki əlavə məlumat hissəsində aşağıdakı məlumatlar qeyd edilmişdir: - Ünvanda olduq, təmsilçi evdə idi. Həyat yoldaşının işdə oduğu bildirildi. Təmsilçi özü də birazdan işə gedəcəyi üçün 2 övladını qaynanasıgilə apardığını, axşam işdən qayıdanda götürəcəyini bildirdi. Mənzil Şahid adlı şəxsə məxsusdur. Ailə 2 ildir binada kirayə qalır, aylıq 200 AZN kirayə haqqı ödəyir. Müqavilə təqdim olundu. Təmsilçi 3 ildir “KTV”də işləyir, əmək haqqı-520 AZN-dir. Təmsilçinin həyat yoldaşı 10 ildir xəstəxanada xadimə işləyir. Əmək haqqı 414 Azn-dir. Təmsilçinin övladları orta məktəbdə oxuyur. İstifadədə və mülkiyyətdə nəqliyyat vasitəsi yoxdur. Son bir ildə alqı-satqı olunmayıb, ev telefonu yoxdur. Təmsilçinin qeyd etdiyi hər 3 abonent kodu yanlışdır. Təmsilçi başqa mənzilə aid olan abonent kodlarını sistemə daxil edib. - Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə xx.xx.2023-cü il tarixli məlumat vərəqəsindəki əlavə məlumat hissəsində aşağıdakı məlumatlar qeyd edilmişdir: - Ünvanda olduq, evdə təmsilçinin anası var idi, əlaqə saxladıqdan sonra təmsilçi ünvana yaxınlaşdı. Mənzildə 3 ildir ki, kirayə qaldıqlarını, aylıq 200 AZN kirayə haqqı ödədikləri bildirildi. Həyat yoldaşının işdə, övladlarının məktəbdə olduğunu, anasının bu binada 91-ci mənzildə digər oğlu ilə yaşadığını, bura qonaq gəldiyi bildirildi.Təmsilçi son bir ildə KTV-də işlədiyini aylıq 420 AZN ə/h aldığını, 1 ay əvvəl ə/h-nın 520 AZN-ə qalxdığını bildirdi. Həyat yoldaşının uzun müddətdir xəstəxanında xadimə işlədiyini, 414 AZN ə/h aldığını, digər gəlirlərinin olmadığını bildirdi. Övladlarının orta məktəbdə təhsil aldığı bildirildi. Son ildə alqı-satqı etmədiklərini, mülkiyyət və istifadədə nəqliyyat vasitəsi və başqa daşınmaz əmlak olmadığı bildirildi. Kirayə müqaviləsi təqdim olundu.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı və onun azyaşlı övladı Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. İddiaçı, ailəsi tərəfindən müvəkkil edilmiş şəxs kimi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək ünvanlı sosial yardımın təyin edilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir, imtinanın əsası kimi iddiaçı tərəfindən ailə gəlirləri barədə məlumatın və ərizə-bəyannamədə abonent kodlarının düzgün göstərilməməsi qeyd edilmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-ci maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur. ”Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində təsdiq edilmişdir (maddə 1.Ehtiyac meyarının həddi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni dolduraraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən VEMTAS tərəfindən “Ərizəbəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Şöbənin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən şöbənin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. İşin faktiki hallarına əsasən iddiaçının ailəsi 4 nəfərdən ibarətdir, onlardan ikisi yetkinlik yaşına çatmamışdır. Nəzərə almaq lazımdır ki, ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı edilmiş müraciət əsasında cavabdeh tərəfindən inzibati icraat başlanılır. Həmin icraat isə inzibati icraatla bağlı əsas qaydaları müəyyən edən “İnzibati icraat haqqında” Qanunun və sahəvi tənzimləmələri əks etdirən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tələbləri birgə nəzərə alınmaqla aparılmalıdır. Sahəvi qanunvericilik aktı kimi çıxış edən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalar”ında isə inzibati orqanın iki qərar qəbul etmək imkanı təsbit edilmişdir - sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə. Beləliklə, cavabdeh iddiaçının ona edilmiş müraciəti əsasında yalnız sözügedən qərarlardan birini qəbul etmək imkanına malikdir. Belə qərarı o, icraat gedişində aparılmış araşdırmanın nəticəsi olaraq qəbul etməlidir. Həmin qərar isə yekun nəticəyə gəlmək imkanı verən iş üzrə əhəmiyyətli bütün halların araşdırılmasının sonunda çıxarılmalıdır. Bu zaman cavabdeh xidməti vəzifəsinə görə iş üzrə əhəmiyyət kəsb edən bütün halları, o cümlədən iddiaçının xeyrinə olan halları araşdırmalı, zərurət olduqda iddiaçıya hüquqi yardım etməlidir. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”ın 3.1-ci bəndində təsbit edilmişdir ki, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Qaydalarda həmçinin müəyyən edilmişdir ki, sözügedən qərarlardan biri qəbul edilməmişdən əvvəl inzibati orqan başlanılmış inzibati icraat çərçivəsində müvafiq araşdırmalar aparılmalıdır. Belə araşdırmalara həm VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması, həm də ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması daxildir. Yekun qərar isə hər iki araşdırmanın nəticələri əldə edildikdən və qiymətləndirildikdən sonra verilməlidir. Beləliklə, cavabdeh hər iki araşdırmanı birgə və eyni andan aparmaq öhdəliyi daşıyır. Müvafiq olaraq imtina qərarı da hər iki araşdırmanın nəticələrinə əsaslanmalıdır. Məhkəmə cavabdehin istinad etdiyi “ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı uyğunsuzluq aşkar olunması ilə bağlı məsələyə münasibətdə qeyd edir ki, bu halın mövcudluğu özü-özlüyündə hər zaman imtina qərarının verilməsinə gətirib çıxarmamalıdır. Belə ki, uyğunsuzluq halının mövcudluğu ünvanlı sosial yardımın təyin edilməsi məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu mənada, uyğunsuzluq o halda ünvanlı sosial yardımın təyin edilməsindən imtina haqqında qərarın qəbul edilməsinə səbəb ola bilər ki, yoxlama zamanı şəxsin bəyan etdiyindən fərqli halın müəyyən edilməsi yekun olaraq onun qanunvericiliyin müəyyən etdiyi meyarlar baxımından aztəminatlı kimi qəbul edilməməsi nəticəsinə gətirib çıxarsın. Ona görə də, istənilən uyğunsuzluq deyil, yalnız belə nəticələrə səbəb olan uyğunsuzluq imtinanın əsasını təşkil edə bilər. Müvafiq olaraq istinad edilən uyğunsuzluq sözügedən nəticələrə səbəb olmursa, ünvanlı sosial yardımın təyin edilməsindən imtina oluna bilməz. Odur ki, hazırkı iş üzrə cavabdeh bəyan edilən məlumatlarla yoxlama zamanı aşkar edilənlər arasındakı uyğunsuzluq hallarına formal yanaşmış, ünvanlı sosial yardımın təyin edilməsi məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirmə aparmaqla qərar qəbul etməli olduğu halda, bu qaydada davranmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun tələblərinə görə müraciətin araşdırılması zamanı hər hansı uyğunsuzluğun aşkar edilməsi halı yaranarsa, cavabdeh ilk növbədə yardım etmə vəzifəsinə uyğun olaraq həmin uyğunsuzluğun aradan qaldırmasına yönəlmiş fəaliyyəti həyata keçirməlidir. Çünki uyğunsuzluq halının aradan qaldırılması ehtimalı və ərizəçinin müraciətinin təmin edilməsi imkanı qalır. Yalnız bu qaydada davrandıqdan sonra aşkar edilmiş uyğunsuzluğun ünvanlı sosial yardım təyin edilməsi meyarları baxımından imtina səbəblərini aradan qaldırmadığı halı mövcud olmaqda davam etdikdə, ərizənin təmin edilməməsi haqqında qərar çıxarıla bilər. Hazırkı işin hallarından isə görünür ki, ilkin olaraq cavabdeh uyğunsuzluğun aradan qaldırmasına yönəlmiş hər hansı fəaliyyət göstərmədən, eləcə də yuxarıda qeyd edilən qaydada qiymətləndirmə aparmadan imtina qərarı qəbul etmişdir. Ailənin gəlirləri barədə uyğunsuzluq Qaydaların 3.7.2-ci bəndində göstərilmiş vəziyyəti yaratdıqda imtinaya əsas təşkil edə bilərdi. Həmin bəndə görə sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda ünvanlı sosial yardımın təyin edilməsindən imtina oluna bilər. Abonent kodlarında olan uyğunsuzluq isə Qaydaların 3.7.6-cı bəndində göstərilmiş vəziyyəti yaratdıqda imtinaya əsas təşkil edə bilərdi. Həmin bəndə görə ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda ünvanlı sosial yardımın təyin edilməsindən imtina oluna bilər. Cavabdeh orqan Qaydaların 3.7.2 və 3.7.6-cı bəndində göstərilən səbəblərin mövcud olduğunu sübut etmədən və əsaslandırmadan imtina qərarı vermiş, məhkəmə araşdırması zamanı da, aşkar edilmiş uyğunsuzluqların ünvanlı dövlət sosial yardımının təyin edilməsindən imtinaya səbəb olması müəyyən edilməmişdir. Yuxarıda göstərilən bütün hallara məcmu qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, 01 iyun 2023-cü il tarixdən 1 il müddətinə ünvanlı dövlət sosial yardım məbləğinin təyin edilərək birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 32, 33, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilir. İddiaçı 01 iyun 2023-cü il tarixdən 1 il müddətinə ünvanlı dövlət sosial yardım məbləğinin təyin edilərək birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.