Məhkəmə qərarları › İş №2-1(116)-747/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-747/2023

17.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-747/2023 17.07.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “əmək pensiyasının bərpa olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı cavabdeh orqanı dəqiqləşdirərək DSMF PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı qeyd etmiş və “yaşa görə əmək pensiyasının təyin edilməsi” öhdəliyinin həmin inzibati orqan üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-2746/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İdia ərizəsinin əsaslarına görə iddiaçı 1974-cü ilin 1 noyabrından əmək fəaliyyətinə başlamış, 1974-cü ildə 2 ay, 1975-ci ildə 6 ay işləmiş, 8 ay kolxozçular üçün əmək günlərini yerinə yetirmişdir. 8 ay üçün 136 əmək günü tələb olunduğu halda, iddiaçı 159 əmək günü qazanmışdır. 1975-ci ilin iyul ayında işlədiyi “Qələbə” kolxozunun göndərişi ilə Azərbaycan Kənd Təsərrüfatı inistituna təhsil almağa göndərilmiş, 1975-ci ilin sentyabrından 1980-ci ilin sentyabr ayına kimi təhsil almışdır. 1980-ci ilin may ayının axırında diplom müdafiə etmiş, inistitutda hərbi kafedra olduğuna görə diplom müdafiəsindən sonra iyul-avqust aylarında təlimdə olmuş və imtahan verərək leytenant rütbəsi almışdır. 6 iyul 1980-cı il tarixdə hərbi and içmişdir. Buna görə də Kənd Təsərrüfatı institutunda təhsil müddəti 5 (beş) il hesablanmalıdır. 1980-ci il sentyabr ayında təyinatla təhsil almağa göndərildiyi kolxoza işləməyə gəlmişdir. 1981-ci ilin yanvar ayından təhsil almağa göndərildiyi "‘Qələbə” kolxozunda zootexnik, baş zootexnik işləmişdir.Sonra Nəsimi adına kolxozda, Qaratala birgə təsərrüfatında 2000-ci ilin aprel ayının 15-inə kimi fasiləsiz işləmişdir. Arxiv sənədləri alarkən 1999-2000-ci ilin əmək haqqı cədvəllərinin təsərüfatdan arxivə verilmədiyi məlum olmuşdur. 1993-cü il dekabrın əvvəlindən könüllü olaraq Qarabağ müharbəsinə qatılmışdır. xx.xx.1998-xx.xx.1994-cü illərdə Ağdərə-Tərtər uğrunda döyüşlərdə iştirak etmişdir. Bu 9 ay yarımlıq döyüş dövrü 1 günə 3 gün hesabı ilə hesablanaraq əmək stajına daxil edilməlidir. Ölkədə torpaq islahatı getdikdən sonra fərdi təsərrüfatla məşğul olmuş, torpağa görə vergiləri vermişdir. 2005-ci il avqust ayının 12-də Qax rayon Sosial Müdafiə idarəsinə 2002, 2003, 2004, və 2005-ci illər üçün 183500 manat və 2006-cı ildə 18.21 manat pensiya fonduna pul ödəmişdir. İddiaçı Dövlət Sosial Müdafiə Fonduna dəfələrlə rəsmi müraciət etmiş və iş stajının düzgün hesablanmadığını bildirmişdir. Ona ödənişlərin sistemdə görünmədiyi bildirilmişdir. Ödədiyi vəsaitin təsdiqedici qəbzlərini də saxlamışdır. Sentyabr ayında olan müraciətinə cavab olaraq bildirilmişdir ki, əmək stajı 23 il, 10 ay, 5 gündür. İddiaçı arxivdən yeni sənədlər almış və həmin sənədlərə görə iddiaçının əmək stajı 1 il artırılmalı idi. İddiaçının sonuncu dəfə cavabdehə 2022-ci ilin oktyabr ayının 27-də müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Hesab edir ki, iş stajı aşağıdakı kimi hesablanmalıdır: - 1974-cü ildə - 2 ay, 1975-ci ildə 6 ay həmin dövrdə kolxozçular üçün minimum iş gününü ödəmişdir. Minimum iş günü 17 gündür. 09.1975-1980-ci ilin sentyabr ayınadək Azərbaycan KT inistitunda 5 il tələbə, 01 yanvar 1981-ci ildən, 15 aprel 2000-ci ilə kimi zootexnik - 19 il 3 ay 15 gün, müharibə dövrü 9,5x 2= 19 ay- 1 il 7 ay. Ödənişlərsiz stajı 26 il 6 ay, 15 gün edir. Ona verilən qəbzlərdə göstərilir ki, pul ödənilən vətəndaşın iş stajına daxil edilir. Onun pul ödədiyi dövr 5 ilə bərabərdir. Beləliklə onun əmək stajı 26 il ,6 ay, 15 gün + 5 il = 31 il 6 ay 15 gün. Cavabdeh orqan, iddia tələbinə münasibətinə qeyd etmişdir ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 13 yanvar 2022-ci il tarixdə Mərkəzi filiala ərizə ilə müraciət etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli **********3 nömrəli məktubuna əsasən, iddiaçının təqdim etdiyi sənədlərin araşdırılması nəticəsində iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu müəyyən edilmiş, bu səbəbdən yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdehin məktubundan görünür ki, iddiaçının xx.xx.1985-ci il tarixli A3E № ******* saylı əmək kitabçası, diplom və hərbi biletin surətlərinə əsasən (xx.xx.1975-ci il tarixdən xx.xx.1980-ci il tarixədək əyani təhsil aldığı dövr nəzərə alınmaqla) mübahisə edilməyən əmək stajının müddəti 23 il 10 ay 5 gün təşkil edir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Həmin Qanunun 24.0.1-ci maddəsinə əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) sığorta stajının hesablanmasında ikiqat ölçüdə nəzərə alınır. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildirilir ki, iddiaçının təqdim etdiyi mədaxil qəbzlərinin düzgünlüyünün yoxlanılması zərurəti yaranmışdır. Belə ki, X1 Sisteminin “Sığorta” (Hesabat) altsisteminin “Statistika” bölümündə iddiaçının xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat aşkar edilmədiyindən qəbzlərdə qeyd olunmuş 2002- 2005, 2006-cı illər üzrə ödənişlər sığorta stajına daxil edilməyib. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən sosial sığorta — bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən Sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Sığortaçı — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir. Sığortaedənlər — Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. sığortaolunanlar — xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir. sığortaolunanın sığorta stajı — sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Dövlət Sosial Müdafiə Fondunun Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filalının cavabdeh orqana ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqinə 1 yanvar 2006-cı il tarixdən başlandığı üçün 1 yanvar 2005-ci il tarixindən 1 yanvar 2006cı il tarixinədək İddiaçı xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqları barədə məlumatların verilməsinin mümkün olmadığı qeyd olunmuşdur. İddiaçı tərəfindən 2002-2005-ci illər üzrə 183 500 (yüz səksən üç min beş yüz manat) manat və 2006-cı il üzrə 18.21 ( on səkkiz manat iyirmi bir qəpik) manat məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı mədaxil qəbzləri cavabdeh orqana təqdim olunsa da, qeyd olunan dövrlər üzrə ödənişlərin nəzərə alınması mümkün olmamışdır. “Sosial sığorta haqqında” Qanunun 10-cu maddəsinə uyğun olaraq sığortaedənlərin vəzifələri aşağıdakılardır: - məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla). X1 Sisteminin “Sığorta” (Hesabat) altsistemində İddiaçı **********4 Sığorta Uçot Nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alındığı barədə məlumatlar qeyd olunmuşdur. Həmçinin, cavabdeh orqanın xx.xx.2022-ci il tarixli **********3 nömrəli məktubunda iddiaçıya bildirilmişdir ki, iddiaçı tərəfindən əlavə sənədlər təqdim ediləcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, iddiaçının əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Həmin qanunun 10.1-ci maddəsinə əsasən müavinətlər (işsizlik müavinəti istisna olmaqla) şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir və ödənilir. Qeyd olunanlara əsasən H. Abbasova xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 130 manat, xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə müavinət təyin olunmuşdur. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-2-ci maddəsinə uyğun olaraq ötən dövr üçün hesablanan müavinətin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq müavinətin üzərinə əlavə edilməklə ödənilir. İddiaçının mübahisə edilən sosial sığorta stajına daxil edilən bütün dövrlər barədə dəqiq məlumatların əldə olunması üçün xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-8398/2023 nömrəli xidməti məktub cavabdeh inzibati orqana göndərilmişdir. Yuxarıda qeyd edilən Qanunların müddəalarının məzmunundan göründüyü kimi qanunla müəyyən edilmiş yaş həddinə çatmış şəxsin pensiya hüququnun yaranması üçün tələb olunan əsas şərtlərdən biri sığorta stajıdır. Hal-hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunda müəyyən edilmiş yaş həddinə çatmış kişilər üçün pensiya hüququ qazanmağın əsas şərti kimi azı 25 il sığorta stajının olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələb kimi qeyd edilmişdir. Qeyd olunan hallarda iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb edilən sosial sığorta stajı müddəti tamamlanmadığından, iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi, məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - xx.xx.2005-ci il tarixli 227783 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən torpaqdan sosial sığorta haqqı qeyd edilməklə 183500 manat pul vəsaiti DSMFnun Qax rayon şöbəsinə ödənilmişdir. - xx.xx.2006-cı il tarixli 520259 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən torpaqdan sosial sığorta haqqı qeyd edilməklə 18,21 manat pul vəsaiti DSMFnun Qax rayon şöbəsinə ödənilmişdir. - Qax rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 175 nömrəli arxiv arayışından görünür ki, Qax rayonu Qax-Muğal kənd “Qəbələ” kolxozunda iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimi qeyd edilmişdir: 1974- 38 gün, 1981-1982-ci illərdə - 309 gün 1975- 121 gün 1983- 29 gün - Qax rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 176 nömrəli arxiv arayışından görünür ki, Qax rayonu İngiloy Kötüklü kəndi “Nəsimi” adına kolxozda kişilər üçün minimum adam günü minimumu 1983-cü ildən 1985-ci ilədək 250, 1986-cı ildən 1995-ci ilədək 300 gün göstərilmiş və iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimi qeyd edilmişdir: 1983- 201 gün, 1988- 306 gün, , 1984- 303 gün, 1989- 250 gün, . 1985- 305 gün, 1990- 1991-ci illərdə 305 gün 1986-308 gün, 1992-306 gün 1987- 305 gün 1993-1995-ci illərdə 300 gün - Qax rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 274 nömrəli arxiv arayışından görünür ki, Qax rayonu Qaratala birgə təsərrüfatının “Əməyin ödənişi üzrə hesablaşma kitabında” iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimi qeyd edilmişdir: 1995-ci il oktyabr, noyabr ayları üzrə-25 gün, dekabr ayı üzrə- 26 gün, 1996-cı il yanvar, iyul, avqust ayları üzrə- 27 gün, fevral ayı üzrə- 24 gün, mart ayı üzrə- 23 gün, aprel ayı üzrə- 26 gün, may, iyun, sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə-25 gün, 1997-ci il yanvar, aprel, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə- 26 gün, fevral ayı üzrə-24 gün, mart ayı üzrə- 17 gün, may, iyun ayları üzrə-25 gün, iyul ayı üzrə-27 gün, 1998-ci il yanvar, mart, aprel-25 gün, fevral, may ayları üzrə- 24 gün, iyul, avqust ayları üzrə-27 gün, sentyabr ayı üzrə-30 gün, oktyabr, noyabr, dekabr ayları üzrə-26 gün. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon Bölməsinin xx.xx.2022-ci il tarixli 192 nömrəli arayışından görünür ki, iddiaçı həqiqətən xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Ağdərə rayonu istiqamətində olan döyüşlərdə iştirak etmişdir. - ЕВ 282804 nömrəli Diplomdan görünür ki, iddiaçı xx.xx.1975-xx.xx.1980-cı illərdə ali təhsil almışdır. - ******* №-li əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1995-xx.xx.2000-ci illərdə Qaratala Birgə təsərrüfatında əmək fəaliyyəti ilə məşğul olmuşdur. - Dövlət Sosial Müdafiə Fondunun Sosial Siğorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubunda qeyd edilmişdir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqinə 1 yanvar 2006-cı il tarixdən başlandığı üçün 2005-ci ildə xeyrinə odənilmış məcburi dövlət sosial sığorta haqları barədə məlumatların verilməsi Filial tərəfindən mümkün olmamışdır. - Qax rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-26RA/2-29/2023 nömrəli məktubundan görünür ki, arxivdə mühafizə olunan Qax rayon Qaxmuğal kənd Qələbə kolxozunun “Kolxozçunun əmək stajı və qazancının uçotu kitabları’na əsaslanaraq bildiririk ki, kolxozda 1974-1975-ci ildə kişilər üçün adam günlərinin minimumu 260, 1981-1983-cü ildə isə adam günlərinin minimumu 250 müəyyən edilib, arxivdə mühafizə olunan Qax rayon ingiloy Kötüklü kənd Nəsimi adına kolxozun “Kolxozçunun əmək stajı və qazancının uçotu kitabları”na əsasən kolxozda 1988-1989-cu ildə idarə aparatı işçiləri üçün adam günlərinin minimumu 300 müəyyən edilib. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: Maddə 22-1.2.1. 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır;... “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Cavabdeh orqanın iddia tələbinə qarşı əsas dəlili iddiaçının ümumi sosial sığorta stajının 25 ildən az olması və fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalının olmaması ilə bağlıdır. Məhkəmə cavabdeh orqanın dəlillərini əsassız hesab edir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2021-ci il tarixdə yaranır (iddiaçı xx.xx.1956-cı ildə doğulub). İddiaçının xx.xx.1975-xx.xx.1980-cı illərdə ali təhsil aldığı (4 il 8 ay 23 gün) və xx.xx.1993- xx.xx.1994-cü il tarixlərdə Ağdərə rayonu istiqamətində olan döyüşlərdə iştirak etdiyi müddətin (9 ay 15 gün x 2 = 1 il 7 ay) cəmi 6 il 3 ay 23 günə bərabərdir. İddiaçının işlədiyi Qax rayonu Qax-Muğal kənd “Qəbələ” kolxozunda kişilərin minimum əmək günü norması 1974-1975-ci illər üzrə 260 gün, 1981-1983-cü illər üzrə 250 gün müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı, sözügedən kolxozda 1981 və 1982-ci illərdə minimum əmək günü normasını yerinə yetirmişdir və həmin müddətin cəmi 2 ilə bərabərdir. Həmin kolxozda iddiaçı, 1974-cü ildə - 38, 1975-ci ildə - 121, 1983-cü ildə 29 gün işlədiyindən həmin illər üzrə minimum adam günü norması yerinə yetirilməmişdir. Buna görə də əmək stajı faktiki müddətə uyğun hesablanaraq, 8 ay 22 gün müəyyən edilir (38+121=159/260=0.61) + (29/250=0.11) Beləliklə, iddiaçının Qax rayonu Qax-Muğal kənd “Qəbələ” kolxozunda işlədiyi müddətin cəmi 2 il 8 ay 22 günə bərabərdir. İddiaçının işlədiyi Qax rayonu İngiloy Kötüklü kəndi “Nəsimi” adına kolxozda kişilər üçün minimum adam günü minimumu 1983-1985-ci illərdə 250, 1986-1995-ci illərdə 300 gün müəyyən edilmişdir. İş materiallarında olan arxiv arayışından görünür ki, iddiaçı, sözügedən kolxozda 1983-1988-ci illərdə və 1990-1994-cü illərdə minimum əmək günü normasını yerinə yetirmişdir. Bununla belə iddiaçı xx.xx.1993-xx.xx.1994-cü illərdə Ağdərə rayonu istiqamətində döyüşlərdə iştirak etdiyindən və həmin müddət (9 ay 15 gün) ƏPHQ-nun 24.0.1-ci maddəsinə əsasən sığorta stajının hesablanmasında ikiqat ölçüdə nəzərə alındığından və istinad olunan Qanunun 22.2-ci maddəsinin tələbləri baxımından üstüstə düşən müddətlərdən biri hesablanmalı olduğundan iddiaçının Qax rayonu İngiloy Kötüklü kəndi “Nəsimi” adına kolxozda xx.xx.1993-xx.xx.1994-cü illərdə işlədiyi müddət sosial sığorta stajının hesablanması zamanı təkrar nəzərə alınmır. İddiaçının həmin kolxozda minimum əmək günü normasını yerinə yetirdiyi illərin cəmi 9 ilə bərabər hesab edilməlidir. Həmin kolxozda iddiaçı, 1989-cu ildə - 250, 1995-ci ildə 230 gün işlədiyindən həmin illər üzrə minimum adam günü norması yerinə yetirilməmişdir. 1994-cü ilə münasibətdə isə iddiaçı xx.xx.1994-cü ildə hərbi xidmətdən qayıtdıqdan sonra maksimum 68 gün faktiki olaraq işləyə bilərdi. Buna görə də qeyd edilən illər üzrə əmək stajı faktiki müddətə uyğun hesablanaraq, 1 il 9 ay 27 gün müəyyən edilir (250+230+68=548/260=1.83). Beləliklə iddiaçının Qax rayonu İngiloy Kötüklü kəndi “Nəsimi” adına kolxozda işlədiyi müddətin cəmi 10 il 9 ay 27 günə bərabərdir. İddiaçının Qaratala Birgə Təsərrüfatında işlədiyi müddətin cəmi 4 il 6 ay 11 günə bərabərdir. Yuxarıda müəyyən edilmiş müddətlər toplandıqda iddiaçının sosial sığorta stajının 24 il 4 ay 23 günə bərabər olması müəyyən edilir. Bununla belə nəzərə alınmalıdır ki, iddiaçı, xx.xx.2005-ci il tarixli 227783 nömrəli mədaxil qəbzinə əsasən torpaqdan sosial sığorta haqqı qeyd edilməklə 183500 manat pul vəsaitini DSMF-nun Qax rayon şöbəsinə ödəmişdir. xx.xx.2005-ci il tarixli 227783 nömrəli mədaxil qəbzində ödəniş dövrü olaraq 2002- 05 qeydi icra edilmişdir. Pensiya təminatında sığortaolunanlara fərdi hesablar xx.xx.2006cı il tarixdən açıldığından, ödənilən məcburi dövlət sosial sığorta haqlarının bu hesablarda həmin tarixdən fərdi uçotu aparıldığından və vətəndaşların pensiya hüquqlarının dəyər ifadəsində həmin uçot məlumatları əsasında bu tarixdən müəyyənləşdirildiyindən, xx.xx.2006-cı il tarixədək ödənilmiş məcburi dövlət sosial sığorta haqları nəzərə alınmalı olan iş stajı kimi qəbul edilməlidir. Belə olan halda xx.xx.2005-ci il tarixdə ödənilmiş sosial sığorta haqqının əhatə etdiyi dövr (2002-2005) yuxarıda hesablanmış 24 il 4 ay 23 gün sosial sığorta stajı müddəti ilə toplandıqda iddiaçının 25 ildən artıq sosial sığorta stajı yaranır ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəalarının tətbiq edilməklə də yaşa görə əmk pensiyasının təyin edilməsi mümkün olmuşdur. Belə ki, həmin normanın tətbiqi üçün 3 şərt mövcud olmalıdır: - iddiaçı 1 yanvar 2019-cu il tarixdən sonra qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı; - Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmalı; - fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Birinci şərt iddiaçıya münasibətdə mövcud olmuş, onun yaşa görə pensiya hüququ 1 yanvar 2019-cu il tarixdən sonra, yəni 65 yaşda – xx.xx.2021-ci il tarixdə yaranmışdır. İkinci şərt də iddiaçıya münasibətdə mövcud olmuş, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri iddiaçıya münasibətdə gözlənilmişdir. Üçüncü şərtlə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbi ondan ibarətdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. İş materiallarından görünür ki, iddiaçının təqdim etdiyi xx.xx.2006-cı il tarixli, 520259 nömrəli mədaxil qəbzində torpaqdan sosial sığorta haqqı qeyd edilməklə 18,21 manat pul vəsaiti DSMF-nun Qax rayon şöbəsinə ödənilmişdir. Müvafiq qəbz xx.xx.2006-cı il tarixdən sonra tərtib edildiyindən nəzərə alınmalıdır ki, ödənilmiş həmin pul məbləğini, iddiaçının fərdi hesabının sığorta hissəsində əks etdirmək cavabdeh orqanın vəzifəsi olmuşdur. İddiaçı həmin pul məbləğini buna səlahiyyəti olan müvafiq orqana təqdim etməklə, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı qanunvericiliyin onun üzərinə qoyduğu vəzifəni yerinə yetirmişdir. Cavabdeh orqan, təqdim edilmiş həmin qəbzin mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim edə bilməmiş, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalının qeydə alınmamasını bildirmişdir. Cavabdeh orqan iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının olmamasına, iddiaçı tərəfindən ümumiyyətlə heç bir ödəniş edilmədiyi halda istinad edə bilərdi. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən müvafiq ödənişin edilməsi sözügedən qəbzlə sübut olunur və müvafiq qəbzin mövcudluğu iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının olmaması ilə bağlı cavabdehin dəlilinin əsassızlığını birbaşa sübut edir. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixli, 520259 nömrəli mədaxil qəbzində qeyd edilmiş pul məbləği iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmalı olan məbləğ kimi nəzərdən keçirilməlidir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar