Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-748/2023 30.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cabbarova (Muradova) Kəmalə Səhrab qızına məxsus doğum haqqında akt qeydində adının “Kamilə”, soyadının “Cəbrailova”, ata qrafasında soyadın “Cəbrailov”, ata babanın adının “Fəhrad”, ana qrafasında soyadın “Cəbrailova” olmamasının müəyyən edilməsi və düzgün olaraq “Kəmalə”, “Cabbarova”, “Cabbarov”, “Fərhad” və “Cabbarova” kimi yazılaraq düzəlişin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Cabbarova (Muradova) Kəmalə Səhrab qızına məxsus doğum haqqında akt qeydində adının “Kamilə”, soyadının “Cəbrailova”, ata qrafasında soyadın “Cəbrailov”, ata babanın adının “Fəhrad”, ana qrafasında soyadın “Cəbrailova” olmamasının müəyyən edilməsi və düzgün olaraq “Kəmalə”, “Cabbarova”, “Cabbarov”, “Fərhad” və “Cabbarova” kimi yazılaraq düzəlişin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçı xx.xx.1964-cü il tarixdə Ağdaş rayonu Aydınqışlaq kəndində anadan olmuşdur. O, səndələşmə işləri əlaqədar Qəbələ Regional “Asan Xidmət” mərkəzindəki Notariat ofisinə müraciət etmiş və onun vaxtilə Böyük Pirəli kənd Sovetliyi tərəfindən xx.xx.1964-cü ildə tərtib edilmiş 96 nömrəli doğum haqqında akt qeydini nəzərdən keçirərkən soyadının “Cabbarova” əvəzinə “Cəbrailova”, adının isə “Kəmalə” əvəzinə “Kamilə”, ata qrafasında soyadın “Cabbarov” əvəzinə “Cəbrailov” və atasının (baba) adının “Fərhad” əvəzinə səhvən “Fəhrad” və ana qrafasında soyadın “Cabbarova” əvəzinə “Cəbrailova” kimi qeyd olunduğu məlum olmuşdur. İddiaçı doğum haqqında akt qeydinə düzəliş edilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də cavabdeh orqan doğum haqqında akt qeydi ilkin sənəd olduğundan və ona düzəliş edilməsi üçün heç bir əsas olmadığını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iclasında iddiaçı, iddia tələbinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli 05/Q-279/15 nömrəli məktubundan görünür ki, cavabdeh, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. - 1963-cü il tarixli 01 nömrəli evlənmə haqqında akt qeydində iddiaçının ata adı X1, ana adı isə Əhmədova (Cabbarova) Müstəqimə Zaman qızı kimi göstərilmişdir. - xx.xx.2016-cı il tarixli 09 nömrəli ölüm haqqında akt qeydində və 78 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. - xx.xx.2018-ci il tarixli 05 nömrəli ölüm haqqında akt qeydindən və 71 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. - xx.xx.1964-cü il tarixli 96 nömrəli doğum haqqında akt qeydindən görünür ki, iddiaçının soyadı Cəbrailova, adı Kamilə, ata adı isə Səhrab kimi göstərilmişdir. - xx.xx.1989-cu il tarixli 36 nömrəli nikahın bağlanması haqqında akt qeydindən və V-ЖГ 286505 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X5 ilə Cabbarova (Muradova) Kəmalə Səhrab qızı arasında nikah bağlanmışdır. - AZE 00****** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçının adı “Kəmalə” qeyd edilmişdir. - HB 965463 №-li diplomdan və orta təhsil haqqında attestatdan görünür ki, iddiaçının adı “Kəmalə” qeyd edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi (Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması) 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.http://e-qanun.az/framework/46946 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 163.1. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir 166.3. Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddia ərizəsindən görünür ki, iddiaçının cavabdeh orqana qarşı doğum haqqında akt qeydində düzəliş edilməsi ilə bağlı tələbləri aşağıdakılardan ibarətdir:
1. Adının “Kamilə”-dən “Kəmalə”yə,
2. Soyadının “Cəbrailova”-dan “Cabbarova”ya,
3. Ata qrafasında soyadın “Cəbrailov”-dan “Cabbarov”a,
4. Ata babanın adının “Fəhrad”-dan “Fərhad”a
5. Ana qrafasında soyadın “Cəbrailova”-dan “Cabbarova”ya. İş materialları ilə müəyyən edilir ki, X5 ilə iddiaçı arasında bağlanmış nikah akt qeydində və nikahın bağlanması haqqında şəhadətnamədə, o cümlədən iddiaçıya məxsus diplom, orta təhsil haqqında attestat və şəxsiyyət vəsiqəsində iddiaçının adı “Kəmalə” qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin (Ümumi müddəalar) 2.2.2-ci bəndinə əsasən vətəndaşın doğum haqqında şəhadətnaməsi ilk dəfə şəxsiyyət vəsiqəsinin verilərkən tələb olunan sənədlərdən biridir. İddiaçının şəxsiyyət vəsiqəsi məlumatlarında və digər sənədlərdə adının “Kəmalə” olaraq qeyd edilməsi onu deməyə əsas verir ki, şəxsiyyət vəsiqəsinin verilməsi üçün təqdim edilən doğum haqqında şəhadətnamədə də iddiaçının adı “Kəmalə” olmuş, iddiaçı isə uzun illər ərzində müvafiq sənədlərdə adının “Kəmalə” olaraq qeyd edilməsi ilə bağlı həmin sənədlərin məzmununa və icra edilmiş qeydlərin düzgünlüyünə etimad göstərmişdir. Buna görə məhkəmə hesab edir ki, iddiaçının doğum haqqında akt qeydində adının “Kamilə” qeyd edilməsi düzgün olmamışdır. İş materialları ilə müəyyən edilir ki, 1963-cü ilin yanvar ayında iddiaçının atası X3 ilə anası Əhmədova (Cabbarova) Müstəqimə Zaman qızı arasında nikah bağlanmışdır. İddiaçının atasına məxsus “Ölüm haqqında” qeydində soyadı “Cabbarov”, adı “Səhrab”, ata adı “Fərhad” qeyd edilmişdir. Belə olan halda 1964-cü ildə doğulmuş iddiaçının soyadının “Cəbrailova”, həmçinin atasının soyadının “Cəbailov” yazılması düzgün olmamış, iddiaçı haqlı olaraq soyadının “Cabbarova”, atasının soyadının “Cabbarov” qeyd edilməsini cavabdehdən tələb etmişdir. Eyni zamanda iddiaçının anasının soyadı 1963-cü ilin yanvar ayında nikah bağlandıqdan sonra “Cabbarova” qeyd edilməsinə baxmayaraq, heç bir əsas olmadan “Cəbrailova” qeyd edilmişdir. İddiaçının ata babasının adının “Fəhrad” qeyd olunmasına münasibətdə məhkəmə qeyd edir ki, işdə olan AZEMİS-dən çıxarışla, xx.xx.2016-cı il tarixli 09 nömrəli ölüm haqqında akt qeydi və 78 nömrəli “ölüm haqqında” şəhadətnamə ilə həmin adın “Fərhad” olması aşkar sübut olunur. Göründüyü kimi iddiaçıya məxsus doğum haqqında akt qeydində yol verilmiş nöqsanların aradan qaldırılması üçün kifayət qədər əsaslar olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh üzərinə Cabbarova (Muradova) Kəmalə Səhrab qızına məxsus doğum haqqında akt qeydində adının “Kamilə”-dən “Kəmalə”-yə, soyadının “Cəbrailova”-dan “Cabbarova”ya, ata qrafasında soyadın “Cəbrailov”-dan “Cabbarov”a”, ata babanın adının “Fəhrad”-dan “Fərhad”a, ana qrafasında soyadın “Cəbrailova”-dan “Cabbarova”ya düzəliş edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.