Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-748/2025 18.02.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin hərəkət və ya hərəkətsizliyi səbəbindən 6 il 1 ay ərzində hesabında əks olunmamasına görə gecikdirilmiş hər günə görə ümumi məbləğin 0,1%-i dəyərində dəbbə pulunun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “1303 manat 25 qəpik dövlət sosial sığorta haqqının gözlənilən pensiya müddəti ərzində pensiyaya əlavələr şəklində ödənilməsini və sosial sığorta haqqının cavabdehin hərəkət və ya hərəkətsizliyi səbəbindən 6 il 1 ay ərzində hesabında əks olunmamasına görə gecikdirilmiş hər günə görə ümumi məbləğin 0,1%-i dəyərində dəbbə pulunun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, 1303 manat 25 qəpik dövlət sosial sığorta haqqının fərdi şəxsi hesabında qeyd edilməsi nəzərə alınmaqla, ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması, cavabdehin hərəkət və ya hərəkətsizliyi səbəbindən 6 il 1 ay ərzində hesabında əks olunmamasına görə gecikdirilmiş hər günə görə ümumi məbləğin 0,1%-i dəyərində dəbbə pulunun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-748/2025 qərardadı ilə iddia tələbinin “1303 manat 25 qəpik dövlət sosial sığorta haqqının fərdi şəxsi hesabında qeyd edilməsi nəzərə alınmaqla, ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması” hissəsi mümkün sayılmamışdır. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır. - Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(008)-502/2016 nömrəli qətnaməsi ilə "Aqrolizinq” ASC-dən ödənilməmiş əməkhaqqı ayları üzrə 9787 manat, işdənçıxarma müavinətinə görə 200 manat və istifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzi 986,80 manat məbləğində pulun tutularaq ona verilməsi qət olunmuşdur. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə Sabunçu Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır və iş icraya yönəlmişdir. Sabunçu Rayon Məhkəməsinin qətnaməsi üzrə cavabdeh olan "xxxx" ASC qətnamənin tələblərinə tam əməl etmiş və müvafiq ödənişləri həyata keçirmişdir. Lakin Aqrolizinq tərəfindən ödənilən sosial sığorta haqqı hesabında əks olunmamışdır. Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2-1 (116)-1638/2022 saylı qərarı ilə cavabdeh Dövlət Sosial Müdafi Fondunun Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialına qarşı “1303 manat 25 qəpik dövlət sosial sığorta haqqının **********877 nömrəli fərdi hesabımda əks etdirilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin olunmuşdur. Sözü gedən qərar üzrə cavabdeh orqan tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri hüquqi faktlara söykənmədiyindən təmin olunmamışdır. Belə ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1 {102)-1196/2023 saylı Qərarı ilə Şəki İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Lakin buna baxmayaraq cavabdeh orqan qərarın icrasından əsassız surətdə imtina etmişdir. xx.xx.2013-cü ildən etibarən ona yaşa görə əmək pensiyası təyin olunmuşdur. Hazırda 11 ildən artıqdır ki, yaşa görə əmək pensiyası alır. Buna əsasən hesabına əlavə olunan sosial sığorta haqqı ona qanunla müəyyən olunmuş gözlənilən pensiya ödəniş müddəti ərzində əmək pensiyasına əlavələr şəklində ödənilməlidir. Eyni zamanda sosial sığorta haqqının 6 il 1 ay ərzində cavabdehin hərəkətsizliyi səbəbindən hesabında görünməməsi və əmək pensiyasına əlavə olunmaması ona maddi ziyan vurmuşdur. Belə ki, 2017-ci il də “Aqrolizinq" ASC tərəfindən əməkhaqqım və sosial sığorta ödənişləri tam şəkildə ödənilsə də, lakin cavabdeh orqanın hərəkətsizliyi səbəbindən bu ödənişlər fərdi hesabında əks olunmamış və əmək pensiyasına əlavə olunmamışdır. Cavabdeh orqanın hərəkətsizliyi ümumilikdə 6 ildən çox müddət ərzində davam etmişdir. Bununla bağlı cavabdehə rəsmi müraciət edərək sosial sığorta haqqımın qanunla müəyyən olunmuş gözlənilən pensiya ödəniş müddəti ərzində pensiyama əlavələr şəklində ödənilməsini və sosial sığorta haqqının hesabında əks olunmamasına görə gecikdirilmiş hər günə görə 0,1% dəbbə pulunun hesablanaraq ona verilməsini xahiş etmişdir. Lakin, cavabdeh orqan 31 may 2024-cü il tarixli 3-17-1/ 2 -1-128292/2024 nömrəli məktub ünvanlayaraq müraciətinin icrasından boyun qaçırmışdır. Cavabdeh orqan, iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçıya xx.xx.2013-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının pensiya işində olan sənədlərin surətlərinə əsasən onun əmək faəliyyəti dövrləri, o cümlədən 01,09.1967-ci il tarixdən xx.xx.1968-ci il tarixədək təhsil aldığı illər, eyni zamanda xx.xx.1968-ci il tarixdən xx.xx.1970-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla 01.01 2006-cı il tarixədək 30 il 8 ay 8 gün sığorta stajı, 01.01,2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 421,69 manat (2013-cü il tarixə indeksləşdirilmiş) pensiya kapitalı və xx.xx.2023-cü il tarixdən (VÖEN hesabının dondurulduğu tarixdən) işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək 2.994,10 manat (2023-cü il tarixə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2023-cü il tarixdən 365,90 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2024-cü il tarixdən 406,88 manata çatdırılmışdır. Qanunun 37.3.1 -ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Sözügedən Qanunun 45-ci maddəsinin tələblərinə uyğun olaraq bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1 -ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. Qeyd olunan maddələrə əsasən vətəndaşlara ilkin pensiya təyinatı zamanı onların ümumi pensiya kapitalı 144-ə, işləməyə davam etdikləri halda (6 il) və ya işdən azad olduqda Qanunun 37.3.1-ci maddəsinə əsasən sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı azaldılmaqla hesablanır. Buna görə də İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 12-yə bölünməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Ali Məhkəmə Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03.11,2008-ci il tarixli 7 saylı qərarının 8- ci bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Qeyd olunanları nəzərə alaraq bir daha bildiririk ki, Mərkəzi Filial tərəfindən iddiaçıya hər hansı kompensasiyanın ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Daha sonra cavabdeh orqan tərəfindən iddiaçıya təyin edilmiş əmək pensiyasının hesablanması qaydasına dair əlavə məlumat təqdim edilmiş, yekun olaraq göstərilmişdir ki, iddiaçının xx.xx.2023-cü il tarixdən (VÖEN hesabının dondurulduğu tarixdən) işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar olaraq əmək pensiyasının məbləği xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 2994,10 manat (2023-cü il tarixə indeksləşdirilmiş məblağ) (1303,25 manat daxil olmaqla) pensiya sığorta kapitalı əsasında yenidən hesablanmış və 341,46 manatdan 367,05 manata çatdırılmışdır (144-27=117 ay:2994,10: 117 = 25,59 manat; 341,46 manat + 25,59 manat= 367,05 manat). Əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2025-ci il tarixdən 441,22 manata çatdırılmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1196/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli məlumatı. Əsaslandırma hissəsi: İPM-in 2.2, 2.2.7-ci maddələrinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçının iddiası mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Lakin, iddia əsassızdır. “İnzibati icraat haqqında” Qanun: Maddə 89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115. zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı, cavabdehin hərəkət və ya hərəkətsizliyi səbəbindən 6 il 1 ay ərzində hesabında əks olunmamasına görə gecikdirilmiş hər günə görə ümumi məbləğin 0,1%-i dəyərində dəbbə pulunun ödənilməsini cavabdeh orqandan tələb edir. İddiaçı bildirir ki, müvafiq məbləğin hesabında əks olunmaması ona maddi ziyan vurmuşdur. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli (OD4 və OD5) ödəniş tapşırıqlarına əsasən, iddiaçının əmək haqqından 22 faiz (1146,86 manat) və 3 faiz (156,39 manat) olmaqla cəmi, 1303,25 manat pul məbləği 2010-2015-ci illərdən qalmış qalıq borc olaraq "xxxx" ASC-nin hesabından cavabdeh DSMF PHŞ-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının hesabına köçürülmüşdür. Sözügedən pul məbləğinin iddiaçının fərdi şəxsi hesabında əks olunması ilə bağlı inzibati orqanın öhdəliyi məhz köçürülmə baş verdikdən sonra yaranmışdır. Bununla belə müvafiq məbləğ iddiaçının fərdi şəxsi hesabında qeydə alınmadığından tərəflər arasında məhkəmə mübahisəsi olmuş, sonda mübahisə iddiaçının xeyrinə həll olunmuşdur. Nəticədə cavabdeh orqan tərəfindən Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(116)-1638/2022 saylı qərarının icrası həyata keçirilmiş və bu barədə məlumat xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmişdir. Beləliklə, cavabdeh orqan tərəfindən müvafiq vəsaitin iddiaçının şəxsi hesabında əks olunmadığı müddət müvafiq öhdəliyin yarandığı tarixdən hesablanmaqla 6 il yox, 2 il 2 ay müəyyən edilir. Lakin, bu zaman nəzərə alınmalıdır ki, məhkəmə qərarının icrasından sonra cavabdeh orqan sözügedən məbləği nəzərə almaqla xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı əsasında ona təyin edilmiş yaşa görə əmək pensiyasını yenidən hesablamış və qanunvericiliyə uyğun müvafiq dövrə münasibətdə müəyyən edilmiş indeksləşməni həyata keçirmişdir. Aparılan yenidən hesablama və indeksləşmə faktiki olaraq iddiaçıya 1303,25 manat pul məbləği nəzərə alınmadan ödənilmiş pensiya məbləğinin artmasına səbəb olmuş, bununla da, iddiaçı həmin məbləğ nəzərə alınmadığına görə ona ödənilməyən pensiya məbləğinin artırılması hesabına ödənilməyən pensiya məbləğini almışdır. Məhkəmə qeyd edir ki, pensiya məbləğinin indeksləşdirilməsi həmin məbləğinin inflyasiya və digər iqtisadi amillərə uyğun şəkildə artırılması deməkdir. Cavabdeh orqan tərəfindən həmin məbləğ gecikmə ilə də olsa, nəzərə alınmış və indeksasiya tətbiq edilməklə iddiaçının həmin dövr üçün məhrum olduğu fayda faktiki olaraq kompensasiya olunmuşdur. Başqa sözlə, indeksasiya nəticəsində iddiaçı məhrum olduğu pensiya məbləğini əldə etmişdir. İşin hallarından görünür ki, iddiaçı, gecikmiş məbləğə görə konkret maliyyə itkisinə məruz qalmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmiş, ona dəymiş maddi ziyan tələbini yalnız subyektiv mülahizələrlə əsaslandırmışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinə imtina cavabı verməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin hərəkət və ya hərəkətsizliyi səbəbindən 6 il 1 ay ərzində hesabında əks olunmamasına görə gecişdirilmiş hər günə görə ümumi məbləğin 0,1%-i dəyərində dəbbə pulunun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-748/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-748/2025
18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver