Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-75/2021 12.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı2 nümayəndəsi Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Zaqatala rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs) “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və xx.xx.2008-ci il tarixdə doğulmuş Ramazanzadə Elvin Sabir oğluna sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Zaqatala rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2008-ci il tarixdə doğulmuş oğlu Ramazanzadə Elvin Sabir oğluna sağlamlıq imkanının məhdudluğunun müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıların xx xxxxxx 2008-ci il tarixdə Ramazanzadə Elvin Sabir oğlu adına övladı doğulmuşdur. Uşaq anadangəlmə generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar diaqnozu ilə xəstə doğulmuşdur. E.Ramazanzadə komissiyalardan keçmiş və ona sağlamlıq imkanları məhdud və ya əlillik dərəcəsi verilmiş və pensiya təyin edilmişdir. İddiaçılar bildirirlər ki, heç bir əsas olmadan uşağa təyin edilən pensiyanın verilməsi dayandırılmışdır. E.Ramazanzadənin növbəti müayinə tarixi xx.xx.2019-cu il tarixə təyin edilmiş və sənədlər Zaqatala rayon Mərkəzi Xəstəxanasına təqdim edilmişdir. Həmin sənədlər elektron qaydada tibbi həkim komissiyasına göndərilmişdir. Oktyabr ayından 3 ay keçdikdən sonra xx.xx.2020-ci il tarixdə ekspert komissiyasında imtina edilmişdir. Həmin imtina rəsmi şəkildə iddiaçılara xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. İmtinanın səbəbi olaraq diaqnoz: “generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Ensefalopatiya serebral hipertenziya qıcolmatutmaları (ayda 9-12 dəfə)” imtina edilib. Səbəb: əlavə müalicəyə ehtiyacın olması. İddiaçı ərizəsində bildirir ki, cavabdeh orqan uşağın sağlamlıq imkanının məhdudluğunu müəyyən etməmiş və beləliklə məntiqsiz cavab vermişdir. İddiaçı2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi qardaşı Vəkil xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında ərizə təqdim edərək iddia tələbində dəqiqləşdirmə aparmış və “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və xx.xx.2008-ci il tarixdə doğulmuş Ramazanzadə Elvin Sabir oğluna sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, müəyyən olunmuşdur ki, Ramazanzadə Elvin Sabir oğlu xx.xx.2012-ci il tarixdə tibbi-sosial ekspert komissiyasında ilkin müayinə edilmiş və iki il müddətinə sağlamlıq imkanları məhdudluğu təyini barədə qərar verilmişdir. xx.xx.2014-cü il tarixdə təkrar müayinə zamanı qərar yenidən iki il müddətinə qüvvədə saxlanılmış, xx.xx.2016-cı il tarixdə Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.3-cü bəndinə uyğun olaraq şəxsin sağlamlıq imkanları məhdudluğu müddəti Əlillik altsistemi tərəfindən üç il müddətinə - xx.xx.2019-cu il tarixə kimi uzadılmışdır. Elvin Ramazanzadənin sağlamlıq imkanları məhdudluğu səhiyyə müəssisəsinin xx.xx.2020-ci il tarixli 0256003AAJ7T saylı göndərişi əsasında xx.xx.2020-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0256003AAJ7T saylı göndərişin təhlili göstərdi ki, xəstəlik xx.xx.2008-ci il tarixdə başlamışdır. Əsas diaqnoz kimi “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Ensefalopatiya serebral hipertenziya qicolma tutmalari (ayda 9-12 dəfə)” xəstəliyi, ağırlaşma kimi isə “Miopiya, İnkişaf mərhələlərinin ləngiməsi, İnkişafdan gerilik” xəstəlikləri qeyd edilmişdir. Göndərişdə əsas diaqnozu təsdiq edən köməkçi diaqnostik müayinə, yəni EEQ müayinəsinin nəticələri qeyd edilməyib. Xəstəliyinə görə stasionar müalicə günləri 0 (sıfır) gün göstərilib. Həmçinin göndərişin “Funksional pozğunluğu” və “xəstəliyin ekspertiza üçün əhəmiyyətli xüsusiyyətləri” bölməsində qıcolmaların tezliyi və xarakteri barədə ətraflı məlumat qeyd edilməmişdir. Həmçinin qıcolmaların tezliyini müəyyən edən stasionar günləri qeyd etdiyimiz kimi sıfır gün göstərilmişdir. Bildiririk ki, Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 3.1.5-ci bəndinə görə “epilepsiya və davamlı, terapevtik rezistent epilepsiyaya oxşar hallar (ayda 1 və ya daha çox böyük tutmalarla) və ya tez-tez təkrarlanan (həftədə 2-3 dəfə) kiçik və ya qıcolmasız tutmalar” olduğu halda sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması nəzərdə tutulub. Göndərişdə qeyd edilmiş məlumatlar xəstədə Əsasnamənin göstərilən bəndinə müvafiq halların olmasını əsaslandırmır. Buna görə də sağlamlıq imkanları məhdudluğu təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq ətraflı müayinə üçün əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə TSERAS üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Həmin Əsasnamənin 4.2-ci bəndinə görə “Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır”. 4.7-ci bəndə görə isə “Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.” Ramazanzadə Elvin Sabir oğluna səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun həyat fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamış, sağlamlıq imkanları məhdudluğunun təyininə əsas verən ağırlaşmalar əsaslandırılmamışdır. Buna görə də SİM təyinatının aparılması mümkün olmamış və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Səhiyyə müəssisəsi tərəfindən Elvin Ramazanzadə ətraflı müayinə edilərək keyfiyyətli və dolğun göndəriş rəsmiləşdirildiyi halda sağlamlıq imkanları məhdudluğu qanuna müvafiq olaraq onun iştirakı olmadan qiymətləndirilib müvafiq qərar veriləcəkdir. Qeyd edilənləri nəzərə alaraq bildirilir ki, Ramazanzadə Elvin Sabir oğluna əlilliyin təyini istiqamətində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti və tabeli tibbisosial ekspert komissiyaları tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. İddiaçılar cavabdehin etiraz məktubuna münasibət bildirərək qeyd etmişlər ki, məhkəmənin xx.xx.2020-ci il tarixli məktubu ilə cavabdeh təşkilatın iddiaya olan etirazı onlara göndərilmişdir. Cavabdeh təşkiatın yazdığı etirazla razı deyilik. Həmin etirazdan görünür ki, uşağın sağlamlıq imkanlarının məhdudluğuna dair imtina qərarının verilməsinə səbəblər “göndərişdə əsas diaqnozu təsdiq edən köməkçi diaqnostik müayinə, yəni EQQ müayinəsinin nəticələri qeyd edilməyib, xəstəliyə görə stasionar müalicə günləri “0” göstərilib, həmçinin göndərişin “funksional pozğunluğu” və “xəstəliyinin ekspertiza üçün əhəmiyyətli xüsusiyyətləri” bölməsində qıcolmalarının tezliyi və xarakteri barədə ətraflı məlumat qeyd edilməmişdir. Həmçinin qıcolmaların tezliyini müəyyən edən stasionar günlər qeyd etdiyimiz kimi “0” göstərilmişdir. Göndərişdə qeyd edilmiş məlumatlar xəstədə əsasnamənin göstərilən bəndinə müvafiq halların olmasını əsaslandırmır. Buna görə də sağlamlıq imkanlarının məhdudluğu təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq ətraflı müayinə üçün əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. İmtinanın səbəbindən göründüyü kimi imtinanın əsas səbəbi göndərişin natamam doldurulması və xəstənin əlavə müalicəyə ehtiyacı olmasıdır. Hesab edirik ki, imtina tam əsasssız və məntiqsizdir. Xəstənin müalicəyə ehtiyacı varsa, deməli tam sağalmamış, sağlamlıq imkanları məhduddur. Dolayısı ilə cavabdeh təşkilat öz imtinasında xəstənin sağlamlıq imkanlarının məhdudluğunu “əlavə müalicəyə ehtiyacı var” sözləri ilə təsdiq etmişdir. İmtinanın 2-ci səbəbi olan göndərişin natamam doldurulması və yaxud da düzgün doldurulmaması ilə əlaqədar aşağıdakıları bildiririk: X1 Sabir oğlunun əlilliyi cavabdeh tərəfindən qiymətləndirildiyi vaxt Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə qüvvədə olmuşdur. Həmin əsasnamənin 4.1-ci bəndinə görə, şəxslərin TSEK-də əlilliyinin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Əsasnamənin 4.2-ci bəndinə görə, göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək faəliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. Əsasnamənin 4.16-cı bəndinə görə TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Əsasnamənin 4.22-ci bəndinə əsasən, göndəriş keyfiyyətsiz doldurulduqda iradlar TSEK tərəfindən TSERAS-da xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. Bundan başqa, Əsasnamənin 3.1.15-ci bəndinə görə, əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərilməsi TSEK-in vəzifələrindən biri kimi nəzərdə tutulmuşdur. Sadalanan normalardan göründüyü kimi, Əsasnamədə səhiyyə müəssisənin göndərişi keyfiyyətsiz doldurulduğu halda, əlilliyin müəyyən olunmasından imtina etmək imkanı nəzərdə tutulmamışdır. Əsasnaməyə görə, bu halda, iradlar TSEK tərəfindən TSERAS-da xüsusi bölmədə qeyd olunmalı və göndəriş sistem tərəfindən geri qaytarılmalıdır. Eyni zamanda, əlilliyi qiymətləndirilən şəxsə dair tibbi-sosial ekspertiza üçün hər hansı bir sənədə zərurət yarandığı halda, TSEK bununla bağlı səhiyyə müəssisələrinə sorğu göndərməlidir. Cavabdeh iddiaya qarşı etirazlarında göndərişin geri qaytarıldığını bildirsə də, işdə olan “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi" sənədindən görünür ki, həmin sənəddə göndərişin geri qaytarılması barədə heç bir qeyd yoxdur, sənəddə yalnız əlilliyin müəyyən edilməsindən imtina olunduğu göstərilmişdir. İş üzrə üçüncü şəxs cavabdeh orqanın etiraz məktubunda qeyd edilənlərə münasibət bildirərkən qeyd etmişdir ki, həmin etirazda qeyd olunur ki, uşağın sağlamlıq imkanlarının məhdudluğuna dair imtina qərarının verilməsinə səbəblər "göndərişdə əsas diaqnozu təsdiq edən köməkçi diaqnostik müayinə, yəni İTQ müayinəsinin nəticələri qeyd edilməyib, xəstəliyə görə stasionar müalicə günləri "0” göstərilib, həmçinin göndərişin "funksional pozğunluğu" və "xəstəliyinin ekspertiza üçün əhəmiyyətli xüsusiyyətləri" bölməsində qıcolmalarının tezliyi və xarakteri barədə ətraflı məlumat qeyd edilməmişdir. Həmçinin qıcolmaların tezliyini müyyən edən stasionar günlər qeyd etdiyimiz kimi "0" göstərilmişdir. Göndərişdə qeyd edilmiş məlumatlar xəstədə əsasnamənin göstərilən bəndinə müvafiq halların olmasını əsaslandırmır. Buna görə də sağlamlıq imkanlarının məhdudluğu təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq ətraflı müayinə üçün əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. İmtinanın səbəbindən göründüyü kimi imtinanın əsas səbəbi göndərişin natamam doldurulması və xəstənin əlavə müalicəyə ehtiyacı olmasıdır. Bu etirazla biz razı deyilik, ona görə ki, göndəriş tam doldurulmuşdur. Xəstənin sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnaməyə əsasən epilepsiya və davamlı terapevtik rezistent epilepsiyaya oxşar hallar (ayda 1 və ya daha çox böyük tutmalarla) və ya tez-tez təkrarlanan (həftədə 2-7 dəfə), kiçik və ya qıcolması tutmalar olduğu halda sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması nəzərdə tutulmuşdur. Nazirlər Kabinetinin həmin əsasnaməsinə əsaslanaraq göndərişdə xəstənin diaqnozu generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar ensefalopatiya serebral hipertenziya qıcolma tutmaları (ayda 8-12 dəfə) xəstəliyi, ağırlaşma kimi isə miopatiya, inkişaf mərhələlərinin ləngiməsi, inkişafdan gerilik xəstəlikləri qeyd olunmuşdur. Lakin biz bununla razı deyilik. Göndərişdə qeyd edilmiş məlumatlar əsasnamədə göstərilən bənddə müvafiq halların olması ilə üst-üstə düşür. Bundan başqa etirazda qeyd edilmişdir ki, guya qıcolmanın tezliyi və xarakteri barədə ətraflı məlumat qeyd edilməmişdir. Bu düzgün deyildir. Belə ki, göndərişdə qıcolmaların tezliyi ayda 8-12 dəfə olaraq göstərilmişdir. Xarakteri isə generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar ensefalopatiya serebral hipertenziya qıcolma tutmaları xəstəliyi kimi qeyd olunmuşdur. Səhiyyə müəssisəsi kimi bizim göndərdiyimiz göndəriş keyfiyyətli, vaxtında və əsaslandırılaraq doldurulmuşdur. Lakin cavabdeh təşkilat xəstənin sağlamlıq imkanlarının məhdudluğunu müəyyən olunmasından imtina edilməsinə dair qərar vermişdir. İmtina etməsinin səbəbi isə xəstənin əlavə müayinə və müalicəyə ehtiyacı olduğunu göstərmişdir. Xəstənin sağlamlıq imkanlarının məhdud olmasının müəyyən edilməsindən imtina edilməsi üçün xəstənin əlavə müalicəyə ehtiyacının olması əsas ola bilməz. Bundan başqa etirazda qeyd olunmuşdir ki. sağlamlıq imkanlarının məhdudluğunun təyinatının aparılması mümkün olmamış və əlavə müalicəyə ehtiyacı barədə qərar verilmişdir. Bu düzgün deyildir. Belə ki, cavabdeh təşkilat tərəfindən xəstənin sağlamlıq imkanlarının məhdud olmasından imtina edilməsinə dair qərar verilmişdir. Əlavə müalicəyə ehtiyacın olması isə həmin qərarın qəbul olunması üçün əsas göstərilmişdir. Qeyd olunanlara əsasən üçüncü şəxs cavabdeh orqanın etirazının əsassız olduğunu qeyd edərək iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. İş materiallarında olan 042335 nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Ramazanzadə Elvin Sabir oğlu xx.xx.2008-ci il tarixdə Zaqatalata rayonunda anadan olmuşdur. Atası İddiaçı1, anası İddiaçı2dır. İş materiallarında olan 271599 nömrəli “Nikah haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı1 ilə Ramazanzadə (Nəbiyeva) Pərvanə Şaban qızı arasında xx.xx.1998-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan ******* və 116942 nömrəli “Doğum haqqında şəhadətnamə”lərin surətlərindən görünür ki, Vəkil iddiaçı Ramazanzadə (Nəbiyeva) Pərvanə Şaban qızının qardaşıdır. İş materiallarında olan Zaqatala Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin 0256003AAGTR nömrəli göndərişinin surətindən görünür ki, Elvin Ramazanzadə xx.xx.2016-cı il tarixdə müayinə olunmuş və nəticə olaraq G40.3 Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar diaqnozu müəyyən edilmişdir. İş materiallarında olan 16 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli müayinə barədə sənədinin surətindən görünür ki, Elvin Ramazanzadə xx.xx.2016-cı il tarixdə müayinə olunmuş, ona “perinatal ensefalopatiya serebral hipertenziya qıcolma tutmaları ilə, psixi inkişaf geriliyi” diaqnozu qoyulmuş və növbəti müayinə xx.xx.2019-cu il tarixə təyin edilmişdir. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi sənədinin surətindən görünür ki, sənəddə əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumat qrafasında “imtina edilib. Səbəb: əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: xəstənin əlavə müayinə və müalicəyə ehtiyacı var” qeyd edilmiş, qiymətləndirmə tarixi xx.xx.2020-ci il göstərilmişdir. İş materiallarında olan Zaqatala Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli,135 nömrəli məktubunda qeyd edilir ki, Ramazanzadə Elvin Sabir oğlu, 2008-ci il təvəllüdlü, Sumaylı kənd sakini “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar. Ensefalopatiya serebral hipertenziya qıcolma tutmaları” diaqnozu ilə dispanser qeydiyyatındadır. Növbəti müayinə tarixi çatdığı üçün xx.xx.2020-ci il tarixdə sənədləri onlayn şəkildə TSEK-ya göndərilmiş və “əlavə malicəyə ehtiyacı olması, xəstənin əlavə müayinə və müalicəyə ehtiyacı var” cavabı verilmişdir. Üçüncü şəxs bildirir ki, əlilliyin təyin olunması onların səlahiyyətində deyil. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 0256003AAJ7T nömrəli göndərişin surətindən görünür ki, Elvin Ramazanov xx.xx.2019-cu il tarixdə həkim müayinələrindən keçmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında cavabdeh orqanın nümayəndəsi iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Üçüncü şəxs xx.xx.2020-ci il tarixli 100 nömrəli məktubla inzibati işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və üçüncü şəxsin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə, yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. İddia mübahisələndirmə haqqında iddia növünə aiddır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada qızının hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, iddiaçılar qanunvericiliyin tələbi baxımından xx.xx.2008-ci il təvəllüdlü Ramazanzadə Elvin Sabir oğlunun valideyni olmaqla sonuncunun mənafelərinin müdafiəsi məqsədi ilə məhkəmədə iddia qaldırmaq hüququna malikdir (Mülki Məcəllə maddə - 33.2). İddia həmçinin əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının: 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bəndinə əsasən Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-ci bəndinə əsasən Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bəndinə əsasən Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bəndinə əsasən Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bəndinə əsasən şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-ci bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-ci bəndinə əsasən peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bəndinə əsasən əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bəndinə əsasən Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bəndinə əsasən Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-ci bəndinə əsasən Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-ci bəndinə əsasən Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bəndinə əsasən Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. 2.6-ci bəndinə əsasən Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. 2.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışını təmin edir. 2.8-ci bəndinə əsasən Bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Yuxarıda sadalanan normalardan göründüyü kimi göndərişin natamam və yanlış doldurulması əlilliyin və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasından imtina edilməsi üçün əsas deyil. Cavabdeh inzibati orqan qaydada nəzərdə tutulmayan əsasla iddiaçının oğluna sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina etmişdir ki, bununla da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl etməmişdir. Məhkəmə qeyd edir ki, inzibati icraat dövlət-şəxs, şəxs-hakimiyyət münasibətləri probleminin səmərəli həlli yollarının axtarışında yaradılmış mühüm institutlardan biridir. Bu institutun məqsədi inzibati orqanlar üçün hüquqi başlanğıcların, rəhbər istiqamətlərin müəyyən edilməsi, bütün idarəçilik orqanları üçün ümumi olan qaydalar qəbul etməklə, hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi sahəsində hüquqi yanaşmaların vahidliyini təmin etməkdən ibarətdir. İnzibati icraat institutu dövlət orqanlarının və ya hakimiyyət səlahiyyətlərini həyata keçirən şəxslərin idarəçilik fəaliyyəti ilə bağlı istifadə etdiyi üsul və qaydaların konstitusion prinsiplərə əsaslanmasını, hüquqi dövlətin tələblərinə, ədalət və mütənasiblik meyarlarına cavab verməli olmasını, maraqlı şəxslərin mənafelərinin nəzərə alınmasını tələb edir. İnzibati orqanların idarəçilik fəaliyyətinin vahid icraat qaydalarının müəyyən edilməsi yolu ilə hakimiyyətdən sui-istifadənin, şəxslərin hüquq və azadlıqlarının pozulmasının qarşısının alınması mümkündür ki, əks hal, hakimiyyət səlahiyyətlərinin qanunla müəyyən edilmiş qaydadan kənar həyata keçirilməsinə şərait yaradır. Belə olan halda, hər bir dövlət orqanı öz səlahiyyətlərini dəqiq və aydın şəkildə müəyyən olunmuş, bütün dövlət orqanları üçün eyni cür və vahid qaydalar əsasında həyata keçirməlidir ki, idarəçilik fəaliyyəti ilə bağlı icraat qaydalarının inzibati orqanların hər biri tərəfindən ayrıayrılıqda müəyyən olunması məqbul deyildir. İnzibati icraat institutu konstitusiya prinsipləri əsasında nizama salınan icraat qaydalarının vahidliyini, şəffaflığını və sadəliyini müəyyən etməklə yanaşı, şəxsləri inzibati orqanların və onların vəzifəli şəxslərinin özbaşınalığından, süründürməçiliyindən qorumaq üçün lazımi təşkilati-hüquqi mexanizmlərin yaradılmasını özündə ehtiva edir. Bu çərçivədə şəxs dövlət orqanları tərəfindən idarəçilik fəaliyyəti ilə bağlı qəbul edilmiş qərarların və dövlət orqanlarının hərəkətlərinin (hərəkətsizliyinin) əsaslılığını və qanuniliyini öz hüquq və mənafeləri baxımından qiymətləndirmək, eləcə də onları inzibati və ya məhkəmə qaydasında mübahisələnirmək hüququna malikdir. Bununla da, bir tərəfdən qanunsuz hərəkətlərə yol vermiş şəxslərin hüquqi məsuliyyətə cəlb olunmasına, digər tərəfdən isə şəxslərin qanuni mənafelərinin təmin olunmasına nail olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2008-ci il təvəllüdlü Ramazanzadə Elvin Sabir oğluna “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar. Ensefalopatiya serebral hipertenziya qıcolma tutmaları” G40.3 diaqnozu qoyulmuşdur. Bu da onu deməyə əsas verir ki, qanunvericiliyin tələbi baxımından Ramazanzadə Elvin Sabir oğlunun sağlamlıq imkanı məhduddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 3.1.5-ci bəndinə əsasən epilepsiya və davamlı, terapevtik rezistent epilepsiyaya oxşar hallar (ayda 1 və ya daha çox böyük tutmalarla) və ya tez-tez təkrarlanan (həftədə 2-3 dəfə) kiçik və ya qıcolmasız tutmalar (G40-G41.9) olduqda uşaqların sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 4.4-cü bəndinə əsasən bu Əsasnamənin 3.1.1 – 3.1.22-ci bəndlərində göstərilən hallarda 18 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşından yuxarı olmamaqla 3 (üç) il müddətinə, qalan hallarda isə 18 yaşınadək müəyyən olunur. 18 yaşının tamam olmasına 6 (altı) ay və ondan daha az qalan uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşınadək müəyyən edilir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.1 və 1.3-cü bəndlərinə əsasən məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. Göründüyü kimi, əlillərə münasibət sahəsində Dövlətin apardığı sosial siyasət onların cəmiyyətə inteqrasiyasına, sosial rifah hallarının və maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir ki, Dövlətin bu sahədə olan siyasətini həyata keçirən cavabdehin fəaliyyəti tibbi etika və deontologiya prinsiplərinə əsasən həyata keçirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, cavabdeh formal və hər hansı qanuni əsasa söykənməyən hərəkətləri ilə anadangəlmə əlil olan iddiaçının oğlunun sağlamlıq imkanlarının mıhdudluğunun müəyyən edilməsindən imtina etmişdir ki, onun bu hərəkətləri Dövlətin bu sahəsdə həyata keçirdiyi siyasətin prinsiplərinə zidd olmaqla tibbi etika və deontologiya prinsipləri ilə də uzlaşmır. Əlillərə və ya sağlamlıq imkanları məhdud olan uşaqlara bu cür münasibət qəbul edilməz olduğu kimi insapərvərliyə belə sığmır. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin Ramazanzadə Elvin Sabir oğlunun sağlamlıq imkanının məhdudluğunun təyin edilməsindən imtina olunması barədə xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməklə, cavabdehin üzərinə xx.xx.2008-ci il tarixdə doğulmuş Ramazanzadə Elvin Sabir oğlunun sağlamlıq imkanının məhdudluğunun müəyyən edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin Ramazanzadə Elvin Sabir oğlunun sağlamlıq imkanının məhdudluğunun təyin edilməsindən imtina olunması barədə xx.xx.2020-ci il tarixli qərarı ləğv edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin üzərinə xx.xx.2008-ci il tarixdə doğulmuş Ramazanzadə Elvin Sabir oğlunun sağlamlıq imkanının məhdudluğunun müəyyən edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-75/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-75/2021
12.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver