Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-75/2023 18.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay şəhəri Ü.Hacıbəyov küçəsi 24-də yerləşən, mərhum X3 miras qalmış iki otaqlı yaşayış evindən mərhum X7 çatası yaşayış evinin 1/2 hissəsində payının və həmin ünvandakı Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 50 nömrəli qərarı ilə A 285246 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən mərhum K.Əkbərov və ailə üzvlərinin mülkiyyətinə verilmiş və faktiki istifadədə olan torpaq sahəsinin 2/5 hissədə payı üzərində X4 mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə əsasən Göyçay şəhəri Ü.Hacıbəyov küçəsi 24də yerləşən, mərhum X3 miras qalmış iki otaqlı yaşayış evindən mərhum əri X7 çatası yaşayış evinin 1/2 hissəsində payının və həmin ünvandakı faktiki torpaq sahəsinin 2/5 hissəsində payının üzərində X4 mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, Göyçay Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinə və icra üçün cavabdehə göndərilmiş xx.xx.2015-ci il tarixli 2(046)- 565/2015 saylı icra vərəqəsinə əsasən iddiaçı X4 və cavabdeh X8 mərhum X3 miras qalmış ünvan 3 evdə qanun üzrə vərəsələr kimi hər birinin payının 1/2 hissə olması müəyyən edilmiş, məhrum X3 miras qalmış ünvan 3 evdə iddiaçı X4 1/2 hissə payı və cavabdeh X8 1/2 hissə payı üzərində mülkiyyət hüququ tanınmışdır. Şəki Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş və icra üçün cavabdehə göndərilmiş 2(107)- 828/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən (qətnamə AR Ali Məhkəməsinin 2(102)-1222/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə dəyişiklik edilmədən saxlanmışdır) tərəflərin mərhum valideynlərindən miras qalmış, Göyçay şəhəri Ü.Hacıbəyov küçəsi 24-də yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin 1/5nə, yəni 104,09 kv.m hissəsinə iddiaçı X8, 1/5-nə, yəni 104,09 kv.m hissəsinə cavabdeh X4 payı müəyyən edilmiş, həmin torpaq sahələrinə onların mülkiyyət hüquqları tanınmışdır. Göyçay rayon Qeydiyyat şöbəsində xx.xx.2006-cı il tarixdə 436 sayla qeydə alınmış birgə nikahda olduğu əri X4 xx.xx.2021-ci ildə ölümündən sonrakı 3 ay ərzində onun qanun üzrə vərəsəsi kimi ondan miras qalmış əmlakı iddiaçının qəbul etməsi ilə bağlı Göyçay rayon notariat ofisinə müraciət etmişdir. Notariat ofisinin cavabdehə ünvanlanmış məktubunda iddiaçının qanun üzrə vərəsə olduğu, mərhum əri X4 adına olan torpaq sahəsinə və evə dair hüquqmüəyyənedici sənədin olmadığı üçün iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməməsi və bununla bağlı müvafiq hüquqi sənədlərin verilməsinin mümkünlüyü məsələsinə baxılması xahiş olunmuşdur. Göyçay rayon İH-nin Memarlıq və tikinti şöbəsi Göyçay şəhəri Ü.Hacıbəyov küçəsi 24-də yerləşən evin mərhum X9 məxsusluğuna, ümumi sahəsi 102,9 kv.m-dən ibarət, 1987-ci ildə tikilmiş, şəhər kommunikasiya xətlərinə mane olmayan 2 otaqlı ev olduğuna dair rəy vermişdir. Qeyd olunanlara əsasən iddiaçı hazırkı iddia tələbi ilə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********58 nömrəli imtina məktubunda qeyd etmişdir ki, ərizənin icrası ilə bağlı təqdim edilmiş AN- 285246 nömrəli Torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan 0,0520 hektar həyətyanı torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına əsasən yoxlanmış və yerində müayinə aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, mərhum X9 və ailə üzvlərinə məxsus AN-285246 nömrəli torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan torpaq sahəsi ilə faktiki istifadədə olan torpaq sahəsi arasında azalma mövcuddur. Belə ki, AN-285246 nömrəli Torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan 0,0520 hektar həyətyanı torpaq sahəsi qeyd edilsə də, faktiki stifadədə olan torpaq sahəsi 0,044 hektardır. Torpaq sahəsinin azalması ilə bağlı notarial qaydada razılıq ərizəsi təqdim edilmədiyi üçün mərhum X4 Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən 0,052 hektar həyətyanı torpaq sahəsi və həmin torpaqda yerləşən fərdi yaşayış evi üzərində məhkəmə qərarı ilə vərəsəlik hüquqların qeydə alınması ilə bağlı ərizənin icrası mümkün olmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********94 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etmiş və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-924/2022 nömrəli qərardadı ilə X16 və X20 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişlər. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxslərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizə təqdim edərək “Göyçay şəhəri Ü.Hacıbəyov küçəsi 24-də yerləşən, mərhum X3 miras qalmış iki otaqlı yaşayış evindən mərhum X7 çatası yaşayış evinin 1/2 hissəsində payının və həmin ünvandakı Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 50 nömrəli qərarı ilə A 285246 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən mərhum K.Əkbərov və ailə üzvlərinin mülkiyyətinə verilmiş və faktiki istifadədə olan torpaq sahəsinin 2/5 hissədə payı üzərində X4 mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə həmçinin iddiaçının vəkili tərəfindən imzalanmışdır. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İşdə olan: A seriyalı 285246 nömrəli plan-ölçü sənədindən görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 50 nömrəli qərarı ilə 520,45 kv.m həyətyanı torpaq sahəsi X9 ayrılmışdır. Sənədə əlavə olunmuş siyahıda X17, X21, X18, X16 və X10 adları qeyd olunmuşdur. Göyçay Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(046)-565/2015 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı X4 “mərhum X3 miras qalmış ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi üzərində onun və X8 qanun üzrə vərəsəlik payları müəyyən edilərək aralarında bölünməsi və mülkiyyət hüquqlarının tanınmasına dair qətnamə çıxarılması” tələbinə dair iddiası təmin edilmiş, iddiaçı X4 və cavabdeh X8 mərhum X3 miras qalmış ünvan 3 evdə qanun üzrə birinci növbə vərəsələr kimi hər birinin payının 1/2 hissə olmasının müəyyən edilməsi qət olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-828/2016 nömrəli iş üzrə xx.xx.2016-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki, Göyçay Rayon Məhkəməsinin 14 aprel 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı X8 cavabdeh X7 qarşı birgə mülkiyyətində olan 0,05 ha həyətyanı torpaq sahəsinin miras hissəsində, yəni 0,02 ha hissəsində qanun üzrə birinci növbə vərəsələr kimi onun və cavabdehin hər birinin 1/2 hissə paylarının olmasının müəyyən edilməsi, torpaq sahəsinin 0,01 ha hissəsinə onun, 0,01 hissəsinə cavabdehin mülkiyyət hüquqlarının tanınması tələbi barədə ilk iddiası təmin edilməmiş, X4 X13 qarşı Göyçay Rayon Aqrar İslahat Komissiyasının 14 may 1999-cu il tarixli qərarı ilə ünvan 4 ünvandakı fərdi yaşayış evinin yerləşdiyi 520,45 kv.m torpaq sahəsi üzrə onun və X8 qanun üzrə vərəsəlik payları müəyyən edilərək, hər birinin payı 1/2 hissə olmaqla aralarında bölünməsinə, Göyçay Rayon Aqrar İslahat Komissiyasının 14 may 1999-cu il tarixli qərarı ilə ünvan 5 ünvandakı fərdi yaşayış evinin yerləşdiyi 520,45 kv.m torpaq sahəsinin 260,225 kv.m hissəsinin onun və 260,225 kv.m hissəsinin X8 mülkiyyətinə verilməsinə və ünvan 6 ünvandakı fərdi yaşayış evinə və evin yerləşdiyi 520,45 kv.m torpaq sahəsinə gediş-gəlişi təmin edən yolun üstündə qeyri-qanuni inşa edilmiş hamamın sökülməsi tələbi barədə qarşılıqlı iddiası qismən təmin edilmişdir. Göyçay Rayon Məhkəməsinin 14 aprel 2016-cı il tarixli qətnaməsindan X22 tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(107)-828/2016 nömrəli qətnaməsi ilə təmin edilmiş, cavabdeh X18 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 14 aprel 2016-cı il tarixli qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmış, X8 ilk iddiası təmin edilmiş, cavabdeh X4 qarşılıqlı iddiası təmin edilməmiş, tərəflərin mərhum valideynlərindən miras qalmış Göyçay şəhəri Ü.Hacıbəyov küçəsi 24-də yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin 1/5-nə, yəni 104,09 kv.m hissəsinə iddiaçı X8, 1/5-nə, yəni 104,09 kv.m hissəsinə cavabdeh X4 payı müəyyən edilmiş, həmin torpaq sahələrinə onların mülkiyyət hüquqları tanınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(107)- 828/2016 nömrəli qətnaməsindən cavabdeh X18 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(102)-1222/2017 nömrəli qərarı ilə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(107)-828/2016 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Məhkəmə aktlarının təsdiq edilmiş surətləri iş materiallarına əlavə olunmuşdur. Göyçay rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 180 nömrəli arayışından görünür ki, X18 ilə İddiaçı arasında nikah haqqında xx.xx.2006-cı il tarixdə 436 nömrəli akt qeydi tərtib olunmuşdur. 082082 nömrəli “Ölüm haqqında” şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X18 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Cavabdeh xx.xx.2022-ci il tarixli **********26 nömrəli məktubunda qeyd etmişdir ki, İddiaçı naturada göstərdiyi torpaq sahəsi 498,6 kv.m təşkil edir. Elektron bazada təqdim olunan X6 X19 məlumatlarına əsasən naturada göstərilən 498.6 kv.m torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olmaqla bələdiyyə mülkiyyətinə aiddir. Torpaq sahəsinin uqodiyası “tikinti altında olan torpaqlar” kimi göstərilmişdir. X5 adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış **********1290 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə göstərilən 520,45 kv.m torpaq sahəsinin koordinatları İddiaçı naturada göstərdiyi 498,6 kv.m torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Naturada göstərilən 498,6 kv.m torpaq sahəsi ilə 520,45 kv.m torpaq sahəsinin konfiqurasiyasında bənzərlik mövcuddur. Əlavə olaraq bildirilir ki, Göyçay şəhəri ərazisində DTXK tərəfindən kompleks şəkildə hazırlanan Torpaq sahəsinin planı və ölçüsü sənədlərinin koordinatları natura vəziyyətinə uyğun olaraq tərtib edilməmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli **********22 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, İddiaçı naturada göstərdiyi torpaq sahəsi 498,6 kv.m təşkil edir. Elektron bazada təqdim olunan X6 X19 məlumatlarına əsasən naturada göstərilən 498,6 kv.m torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyalıdır. İddiaçı naturada göstərdiyi 498,6 kv.m torpaq sahəsinin 412,0 kv.m hissəsi mərhum X5 vərəsələrinin istifadəsindədir. X5 adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış 20 dekabr 2010-cu il tarixli AN: 285426 saylı, **********1290 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilən 520,45 kv.m torpaq sahəsinin koordinatları İddiaçı naturada göstərdiyi 498,6 kv.m torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür, lakin Göyçay şəhəri ərazisində ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən kompleks şəkildə tərtib edilən torpaq sahələrinin mütləq əksəriyyətində “koordinat sürüşməsi” mövcuddur. “Koordinat sürüşməsi”ni aradan qaldırdıqda İddiaçı naturada göstərdiyi 498,6 kv.m torpaq sahəsi ilə “Torpaq sahəsinin plan və ölçüsü”ndə göstərilən 520,45 kv.m torpaq sahəsi eyni torpaq sahəsidir. Naturada göstərilən 498,6 kv.m torpaq sahəsinin 86,6 kv.m hissəsi isə faktiki olaraq ümumi istifadədə olan ərazidə yerləşir. Belə ki, ümumi istifadədə olan hissəyə digər qonşu torpaq sahəsinin giriş-çıxış qapısı mövcuddur, həmin ərazi faktiki olaraq gediş-gəliş yolu kimi istifadə olunur. Əlavə olaraq bildirilir ki, 22 avqust 2022-ci il tarixdə göndərilmiş, **********26 nömrəli məktubda qeyd edilmiş “bələdiyyə mülkiyyəti" sözü X6 X19 məlumatlarında mülkiyyət hüququ qeydiyyata alınmamış (dövlət reyestrindən çıxarış və şəhadətnamə verilməmiş) torpaqlar üzrə ümumi ifadəni özündə ehtiva edir, sözügedən torpaq sahəsi 20 dekabr 2010-cu il tarixli AN: 285426 saylı, **********1290 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən vətəndaş mərhum X5 adına işlənmişdir, bələdiyyə mülkiyyəti kimi qeydiyyata alınmamışdır. Beləliklə iş materiallarına əlavə edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, xx.xx.1973-cü il tarixli Qeydiyyat vəsiqəsinə əsasən Göyçay şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 24 nömrəli ev X2 müliyyətində olmuşdur. Göyçay rayon AİK-nın xx.xx.1999-cu il tarixli qərarı ilə X9 ailə üzvləri ilə birlikdə (subyektlər siyahısına əsasən X14, X11, X12 və X15) 520,45 kv.m. torpaq sahəsi ayrılmış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Göyçay rayon Qeydiyyat şöbəsinin xx.xx.2015-ci il tarixli 960 nömrəli arayışına əsasən, X17 xx.xx.2007-ci ildə ölmüşdür və onun ölümü haqqında xx.xx.2007-ci tarixdə qeydiyyat aparılmışdır. Həmin Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli 2425 nömrəli arayışına əsasən, X21 xx.xx.2014-cü ildə ölmüşdür və onun ölümü haqqında xx.xx.2014cü tarixdə 273 nömrəli akt qeydi tərtib olunmuşdur. Göyçay Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(046)-565/2015 nömrəli qətnaməsi ilə X4 və X8 mərhum X3 miras qalmış ünvan 3 evdə qanun üzrə birinci növbə vərəsələr kimi hər birinin payının 1/2 hissə olmasının müəyyən edilmiş, qətnamə xx.xx.2015-ci il tarixdə qanuni qüvvəsini almışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-828/2016 nömrəli iş üzrə xx.xx.2016-ci il tarixli qətnaməsi tərəflərin mərhum valideynlərindən miras qalmış Göyçay şəhəri Ü.Hacıbəyov küçəsi 24-də yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin 1/5-nə, yəni 104,09 kv.m hissəsinə iddiaçı X8, 1/5-nə, yəni 104,09 kv.m hissəsinə cavabdeh X4 payı müəyyən edilmiş, həmin torpaq sahələrinə onların mülkiyyət hüquqları tanınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(107)-828/2016 nömrəli qətnaməsindən cavabdeh X18 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(102)-1222/2017 nömrəli qərarı ilə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(107)-828/2016 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə qətnamələri ilə iddiaçının mərhum əri X4 mübahisəli fərdi yaşayış evinin ½ hissəsinə, torpaq sahəsinə münasibətdə isə valideynlərindən miras qalmış hissənin yarısına, yəni ümumi sahənin 1/5-nə mülkiyyət hüququ tanınmışdır. Digər tərəfdən isə K.Əkbərovun torpaq sahəsinin mülkiyyətçilərindən biri olduğu və özünə aid hissədə torpaq sahəsinin 1/5-nə mülkiyyət hüququnun olması nəzərə alınmaqla, onun mülkiyyət hüququnu qeydə almadan vəfat etməsi mülkiyyət hüququnun məhdudlaşdırılması və ya itirilməsi kimi qiymətləndirilməməlidir. Məhkəmə araşdırması ilə sabit olur ki, K.Əkbərovun fərdi yaşayış evinin ½-nə, torpaq sahəsinin isə 2/5-nə mülkiyyət hüququ onun vəfatından əvvəl yaranmışdır. Odur ki, üçüncü şəxslərin faktiki vəziyyətdə torpaq sahəsinin qeydə alınmasından imtinası və ya etirazı, iddiaçının vərəsə qismində K.Əkbərovun mülkiyyət hüquqlarının tanınmasından ibarət tələbinə münasibətdə hüquqmüəyyənedici sənədlərin əldə edilməsi istiqamətində tədbirlərin görülməsində maneəyə çevrilməməlidir. Həmçinin iş üzrə təqdim edilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, koordinat sürüşməsini aradan qaldırdıqda İddiaçı naturada göstərdiyi 498,6 kv.m torpaq sahəsi ilə “Torpaq sahəsinin plan və ölçüsü”ndə göstərilən 520,45 kv.m torpaq sahəsi eyni torpaq sahəsidir. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4cü maddəyə uyğun olaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a (2 nömrəli əlavə) əsasən: 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. Cavabdeh inzibati orqan öz imtinasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallarla əsaslandıra bilməmiş, bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Bundan başqa, qeyd edilməlidir ki, vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi şəxsi qeyriəmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir. “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci bəndi də analoji mövqedən çıxış edir. Lakin həmin bənddə göstərilən “elektron çıxarış” ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda qeyd edilən “çıxarış” eyniləşdirilməməlidir. Belə ki, Qanunun tələbləri baxımından çıxarış – daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədədir. Lakin Təlimatda qeyd edilən elektron çıxarış Qanunun 22.2-ci maddəsində göstərilən arayışla eynilik təşkil edir. Təlimatın 7.1-ci bəndində də “reyestrdən çıxarış” ilə “elektron çıxarış” anlayışları birbirindən fərqləndirilmişdir “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə müvafiq olaraq, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Yuxarıda qeyd olunan normaların işin faktiki hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmayaraq qeyd edir ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə və faktiki istifadədə olan torpaq sahəsinə münasibətdə mülkiyyət hüququnun mərhum həyat yoldaşına məxsus olmasına dair tələbdən ibarət iddiası əsaslı olmuşdur. Odur ki, iddia təmin edilməli, cavabdehin üzərinə Göyçay şəhəri Ü.Hacıbəyov küçəsi 24 ünvanında yerləşən, mərhum X3 miras qalmış iki otaqlı yaşayış evindən mərhum X7 çatası yaşayış evinin 1/2 hissəsində payının və həmin ünvandakı Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 50 nömrəli qərarı ilə A 285246 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən mərhum K.Əkbərov və ailə üzvlərinin mülkiyyətinə verilmiş və faktiki istifadədə olan torpaq sahəsinin 2/5 hissədə payı üzərində mülkiyyət hüququnun ölmüş şəxsə - X7 məxsus olması haqqında arayışın (elektron çıxarışın) verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Göyçay şəhəri Ü.Hacıbəyov küçəsi 24 ünvanında yerləşən, mərhum X3 miras qalmış iki otaqlı yaşayış evindən mərhum X7 çatası yaşayış evinin 1/2 hissəsində payının və həmin ünvandakı Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 50 nömrəli qərarı ilə A 285246 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən mərhum K.Əkbərov və ailə üzvlərinin mülkiyyətinə verilmiş və faktiki istifadədə olan torpaq sahəsinin 2/5 hissədə payı üzərində mülkiyyət hüququnun ölmüş şəxs - X7 məxsus olması haqqında arayışın (elektron çıxarışın) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-75/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-75/2023
18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver