Məhkəmə qərarları › İş №2-1(116)-751/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-751/2020

19.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-751/2020 19.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X9 qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinə qarşı “ünvanlı sosial yardımın təyin olunmasından imtina qərarının ləğv olunması və müraciət olunan tarixdən ünvanlı sosial yardımın təyin olunaraq məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci və 8-ci maddələrinə əsasən ehtiyac meyarının məcmusu arasında yaranmış fərq məbləğini, yəni 410 manat məbləğin hesablanıb “Ərizə-bəyənnamə” ilə müraciət etdiyi xx xxx 2018-ci il tarixdən hər ay üçün 2 il müddətinə aztəminatlı ailəsinə təyin edilməsi və verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, iddiaçının ailəsi özü və 2 övladı olmaqla üç nəfərdən ibarətdir. Orta aylıq gəliri 40 manat məbləğində alimentdir və başqa gəliri yoxdur. İddiaçı aztəminatlı ailələr üçün nəzərdə tutulan sosial müavinət ilə təmin olunması üçün ailə tərkibi haqqında arayışı notariat orqanında təsdiqlədib xx xxx 2018-ci il tarixdə “Ərizəbəyənnamə” ilə əlaqə vasitəsi olan “X11 və təyinat alt sistemi”nə müraciət etmişdir. VEMTAS ərizəni qəbul etmiş və ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması üçün DSMF-nin Mingəçevir şəhər şöbəsi tərəfindən məsul əməkdaş baxış keçirmişdir. Müayinəni həyata keçirən əməkdaş iddiaçının ünvanında yaşayan keçmiş ailə üzvləri olan valideynlərinin ailəsini sistemə iddiaçı tərəfindən qərəzli olaraq daxil edilmədiyini əsas gətirərək sosial yardımın təyinatından imtina edilməsi barədə qəbul etdiyi qərarı 90 gün ərzində 3 dəfə elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürmüşdür. Beləliklə VEMTAS tərəfindən vətəndaşa göstərilən mətnli sms bildiriş göndərilmişdir: “Maddi-məişət şəraitinin müayinəsi keçirilmişdir və kənarlaşma aşkarlanmışdır. Bu səbəbdən imtina edilmişdir. Ailə tərkibi barədə düzgün məlumat vermədiyinə görə”. İddiaçıya xx.xx.2019-cu il tarixdə yardım məktubu göndərilərək məhkəmə məhkəmə araşdırmasının səmərəli, tez və vaxtında aparılmasını təmin etmək üçün iddia tələbini Əmək və X7 Nazirliyinə qarşı yönəltməyi və iddia tələbini dəyişdirərək ailəsinə onu qane etməyən məbləğdə ünvanlı dövlət sosial yardımının təyin edilməsi barədə qərarın dəyişdirilməsi öhdələyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürməsi təklif edilmişdir. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 məhkəməyə xx.xx.2020-ci il tarixli ərizə təqdim edərək iddia tələbində dəqiqləşmə apararaq iş üzrə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və X7 Nazirliyini qeyd etmiş və “ünvanlı sosial yardımın təyin olunmasından imtina qərarının ləğv olunması və müraciət olunan tarixdən ünvanlı sosial yardımın təyin olunaraq məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizə icraata qəbul edilmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, “Ünvanlı dövlət sosial yardımı təyin olunması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2016-cı il tarixli 37 saylı qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi, verilməsindən imtina edilməsi Qaydaları" nın 2.3cü bəndinə əsasən sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin ‘Elektron xidmətlər' portallarında yerləşdirilmiş Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" elektron xidmətdən istifadə etməklə “Ərizəbəyannamə”ni dolduraraq X11 və X12” (bundan sonra - VEMTAS) göndərir. Qaydaların 3.1-ci bəndinə əsasən Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. VEMTAS tərəfindən "Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cu bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Şöbənin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Şöbənin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. Vətəndaş İddiaçı ailəsini təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardımının təyin olunması üçün 2018-ci il 5 may tarixində (ərizə nömrəsi **********325 olan) X11 və X12 (VEMTAS) müraciət etmişdir. Lakin ailənin maddi-məişət şəraitinin müayinəsi zamanı ailə tərkibinin düzgün göstərilməməsi aşkarlanmışdır. Qeyd edilən səbəbdən,Azərbaycan Respublikasının Nazirlər kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarə ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımının alınması Qaydaları"na əsasən, vətəndaşın ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunmasından VEMTAS tərəfindən avtomatlaşdırılmış qaydada imtina edilmişdir. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizəbəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. VEMTAS tərəfindən sosial yardımın təyin olunması barədə qərar (5 nömrəli əlavə) çıxarıldığı hallarda yardımın məbləği və təyin edilmə müddəti, təyin olunmasından imtina edilməsi barədə qərar (6 nömrəli əlavə) çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın çıxarıldığı gün Təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndərilir və ya bildirilir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. İş materiallarında olan Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli məktubunun surətindən müəyyən edilir ki, iddiaçı Mingəçevir şəhər Məhkəməsinin 2-2725 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən keçmiş həyat yoldaşı Məmmədov Mehman Söhrab oğlundan iki uşağın saxlanması üçün hər ay hər bir uşağa 20 (iyirmi) manat olmaqla cəmi 40 (qırx) manat məbləğində aliment alır. İş materiallarında olan ÜDSY müraciətindən imtina edilməsi ilə bağlı bildirişin surətindən müəyyən edilir ki, “ailə tərkibinin düzgün göstərilməməsi” səbəbi ilə iddiaçının müraciətindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-1854/2019 nömrəli iş üzrə qərarının surətindən müəyyən edilir ki, həmin iş üzrə iddiaçının oxşar tələbində cavabdeh qismində Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin qeyd olunması qərara alınmışdır. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2- 1(84)-1216/2019 nömrəli iş üzrə qərardadının surətindən müəyyən edilir ki, iş üzrə iddiaçıya cavabdehin dəyişdirilməsi üçün müraciət edilsə də, iddiaçı bununla razılaşmamış və iddia ərizəsində cavabdehin DSMF-nin Mingəçevir şəhər şöbəsi olaraq qeyd etmişdir. Məhkəmə qeyd olunan qərardadda bu səbəbdən iddianın mümkün sayılmaması ilə bağlı qərar vermişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(107)-76/2020 nömrəli iş üzrə qərardadının surətindən müəyyən edilir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-1216/2019 nömrəli qərardadı ləğv edilmişdir. İş materiallarında olan 021608 və 365336 nömrəli “Doğum haqqında şəhadətnamə”lərin surətindən müəyyən olunur ki, müvafiq olaraq X5 xx.xx.2012-ci il, X6 xx.xx.2009-cu il tarixdə anadan olmuşdur, uşaqların atası Məmmədov Mehman Söhrab oğlu, anası İddiaçıdır. İş materiallarında olan 195034 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, Məmmədov Mehman Söhrab oğlu ilə İddiaçı arasında bağlanmış nikah xx xxxxxx 2014-cü il tarixdə ləğv edilmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 00******, 12793835 və 12793834 nömrəli şəxsiyyət vəsiqəsinin surətləri, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli məktubunun surəti, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-1854/2019 nömrəli iş üzrə qərarının surəti, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-1216/2019 nömrəli iş üzrə qərardadının surəti, Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2020-ci il tarixli 2- 1(107)-76/2020 nömrəli iş üzrə qərardadının surəti, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)2749/2019 nömrəli iş üzrə qərardadının surəti, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2- 1(103)-298/2020 nömrəli iş üzrə qərardadının surəti, 021608 və 365336 nömrəli “Doğum haqqında şəhadətnamə”lərin surəti, 195034 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və üçüncü şəxsin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.” Cavabdehin imtina bildirişində tarix göstərilmədiyindən və sosial yardımın təyin edilməsindən imtinanın iddiaçıya hansı tarixdə çatdırılması barədə məlumat olmadığından məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianı qanunla müəyyən edilmiş müddət ərzində irəli sürmüşdür. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu ünvanlı dövlət sosial yardımının göstərilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 6.1-ci maddəsinə əsasən, sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. 6.2-ci maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçının müraciət etdiyi zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri ailə üzvünün əmək qabiliyyətini itirməsi, əmək qabiliyyətli olan ailə üzvünün birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması, Azərbaycan Respublikasının Əmək və X7 Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanında işsiz kimi qeydə alınması, ailə üzvünün vəfat etməsi, ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, ailə üzvünün azadlıqdan məhrum edilməsi və ailə üzvünün olduğu yerin məlum olmaması səbəblərindən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər. 1.3-cü bəndinə əsasən, sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Nazirlik tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi də daxil olmaqla bir sıra dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur. 3.1-ci bəndinə əsasən, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. 3.2-ci maddəsinə əsasən, VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.3-cü bəndinə əsasən, bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Mərkəzin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. 3.4-cü bəndinə əsasən, mərkəzin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Sadalanan normaların tələbindən göründüyü kimi, orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr sosial yardım hüququna malikdirlər və sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarına görə sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Nazirlik tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi də daxil olmaqla bir sıra dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur və müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılaraq müvafiq qərar qəbul edilir. İş materiallarından müəyyən edilir ki, cavabdeh orqan iddiaçıya ailə üzvlərini yalnış göstərməsini əsas gətirərək sosial yardımın verilməsindən imtina etmişdir. Belə ki, cavabdeh orqan iddiaçının ünvanında keçmiş qaynanası və keçmiş həyat yoldaşının yaşamasını əsas gətirərək sosial müavinətin verilməsindən imtina etmişdir. Ancaq iş materiallarına əlavə edilmiş 195034 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, iddiaçı və onun həyat yoldaşı ilə aralarında bağlanmış nikah müqaviləsi xx xxxxxx 2014-cü il tarixdən ləğv edilmişdir. Bu hal iddiaçıya onun keçmiş ailə üzvləri olmuş qaynanası və keçmiş həyat yoldaşı tərəfindən hər hansı maddi yardımın edilməsini istisna edir. Onsuz ki, iş materiallarına əlavə edilmiş icra şöbəsinin arayışından da görünür ki, keçmiş həyat yoldaşı tərəfindən iddiaçıya hər bir uşağa 20 manat olmaqla hər ay 40 manat məbləğində aliment ödənilir. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Əmək və X7 Nazirliyinin iddiaçıya ünvanlı sosial yardımın təyin olunmasından imtina qərarı ləğv edilərək, iddiaçıya müraciət etdiyi xx xxx 2018-ci il tarixindən ünvanlı sosial yardımın təyin olunaraq məbləğin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. İddiaçı ödədiyi 10 (on) manat dövlət rüsumunu tələb etmədiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddia təmin edilir. Cavabdeh Əmək və X7 Nazirliyinin İddiaçı ünvanlı sosial yardımın təyin olunmasından imtina qərarı ləğv edilir. Cavabdeh Əmək və X7 Nazirliyinin üzərinə İddiaçı müraciət etdiyi xx xxx 2018-ci il tarixindən ünvanlı sosial yardımın təyin olunaraq məbləğin birdəfəlik ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar