Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-752/2023 07.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “qanuni istifadəsində və sahibliyində olan ünvan 1 ünvanında yerləşən mənzilin öz adına özəlləşdirilməsi və həmin mənzilin mülkiyyət hüququ əsasında adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, qanuni istifadəsində və sahibliyində olan ünvan 1 ünvanında yerləşən mənzilin öz adına özəlləşdirilməsi və həmin mənzilin mülkiyyət hüququ əsasında adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X4 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçının həyat yoldaşı X5 05 aprel 1994-cü ildə şəhid olmuşdur. Yevlax şəhər İcra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli Sərəncamı əsasında iddiaçının ailə üzvlərinə Yevlax şəhəri C.Mustafayev küçəsi 106 saylı evin 8 saylı mənzilində (1-ci girişdə 3-cü mərtəbədə) 2 (iki) otaqdan ibarət, ümumi sahəsi 70,14kv.m, yaşayış sahəsi 38,4 kv.m olan mənzil daimi yaşamaq hüququ verən 01 noyabr 2010-cu il tarixli 63 nömrəli order verilmişdir. Hazırda mənzili özəlləşdirmək məqsədi ilə aidiyyəti üzrə cavabdeh inzibati orqana - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubuna əsasən tələbi təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********89 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, mənzilə dair orderin surətindən göründüyü kimi, həmin 63 nömrəli order iddiaçıya xx.xx.2010-ci il tarixində Yevlax şəhər İcra Hakimiyəti Başçısının xx.xx.2010-ci il tarixli, 126 nömrəli sərəncamı əsasında verilmişdir. xx.xx.2009-cu il tarixində qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsində yaşayış mənzilinə order verilməsi isə nəzərdə tutulmamışdır. Hesab edirik ki, iddia tələbi əsassızdır, hər hansı mötəbər sübutlara əsaslanmır. Ona görə də hörmətli məhkəmədən iddia tələbinin rədd olunması barədə qərarın çıxarılmasını xahiş edirik. Tərəflərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Aşağıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli **********52 nömrəli imtina məktubundan müəyyən olunur ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət etmişdir. Yevlax şəhəri C.Mustafayev küçəsi 106 nömrəli binanın 08 nömrəli mənzilinə dair tərtib edilmiş xx.xx.2010-cu il tarixli 63 nömrəli orderin təsdiq olunmuş surətindən görünür ki, order İH başçısının xx.xx.2010-cu il tarixli 126 nömrəli sərəncamı əsasında verilmişdir. Orderdə ailə tərkibi 2 nəfərdən ibarət olaraq göstərilmiş, order İddiaçı və X2 verilmişdir. Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı və X4 həmin ünvanda qeydiyyatdadır. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2 və 10.2.1-ci maddələrinə müvafiq olaraq qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsində nəzərdə tutulurdu ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Göründüyü kimi, qanunverici daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsası kimi, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderini və ya mənzil kirayəsi müqaviləsini göstərmişdir. Hazırkı işdə isə, sözügedən mənzilin iddiaçıya 2010-cu il tarixdə verilmiş müvafiq sərəncamla verildiyi müəyyən edilir. Bu isə onu deməyə əsas verir ki, həmin mənzil iddiaçıya əvvəllər hər hansı hüquq müəyyənedici sənəd əsasında verilməmişdir. Mənzilin iddiaçıya ayrılmasını təsdiq edən yeganə sənəd Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 126 nömrəli sərəncamı və onun əsasında verilmiş 63 nömrəli xx.xx.2010-cu il tarixli orderdir ki, həmin sənədlər də Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra verildiyindən iddiaçının tələb hüququnun əsası kimi çıxış edə bilməzlər. Eyni zamanda həmin sərəncamda mənzillərin şəxslərin mülkiyyətinə verilməsi barədə göstəriş olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-606/2020 saylı xx.xx.2020-ci il tarixli və 2-1(102)-636/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarlarında təsbit olunmuş hüquqi mövqeyə əsasən orderin verildiyi tarixlə bərabər iddiaçıların həmin mənzillərdə faktiki yaşamağa başlamaları da araşdırılmalıdır. Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 126 nömrəli Sərəncamından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Yevlax şəhərində inşa edlmiş 36 mənzilli binanın tikintisi 2009-cu ilin dekabr ayında başa çatmışdır. Hazırkı iş üzrə order 1 oktyabr 2009-cu il tarixdən sonra verildiyi üçün qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. 1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Yekun müddəalarına əsasən: 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. Məcəllənin qeyd olunan normalarından göründüyü kimi, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunu vətəndaşlara 1 oktyabr 2009-cu il tarixdən sonra verilən dövlət mənzil fondunun yaşayış sahələrinə münasibətdə şamil olunmur. Belə yaşayış sahələrinin özəlləşdirilməsi yalnız qanunla nəzərdə tutulduğu hallarda mümkün ola bilər. Bu baxımdan, konkret halda, iddiaçının “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1, 5 və 8-ci maddələrinə əsaslanaraq ünvan rayon icra hakimiyyətinin qeyd olunan sərəncamı (sərəncamları) əsasında özəlləşdirmək hüququ yoxdur. Belə ki, Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra verilmiş order yuxarıda adı çəkilən qanunda hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas kimi müəyyən edilməmişdir. Bundan əlavə, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxs deyildir. Yəni, iddiaçının 01 oktyabr 2009-cu il tarixədək belə hüququ olmamış, verilmiş order isə ona buna hüququ yaratmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmçinin xüsusilə qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına və onların ailə üzvlərinə ayrılmış mənzillərin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanına əsasən müəyyən edilmişdir ki, 1.1. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 avqust tarixli 2871 nömrəli Sərəncamının 1.1-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının “X3” adı verilmiş şəxslərə, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ayrılmış mənzillər (bundan sonra – mənzillər) əvəzsiz olaraq həmin mənzilin ayrıldığı şəxslərin mülkiyyətinə verilməklə özəlləşdirilir; 1.2. mənzillərin özəlləşdirilməsi bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan şəxslərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciəti əsasında bu Fərmanın 4.1-ci bəndi nəzərə alınmaqla həyata keçirilir. Fərmanın 4.1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 avqust tarixli 2871 nömrəli Sərəncamına uyğun olaraq mənzil ayrılmış şəxslərin siyahısını (hər bir şəxsə ayrılmış mənzilə dair məlumatlar dəqiq göstərilməklə) və mənzilin ayrılmasına dair müvafiq təsdiqedici sənədin surətini bir ay müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etmək həvalə edilmişdir. Qanunvericiliklə görülən tədbirlər, məhz əhalinin bu qrupunun sosial müdafiəsinə yönəlmiş, mənzillərin onların mülkiyyətinə verilməsi anlamını ifadə etməmişdir. Belə olan halda, qeyd olunan məsələnin tənzimlənməsi zərurəti yaranmaz, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə “X3” adı verilmiş şəxslərə, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ayrılmış mənzillərin əvəzsiz olaraq həmin mənzilin ayrıldığı şəxslərin mülkiyyətinə verilməklə özəlləşdirilməsi mexanizmi müəyyən edilməz, mənzilləri özəllşdirmək hüququna malik olan şəxslərin qəti dairəsi təsbit edilməzdi. Beləliklə, iş materiallarına istinad etməklə məhkəmə iddia tələbinin əsassız olması qənaətinə gəlir. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin mənzilin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “qanuni istifadəsində və sahibliyində olan ünvan 1 ünvanında yerləşən mənzilin öz adına özəlləşdirilməsi və həmin mənzilin mülkiyyət hüququ əsasında adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə.
Məhkəmə qərarları › İş №2-1(116)-752/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-752/2023
07.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver