Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-752/2024 05.03.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayonu Zarağan Bələdiyyəsinin 03 dekabr 2006-cı il tarixli, 14 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə iddiaçıya Zarağan kəndinin ərazisində bələdiyyənin perspektiv inkişaf fonduna məxsus torpaqlardan verilmiş 0.10 ha həyətyanı topaq sahəsinə dair mülkiyyət hüququ barədə sənədlərin (mülkiyyət hüququna dair) hüquqların dövlət qeydiyytı haqqında çıxarışın, plan ölçünün sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Qəbələ rayonu Zarağan Bələdiyyəsinin 03 dekabr 2006-cı il tarixli, 14 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə iddiaçıya Zarağan kəndinin ərazisində bələdiyyənin perspektiv inkişaf fonduna məxsus torpaqlardan verilmiş 0.10 ha həyətyanı topaq sahəsinə dair mülkiyyət hüququ barədə sənədlərin (mülkiyyət hüququna dair) hüquqların dövlət qeydiyytı haqqında çıxarışın, plan ölçünün sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-3151/2023 nömrəli qərardadı ilə Qəbələ rayonu Zarağan Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Qəbələ rayonu Zarağan kənd bələdiyyəsinin 03 dekabr 2006-cı il tarixli 14 saylı qərarı ilə ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə ona Zarağan kəndinin ərazisində bələdiyyənin prespetıv inkişaf fonduna məxsus torpaqlardan 0.10 həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin adı çəkilən bələdiyyə ilə aralarındakı alqı-satqısına dair akt tərtib olunmuş və həmin dövrdə fəaliyyətdə olan DT və XK Qəbələ rayon şöbəsi tərəfindən torpaq sahəsinə planı tərtib edilmiş və rəyi hazırlanmışdır. Həmin torpaq sahəsinə dair mülkiyyət sənədini almaq məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 09 Ərazi idarəsinə xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Lakın xx.xx.2020-cı il tarixi cavab məktubu ilə tələbim təmin olunmamış və imtina verilmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, İddiaçı müraciəti əsasında faktiki torpaq sahəsində Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazası ilə müqayisə olunduqda məlum olmuşdur ki, faktiki istifadəsində olan torpaq sahəsinin yerləşdiyi ərazi mövcud elektron baza məlumatlarında kənd təsərrüfatı təyinatlı kolluq ərazidə yerləşir. Eyni zamanda bildirmək istəyirik ki, torpaq sahəsinin sərhəddindən yüksək gərginlikli 10 kv-luq elektrik xətti keçir, eyni zamanda həmin torpaq sahəsinin 0.03 ha hissəsi isə yüksək gərginlikli (10000 kv) elektrik xəttinin qorunma zolağına düşür. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. İddiaçının təqdim etdiyi xx.xx.2006-ci il tarixli ödəniş qəbzindən görünür ki, 360 manat məbləğində torpağın dəyəri Qəbələ rayonu Zarağan Bələdiyyəsinin hesabına ödənilmişdir.
3. Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, qarşı “Qəbələ rayonu Zarağan bələdiyyəsinin 03 dekabr 2006-cı il tarixli 14 saylı qərarı ilə İddiaçı Qəbələ rayonu Zarağan bələdiyyəsi ərazisindən 1000 kv.m torpaq sahəsi ayrılmış, iddiaçı 360 manat bələdiyyənin hesabına ödəmişdir.
4. A seriyalı 007907 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, İddiaçı həyətyanı məqsədi ilə 1000 kv.m torpaq sahəsi ayrılmış, X5 kitabında xx.xx.2007-ci il tarixli 81 nömrə ilə uçota alınmışdır.
5. DTXK-nın Qəbələ rayon şöbəsinin xx.xx.2011-cı il tarixli 424 nömrəli rəyindən görünür ki, Şöbə torpaq sahəsinin satılmasına etiraz etməmişdir.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-948/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçı Qəbələ rayonu Zarağan Bələdiyyəsinin 03 dekabr 2006-cı il tarixli, 14 saylı qərarı ilə ayrılmış, A№097907 **********0004nömrəli plan ölçü sənədində göstərilmiş 0,10 hektar torpaq sahəsinə əsasən İddiaçı faktiki istifadəsində olan 0,1138 hektar torpaq sahəsi Qəbələ rayonu Zarağan kəndində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə (DVG) əsasən kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar olmaqla uqodiyası kolluq olan bələdiyyə mülkiyyətinə, yeni tərtib olunmuş X2 X3 (TEKUİS) əsasən Qəbələ rayonu Zarağan kənd inzibati ərazi dairəsi sərhədləri daxilində kateqoriyası yaşayış məntəqələrinin torpaqları olmaqla uqodiyası çoxillik əkmələr olan bələdiyyə mülkiyyətinə aid ərazidə yerləşir. Torpaq sahəsinin koordinatları və yerləşmə vəziyyəti yerquruluşu planlarında göstərilmişdir Faktiki istifadə olunan torpaq sahəsi Qəbələ rayonu Zarağan Bələdiyyəsinin 03 dekabr 2006-cı il tarixli, 14 saylı qərarı ilə ayrılmış, A№097907 **********0004 nömrəli plan ölçü sənədində göstərilmiş 0,10 hektar torpaq sahəsi ilə üstüstə düşmür. Faktiki istifadə olunan torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür.İddia olunan torpaq sahəsi ilə qonşu olan torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmamışdır.Faktiki istifadə olunan torpaq sahəsinin 0,015 hektar (150 kv.m) hissəsi ərazidən keçən elektrik xəttinin (UnKv 10) qoruma zolağına düşür. Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Qəbələ rayonu Zarağan Bələdiyyəsinin 03 dekabr 2006-cı il tarixli, 14 saylı ilə İddiaçı Qəbələ rayonu Zarağan bələdiyyəsi ərazisindən 1000 kv.m torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması barədə qərar, torpaq sahəsinin sxemi ilə də təsdiq edilir. İddiaçı tərəfindən torpağın dəyəri xx.xx.2006-ci il tarixli qəbzə əsasən Qəbələ rayonu Zarağan bələdiyyəsinin hesabına ödənilmişdir. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdehin iddiaya qarşı dəlili – torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı ərazi kimi qeyd olunması ilə bağlıdır.Lakin, məhkəmə həmin dəlilləri əsassız hesab edir. Məhkəmə etirazın dəlilinə münasibətdə qeyd edir ki,təqdim olunan rəydən göründüyü kimi iddia olunan topraq sahəsi yeni tərtib olunmuş X2 X3 (TEKUİS) əsasən Qəbələ rayonu Zarağan kənd inzibati ərazi dairəsi sərhədləri daxilində kateqoriyası yaşayış məntəqələrinin torpaqları olmaqla uqodiyası çoxillik əkmələr olan bələdiyyə mülkiyyətinə aid ərazidə yerləşir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alğı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Qəbələ rayonu Zarağan Bələdiyyəsinin 03 dekabr 2006-cı il tarixli 14 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə iddiaçıya ayrılmış 0,10 ha həyətyanı topaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə