Məhkəmə qərarları › İş №2-1(116)-752/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-752/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-752/2025 22.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında yaşayan, orta təhsilli, işləməyən) iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Mingəçevir şəhəri, döngə 4, ev 8) cavabdeh – Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (yerləşdiyi yer: Bakı şəhəri, Nazim Hikmət küçəsi 27) qarşı «əlilliyin təyin edilməsi» iddia tələbi üzrə işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı 1998-ci il təvəllüdlüdür, 2020-ci ilin sentyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsi tərəfindən qismən səfərbərlik üzrə xidmətə çağırılmış və 29 sentyabr 2020-ci il tarixdən 5 dekabr 2020-ci il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət etmişdir. Hərbi hissənin tərkibində həmin dövrdə Ağdam istiqamətində gedən döyüşlərdə mərmi partlaması nəticəsində yaralanmış və müvafiq tibb müəssisəsinə (hospitala) yerləşdirilmişdir. Bundan sonra müvafiq tibb müəssisələrində dəfələrlə müayinə və müalicədə olmuşdur. İddiaçının əlilliyinin müəyyən olunması ilə əlaqədar aidiyyəti tibb müəssisəsi vasitəsilə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət olunmuş, lakin cavabdeh “diaqnoz öz təsdiqini tapmır” səbəbini göstərməklə ona əlillik təyinatından imtina etmişdir. İddiaçı cavabdehin imtinasını mübahisələndirərək, ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək Gəncə İnzibati Məhkəməsində iddia qaldırmışdır. Gəncə İnzibati Məhkəməsinin 29 may 2024-cü il tarixli qərardadı ilə iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı hesab edir ki (iddia ərizəsinə əsasən), cavabdeh ona əlillik təyinatından imtina etməkdə haqlı olmamışdır. Dəfələrlə müayinə və müalicədə olsa da, psixi vəziyyətində yaxşılaşma olmamışdır. Onda baş ağrıları, halsızlıq, yuxusuzluq, gərginlik, yaddaş zəifliyi, əsəbilik və aqressivlik yaranır. Əhval ruhiyyəsi dəyişkəndir. İddiaçı cavabdehin imtinasını mübahisələndirir. Cavabdeh inzibati orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya etiraz edir və bildirir ki (iddiaya qarşı yazılı etirazı ilə), iddiaçının sağlamlıq vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinə keçirilərək Mingəçevir PND-nin 5 fevral 2024-cü il tarixli göndərişi əsasında baxılmışdır. Göndərişə əsasən diaqnoz – “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Əhvalın üzvi mənşəli affektiv pozuntusu. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Partlayış travması. Təpənin sağ yarısının kor qəlpə yaralanması”. Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi – Diaqnoz öz təsdiqini tapmır. Səbəb: Diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. İddiaçının orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində 4 avqust 2023cü il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçıya orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, iddiaçıya MN MHHK tərəfindən 5 iyul 2023-cü il tarixli 6975 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv forma) pozuntu psixotik əlamətlərlə. Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Partlayış travması (9 oktyabr 2020-ci il) sağ təpə nahiyəsinin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. “Burun arakəsməsinin əyriliyi burun tənəffüsünün cüzi dərəcədə pozulması ilə 36, 46-cı dişlərin ikincili adentiyası” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Gəncə Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 11412299 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu. Qayıdan depressiv pozğunluq, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod” kimi müəyyənləşdirilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023xx.xx.2023-cü il tarixli 13952/23 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, özünə xəsarət hərəkətləri ilə” kimi müəyyənləşdirilmişdir. Respublika Psixiatriya Xəstəxanasının Həkim Psixiatr Komissiyasının 4 dekabr 2023-cü il tarixli 2786 nömrəli tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, özünə xəsarət hərəkətləri ilə” kimi müəyyənləşdirilmişdir (təyin edilmiş diaqnoz 1 il müddətinə qüvvədədir). Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli 11882739 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Əsəbiliyini təpə nahiyəsində qəlpə ilə əlaqələndirmiş, bu səbəbdən özünə qəsd etdiyini bildirmişdir. Lakin baş-beyin KT müayinəsinin nəticəsinə əsasən qəlpə beyin toxumasına sirayət etməmiş, dərialtı yerləşmişdir. Hər iki saiddə 3 – 4 ədəd səthi kəsik izləri müşahidə edilmişdir. SX ******* nömrəli hərbi biletin 22-ci səhifəsindəki qeydlərə əsasən 2017-ci ildə intizam qaydalarını pozduğuna görə 10 ay saxlanma cəzasına məhkum edildiyi məlum olmuş, buna əsasən davranış davranış tərzinin müharibədən öncəki dövrdə də olduğu anlaşılmışdır. Komissiya üzvlərinə “ya qəlpəni çıxarın, ya da əlillik verin” deyə səslənmiş, əks təqdirdə Prezident Aparatına şikayət edəcəyini bildirməklə təhdid etmişdir. Müayinə zamanı məqsədli olmuş, mühakiməsi qorunmuş, bələdliyi tam saxlanılmışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi emosional davamsız tip şəxsiyyət pozuntusu, aqrovasiya elementləri” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə «Əlilliyin müəyyən olunması meyarları»na uyğun olaraq diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Göstərilənlərə və Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 və 12 nömrəli qərarlarına əsaslanaraq, iddianın təmin olunmaması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi. . Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın müddəalarına görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir (1.1), Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir (1.2). Cavabdeh tərəfindən iddiaçının əlilliyinin təyin olunması ilə bağlı müvafiq müəssisəsi vasitəsilə daxil olmuş müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Mingəçevir şəhəri Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarına əsasən iddiaçının yaşayış yeri Mingəçevir ərazi vahidi, Mingəçevir şəhəri, döngə 4, ev 8-dir. Məhkəmə qeyd edir ki, inzibati orqana qarşı hazırkı mübahisə üzrə iddia tələbi “məcburetmə haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdehin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı əlillik təyinatından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə «Əlilliyin müəyyən olunması meyarları» təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının 1-ci hissəsi ləğv edilmişdir. Qərarla təsdiq edilmiş həmin Meyarların 1.2-ci bəndinə görə bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. Həmin Meyarların 7-ci “Psixi və davranış pozuntuları” bölməsinin F07.0 kodu altında üzvi mənşəli şəxsiyyət pozuntusu xəstəliyi aşağıdakı qiymətləndirmələr üzrə əlilliyin dərəcəsinin 2 il müddətinə təyininə əsas verir: - (7.6.2.1) əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) – orqanizmin funksiyalarının 35 – 60 % pozulması; - (7.6.2.2) məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti – orqanizmin funksiyalarının 65 – 80 % pozulması. Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Qaydanın 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən tibbi-sosial ekspert komissiyasının qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Məhkəmənin 12 avqust 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi Səhiyyə Nazirliyinin “Məhkəmə-X2” publik hüquqi şəxsin ekspertlərinə həvalə edilmişdir: 1) İddiaçı barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndəriş tam doldurulmuşdurmu? göndərişdən müalicələrin qısa müddətli olması, adıçəkilən şəxsin ətraflı müalicə olunmaması, ixtisaslaşmış müayinə, müalicənin davam etdirilməməsi halları müəyyən edilirmi? 2) İddiaçının barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndərişdə əks olunan xəstəliklər (qüsurlar) onun müayinəsi zamanı təsdiqini tapırmı? 3) İddiaçının müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar aşkar olunur? Bu xəstəlik və qüsurlar müalicə ilə aradan qaldırıla biləndirmi? 4) İddiaçının müayinəsi zamanı sağlamlıq vəziyyətinə görə əlavə müalicəyə ehtiyacının olması müəyyən edilirmi? 5) İddiaçıya qoyulmuş diaqnozun Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 6975 nömrəli şəhadətnamədə göstərilən “Kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv forma) pozuntu, psixotik əlamətlərlə. Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Partlayış travması (xx.xx.2020), sağ təpə nahiyəsinin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı” diaqnozu ilə səbəbli əlaqəsi varmı? Məhkəmənin 12 avqust 2024-cü il tarixli qərardadının icrası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X2” publik hüquqi şəxsinin 19 noyabr 2024cü il tarixli məktubu ilə 2656 nömrəli 13 sentyabr 2024-cü il tarixli ekspert rəyi məhkəməyə təqdim olunmuşdur. Rəydə aşağıdakılar göstərilmişdir: - (Motivləşdirici hissə) Yoxlanılan şəxs İddiaçı “Üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” (F07.0) aşkar edilir. Bunu anemnestik məlumatlar – döyüşlərdə kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Ucar Rayon Mərkəzi Xəstəxanasında “alın təpə nahiyəsinin kor qəlpə yarası” diaqnozu ilə stasionar müəlicədə olması, Respublika Psixiatriya Xəstəxanasında “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travmasının) affektiv depressiv forma pozuntusu” diaqnozu ilə müalicədə olması, X1 “əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu diaqnozu ilə stasionar müalicə olması, Respublika Psixiatriya Xəstəxanasında “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travmasının nəticəsində) şəxsiyyət pozuntusu. Depressiv epizodlar. Özünə xəsarət hərəkətləri ilə” diaqnozu ilə stasionar müalicədə olması, Respublika Psixiatriya Xəstəxanasında “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travmasının nəticəsində) şəxsiyyət pozuntusu. Depressiv epizodlar. Özünə xəsarət hərəkətləri ilə” diaqnozu ilə stasionar müalicədə olması və hal-hazırkı psixiatrik müayinənin nəticələri (təfəkkürünün bir qədər ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s. sübut edir. - (1-ci sual üzrə cavab) Bu sualı cavablandırmaq məhkəmə psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil. - (2-ci sual üzrə cavab) Yoxlanılan şəxs İddiaçı barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndərişdə əks olunan xəstəliklər (qüsurlar) onun müayinəsi zamanı təsdiqini tapır. - (3-cü sual üzrə cavab) Yoxlanılan şəxs İddiaçı hal-hazırda üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla aşkar olunur. - (4-cü sual üzrə cavab) Yoxlanılan şəxs İddiaçı qeyd olunan pozuntunun dinamik müşahidəsi, müalicəsi və ehtiyac olarsa korreksiyası məqsədilə yaşadığı ərazi üzrə psixiatra müraciəti tövsiyə olunur. - (5-ci sual üzrə cavab) Yoxlanılan şəxs İddiaçı müəyyən edilən pozuntunun Müdafiə Nazirliyi MHHK tərəfindən verilən 5 iyul 2023-cü il tarixli 6975 nömrəli şəhadətnamədə göstərilən “kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv forma) pozuntu, psixotik əlamətlərlə. Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Partlayış travması (xx.xx.2020), sağ təpə nahiyəsinin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı” nəticəsində yaranması inkar edilmir. Məhkəmə icraatında məhkəmə-psixiatrik ekspertizasının keçirilməsi barədə məhkəmə qərardadının icrası üzrə aidiyyəti səlahiyyətli qurum tərəfindən verilmiş 2656 nömrəli 13 sentyabr 2024-cü il tarixli ekspert rəyindən aydın olur ki, İddiaçı barəsində müvafiq tibb müəssisəsinin tərtib etdiyi göndərişdə əks olunan xəstəliklər (qüsurlar) onun müayinəsi zamanı təsdiqini tapır. Hansı ki, həmin göndərişdə və alınmış ekspert rəyində İddiaçı müayinəsi zamanı onda “Üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” (F07.0) aşkar edildiyi göstərilmişdir. Ekspert rəyində həmçinin vurğulanmışdır ki, onun MN MHHK tərəfindən şəhadətləndirilməsi zamanı müvafiq xəstəliklərin (qüsurların) partlayış travması zamanı yaranması təkzib olunmur. Məhkəmə işdə olan sənədlərə və mövcud qanunvericiliyin müddəalarına əsasən mübahisəyə qiymət verərək, cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmır. Belə ki, İPM-in 14.3-cü maddəsinə (ikinci cümləsi) əsasən sübutetmə yükü daşıyan cavabdeh inzibati orqan hazırkı məhkəmə icraatında imtinasını formal şəkildə xüsusatlarla əsaslandırmış, iddiaçının müayinəsi zamanı konkret hansı instrumental müayinə metodlarından istifadə olunduğunu bildirməmiş, sadəcə “diaqnoz əlillik təyin etmir” səbəbi göstərməklə kifayətlənmişdir. Məhkəmə həmçinin diqqətə çəkir ki, «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın müddəaları Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyi müəyyən edilən şəxsi əyani müayinəyə cəlb etməsini əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların təqdim edilməsi ilə şərtləndirir. Halbuki, hazırkı icraatda belə əsaslı şübhə qismində cavabdeh heç bir xüsusat təqdim etmir. Bundan başqa, İddiaçı barəsində tibbi göndərişi tərtib etmiş müvafiq tibb müəssisəsi kimi Mingəçevir Şəhər Psixo-Nevroloji Dispanserindən məhkəmənin sorğusu əsasında alınmış 703 nömrəli 17 dekabr 2024-cü il tarixli məktubdan aydın olur ki, İddiaçı müayinəsi zamanı onda əmək qabiliyyətinin nəzərə çarpacaq dərəcədə azalmasına, ətrafdakılara tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq, bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) aşkar olunmuşdur. Hansı ki, məhkəmə icraatında sübutetmə yükü daşıyan cavabdeh inzibati orqan bu dəlili təkzib edəcək heç bir tutarlı sübut və ya arqumet gətirməmişdir. Cavabdehin imtinasını əsaslandırmaq üzrə təqdim etdiyi dəlillər (xəstənin müayinəsi zamanı baş ağrısından, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənməsi, əsəbiliyini təpə nahiyəsində qəlpə ilə əlaqələndirməsi, bu səbəbdən özünə qəsd etdiyini bildirməsi, lakin baş-beyin KT müayinəsinin nəticəsinə əsasən qəlpə beyin toxumasına sirayət etməməsi, dərialtı yerləşməsi, hər iki saiddə 3 – 4 ədəd səthi kəsik izləri müşahidə edilməsi) formal mülahizələrə söykənən hallardır və əlilliyin təyinatına dolayısı ilə təsir edən faktorlardır. Eləcə də onun 2017-ci ildə intizam qaydalarını pozduğuna görə 10 ay saxlanma cəzasına məhkum edilməsi, komissiya üzvlərinə “ya qəlpəni çıxarın, ya da əlillik verin”, əks təqdirdə yuxarı instansiya təşkilatlara şikayət edəcəyini söyləməsi ona münasibətdə hər hansı xəstəliyin mövcudluğuna güclü təsir etmir. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əsassız olaraq İddiaçı müvafiq əlillik təyinatından imtina etmişdir. Halbuki, iddiaçıda olan xəstəlik qüvvədə olan normativ hüquqi aktların tələblərinə görə «Əlilliyin müəyyən olunması meyarları»nın 7-ci bölməsində F-07.0 kodu altında nəzərdə tutulmuşdur, Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının əlillik dərəcəsi (orqanizmin funksiyalarının 35 – 60 % pozulması ilə) müəyyən edilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə İPM-in 52, 68-ci maddələrinin də tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli və İddiaçı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar