Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-753/2021 03.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məftunə Nur İlham qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsi) "müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsi) "müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: O, 1990-cı ildə sovet ordusu sıralarına hərbi xidmətə çağırılıb. Lakin, 1992-ci ildə SSRİ adlı ölkə dağıldıqdan və təxminən bir il altı ay sovet ordusu sıralarında hərbi xidmətdə olduqdan sonra onu ordudan təxris etmişlər. 18 noyabr 1993-cü ildə səfərbərliklə əlaqədar Göyçay rayon hərbi komissarlığı tərəfindən Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarına çağırılmış və N saylı hərbi hissədə xidmətə göndərilmişdir. Lakin həmin vaxt hərbi hissədə müəyyən qarışıqlıq olduğundan onunla yanaşı bir neçə əsgəri müvəqqəti olaraq evə buraxmışlar. Az müddət sonra isə yenidən həmin N saylı hərbi hissəyə qayıdaraq xidmətini davam etdirmişdir. 1994-cü ilin 14 yanvar tarixində Fizuli rayonunu erməni işğalçılarından müdafiə edərkən düşmən tərəfdən atılan BMP mərmisi ilə belin sol yarısında qəlpə yarası aldığından, N saylı hərbi hissəyə daxil olmuş və ona ilk tibbi yardım göstərildikdən sonra, elə həmin gün, yəni 14.01.1994-cü ildə 242 saylı hərbi hospitala təxliyyə olunmuşdur. Həmin hərbi hissədə N fevral 1994-cü il tarixədək (bir ay) müalicə aldıqdan sonra onu müalicəsini davam etdirmək üçün həmin gün, yəni 14.02.1994-cü ildə Göyçay rayon Mərkəzi Xəstəxanasına göndərdiklərindən 14.02.1994cü ildən 22.02.1994-cü il tarixədək, 26.03.1994-cü ildən 02.04.1994-cü il tarixlərdə “Bel nahiyyəsini dəlib keçən qəlpə yaraları və apses” diaqnozu ilə müalicə almışdır. “Qarabağ müharibəsi veteranı adının və veteran vəsiqəsinin verilməsi barədə” Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin aparatının nəzdnində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya ərizə ilə müraciət etsə də, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. 18 noyabr 1993-cü ildə səfərbərliklə əlaqədar Göyçay rayon hərbi komissarlığı tərəfindən Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarına çağırılmış və N saylı hərbi hissədə xidmətə göndərilsə də, döyüşlərdə yaralandığına görə xidmət etdiyi hərbi hissədən digər hərbi hospitallara göndərilərək müalicə alsa da, nədənsə bu barədə həmin vaxt onun hərbi biletinə heç nə yazılmayıb. Onun hərbi bileti SHÇXDX-nin Göyçay rayon şöbəsinin sorğusu əsasında N saylı hərbi hissədən göndərilmişdir. Amma hərbi biletində nəinki keçdiyi xidmət yolu barədə, heç xidmətə səfərbər edilməyi və Göyçay Hərbi Komissarlıq tərəfindən N saylı hərbi hissəyə göndərilməyi barədə də heç nə yazılmayıb. Göstərilənlər nəzərə alaraq “Müharibə veteranı” adının və veteran vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı 08.05.2021-ci il tarixli etirazında iddia tələbinə etiraz etdiyini bildirmiş və etirazını aşağıdakı kimi əsaslandırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxşi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanların təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında "Müharibə veteranı” adı verilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 №-li qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı», və «Əmək veteranı» adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə olunmuş qeydində göstərilib ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatların aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Araşdırmanın nəticəsində müəyyən olundu ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 04 yanvar 2021-ci il tarixli 9/2-18 nömrəli arayışına əsasən İddiaçı barəsində N nömrəli hərbi hissədə aprel 1994-cü il tarixdən sonra hərbi xidməti barədə təsdiq edən sənədlər aşkar edilməmişdir. Həmçinin, iddiaçının döyüş əməliyyatları aparılan zaman qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından ona “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İstinad olunan imtina məktubundan da göründüyü kimi iddiaçının şəxsi heyətin sıralarından azad olunmağının səbəbləri barədə məlumat olmadığından onun hərbi xidmətini başa vurmasının həqiqliyi iş materialları ilə öz təsdiqini tapmır. İstər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut yoxdur. Buna görə də iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsi verilməsindən inzibati orqan tərəfindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməlliyatları aparan hərbi hissənin tərkibində xidmət etməsinin sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də şəxsin döyüş əməliyyatları aparılan zaman qanuni əsaslarla tərxis olunması da tam sübuta yetirilməlidir. İddiaçının döyüş əməliyyatları aparan zaman xidməti və qanuni əsaslarla tərxis olunması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Azərbaycan Respublikası Müdafiə Nazirliyi hesab edir ki, hazırki halda iddiaçı ona müharibə veteranı adı verilməsi zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməklə haqlı olmuşdur. Bu səbəbdən də ərizəni əsassız sayaraq komissiya düzgün nəticəyə gəlmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 17.02.2021-ci il tarixli imtina məktubu, - Tərtər Hərbi Prokurorluğunun 06.05.2021-ci il tarixli 22HP2292 nömrəli məktubu, - Füzuli Hərbi Prokurorluğunun 09.06.2021-ci il tarixli 16/2861 nömrəli və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 16.05.2021-ci il tarixli 18/2273 nömrəli məktubları. - Qarabağ Hərbi Prokurorluğunun 16.05.2021-ci il tarixli 18/2273 nömrəli məktubu, - Şəki Şəhər Rayon Polis Şöbəsinin 13.05.2021-ci il tarixli 189-12705-121 nömrəli məktubu və ona əlavə edilmiş tələbnamə, - Müdafiə Nazirliyiinin Arxivinin 23.03.1998-ci il tarixli arxiv arayışı, - SHXÇDX-nin Göyçay Rayon Şöbəsinin 17.05.2021-ci il tarixli 674 nömrəli məktubuna əlavə etdiyi İddiaçı qeydiyyat kartasının surəti, - H3 seriyalı ******* nömrəli hərbi biletin surəti, Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı 30.07.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının təyin edildiyi gün vacib işinin olduğunu bildirmiş, işin başqa vaxta təyin edilməsini və özünün iştirakı ilə keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. İş materiallarında olan, SHXÇDX-nin Göyçay Rayon Bölməsinin 17.05.2021-ci il tarixli 674 nömrəli məktubuna əlavə etdiyi İddiaçı qeydiyyat kartasının surətindən görünür ki, iddiaçı barəsində 15.04.1998-ci il tarixdə Füzuli Qarnizonu Hərbi Prokurorluğu tərəfindən Millli Məclisin 17.10.1997-ci il tarixli amnistiya qərarına əsasən cinayət işi rədd edilmişdir. İş materiallarında olan, H3 seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, hərbi biletdə iddiaçının xidməti barədə heç bir məlumat qeyd olunmamışdır. İş materiallarında olan, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 26/2-679 nömrəli 23.03.1998-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, N saylı hərbi hissədə xidmətdə olan sıravi İddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün komandirin 1 dekabr 1993-cü il tarixli 235 nömrəli əmrilə təminat siyahılarından çıxarılmışdır. Yenidən hərbi hissəyə qayıtmış İddiaçı hərbi əməliyyatlar gedişində yaralandığı üçün 19 yanvar 1994-cü il tarixli 19 nömrəli əmrilə təminat siyahılarından çıxarılaraq hərbi hospitala göndərilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 17.02.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının 02.04.1994-cü tarixdən sonra N nömrəli hərbi hissədə xidməti, müalicədən sonra xidmət yerinə qayıtmağı və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə arxiv sənədlərində məlumat olmadığına görə müraciətin təmin olunmasından imtina edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 16.05.2021-ci il tarixli 18/2273 nömrəli və Füzuli Hərbi Prokurorluğunun 09.06.2021-ci il tarixli 16/2861 nömrəli məktublarından görünür ki, İddiaçı barəsində Füzuli Hərbi Prokurorluğunda 2000-ci ilin sentyabr ayının 01-dək qüvvədə olmuş, Azərbaycan Respublikası CPM-nin 10-cu maddəsinin 4-cü bəndinə əsasən 25.03.1998-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul olunmuşdur. İş materiallarında olan, Şəki Şəhər Rayon Polis Şöbəsinin 13.05.2021-ci il tarixli 189-12705-121 nömrəli məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, İddiaçı barəsində DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan, Tərtər Hərbi Prokurorluğunun 06.05.2021-ci il tarixli 22HP2292 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı barəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə cinayət təqibinin həyata keçirilməsi, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə Tərtər Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmamış və araşdırma aparılmamışdır. İş materiallarında olan, Qarabağ Hərbi Prokurorluğunun 16.05.2021-ci il tarixli 18/2273 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Qarabağ Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qanunvericiliyin tələbindən göründüyü kimi, hərbi bilet şəxsin döyüşlərdə iştirakını sübut edən sənəddir. İddiaçının hərbi biletində döyüşlərdə iştirakını sübut edən heç bir qeyd yoxdur. SHXÇDX-nin Göyçay Rayon Şöbəsi tərəfindən təqdim edilən qeydiyyat kartası ilə müəyyən olunur ki, iddiaçı barəsində 15.04.1998-ci il tarixdə Füzuli Qarnizonu Hərbi Prokurorluğu tərəfindən Millli Məclisin 17.10.1997-ci il tarixli amnistiya qərarına əsasən cinayət işinin başlanması rədd edilmişdir. Müvafiq fakt Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 16.05.2021-ci il tarixli 18/2273 nömrəli və Füzuli Hərbi Prokurorluğunun 09.06.2021-ci il tarixli 16/2861 nömrəli məktubları ilə təsdiq olunur. Azərbaycan Respublikası Milli Məclisinin 17.10.1997-ci il tarixli “amnistiya haqqında” qərarı Dövlət müstəqilliyi günü münasibətilə, Hərbi cinayətlər törətmiş şəxslər barəsində qəbul edilmişdir. Müvafiq qərarın 9-cu bəndində deyilir: bu Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır. İddiaçı barəsində amnistiya aktının tətbiq edilməsi ilə bağlı aparılmış qeydlər onu göstərir ki, müvafiq qərar qanuni qüvvəyə minənədək (dərc olunduğu günədək) iddiaçı barəsində yuxarıda qeyd edilmiş cinayət əməllərinin törədilməsi ilə bağlı araşdırma başlanılmış, lakin amnistiya aktı tətbiq edildiyinə görə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İddia ərizəsinin məzmununda iddiaçı hərbi hissəni tərk etməsini “hərbi hissədə qarışıqlıq olduğundan özünün və bir neçə əsgərin evə buraxılması” ilə izah etsə də, iş materialları ilə müəyyən edilir ki, iddiaçının yol verdiyi əməllərdə cinayət tərkibi olmuş, lakin buna baxmayaraq, Millli Məclis tərəfindən 17.10.1997-ci il tarixdə “Dövlət müstəqilliyi günü münasibətilə” amnistiya qərarı qəbul edildiyindən o, cinayət məsuliyyətinə cəlb edilməmiş və cinayət işinin başlanmasının rədd edilməsi barədə Füzuli Qarnizonu Hərbi Prokurorluğu tərəfindən qərar qəbul edilmişdir. İddia tələbinin əsassız olmasının digər səbəbi iddiaçının qanuni əsaslarla tərxis olunması və şəxsi heyət siyahısından çıxarılmasının iş materialları ilə təsdiq edilməməsi ilə bağlıdır. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (07 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. İş materiallarında olan Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 17.02.2021-ci il tarixli məktubu təsdiq edir ki, iddiaçının N nömrəli hərbi hissədə xidmət zamanı yaralanıb müalicə olduqdan sonrakı (02.04.1994-cü tarixdən) xidməti, müalicədən sonra xidmət yerinə qayıtmağı və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə arxiv sənədlərində məlumat yoxdur. Şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Yəni, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 1996-cı il tarixli, 433 nömrəli Fərmanından sonra başlamışdır. Odur ki, iddiaçının müharibə veteranı statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması şərti sübuta yetirilmir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxs olduğundan, eyni zamanda hərbi hissədən qanuni əsaslarla tərxis olunması və şəxsi heyət siyahısından çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı hərbi hissədən qanuni əsaslarla tərxis edilməsini sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-753/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-753/2021
03.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver