Məhkəmə qərarları › İş №2-1(116)-753/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-753/2023

06.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-753/2023 06.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “JN-116A KOD 40410018 və JN116B KOD 40410018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin koordinatlarının iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə uyğunlaşdırılaraq iddiaçının və X6, Əlibəyova (Seyidova) Ülkər Əli qızı, X4 0.12 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Daşüz Damazlıq-Camışçılıq Sovxozunun xx.xx.1991-ci il tarixli 53 nömrəli Qərarı ev tikmək məqsədilə verilən və xx.xx.1992-ci il tarixli Akt əsasında ayrılıb verilən 0.12 ha torpaq sahəsinə ayrı-ayrılıqda işlənmiş JN-116A KOD 40410018 və JN116B KOD 40410018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin koordinatlarına torpaq sahəsinin mövcud vəziyyətinə uyğun olaraq düzəliş edilməsi və həmin torpaq sahəsinə reyestrdən Çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 06 dekabr 2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “JN-116A KOD 40410018 və JN116B KOD 40410018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin koordinatlarının iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə uyğunlaşdırılaraq iddiaçının və X6, Əlibəyova (Seyidova) Ülkər Əli qızı, X4 0.12 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi.Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddiasının onunla əsaslandırmışdır ki, “Daşüz” damazlıq camışçılıq sovxozunun xx.xx.1991-ci il tarixli 53 nömrəli qərarı ilə ailə vəziyyəti nəzərə alınaraq ev tikmək məqsədilə 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bundan sonra xx.xx.1992-ci il tarixli Akt əsasında aidiyyəti şəxslərin və iddiaçının iştirakı ilə sözügedən qərar əsasında ona ayrılıb verilən 0.12 ha torpaq sahəsi yerində iddiaçıya tanıdılaraq torpağın ölçüsü və sxemi tərtib edilmiş və akt təqdim olunmuşdur. Daha sonra İslahat zamanı iddiaçıya ayrılıb verilən 0.12 ha torpaq sahəsi nəzərə alınaraq iddiaçının istifadəsində olan həmin torpaq sahəsinə Şəki rayon AİK-nın xx.xx.1998-ci il tarixli 58 nömrəli Qərarı ilə ayrı-ayrılıqda 0.05 ha və 0.07 ha olmaqla ümumilikdə 0.12 ha torpaq shaəsi verilmiş, bu torpaq shaələrinə JN-116 KOD 40410018 və JN-116B KOD 40410018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə işlənilmişdir. İddiaçı mübahisə predmenti olan 0.05 ha və 0.07 ha olan ümumilikdə 0.12 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq Çıxarışın verilməsi barədə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin, cavabdeh xx.xx.2022-ci il tarixli **********89 №-li məktubla ərizənin təmin edilməsindən imtina etmişdir. Cavabdeh iddiaya qarşı münasibətində bildirmişdir ki, ərizəçilər tərəfindən təqdim edilmiş 12 dekabr 2022-ci il tarixli, JN-116 KOD 40410018 və JN-116B KOD 40410018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr öz hüquqi qüvvəsini saxladığından həmin şəhadətnamələrin ləğv edilməsi və ya şəhadətnamlərdə hər hansı hüquq müəyyənedici sənəd olmadan düzəliş edilməsi daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan Daşınmaz əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazsi İdarəsinin qanunda nəzərdə tutulmuş sılahiyyətlərinə aid deyil. Sözügedən 0.12 ha torpaq sahəsinin Şəki rayon Daşüz kənd sakinləri İddiaçı, X6, X7, X4 mülkiyyətə verilməsinə dair şəhadətnamələr həmin vətəndaşların faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğun olmasa belə JN-116 KOD 40410018 və JN-116B KOD 40410018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə koordinatları verilmiş torpaq sahələrinə hər hansı bir təsdiqləciyi sənəd olmadan düzəliş edilərək ərizəçilərin faktiki istifadələrində olan hər hansı torpaq sahəsi ümumi birgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarış verilməsi üçün heç bir əsas yoxdur. Yuxarıda qeyd edilən səbəblərər görə iddia tələbinin icrası olunması tərəfimizdən mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir.Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iclasında iddiaçı ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. Daşüz Damazlıq-Camışçılıq Sovxozunun xx.xx.1991-ci il tarixli 53 nömrəli Qərarının surəti;

3. JN-116B KOD 40410018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 58 saylı qərarı 0.07 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.

4. JN-116 KOD 40410018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 58 saylı qərarı 0.05 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.

5. Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki filialının xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş Daşüz Damazlıq-Camışçılıq Sovxozunun xx.xx.1991-ci il tarixli 53 nömrəli Qərarının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı şəxsi mülkiyyətinə ailə vəziyyətini nəzərə alaraq ev tikmək üçün 0.12 ha torpaq sahəsi verilmişdir.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş 1999-cu il tarixli Şəki rayonu Daşüz kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid subyektlər siyasından çıxarışdan görünür ki, İddiaçı və onun ailə üzvlərinin adları qeyd olunmuşdur

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-2299/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçı və qeyrilərinə JN-116 KOD 40410018 və JN-116B KOD 40410018 “Torpağın mülkiyyətə verilməsi haqqında” Şəhadətnamələrdə qeyd edilmiş, torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateroqiyasına adi, TEKUİS məlumat bazasına əsasən uqodiyası-Tikinti altında olan torpaqlar, xüsusi mülkiyyətdə olan ərazi kimi göstərilmişdir. İddiaçının bildirdiyinə görə həmin torpaq sahəsi onun tərəfindən istifadə olunur. JN-116B KOD 40410018 “Torpağın mülkiyyətə verilməsi haqqında” Şəhadətnamədə göstərilən 0.07 ha torpaq sahəsi (DWG) tamamilə fərqli ərazidə yerləşir. Həmin torpaq sahəsinin istifadəçisi elektronuçot məlumatlarında X3 göstərilmişdir. JN-116 KOD 40410018 Torpağın mülkiyyətə verilməsi haqqında” Şəhadətnamədə göstərilən 0.05 ha torpaq sahəsi ilə iddiaçının fatiki istifadəsində olan torpaq sahəsi ilə qismən uyğunluq təşkil edir. Məhkəmə predmenti olan ərazidə yerləşən torpaq sahələri ilə Torpağın mülkiyyətə verilməsi haqqında” Şəhadətnamədə göstərilən torpaq sahələrinin coğrafi yerləşməsi arasında kəskin fərq var. İddiaçının naturada göstərdiyi torpaq sahəsi 2889 kv.m olub döngə nöqtələri, koordinatları, sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateroqiyasına aid, TEKUİS məlumat bazasına əsasən uqodiyası-Tikinti altında olan torpaqlar, xüsusi mülkiyyətdə olan ərazi kimi göstərilmişdir.İddiaçının naturada göstərdiyi 2889 kv.m torpaq sahəsi NECAS (X9) proqramına əsasən başqa şəxslərin torpaq sahəsi ilə üst-üstə düşmür.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə əsasən islahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən torpaq islahatı aparılarkən ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınmasına, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə, ətraf mühitin mühafizəsinin təyin edilməsinə və torpaq islahatının yerquruluşu layihələri əsasında aparılmasına əməl edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdiriləcək torpaqlarında kompleks yerquruluşu layihələrinin hazırlanması “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 21-ci maddələrinin “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinin müddəaları əsas götürülməklə rayon aqrar islahatı komissiyasının təsdiq etdiyi baş sxemə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən bu Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq sovxoz və kolxozların özəlləşdirilən torpaq sahələrindən pay almaq hüququ olan hər bir subyektə düşən torpaq payının ölçüsünü müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 6-cı maddəsinə əsasən Hər bir vətəndaşa (ailəyə) düşən torpaq payını dövlət yerquruluşu xidməti hesablayır və həmin payların bölgüsünü əks etdirən kompleks yerquruluşu layihəsini yerli aqrar islahatı komissiyası ilə razılaşdırmaqla yerli icra hakimiyyəti orqanı. Torpaq payı alan subyektlər arasında bölgü püşkatma yolu ilə həyata keçirilir. Vətəndaşlar torpaq paylarını dəyişdirmək və ya birləşdirmək istədikdə 10 gün müddətində ərizə ilə yerli aqrar islahatı komissiyasına müraciət etməlidirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, Daşüz Damazlıq- Camışçılıq Sovxozunun xx.xx.1991-ci il tarixli 53 nömrəli Qərarı ilə 0.12 ha torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmışdır. Aqrar islahat zamanı JN-116A KOD 40410018 və JN116B KOD 40410018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrə əsasən həmin torpaq sahəsi iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim olunan xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində iddiaçının faktiki istifadəsində olan JN-116B KOD 40410018 “Torpağın mülkiyyətə verilməsi haqqında” Şəhadətnamədə göstərilən 0.07 ha torpaq sahəsi (DWG) tamamilə fərqli ərazidə yerləşdiyi və həmin torpaq sahəsinin koordinatları elektron-uçot məlumatlarında X1 torpaq sahəsi ilə üst-üstə düşdüyü bildirilmişdir. Yuxarıda qeyd olunanlara əsasən müəyyən edilir ki,iddiaçıya sovxozun qərarı ilə ayrılmış torpaq sahəsi torpaq islahatı zamanı onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.Bununla bağlı təqdim olunan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrin koordinatları faktiki istifadə uyğun tərtib edilmədiyindən hazırkı mübahisə yaranmışdır. Qeyd olunanlara əsasən iddia təmin edilməli, JN-116A KOD 40410018 və JN116B KOD 40410018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrin koordinatları faktiki istifadəyə uyğunlaşdırılmaqla Şəhadətnaməyə əsasən iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsi üzərində onların mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İddiaçı ərizə verərək, məhkəmə xərcinin ona aid edilməsini xahiş etdiyi üçün mütəxəssis rəyinin verilməsinə çəkilən xərc ona aid edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə JN-116A KOD 40410018 və JN116B KOD 40410018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrin koordinatlarının iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə uyğunlaşdırılaraq İddiaçı, X6, Əlibəyova (Seyidova) Ülkər Əli qızı və X4 0.12 ha torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar