Məhkəmə qərarları › İş №2-1(116)-755/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-755/2020

21.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-755/2020 21.05.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh Ağdam Rayon Polis İdarəsinə qarşı "əmr kitabçasından çıxarışın alınması" tələbinə dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Ağdam Rayon Polis İdarəsinə qarşı "əmr kitabçasından çıxarışın alınması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, 1993-cü ildə Ağdam Rayon Polis İdarəsində işə daxil olmuş və həmin ildə öz ərizəsilə işdən çıxmışdır. Onun Ağdam Rayon Polis İdarəsində işləməsi barədə həmin vaxt ona İdarə tərəfindən arayış da verilmişdir. Lakin hazırda o, Ağdam Rayon Polis İdarəsinə müraciət edərək İdarədə işləməsi barədə əmr kitabından çıxarış istəsə də, arxivdə onunla bağlı heç bir sənədin mövcud olmaması qeyd olunaraq əmr kitabından çıxarış verilməmişdir. Bu səbəbdən o, müharibə veteranı adı ala bilmir. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. İşdən görünür ki, iddiaçının tələbi 1993-cü ildə Ağdam Rayon Polis İdarəsində işə qəbul edilməsi və işdən azad edilməsi barədə həmin İdarənin əmrlərinin ona verilməsindən ibarətdir. Cavabdeh isə əmrlərin ona verilməsindən imtinasını belə əsaslandırır ki, Daxili İşlər Nazirliyinin arxivinə iddiaçının şəxsi işi təhvil verilməmiş, eyni zamanda, Ağdam Rayon Polis İdarəsinin 1993-cü ilə aid əmr kitabında iddiaçının döyüşlərdə iştirakı ilə bağlı əmr müəyyən edilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi Ağdam Rayon Polis İdarəsi tərəfindən verilmiş arayışda (kiril qrafikalı əlifba ilə) iddiaçının polis kiçik serjantı olması, Ağdam Rayon Polis İdarəsinin Polis Alayında polis nəfəri vəzifəsində işləməsi, torpaqlarımızın azadlığı uğrunda vuruşması qeyd olunsa da, onun işə qəbul edildiyi və işdən azad edildiyi tarixlər göstərilməmiş, eyni zamanda, arayışın verildiyi tarix də aydın deyil. Göründüyü kimi, iddiaçı Ağdam Rayon Polis İdarəsində işləməsini təsdiq edən lazımi sənədləri əldə edə bilmir, Ağdam Rayon Polis İdarəsində belə bir sənəd yoxdur. Belə olan halda, iddiaçının hazırkı iddiasının təmin edilməsi və mövcud olmayan sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması mümkün deyil. Məhkəmə hesab edir ki, iddiaçı Ağdam Rayon Polis İdarəsində işləməsini təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyinə görə, həmin faktın müəyyən edilməsi üçün ərizə ilə ümumi məhkəməyə müraciət etməlidir. Məhkəmənin 26.02.2020-ci il tarixli sərəncamı və eyni tarixli məktubu ilə bu hallar iddiaçıya izah olunsa da, o, bununla bağlı fikirlərini məhkəməyə bildirməmişdir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, sadalanan hallara görə hazırkı iddianın inzibati icraat çərçivəsində həlli yoxdur, bu səbəbdən də iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsində deyilir ki, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Ağdam Rayon Polis İdarəsinə qarşı "əmr kitabçasından çıxarışın alınması" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2iyasına apelyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar