Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-759/2022 26.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "24.01.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0,20 ha həyətyanı torpaq sahəsinin naturadakı vəziyyətinə uyğun "Torpaq sahəsinin planı və ölçüsü"nün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Mingəçevir şəhərində yerləşən 0,20 ha torpaq sahəsinə X5 mülkiyyət hüququ 23.10.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. X9 qeyd olunan 0,20 ha torpaq sahəsini 24.01.2020-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi ilə İddiaçı satmışdır. Həmin torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ 24.01.2020-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. İddiaçı sözügedən 0,20 ha torpaq sahəsinə "Torpaq sahəsinin planı və ölçüsü"nün verilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 03.04.2020-ci il tarixli **********22 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, torpaq sahəsinə yerində baxış keçirilərək elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və məlum olmuşdur ki, torpaq sahəsinin naturada mövcud vəziyyəti ilə elektron baza xəritəsində olan vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Belə ki, elektron baza xəritəsində əks olunan torpaq sahəsi naturada olan torpaq sahəsindən 5700 metr kənarda yerləşir. Odur ki, həmin torpaq sahəsinə "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin verilməsi mümkün deyil. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "24.01.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0,20 ha həyətyanı torpaq sahəsinin naturadakı vəziyyətinə uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, 2020-ci il tarixli çıxarışla mülkiyyətinə verilən torpaq sahəsi uzun müddətdir ki, onun istifadəsində olmuş və həmin tarixdən torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində qeyri-qanuni olaraq həmin torpaq sahəsinə "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin verilməsindən imtina edilir. Cavabdeh iddiaya qarşı 28.01.2022-ci il tarixli **********91 nömrəli etiraz məktubunda imtina məktubunun dəlillərinə istinad etmiş və bildirmişdir ki, sözügedən 0,20 ha torpaq sahəsi Tərəvəzçilik sovxozunun ərazisində yerləşməklə ilk dəfə DT və XK-si tərəfindən verilmiş JN-3465A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə X7 verilmişdir. İdarənin elektron baza məlumatları ilə yoxladıqda, X5 adı elektron adlı siyahıda əks olunmamış, onun adına verilmiş şəhadətnamənin ikinci nüsxəsi arxiv materiallarında aşkar edilməmişdir. DT və XK tərəfindən X7 verilmiş şəhadətnamənin əslinin itməsi ilə bağlı polis idarəsindən müvafiq arayış və "Mingəçevir" qəzetində sənədin itməsi ilə bağlı elan təqdim edilmişdir. Bundan sonra həmin torpaq sahəsi 24.01.2020-ci ildə notarial qaydada İddiaçı adına rəsmiləşdirildikdən sonra, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı şəhərin Sahil küçəsi 102 ünvanında yerləşən faktiki istifadə etdiyi torpaq sahəsinə plan-ölçü sənədinin verilməsini tələb etdiyi üçün, həmin ərazi ilə bağlı Mingəçevir şəhər Su-Kanal İdarəsinin Lil Stansiyasının ərazisinin olmasına dair mübahisə olduğu üçün onun tələbinin müsbət həll olunmasının mümkünsüzlüyü bildirilmişdir. Hər iki torpaq sahəsi yaşayış məntəqəsi torpaqları kateqoriyasına aiddir. Bundan sonra iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə verərək iddia tələbini "24.01.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0,20 ha həyətyanı torpaq sahəsinin naturadakı vəziyyətinə uyğun "Torpaq sahəsinin planı və ölçüsü"nün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" kimi ifadə etmişdir. Məhkəmənin 18.02.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Mingəçevir şəhərində yerləşən 0,20 ha torpaq sahəsinə X5 mülkiyyət hüququ 23.10.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan, AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X9 qeyd olunan 0,20 ha torpaq sahəsini alqı-satqı müqaviləsi ilə İddiaçı satmışdır. - İşdə olan, "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 0,20 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ 24.01.2020-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan, cavabdehin 03.04.2020-ci il tarixli **********22 nömrəli imtina məktubundan görünür ki, torpaq sahəsinə yerində baxış keçirilərək elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və məlum olmuşdur ki, torpaq sahəsinin naturada mövcud vəziyyəti ilə elektron baza xəritəsində olan vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Belə ki, elektron baza xəritəsində əks olunan torpaq sahəsi naturada olan torpaq sahəsindən 5700 metr kənarda yerləşir. Odur ki, həmin torpaq sahəsinə "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin verilməsi mümkün deyil. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsində deyilir ki, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 10-cu maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsində isə deyilir ki, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28.10.2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi"nin 3.1.16-cı bəndinə görə, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələrindən biri daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaqdır. Sadalanan normalardan göründüyü kimi, hüquqların dövlət qeydiyyatının aparılması üçün qeydiyyat orqanına digər sənədlərlə yanaşı "Torpaq sahəsinin planı və ölçüsü" də təqdim edilməlidir. Hazırkı işdə 0,20 ha torpaq sahəsi ilə bağlı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat, "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmədən aparılmışdır. İşdən görünür ki, İddiaçı 0,20 ha torpaq sahəsini X4 almışdır. Torpaq sahəsinə X5 mülkiyyət hüququnu təsdiq edən ilkin sənəd JN-3465A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" olmuşdur. Həmin şəhadətnamədə göstərilmiş 0,20 ha torpaq sahəsi Mingəçevir şəhərində Tərəvəzçilik sovxozunun ərazisində yerləşir. Mingəçevir şəhər prokurorunun müavini ədliyyə müşaviri X3 icraatında olan ********* nömrəli cinayət işinin istintaqı zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin istifadəsində olan elektron xəritə bazasına (DWJ) və torpaq sahələri ayrılan şəxslərin elektron adlı siyahısına (DBF) 04.05.2021-ci ildə baxış keçirmiş və müəyyən etmişdir ki, X5 adına olan 3465 nömrəli şəhadətnamənin baza məlumatları vardır və həmin məlumatlara əsasən, ona ayrılmış 0,20 ha torpaq sahəsi Mingəçevir şəhəri "Uçxoz" qəsəbəsinin ərazisində yerləşir, həmin torpaq sahəsinə ünvanı göstərilməyən çıxarış verilmiş, lakin plan-ölçü sənədi verilməmişdir. Müəyyən edildi ki, İddiaçı həmin torpaq sahəsinə deyil, həmin sahədən 5700 metr aralıda yerləşən, özünün faktiki istifadə etdiyi tamamilə başqa bir torpaq sahəsinə plan və ölçünün tərtib olunmasını istəyir. Bu isə mümkün deyil. Ona görə də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "24.01.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0,20 ha həyətyanı torpaq sahəsinin naturadakı vəziyyətinə uyğun "Torpaq sahəsinin planı və ölçüsü"nün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-759/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-759/2022
26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver