Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-759/2024 10.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar OFP-nın müddətsiz üçüncü dərəcə məhdudlaşması halının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “əlilliyin təyin edilməsi ilə bağlı imtina barədə qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icasında iddiaçı iddia tələbini dəqiqləşdirərək, “xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar OFP-nin müddətsiz üçüncü dərəcə məhdudlaşması halının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı Vətən Müharibəsi (İİ Qarabağ müharibəsi) iştirakçısıdır və müharibə zamanı müxətlif bədən xəsarətləri, güllə yarası və travmalar almışdır. Hazırda, təkcə başında və boynunda Vətən Müharibəsi (İİ Qarabağ müharibəsi) zamanı minaatanın mərmisinin partlayışından aldığı xəsarətlərdən qalma təqribən 10(on) ədəd qəlpə var və onların çıxarılması mümkün deyil. Bundan başqa da bədənində onlarla qəlpə var və onlarla yaşayır. Müharibədən sonra dəfələrlə əlilliyin müəyyən edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, lakin, bu günədək heç bir cavab ala bilməmişdir. Hətta 28 iyul 2023-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab X2 rayonunda vətəndaş qəbulu zamanı qəbulda da olmuşdur. Həmin zaman ona deyilmişdi ki, 1 həftə ərzində onunla əlaqə saxlayacaqlar və əlilliyi ilə bağlı müraciətinə müsbət cavab verəcəklər. Lakin, 1 aya yaxın müddət keçməsinə baxmayaraq, onunla heç kim əlaqə saxlamamış və müraciətinə baxılmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəziyyətini əyani olaraq görmüşdür. Evlidir və 3 övladı var. Övladlarından biri də "onurğa beynində yırtığı" xəstəliyindən əziyyət çəkir, aşağı ətraflarını hiss etmir və hazırda əl arabasındadır. Sonuncu dəfə də müraciəti əsasında araşdırma aparan tibbi-sosial ekspert komissiyası əsassız və qanunsuz olaraq qərarla əlliyin təyin olunmasından imtina etmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na Əlavənin 2.4, 6.3.1 və 13.6-cı maddələrinə əsasən onda olan xəsarətlərin (M-79.5, L-90, G-71) əlilliyin təyin edilməsi üçün əsas olduğu müəyyən olunur. Qeyd olunanlardan da göründüyü kimi, hazırki rəyi qəbul etmiş tibbi-sosial ekspert komissiyası məsələyə formal yanaşmış və qərəzli olaraq ədalətli rəyin verilməsindən yaınmışdır. Cavabdeh inzibati orqan qaydada nəzərdə tutulmayan əsaslarla əlilliyin təyin edilməsindən imtina etmişdir ki, bununla da "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl etməmişdir. Buna görə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması.Sağtərəfli süst hemiparez. Sağ aşağı ətrafın dayaq hərəkət və yeriş funksiyasının pozulması. Sağ budun iç yan qrup əzələlərinin yaralanmasından sonrakı defekti. Əzələlərarası diastaz.Sağ diz oynağının ağrılı sinoviti.Sağ diz oynağının qeyri stabilliyi.Sağ bud çanaq oynağın uzaqlaşdırıcı konturakturası 15 dərəcə. Sağ əlin İV-V barmaqların daraq sümüklərinin əsasının qeyri düzgün bitişmiş sınığı.Əl daraq sümüklərinin çoxsaylı sınıqları Yumşaq toxumalarda qalmış yad cisim. Daimi ağrı sindromu.Üzün boyunun sağ yarısının sağ yuxarı və sağ aşağı ətrafın odlu silah kor qəlpə sol bazunun orta 1/3 nin partlayış və güllə yaralanmasından sonrakı çapıqları."; Mərkəzə göndərilmənin/lmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Bundan əlavə. Zaqatala rayon sakini xx.xx.1989-cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 2636 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə Partlayış travması (xx.xx.2020). Üzün. boynun sağ yarısının, sağ yuxarı və sağ aşağı ətrafın odlu silah kor qəlpə, sol bazunun orta 1/3-nin sürtülüb keçən güllə yaralanmasından sonrakı tam bərkimiş dəri çapıqları və çıxarılmamış metal qəlpələr. Sağ budun iç yan qrup əzələlərinin yaralanmadan sonrakı defekti, əzələarası diastaz. Sağ bud-canaq oynağının uzaqlaşdırıcı kontrakturası 15°. Sağ diz oynağının qeyri-sabitliyi, ağrılı sinoviti, bükücü kontrakturası 90°. Sağ budun iç yan səthinin orta və aşağı 1/3-nin dartıcı çapıq toxuması. Sağ aşağı ətrafın funksiyasının pozulması. Sağ əlin İV-V barmaqların daraq sümüklərinin əsasının qeyri-düzgün bitişmiş sınığı, sağ əlin İV-V barmaqlarının kontrakturası. Daimi ağrı sindromu, diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ aşağı ətrafında ağrılardan, hərəkət məhdudluğundan şikayətlənmişdir. Sağ diz oynağında sinovit əlamətləri qeyd olunmuş, hərəkət məhdudluğu aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarfna uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina cavabı, TSEK-in Qiymətləndirmə nəticələri (xxxxxxx0001, xxxxxxx0002), Tibbi-Sosial Ekspert Komissiyasının №3-17-4/3- 3568/2023-li, xx.xx.2023-cü il tarixli qərarı, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1”-nin xx.xx.2024-cü il tarixli 5200 nömrəli məktubuna əlavə olunmuş T 708/2024 nömrəli ekspert rəyi, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli 818 nömrəli məktubu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 2636 nömrəli Şəhadətnaməsi. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-nin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarından görünür ki, cavabdeh orqan xx.xx.2023-cü il tarixdə iddiaçıya imtina cavabı vermiş, daha sonra iddiaçının müraciəti əsasında onun əyani müayinəsi həyata keçirilərək növbəti dəfə xx.xx.2023-cü il tarixdə “diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul etmişdir. Sonuncu qərarın iddiaçıya hansı tarixdə verilməsinə dair cavabdeh orqan tərəfindən sübut təqdim edilməmişdir. Hazırkı iddia ərizəsi xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə məhkəməyə təqdim edilmişdir. Cavabdeh orqan nə ilkin (xx.xx.2023), nə də sonuncu (xx.xx.2023) inzibati aktda mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddətini göstərmədiyindən, iddiaçının “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsinə uyğun olaraq həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət vermək hüququ olmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbinin irəli sürülməsi üçün prossesual müddət ötürülməmişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də qismən əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. İddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Cavabdeh orqan sonuncu, yəni xx.xx.2023-cü il tarixli imtina cavabında iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina etmişdir. İddiaçı, həmin imtina cavabını ilkin olaraq əyani müayinəyə cəlb olunaraq cavabeh orqanda, daha sonra isə inzibati məhkəmə icraatı qaydasında mübahisələndirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Səhiyyə müəssisəsi tərəfindən (Zaqatala RMX PHŞ) tərtib edilmiş göndərişdə iddiaçıya qoyulmuş diaqnoz “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması.Sağtərəfli süst hemiparez. Sağ aşağı ətrafın dayaq hərəkət və yeriş funksiyasının pozulması. Sağ budun iç yan qrup əzələlərinin yaralanmasından sonrakı defekti. Əzələlərarası diastaz.Sağ diz oynağının ağrılı sinoviti.Sağ diz oynağının qeyri stabilliyi.Sağ bud çanaq oynağın uzaqlaşdırıcı konturakturası 15 dərəcə. Sağ əlin İV-V barmaqların daraq sümüklərinin əsasının qeyri düzgün bitişmiş sınığı.Əl daraq sümüklərinin çoxsaylı sınıqları Yumşaq toxumalarda qalmış yad cisim. Daimi ağrı sindromu.Üzün boyunun sağ yarısının sağ yuxarı və sağ aşağı ətrafın odlu silah kor qəlpə sol bazunun orta 1/3 nin partlayış və güllə yaralanmasından sonrakı çapıqları” olmuşdur. Məhkəmə tərəfindən iddiaçıya qoyulan diaqnozun doğruluğunu müəyyən etmək məqsədilə iş üzrə xx.xx.2024-cü il tarixli, 2-1(116)-759/2024 nömrəli qərardadlarla canlı şəxsin məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1”-nin ekspertlərinə həvalə edilmişdir. Sonuncunun təqdim etdiyi ekspert rəyinin “məhkəmə tibbi müayinə” hissəsində qeyd edilmişdir ki, iddiaçının tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib olunmuş göndərişdə qeyd edilən diaqnoz şəxsin stasionarda müalicəsi zamanı, kliniki, laboratorinstrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. Sözügedən rəyin nəticə hissəsində isə qeyd edilmişdir ki, vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına “Zaqatala rayon mərkəzi xəstəxanası” PHŞ-dən 1 Tibbi-Sosial Ekspertiza Komissiyasına göndərilmiş xx.xx.2023-cü il tarixli, A000922997ZHS saylı Forma TQS №-088 göndərişində qeyd edilmiş “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması, sağtərəfli süst hemiparez, sağ aşağı ətrafın dayaq-hərəkət və yeriş funksiyasının pozulması, sağ budun İç-yan qrup əzələlərinin yaralanmasından sonrakı defekti, əzələlərarası diastaz, sağ diz oynağının ağrılı sinoviti, sağ diz oynağının qeyrisabitliyi, sağ bud- çanaq oynağın uzaqlaşdırıcı kontrakturası 15 dərəcə, sağ əlin İV-V barmaqların daraq sümüklərinin əsasının qeyri-düzgün bitişmiş sınığı, əl-daraq sümüklərinin çoxsaylı sınıqları, yumşaq toxumalarda qalmış yad cisim, daimi ağrı sindromu, üzün, boyunun sağ yarısının, sağ yuxarı və sağ aşağı ətrafın odlu silah, kor qəlpə, sol bazunun orta lA-nin partlayış və güllə yaralanmasından sonrakı çapıqlar” diaqnoz ona stasionarda müayinə və müalicəsi zamanı anamnestik, klinik və laborator instrumental müayinələrin əsasında müəyyən edilsə də, vətəndaşın 2022-ci ildə DTSERAda və Birlikdə əyani müayinələri zamanı şikayəti sağ aşağı ətrafında ağrılardan, hərəkət məhdudluğundan olmuş, sağ diz oynağında sinovit əlamətləri qeyd edilmiş, hərəkət məhdudluğu aşkar edilməmişdir. Odur ki, əlilliyin təyini zamanı ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 №-li qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair əsasnamənin bəndlərindən birini aid etmək mümkün olmadı. Məhkəmənin icraatında olan oxşar inzibati işlər üzrə təcrübədən məlumdur ki, bir çox hallarda “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1” cavabdeh orqanın təsiri altında olmaqla qoyulmuş suallar üzrə konkret rəy vermir, yaxud verilmiş cavabları cavabdeh orqanın hüquqi mövqeyinə uyğunlaşdırmaqla mübahisə ilə bağlı konkret tibbi bilikləri ortaya qoymaqdan çəkinir. Bu həm də, müvafiq müəssisənin məhkəmə tərəfindən qoyulmamış suallara münasibətdə cavabdeh orqanla eyni tipli cavablar verməsində və bu cavabların bir qayda olmaqla iddiaçının ziyanına olmasında da, müşahidə olunur. Qeyd olunan hal “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1”-nin ekspertlərinin tibbi biliklərinin səthi olması, baxılan məsələyə laqeyd münasibəti, cavabdeh orqanın təsiri altına düşməsi və s. ilə izah oluna bilər. Bununla belə müvafiq tibbi rəyin əldə edilməsi üçün alternativ ekspertiza müəssisəsi olmadığından və işin hallarının araşdırılması baxımından ekspertizanın təyin edilməsi zəruri olduğundan məhkəmə müvafiq tibbi ekspertizanı məhz həmin quruma həvalə etmişdir. Odur ki, hazırkı işdə də, məhkəmə ekspertin cavabdeh orqanın mövqeyinə uyğunlaşdırmaqla tərəddüd içərisində verdiyi rəyini işin digər halları ilə kompleks şəkildə yoxlayaraq qiymətləndirmə aparmışdır. Belə ki tədqiq edilən rəyin “məhkəmə tibbi müayinə” və “nəticə” hissələrindən görünür ki, ekspert, iddiaçı barəsində tibb müəssisəsində tərtib olunmuş göndərişdə qeyd edilən diaqnozun şəxsin stasionarda müalicəsi zamanı, anamnestik kliniki, laboratorinstrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edildiyini bildirir. Yəni, iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü dolayı yolla qeyd olunur və mübahisə doğurmur. Bununla belə ekspert həm də qeyd edir ki, vətəndaşın 2022-ci ildə DTSERA-da və Birlikdə əyani müayinələri zamanı şikayəti sağ aşağı ətrafında ağrılardan, hərəkət məhdudluğundan olmuş, sağ diz oynağında sinovit əlamətləri qeyd edilmiş, hərəkət məhdudluğu aşkar edilməmişdir. Göründüyü kimi ekspertin qeyd etdiyi hal cavabdeh orqanın iddia tələbinə etirazında qeyd etdiyi fikirlərin kortəbii şəkildə təkrarlanmasıdır. Belə ki, ekspertin qeyd etdiyi həmin hallarla bağlı hər hansı tədqiqat aparması ekspert rəyinin tədqiqat hissəsindən müəyyən edilmir. Ümumiyyətlə ekspert rəyinin tədqiqat hissəsi işdə olan sənədlərin məzmununun köçürülməsindən və qoyulmuş diaqnozun təsdiqindən ibarətdir. Məhkəmə ekspertiza qurumunun cavabdeh orqanın təsiri altında olmasını və tədqiqat prosesinə formal yanaşmasını nəzərə alaraq iş üzrə təkrar ekspertizanın aparılmasına lüzum görməmiş, iddia tələbinə hüquqi qiymət verilməsi üçün işdə olan sənədlərlə kifayətlənmişdir. Məhkəmə tərəfindən iddiaçıya qoyulmuş diaqnozda göstərilən xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin hansı bəndində nəzərdə tutulmuş xəstəliklərin əhatə dairəsinə düşməsi ilə bağlı müvafiq göndərişi tərtib etmiş səhiyyə müəssisəsinə (Zaqatala rayon Mərkəzi Xəstəxanası) sorğu verilmişdir. Sözügedən səhiyyə müəssisəsi qoyulmuş diaqnozların istinad olunan “Meyarlara” Əlavənin 6.6.3.3 (Sağ tərəfin süst hemiparez”), 6.3.1.1 (“Sağ bud-canaq oynağının uzaqlaşdırıcı kontu15 dərəcə”), 6.1.10.1 (Sağ aşağı ətraf dayaq hərəkət funksiyasının pozulması”) bəndində nəzərdə tutulmuş xəstəliklərin əhatə dairəsinə düşdüyünü, digər diaqnozların həmin əlavədə öz əksini tapmamasını bildirmişdir. Səhiyyə müəssisəsi tərəfindən uyğunluğun olması bildirilən “Meyarlara” Əlavənin müvafiq bəndləri - iddiaçıya qoyulmuş diaqnoz, barəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş tibbi anamnez məlumatları və iş materiallarında olan digər tibbi sənədlərlə birgə təhlil edilmişdir. Müəyyən edilir ki, istinad olunan “Meyarlara” Əlavənin 6.6.3.3-cü bəndinə “əhəmiyyətli təzahür edən tetraparez, paraplegiya və ya aşağı ətrafların və yuxarı ətrafın əhəmiyyətli təzahür edən paraparezi - çanaq orqanlarının (sidik kisəsi və düz bağırsaq) funksiyalarının təzahür edən dərəcədə pozuntusu ilə onurğa sütununun boyun, döş, bel və ya büzdüm səviyyəsində hissəvi zədələnmələri” qiymətləndirmə halına münasibətdə OFP müddətsiz 90 faiz qeyd edilmişdir. Lakin, iddiaçıya qoyulmuş diaqnoz "əhəmiyyətli tetraparez, paraplegiya və ya paraparezi" meyarlarına uyğun deyil, belə ki, iddiaçıda mövcud olan hemiparez yalnız sağ tərəfi əhatə edir, tam tetraparez və ya paraplegiya yoxdur. Tetraparez və paraplegiya həm yuxarı, həm də aşağı ətrafların hərəkət qabiliyyətinin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması və ya tam iflic vəziyyətini ifadə edir. İddiaçıda isə yalnız sağ tərəfli hemiparez olmaqla, qeyd olunan diaqnoz bədənin yalnız sağ tərəfində hərəkət məhdudiyyəti ilə əlaqələndirilmişdir. Həmçinin iddiaçı barəsində tərtib edilmiş tibbi göndərişdə çanaq orqanlarının funksional pozuntusu qeyd edilməmiş, onurğa sütununun zədələnməsi göstərilməmişdir. Belə olan halda iddiaçıya qoyulmuş diaqnozun istinad olunan “Meyarlara” Əlavənin 6.6.3.3-cü bəndinə uyğunluğu istisna edilir. Müəyyən edilir ki, istinad olunan “Meyarlara” Əlavənin 6.1.10.1-ci bəndinə “başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın mülayim pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları” qiymətləndirmə halına münasibətdə OFP 1 il müddətinə 35-60 faiz qeyd edilmişdir. Lakin, iddiaçıya qoyulmuş diaqnozun istinad olunan “Meyarlara” Əlavənin 6.1.10.1ci bəndinə uyğunluğu da, müəyyən edilmir. Belə ki, tərtib edilmiş tibbi göndərişdə və digər sənədlərdə başgicəllənmə, koordinasiya və tarazlıq pozuntusu qeyd edilməmiş, həmçinin sağtərəfli süst hemiparezin mövcudluğu iradi motorikanın mülayim pozuntusu, piramid çatışmazlıq əlamətləri ilə əlaqələndirilməmişdir. Odur ki, tibbi göndərişdə yürüşün və durmanın pozuntularının qeyd edilməsi istinad olunan “Meyarlara” Əlavənin 6.1.10.1-ci bəndinin iddiaçıya aid edilməsinə səbəb olmur. Məhkəmə iddiaçı barəsində tərtib edilmiş tibbi göndərişin məzmununu və digər tibbi sənədlərin ümumi məzmunu nəzərə alınmaqla hesab edir ki, iddiaçının sağlamlıq vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 6.3.1.1-ci bəndi əsasında qiymətləndirilməlidir. Belə ki, iddiaçının sağ əlinin İV-V barmaqlarının daraq sümüklərinin qeyri-düzgün bitişmiş sınıqları və kontrakturası qeyd edilmişdir. Qeyd olunan hal əlin tutma qabiliyyətini birbaşa məhdudlaşdıran hal kimi nəzərə alınmalıdır. İddiaçının anamnez məlumatlarında digər diaqnozlarla yanaşı, onun sağ əlinin tutma funksiyasının pozulması qeyd edilmişdir. Belə olan halda iddiaçının sağlamlıq vəziyyətinin "orta dərəcəli əzələ zəifliyi" və "xırda cisimlərin tutulmasının çətinləşməsi" qiymətləndirmə halına uyğunluğu müəyyən edilir. Digər tərəfdən iddiaçının sağ əlinin tutma funksiyasının pozulması, həmçinin "sağ əlin İV-V barmaqlarının kontrakturası" və "yuxarı və aşağı ətraf oynaqlarında hərəkət amplitudasının məhdudlaşması" ilə əlaqəlidir. Bu vəziyyət, əzələ zəifliyinin və ya əzələ hipotrofiyasının nəticəsidir. Tutma funksiyasının pozulması, əl əzələlərinin zəifliyi ilə əlaqəli olmaqla "böyük barmağın distal falanqasının 4-cü barmağın əsasına qədər çatması" və "barmaqların yumruğa yığılmasının məhdudlaşması" simptomlarına uyğunluğu müəyyən edir. Eyni zamanda iddiaçının anamnez məlumatlarında "daimi ağrı sindromu"-nun qeyd edilməsi onu deməyə əsas veri ki, bu vəziyyət hərəkət pozuntularını və tutma qabiliyyətinin azalmasını daha da ağırlaşdırır. Belə ki, ağrı sindromu əzələ və oynaq hərəkətlərini məhdudlaşdıran əsas faktorlardan biridir və iddiaçının "mülayim statodinamik pozuntular" diaqnozu ilə uyğun gəlir. Bu pozuntular həm əzələ zəifliyi, həm də ağrının təsiri ilə mövcud olan hərəkət çətinliklərini əks etdirir. Məhkəmə xüsusilə qeyd edir ki, cavabdeh orqan iddiaçıya “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə imtina cavabı versə də, apardığı inzibati icraat çərçivəsində iddiaçıya qoyulan diaqnozda hansı funksional məhdudiyyətlər və ya tibbi göstəricilər mövcud olmadığı üçün həmin diaqnozun əlillik əlaməti təyin etməməsini əsaslandırmamış, həmçinin, bu diaqnozun iddiaçının həyat fəaliyyətinin əsas kateqoriyalarına (özünə qulluq, hərəkət etmə, ünsiyyət və s.) təsirini hansı qaydada qiymətləndirilməsinə dair hər hansı sübut təqdim etməmişdir. İşin yuxarıda sadalanan halları iddiaçının sağlamlıq vəziyyəti istinad olunan “Meyarlara” Əlavənin 6.3.1.1-ci bəndində sadalanan hallara uyğun olduğundan məhkəmə hesab edir ki, faktiki olaraq iddiaçıya qoyulmuş diaqnoza münasibətdə - 2 il müddətinə orqanizmin funksiyalarının pozulmasının İ dərəcə məhdudlaşması halı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik; 2.2. " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu: 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra- xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 2636 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə Partlayış travması (xx.xx.2020). Üzün. boynun sağ yarısının, sağ yuxarı və sağ aşağı ətrafın odlu silah kor qəlpə, sol bazunun orta 1/3-nin sürtülüb keçən güllə yaralanmasından sonrakı tam bərkimiş dəri çapıqları və çıxarılmamış metal qəlpələr. Sağ budun iç yan qrup əzələlərinin yaralanmadan sonrakı defekti, əzələarası diastaz. Sağ bud-canaq oynağının uzaqlaşdırıcı kontrakturası 15°. Sağ diz oynağının qeyri-sabitliyi, ağrılı sinoviti, bükücü kontrakturası 90°. Sağ budun iç yan səthinin orta və aşağı 1/3-nin dartıcı çapıq toxuması. Sağ aşağı ətrafın funksiyasının pozulması. Sağ əlin İV-V barmaqların daraq sümüklərinin əsasının qeyri-düzgün bitişmiş sınığı, sağ əlin İV-V barmaqlarının kontrakturası. Daimi ağrı sindromu, diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. İşin yuxarıda sadalanan halları ilə iddiaçıya qoyulmuş diaqnozla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 2636 nömrəli Şəhadətnaməsində qeyd edilmiş diaqnoz arasında səbəbli əlaqənin mövcudluğu aşkar müəyyən edilmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçıya Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi üçün kifayət qədər əsaslı dəlillər mövcud olduğundan cavabdeh orqanın imtinası əsassız olmuşdur. Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı xx.xx.2023-cü il tarixindən 2 il müddətinə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar OFP-nın birinci dərəcə məhdudlaşması halının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-759/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-759/2024
10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver