Məhkəmə qərarları › İş №2-1(116)-76/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-76/2023

16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-76/2023 16.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “cavabdeh tərəfindən mərhum X4 adına verilmiş JN-99A kod 90319018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə və **********23-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən mərhum bacısı X4 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli və ölümündən sonra qızı X26 Feyruzovnanın adına verilmiş **********8 qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların qanunsuz olduğundan etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının valideynləri X16 ilə X17 1940-cı illərdə faktiki olaraq evlənmişlər. Nikahlarını 20 fevral 1960-cı ilə Ağdaş RİH başçısının Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində (keçmiş Ağdaş rayonu Şıxlı kənd sovetliyində) rəsmiləşdirmişlər. Onların birgə nikahlarından iddiaçının qardaşı X22, bacısı X18 və iddiaçı Şəkərxanım Mahmudov anadan olmuşdur. İddiaçının X3 01 noyabr 1981-ci il tarixdə, anası X17 12 aprel 2002-ci il tarixdə, qardaşı X22 28 yanvar 2014-cü il tarixdə, bacısı X18 isə 08 yanvar 2021-ci ildə Ağdaş rayonunun Şıxlı kəndində vəfat etmişlər. İddiaçının mərhum qardaşı X22 1995-ci ilədək Rusiya Federasiyasında yaşamışdır. 1995ci ildə Ağdaş rayonunun Şıxlı kəndinə qayıtmış və ölən günədək həmin kənddə (02 saylı təsərrüfatbaşına kitabının 58-ci səhifəsinin 149 nömrəli şəxsi hesabı və 03 nömrəli təsərrüfatbaşına kitabın 22-ci səhifəsinin 159 nömrəli şəxsi hesabı) özünə məxsus təsərrüfatda yaşamışdır. İddiaçının mərhum bacısı X18 1979-cu ildə ailə qurması ilə bağlı Bakı şəhərinə köçmüş və daimi qeydiyyata alınaraq orada rəsmi qaydada işləmişdir. Ağdaş RİH başçısının Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi rəsmi məlumata görə 2016-cı il tarixdən nümayəndəliyin 02 nömrəli təsərrüfatbaşına kitabının 60-cı səhifəsinin 154 nömrəli şəxsi hesabına qeydə alınmışdır. İddiaçının valideynləri X16 ilə X17 ailə qurduqdan sonra bir müddət Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasında yaşayandan sonra Azərbacana, Ağdaş rayonunun Şıxlı kəndinə qayıdaraq orada yaşayıblar. Onlar birgə nikah dövründə qanuni istifadələrində olmuş sənəd üzrə 0,10 ha, faktiki isə 0,15 hektar həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikdirmişlər. İddiaçının atası vəfat edəndən sonra mərhum anası X17 həmin kəndə qeyd edilən təsərrüfatda (nümayəndəliyin 01 nömrəli təsərrüfatbaşına kitabının 4/4 nömrəli təsərrüfat) ölən günədək tək yaşamış və təsərrüfatı tək özü idarə etmişdir. Torpaq islahatı zamanı Ağdaş rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 12 nömrəli qərarı ilə iddiaçının mərhum anası təsərrüfatında tək ailə üzvü olduğuna görə Ağdaş rayonunun Şıxlı kəndi ərazisindən onun mülkiyyətinə 1,04 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,15 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə adına JN:009, kod 90319018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. İddiaçının çoxsaylı müraciətlərinə baxmayaraq rəsmi dövlət orqanlarından ona Ağdaş rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 12 saylı qərarı (pay torpaq almaq hüququ olan subyektlərin siyahısı) və 0,15 hektar həyətyanı torpaq sahəsi ilə bağlı iddiaçının mərhum anasının adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin olubolmaması barədə ona məlumat verilməmişdir. Bütün bunların əksi olaraq iddiaçının müraciətlərinə dəqiq araşdırma aparmayaraq səthi və yalan cavab verən həmin rəsmi orqanların məsul şəxsləri tərəfindən 1979-cu ildən 2016-cı ilədək Bakı şəhərində rəsmi qeydiyyatda olan və orada yaşayan mərhum bacısı X7 mülkiyyətinə Ağdaş rayonunun Şıxlı kəndi ərazisində Ağdaş rayon Aqrar İslahat komissiyasının 30 iyun 1998-ci il tarixli 12 saylı qərarı və 2003-cü ilin aprel ayında o vaxt mövcud olmuş DTXK Ağdaş rayon şöbəsində qeydiyyata alınmış (qeydiyyat nömrəsi qeyd edilməyib) JN-99A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0,15 hektar həyətyanı torpaq sahəsi verilir. Həmin torpaq sahəsi cavabdeh idarədə əvvəlcə xx.xx.2016-cı ildə fərdi yaşayış evi də daxil olmaqla 0,1340 hektar ölçüdə, bundan 5 il sonra, yəni xx.xx.2021-ci il tarixdə isə 0,15 hektar ölçüdə mərhum bacısının adına qeydə alınaraq adına müvafiq olaraq ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********29 nömrəli imtina məktubunda mübahisə predmeti olan daşınmaz əmlaka dair arxiv məlumatlarına əsasən qeyd etmişdir ki, Ağdaş rayonu Şıxlı kəndində 0,1340 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2015-ci il tarixli 481 nömrəli məktubuna, ləğv edilmiş DTXK-nın Ağdaş rayon şöbəsinin tərtib etdiyi JN-99A nömrəlıi “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə (şəhadətnamə itdiyinə görə arayış və qəzetdə dərc olunmuş elan) əsasən bacısı X7 adına tam mülkiyyət hüququ üzrə xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə hüquqların dövlət reyestrində qeydiyyata alınmışdır. X24 faktiki hüquqi varisi X26 Feyruzovna fərdi yaşayış evinə verilmiş dövlət reyestrindən çıxarışın dublikatını almaq üçün ərazi idarəsinə ərizə ilə müraciət etmiş və nəticədə ona xx.xx.2021-ci il tarixdə ********** nömrəli hüquqların dövlət reyestrindən çıxarış (dublikat) verilmişdir. Qeyd edilən daşınmaz əmlak vərəsəlik şəhadətnaməsinə əsasən X26 Feyruzovnanın adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq başqa subyektlərin mülkiyyətində olan daşınmaz əmlaka dair verilmiş dövlət reyestrindən çıxarışda hər hansı düzəlişin və ya onun ləğv edilməsi 17 saylı Yevlax ərazi idarəsinin səlahiyyətinə aid deyil. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********02 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etmiş və qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə icraatı gedişində iddiaçı yenidən cavabdehə müraciət ünvanlamış, cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-14-0034-8/2023 nömrəli məktubu ilə iddiaçıya təkrar imtina cavabı verilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-76/2023 nömrəli qərardadı ilə X26 Feyruzovna iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək “cavabdeh tərəfindən mərhum X4 adına verilmiş JN-99A kod 90319018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə və **********23-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. Cavabdehin etiraz məktubuna əlavə olunmuş: JN-099A kod 90319018 nömrəli şəhadətnamənin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Ağdaş rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 12 saylı qərarı ilə 0,15 ha həyətyanı torpaq sahəsi X8 verilmişdir. Ağdaş rayon notariat kontoru tərəfindən xx.xx.1995-ci il tarixdə tərtib edilmiş vəsiyyətnamənin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Ağdaş rayon Şıxlı kəndində yaşayan X19 öldüyü günə ona məxsus olmuş bütün əmlakını, o cümlədən Şıxlı kəndində yerləşən evini X12 vəsiyyət etmişdir. Ağdaş RİH başçısının Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2015-ci il tarixli, 481 nömrəli arayışından görünür ki, Nümayəndəliyin 02 saylı qaytanlanmış təsərrüfatbaşına kitabının 58 saylı səhifəsinin 149 nömrəli qeydinə əsasən Ağdaş rayonunun Şıxlı kəndində X7 torpağın mülkiyyətinə verilməsinə dair JN-099A nömrəli şəhadətnaməsinə əsasən mülkiyyətində olan 0,15 ha torpaq sahəsi üzərində yerləşən, 1970-ci ildə tikilmiş bir mərtəbəli, iki otaqlı, ümumi sahəsi 95,0 kv.m olan fərdi yaşayış evi vardır. Ağdaş RPŞ-nin xx.xx.2015-ci il tarixli, 13/5967-C-41 nömrəli məktubundan görünür ki, Hürü Cəmiyeva xx.xx.2015-ci il tarixdə adına olan JN-099A nömrəli şəhadətnamənin naməlum itməsi ilə əlaqədar ərizə ilə müraciət etmiş, ərizəsi qeydiyyata götürülərək ətraf rayonlara və kənd icra nümayəndəliklərinə sorğu məktubları göndərilmiş, lakin qeyd olunan şəhadətnamənin tapılması barədə hər-hansı məlumat daxil olmamışdır. RX seriyalı, xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Ağdaş rayonu Şıxlı kəndində yerləşən 0,1340 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 84,4 kv.m olan fərdi yaşayış evi X7 xüsusi mülkiyyətində olmuşdur. Hürü Cəmiyeva tərəfindən 17 saylı ərazi idarinə ünvanlanmış xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, JN-099A saylı şəhadətnamədə həyətyanı torpaq sahəsi 0,15 ha göstərilməsinə baxmayaraq faktiki torpaq sahəsinin 0,134 ha olması ona məlum olmuş və Hürü Cəmiyeva 0,134 ha həyətyanı torpaq sahəsinə fərdi yaşayış evi birlikdə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. xx.xx.2021-ci qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Ağdaş rayonu Şıxlı kəndində yerləşən 0,15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 84,4 kv.m olan fərdi yaşayış evi X7 xüsusi mülkiyyətində olmuşdur. xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi qızı X26 Feyruzovnadır. Miras əmlak ********** qeydiyyat nömrəli, **********23- 10301 reyestr nömrəli dövlət reystrindən çxıarışa əsasən Ağdaş rayonu Şıxlı kəndində yerləşən mülkiyyətində olan 0,1340 ha torpaq sahəsindən və onun üzərində yerləşən ümumi sahəsi 84,4 kv.m olan fərdi yaşayış evindən ibarətdir. xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********23-10301 reyestr nömrəli çıxarışdan görünür ki, Ağdaş rayonu Şıxlı kəndində yerləşən 0,1340 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 84,4 kv.m olan fərdi yaşayış evi X26 Feyruzovnanın xüsusi mülkiyyətindədir. Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 46 nömrəli arxiv arayışından görünür ki, Ağdaş rayon Şıxlı kənd XDS İcraiyyə Komitəsinin Şıxlı kəndinə aid olan 1986- 1987-1988-1989-1990-cı illərin 01 nömrəli təsərrüfatbaşına kitabının 4/2 nömrəli təsərrüfatı X9 adına olmuş, təsərrüfatında ailə başçısı olmaqla adına 0,10 ha torpaq sahəsi və 1977-ci ildə tikilmiş 88 kv.m sahəsi olan evin olduğu qeyd olunmuşdur. Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 47 nömrəli arxiv arayışından görünür ki, Ağdaş rayon Şıxlı kənd nümayəndəliyinin Şıxlı kəndinə aid olan 1991-1992- 1993-1994-1995-ci illərin 01 nömrəli təsərrüfatbaşına kitabının 4/2 nömrəli təsərrüfatı X9 adına olmuş, təsərrüfatında ailə başçısı olmaqla adına 1990-1991-ci illərdə 0,10 ha, 1992- 1993-1994-1995-ci illərdə 0,15 ha torpaq sahəsi və 1988-ci ildə tikilmiş 88 kv.m sahəsi olan evin olduğu qeyd olunmuşdur. Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 48 nömrəli arxiv arayışından görünür ki, Ağdaş rayon Şıxlı kənd nümayəndəliyinin Şıxlı kəndinə aid olan 1996-1997- 1998-1999-2000-ci illərin 01 nömrəli təsərrüfatbaşına kitabının 4/2 nömrəli təsərrüfatı X9 adına olmuş, təsərrüfatında ailə başçısı olmaqla adına 0,15 ha torpaq sahəsi və 1988-ci ildə tikilmiş 88 kv.m sahəsi olan evin olduğu qeyd olunmuşdur. Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 49 nömrəli arxiv arayışından görünür ki, Ağdaş rayon Şıxlı kənd nümayəndəliyinin Şıxlı kəndinə aid olan 2001-2002- 2003-2004-20005-ci illərin 01 nömrəli təsərrüfatbaşına kitabının 4/2 nömrəli təsərrüfatı X9 adına olmuş, təsərrüfatında ailə başçısı olması, xx.xx.2002-ci ildə vəfat etməsi, adına 0,10 ha torpaq sahəsi və 88 kv.m sahəsi olan evin olduğu qeyd olunmuşdur. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********98 nömrəli məktubunda qeyd olunmuşdur ki, Ağdaş rayonu, Şıxlı kəndində torpaq islahatı zamanı həyətyanı torpaq sahəsi ayrılan subyektlər siyahısında X16 və X10 adı aşkar edilməmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********98 nömrəli məktubuna əlavə olunmuş: Dövlət torpaq kadastrı məlumatlarına aid cədvəlin təsdiq olunmuş surətindən görünür ki, cədvəldə 99-cu sırada X4 adı yazılmış, 0,15 torpaq sahəsinin olması qeyd edilmişdir. Ağdaş rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 12 nömrəli iclas protokolundan görünür ki, iclasda “Yeniarx” birgə kəndli təsərrüfatında aqrar islahatların aparılmasının nəticəsi haqqında yerli aqrar islahat komissiyasının xx.xx.1998-ci il tarixli, 2 saylı qərarı müzakirə olunmuş, yerli aqrar islahat komissiyasının kənddə torpaq islahatı və püşkatmanın nəticələrinin təsdiq edilməsi barədə xx.xx.1998-ci il tarixli 2 saylı iclas protokolu nəzərə alınmış, “Yeniarx” birgə kəndli təsərrüfatında xx.xx.1998-ci il tarixdə yeni yaradılmış 30 təsərrüfat qurumu arasında aparılan püşkatmanın nəticələri, torpaq islahatı barədə hazırlanmış kompleks yerquruluşu layihələri və torpaq payı alacaq subyektlərin siyahısı təsdiq edilməsi qərara alınmışdır. Subyektlər siyahısının təsdiq edilmiş arxiv nüsxəsindən görünür ki, siyahıda X28 və X20 adları yazılmış, “qaytanlanmış kitabda” qrafasında 0,125 ha qeyd olunmuşdur. Məhkəmə araşdırması ilə cavabdeh tərəfindən təqdim edilmiş sözügedən subyektlər siyahısının hazırkı iş və mübahisəli torpaq sahəsinin ayrılması ilə heç bir hüquqi bağlılığının olmadığı müəyyən edilmişdir. Ağdaş rayon Kənd Təsərrüfatı İdarəsinin Ağdaş rayon ZDS İK-ya ünvanladığı xx.xx.1975-ci il tarixli, 243 nömrəli məktubun surətindən görünür ki, Şıxlı kənd sakini Cəmiyev Sracəddinə kolxozun qaytanlanmış torpaq kitabının ikinci nömrəsində 0,10 hektar torpaq sahəsi yazılmışdır. Həmin kitab 1970-ci ildə yazılıb, lakin Cəmiyev Sracəddinə torpaq sahəsi yazılmasına baxmayaraq rəsmi torpaq sahəsi ölçülüb verilməyib və və vətəndaş ev tikməyibdir. Torpaq qanunlarına əsasən onun adına qeyd edilmiş 0,10 ha torpaq sahəsinin verilməsi qeyri-mümkündür. Ona görə ki, hazırda kolxozda həyətyanı torpaq fondu yoxdur və kəndin yeni baş planı çəkilmişdir. Həmin plan təsdiq olmayınca həyətyanı torpaq sahəsinin verilməsi imkan xaricindədir. Şıxlı kəndində həyətyanı torpaq sahələrinə dair subyektlər siyahısının təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, həmin siyahıda 99-cu sırada X9 adı yazılmış, “qanuni istifadəsində olan həyətyanı sahə” qrafasında 0,15 ha qeyd edilmiş, daha sonra “Banı Seyfəddin qızı” sözlərinin üzərindən xətt çəkilmiş və sıra nömrəsinin qeyd edildiyi sətirdən yuxarı sətirdə “Hürü Siracəddin qızı” sözləri yazılmışdır. JN-0099 kod 90319018 nömrəli Dövlət aktının təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Ağdaş rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 12 nömrəli qərarı ilə 1,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X13 ayrılmışdır. A seriyalı, 277253 nömrəli, xx.xx.2018-ci il tarixdə tərtib edilmiş plan-ölçü sənədinin, həmçinin xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli çıxarışın təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Şıxlı kəndində yerləşən 1,0352 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X14 xüsusi mülkiyyətindədir. Plan-ölçü sənədi DTXK Ağdaş rayon şöbəsinin JN-0099, xx.xx.2000-ci il tarixli Dövlət aktına əsasən tərtib olunmuşdur. Şıxlı bələdiyyəsinin xx.xx.2014-cü il tarixdə 34 nömrə ilə iddiaçıya verdiyi arayışın surətində qeyd olunur ki, İddiaçı anası X19 vəfat edən günə qədər Şıxlı bələdiyyəsinin təsərrüfatbaşına uçot kitabının 10-cu səhifəsinə əsasən 0,15 ha həyətyanı və 1,04 ha pay torpağı olmuşdur. 2003-cü ildən bələdiyyənin uçot kitabının 10-cu səhifəsinə əsasən X7 adına 0,15 ha həyətyanı və 1,04 ha pay torpağı uçota alınmışdır. Ağdaş rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli, 05/Q-343 nömrəli arayışından görünür ki, X18 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 166887 nömrəli “evlənmək haqqında” şəhadətnamənin surətindən görünür ki, X23 ilə X19 xx.xx.1940-cı ildə nikah bağlamışlar. 473447 nömrəli “doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.1945-ci ildə anadan olmuşdur. X3, anası X15r. Ağdaş rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli, 687 nömrəli arayışından görünür ki, X22 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Ağdaş rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli, 05/Q-312/11 nömrəli arayışından görünür ki, X21 xx.xx.1981-ci il tarixdə vəfat etmişdir. Ağdaş rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli, 689 nömrəli arayışından görünür ki, X19 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. AR İN ƏMDX DƏDKR “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Ağdaş rayon AİK-in xx.xx.1998-ci il tarixli 12 nörməli iclas protokolunun, Ağdaş rayonunun Şıxlı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin, xx.xx.1995-ci il tarixli vəsiyyətnamənin dublikatının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan: 1 nömrəli təsərrüfatbaşına kitabının 04/2 nömrəli şəxsi hesabının surətindən görünür ki, 1996-1997-1998-1999-2000-ci illərin 01 nömrəli təsərrüfatbaşına kitabının 4/2 nömrəli təsərrüfatı X9 adına olmuş, təsərrüfatında ailə başçısı olmaqla adına 0,10 ha torpaq sahəsi və 88 kv.m sahəsi olan evin olduğu qeyd olunmuşdur. X35 filialının xx.xx.2022-ci il tarixli, 97/10 nömrəli məktubunda qeyd olunur ki, Ağdaş rayon Şıxlı kənd İƏD üzrə nümayəndəliyin sənəd materialları mühafizə olunmaq üçün X35 filialına təhvil verilməmişdir. Ağdaş rayon notariat ofisinin xx.xx.2022-ci il tarixli, 835 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı ərizəsi əsasında xx.xx.2014-cü il tarixdə 75 reyestr nömrəsi ilə xx.xx.2002-ci il tarixdə vəfat etmiş anası X9 adına Ağdaş rayon notariat ofisində vərəsəlik işi açılmamışdır. Həmin vərəsəlik işi üzrə hal-hazıradək hər-hansı bir vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli, xx/xx-7843/11 nömrəli məktubunda qeyd olunur ki, “Elektron notariat” İnformasiya X1 hər-hansı miras əmlakına dair vərəsəlik işi aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə araşdırması ilə tədqiq edilmiş sənədlərə aşağıdakı qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1-ci hissəsində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd qismində öz əksini tapmışdır: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; ... 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.3-cü maddəsinə görə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. İşin hallarının araşdırması zamanı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ağdaş rayon AİK xx.xx.1998-ci il tarixli qərarı ilə torpaq payı alacaq subyektlərin siyahısı təsdiq edilməsinə baxmayaraq, subyektlər siyahısına ilk öncə X9 adı daxil edilmiş, sonradan heç bir hüquqi əsas olmadan onun adının üzərindən xətt çəkilərək Hürü Siracəddin qızının adı subyektlər siyahısına əlavə edilməklə, sonuncunun adına şəhadətnamə hazırlanmış, sonrakı tarixlərdə cavabdeh tərəfindən öz faktiki xarakterli hərəkətləri ilə səhvə yol verilərək eyni torpaq sahəsi (müxtəlif ölçülər göstərilməklə) və fərdi yaşayış evi **********23-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarla X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Halbu ki, qeydiyyat mərhum Banı Cəmiyevanın adına aparılmalı, sonrakı qeydiyyat vərəsəlik qaydasında müəyyən edilməli idi. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sonrakı qeydiyyatların aparılmasına əsas olmuş ilkin qeydiyyata, yəni Şəhadətnamənin tərtib edilməsinə əsas qismində xx.xx.1995-ci il tarixli vəsiyyətnamə çıxış etmişdir ki, həmin vəsiyyətnamə əsasında heç bir vərəsəlik işi açılmamış və hər-hansı vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamə verilməmişdir. B.Cəmiyevaya münasibətdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə də tərtib edilməmişdir. Təsərrüfatbaşına kitablardan çıxarışa əsasən B.Cəmiyeva barədə təsərrüfatın tək üzvü olamaqla qeydiyyat aparılmasına baxmayaraq, onun təsərrüfatında olmuş fərdi yaşayış evi çıxarışlarla H.Cəmiyevanın adına rəsmiləşdirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, hər üç qeydiyyat bir-birinin davamı olaraq inzibati orqanların heç bir inzibati akta və ya mülki hüquqi əqdə, həmçinin vərəsəlik haqqında şəhadətnaməyə əsaslanmayan faktiki xarakterli hərəkətlərinin nəticəsi olaraq aparıldığına görə, X4 adına verilmiş JN-99A kod 90319018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə, **********23-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi məsələsinə bir inzibati məhkəmə icraatı çərçivəsində baxılaraq hüquqi qiymət verilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuş, imtina mövcud inzibati praktikaya uyğun olmamış, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. X4 adına verilmiş JN-99A kod 90319018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və **********23-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar