Məhkəmə qərarları › İş №2-1(116)-760/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-760/2021

10.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-760/2021 10.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı cavabdeh “Azəriqaz” istehsalat birliyinə qarşı “torpaq sahəsində tikilmiş qurğunun cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi” tələbinə dair işə məhkəmənin binasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, JN-213 KOD 40724018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında İddiaçı, X2 və X1 mülkiyyətində olan torpaq sahəsində tikilmiş qurğunun cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin əvvəkli vəziyyətə gətirilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının 25.09.1998-ci il tarixli 60 nömrəli qərarı ilə 0,57 ha torpaq sahəsi İddiaçı, X2 və X1 paylı mülkiyyətinə verilmiş, buna dair JN-213 KOD 40724018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Cavabdeh məlumatı və heç bir razılığı olmadan həmin torpaq sahəsinə daxil olub, orada qurğu tikmişdir. İddiaçı həmin qurğu tikilərkən buna etiraz etmişdir. Həmin qurğunun dövlət əhəmiyyətli obyekt olduğu, zəbt etdikləri torpaq sahəsinin başqa torpaq sahəsi ilə əvəzlənəcəyi, yaxud da icarə haqqı verilməklə vurulmuş zərərin aradan qaldırılacağı bildirilmişdir. Lakin illər ötmüş heç bir əvəzləmə olmamış, kompensasiya verilməmiş, icarə müqaviləsi bağlanmamışdır. Artıq məlum olmuşdur ki, həmin qurğu heç də dövlət əhəmiyyətli obyekt deyil və dövlət ehtiyacları üçün torpaq sahəsi zəbt edilməmişdir. Cavabdeh sahibkarlıq obyektlərinin qaz təchizatını yaxşılaşdırmaq üçün kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikinti quraşdırma işləri görmüşdür. Cavbadehin qanunsuz hərəkəti nəticəsində iddiaçı həmin sahəni əkib becərə bilməmiş, xeyli miqdarda faydadan məhrum olmuşdur. Bundan sonra cavabdehlə torpaq icarə müqaviləsi bağlamaqla mübahisəni həll etməyi mümkün hesab etmir. Çünki həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır. Ona görə də, iddiaçının mülkiyyətində olan torpaq sahəsində “Azəriqaz” İB tərəfindən tikilib quraşdırılmış qurğu onun hesabına sökülməli və torpaq sahəsi əvvəlki vəziyyətə gətirilməlidir. İddiaçı 07.01.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, cavabdehə ünvanlanmış müraciət X5 İstismar İdarəsinə göndərilmiş və 04.02.2021-ci il tarixli, 010B- 03İİŞ-168 nömrəli məktubla "İsmayıllı xidmət sahəsi ərazisində, vaxtilə İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış torpaq sahəsində inşa edilmiş 5 saylı Talıstan QPS Ağsu RQİİ-nin İsmayıllı Xidmət Sahəsinin balansında olmadığı bildirilmişdir. Məhkəmə tərəfindən iddiaçıya 08.04.2021-ci il tarixli yardım məktubu ünvanlanmış, Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, hazırkı iş üzrə tərəflər arasında yaranan mübahisə mülki hüquqi xarakter daşıdığından iddiaçının tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Odur ki, iddia tələbinə inzibati mühakimə icraatı qaydasında baxıla bilməməsi səbəbindən mümkün sayılmamalı olduğundan iddiaçıya məhkəmənin yardımına münasibət bildirməsi təklif olunmuşdur. Məhkəmənin yardım məktubu iddiaçı tərəfindən 14.04.2021-ci il tarixdə poçt göndərişinin verilməsi barədə xəbərnaməyə imza edilməklə qəbul edilmiş, lakin iddiaçı tərəfindən məhkəmənin yardımına münasibət bildirilməmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyil. Belə ki, iddia tələbi inzibati icraat çərçivəsində deyil, mülki mühakimə icraatı qaydasında yaranan hüquq münasibətinə əsaslanır. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir. Xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədirlər, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10.04.2015-ci il tarixli 4 nömrəli Qərarının 13 və 14-cü bəndləri ilə məhkəmələrə tövsiyə olunmuşdur ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia ərizəsindən də göründüyü kimi, tələb təbii inhisar subyektinin, yəni cavabdehin ümumi (publik) hüquq sahəsindəki qərarı, hərəkəti və ya hərəkətsizliyi, qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirməsi və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etməsi ilə bağlı deyildir. İddia tələbi torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın hüquqlarının pozulmasının aradan qaldırılması ilə bağlı olmaqla, mülki xarakter daşımaqdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Müstəsna aidiyyət adlanan 39-cu maddəsinin tələbinə görə tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Bu isə onu deməyə əsas verir ki, mülki prosessual qanunvericilik, artıq hazırkı idda tələbinə baxılmasının mülki mühakimə icraatı qaydasında həyata keçirilməsi mexanizmini özündə təsbit etməkdədir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10.04.2015-ci il tarixli 4 nömrəli Qərarının 15-ci bəndi ilə məhkəmələrə izah olunmuşdur ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinin iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə məhkəmə tərəfindən iddiaçının dinlənilmək hüququ təmin edilmişdir. Məhkəmə işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10.04.2015-ci il tarixli 4 nömrəli Qərarının tövsiyəsinə uyğun olaraq iddiaçıya izah edir ki, o, hazırkı iddia tələbi ilə mülki mühakimə icraatı qaydasında ümumi məhkəməyə müraciət edə bilər. İddiaçının diqqətinə çatdılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh “Azəriqaz” istehsalat birliyinə qarşı “torpaq sahəsində tikilmiş qurğunun cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar