Məhkəmə qərarları › İş №2-1(116)-762/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-762/2025

21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-762/2025 21.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “Mamaginekoloq” ixtisası üzrə ixtisasartırma kurslarına cəlb edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Mama-ginekoloq” ixtisası üzrə təkmilləşdirmə kursu və sertifikasiyadan keçirilməsinə icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək, "iddiaçının Mama-ginekoloq” ixtisası üzrə ixtisasartırma kurslarına cəlb edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçı 1978-ci ildə Azərbaycan Tibb İnstitutunun "Müalicə profilaktikası" fakültəsinə daxil olmuş, 1985-ci ildə "Terapevt" ixtisası üzrə bitirmişdir. Həmin ildə Azərbaycan Tibb İnstitutunda "Ümumi cərrahiyyə və terapevt" ixtisasları mövcud olmuş, "Mama-ginekologiya" ixtisası olmamış, "Mama-ginekologiya” ixtisası üzrə ordinatura bağlanmışdır. Ona görə də, 1985-86-cı illərdə bir illik ordinatura kursunu "Terapevt" ixtisası üzrə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında keçib, "Həkimterapevt" ixtisası üzrə vəsiqə almışdır. 1986-cı ildə keçmiş Varataşen indiki Oğuz rayon X2-zöhrəvi dispanserinə müalicə həkimi kimi işə qəbul edilmişdir. 1988-ci ildə "Mamagenokoloq" ixtisasına ehtiyac olduğuna görə həmin rayonunun Xaçmaz kənd xəstəxanasına mama-ginekoloq vəzifəsinə keçirilmiş və həmin ildə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təkmilləşdirmə kursunda "Mama-ginekoloq" ixtisası üzrə 2-ci dərəcəli təkmilləşdirmə kursu keçərək həmin ixtisas üzrə 1990-cı ildə Oğuz rayonunun Padar kənd xəstəxanasına mama-ginekoloq vəzifəsinə təyin edilmişdir. 1992-ci ildə ailə vəziyyəti ilə əlaqədar Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının "Doğum evi"nə mamaginekoloq vəzifəsinə keçirilmiş, 1999-cu ildə Mingəçevir şəhər İnşaatçılar poliklinikasının nəzdində Repraduktur Tibb Sağlamlıq Mərkəzinə USM həkimi təyin edilmişdir. 2005-ci ildə həmin vəzifədən azad olunaraq, Bakı şəhərində yerləşən "Mono" özəl tibb mərkəzində mama-ginekoloq kimi işləmiş, 2007-ci ildən isə Azərbaycan Beynəlxalq Universitetinin tibb mərkəzində mama-ginekoloq vəzifəsində işləmiş, 2010-cu ildə "İntenational-Center" klinikasında USM həkimi təyin edilmiş, 2015-2019-cıı illərdə "N-Laz" sağlamlıq mərkəzində həkim-ginekoloq vəzifəsində işləmişdir, 2024-cü ilin 14 iyununda təqaüdə çıxmağı ilə əlaqədar həkimlik fəaliyyətini dayandırmışdır. Lakin qadınlar üçün təqaüdə çıxma yaş həddi 63.5 olduğundan təqaüd yaş həddi 2025-ci ilin yanvar ayına kimi uzadılmışdır. Bununla əlaqədar olaraq ixtisası üzrə təkmilləşdirmə kursu keçmək üçün icazə verilməsi barədə Azərbaycn Respublikası Səhiyyə Nazirliyinə ərizə ilə müraciət etmişdir. AR Səhiyyə Nazirliyinin xx.xx.2024-cii il tarixli cavab məktubuna əsasən onun "Mama- ginekoioq" ixtisası üzrə təkmilləşdirmə kursu və sertifikasiya imtahanından keçməyinə imtina edilmiş, ancaq "Terapevt" ixtisası üzrə kurs və sertifikasiyadan keçirilməsi bildirilmişdir. Hesab edir ki, o, "Mama-ginekolgiya" ixtisası üzrə təkmilləşdirmə kursu və sertifikasiyadan keçməlidir və həmin vəzifənin cavabdehin üzərinə qoyulması məqsədə müvafiqdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: • İddiaçı 1978-ci ildə Azərbaycan Dövlət Tibb İnstituna daxil olmuş və 1985-cı ildə həmin institutun "müalicə işi” fakültəsini bitirmişdir. Bununla bağlı ona LV seriyalı 018865 nömrəli diplom verilmişdir. • 1985-86-cı illərdə bir illik ordinatura kursunu "Terapevt" ixtisası üzrə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında keçib "Həkim-terapevt" ixtisası üzrə vəsiqə almışdır. • Daha sonra o, xx.xx.1988-xx.xx.1988-ci il tarixlərində Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunu "mamalıq-ginekologiya” ixtisası üzrə ümumi təkmilləşdirmə kursu keçmişdir. • O, 1988-ci ildə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təkmilləşdirmə kursunda "Mama-ginekoloq" ixtisası üzrə 2-ci dərəcəli təkmilləşdirmə kursu keçmiş həmin ixtisas üzrə ona xx.xx.1999-cu-ci il tarixli, 409 nömrəli vəsiqə verilmişdir. • Əlavə olaraq iddiaçı 1988-ci ildən etibarən müxtəlif xəstəxanalarda və tibb məntəqələrində "Mama-genokoloq" və USM həkimi həkimi kimi işləmişdir. • İddiaçı "Mama-genokoloq" ixtisası üzrə sertifikasiyadan keçirilməsi ilə bağlı AR Səhiyyə Nazirliyinə müraciət ünvanlasa da, cavabdeh inzibati orqan həmin müraciət barəsində imtina məktubu göndərmişdir. Tətbiq edilməli hüquq: • "Əhalinin sağlamlığının qorunması haqqında” AR Qanununun 49-1-ci maddəsinə əsasən Praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. • Həmin maddəyə əsasən Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərə (işçilərə) onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. • Həmin maddəyə əsasən Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. • "Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın təsdiq edilməsi haqqında 8 iyun 2010-cu il tarixli, 108 nömrəli Qərarının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə "Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. Əsaslandırma: Yuxarıda qeyd olunan qanunvericilik normalarının təhlilindən də göründüyü kimi praktiki tibb fəaliyyəti ilə məşğul olan şəxslər müvafiq icra hakimiyyəti tərəfindən sertifikasiyaya cəlb edilirlər. Praktiki tibb fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyqun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində göstərilən fəaliyyət olduğundan müvafiq şəxslər də məhz yalnız ixtisaslarına uyğun olaraq sertifikasiyadan keçirilə bilərlər. Şəxslərin əlavə həkim təkmilləşdirmə kurslarında iştirak etməsi bu mənada qanunvericiliyin tələbini istisna etmir. Odur ki, AR Səhiyyə Nazirliyi tərəfindən iddiaçı barəsində ünvanlanan cavab məktubu tamamilə qanuni və əsaslıdır. Tibb işçisinin ixtisası internaturada, rezidenturada keçdiyi hazırlığa uyğun müəyyən edilir. İddiaçı 1985-86-cı illərdə bir illik ordinatura kursunu "Terapevt" ixtisası üzrə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında keçib "Həkim-terapevt" ixtisası üzrə vəsiqə almışdır. Buna görə də İddiaçı aldığı təhsilə uyğun olaraq terapiya ixtisası üzrə təkmilləşdirmə kursu keçdikdən sonra sertifikasiya oluna bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina cavabı, ЛB №018865-li diplom, 409 nömrəli Vəsiqə, ******* nömrəli Şəhadətnamə, İT-İ ******* nömrəli Əmək kitabçası, Azərbycan Respublikası Səhiyyə Nazirliyi “Əziz Əliyev” adına Azərbaycan Dövlət Həkimləri Təkminləşdirmə İnsitutunun xx.xx.2024-cü il tarixli məktubu, 84 nömrəli Şəhadətnamə. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Hazırkı tələblə məhkəməyə müraciət etməklə iddiaçının faktiki olaraq nail olmaq istədiyi hüquqi nəticə "mama-ginekoloq" ixtisası üzrə ixtisasartırma kurslarına cəlb olunmaq, daha sonra isə həmin ixtisas üzrə sertifikasiyada iştirak etməkdir. İş materiallarından görünür ki, iddiaçı 1978-ci ildə Azərbaycan Tibb Universitetinin "müalicə profilaktikası" fakultəsinə daxil olmuş və 1985-ci ildə həmin fakultəni "terapevt" ixtisası üzrə bitirmişdir. 1985-1986-cı illərdə bir illik ordinatura kursunu "Terapevt" ixtisası üzrə keçmiş və "Həkim-Terapevt" ixtisası üzrə vəsiqə almışdır. 1988-ci ildə Oğuz rayon Xaçmaz kənd xəstəxanasına "mama-ginekoloq" vəzifəsinə keçirilmiş və həmin ildə Səhiyyə Nazirliyinin təkmilləşdirmə kursunda "Mama-ginekoloq" ixtisası üzrə 2-ci dərəcəli təkmilləşdirmə kursu keçərək həmin ixtisas üzrə 1990-cı ildə Oğuz rayon padar kənd xəstəxanasına mama-ginekoloq vəzifəsinə təyin edilmişdir. Bundan sonrakı fəaliyyəti də, məhz həmin sahə ilə bağlı olmuşdur. İddiaçı, ixtisası üzrə təkmilləşdirmə kursu keçmək üçün icazə verilməsi barədə cavabdeh orqana müraciət etmiş, lakin onun "mama-ginekoloq" ixtisası üzrə təkmilləşdirmə kursu və sertifikasiya imtahanından keçməsindən imtina edilmiş, ancaq "terapevt" ixtisası üzrə kurs və sertifikasiyadan keçirilməsi bildirilmişdir. Odur ki, iddiaçı, cavabdeh orqanın hərəkətlərini inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmişdir. İddiaçı, mövqeyini uzun illər ərzində "mama-ginekoloq" ixtisası üzrə çalışması və bu sahədə təkmilləşdirmə kursları keçməsi ilə əsaslandrmış və qeyd etmişdir ki, sertifikasiyadan keçmək üçün yenidən mama-ginekoloq ixtisası üzrə kurslarda iştirak etmək istəyir. Onun əsas arqumenti "mama-ginekoloq" ixtisası üzrə təkmilləşdirmə kursu keçməsi və praktik olaraq 1988-ci ildən mama-ginekoloq olaraq fəaliyyət göstərməsidir. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddiaçı, 1985-ci ildə tibb institunun "müalicə işi" fakultəsini bitirmiş, 1985-1986-cı illərdə bir illik ordinatura kursunu "terapevt" ixtisası üzrə bitirib - "həkim-terapevt" ixtisası üzrə vəsiqə almışdır. xx.xx.1988-xx.xx.1988-ci il tarixlərdə dövlət həkimləri təkmilləşdirmə institutunu "mamalıqginekologiya" ixtisası üzrə ümumi təkmilləşdirmə kursunu keçmişdir. Səhiyyə nazirliyinin təkmilləşdirmə kursunda "mama-ginekoloq" ixtisası üzrə 2-ci dərəcəli təkmilləşdirmə kursu keçmiş həmin ixtisas üzrə ona xx.xx.1999-cu il tarixli 409 nömrəli vəsiqə təqdim edilmişdir. 1988-ci ildən müxtəlif xəstəxanalarda "mama-ginekoloq" və USM həkimi kimi işləmişdir. Cavabdeh orqan mövqeyini “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 49-1-ci maddəsinə (Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası) istinad etməklə əsaslandırmışdır. Həmin normaya əsasən Praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərə (işçilərə) onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. ... Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. Beləliklə cavabdeh orqan, qeyd etmişdir ki, Praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində faəliyyət olduğundan, müvafiq şəxslər də, yalnız ixtisasına uyğun olaraq sertifikasiyadan keçirilə bilərlər. Şəxslərin əlavə həkim təkmilləşdirmə kurslarında iştirak etməsi qanunvericiliyin tələbini istisna etmir. Tibb işçisinin ixtisası internaturada, rezidenturada keçdiyi hazırlığa uyğun müəyyən edilir. İddiaçı 1985-1986-cı illərdə bir illik odinatura kursunu "terapevt" ixtisası üzrə keçmiş, "həkim-terapevt" ixtisası üzrə vəsiqə almışdır. Göründüyü kimi cavabdeh orqan imtinasını formal hüquqi baxımdan "Əhalinin sağlamlığının qorunması haqqında" qanunun 49-1-ci maddəsi ilə əsaslandırmış və bildirmişdir ki, qanunvericiliyı əsasən, şəxslər yalnız aldıqları ali təhsil ixtisasına uyğun olaraq sertifikasiyaya cəlb oluna bilərlər. İddiaçı bir illik ordinatura kursunu "terapevt" ixtisası üzrə keçdiyindən və “Həkim-terapevt” ixtisası üzrə vəsiqə aldığından onun əsas ixtisası hüquqi baxımdan terapevtdir. Odur ki, o, ancaq aldığı ali təhsilə uyğun olaraq terapiya ixtisası üzrə təkmilləşdirmə kursu keçdikdən sonra sertifikasiya oluna bilər. Məhkəmə qeyd edir ki, iddiaçı, həkim-terapevt ixtisası üzrə ordinaturanı bitirmiş olsa da, artıq 1988-ci ildə "mamalıq-ginekologiya" ixtisası üzrə təkmilləşdirmə kursu keçmiş və həmin sahədə praktik olaraq 1988-ci ildən indiyədək fəaliyyət göstərməklə ixtisaslaşmışdır. “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”-nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. Yəni, müvafiq qaydaya əsasən dövri ixtisasartırma kurslarını keçməyən tibb mütəxəssisləri sertifikasiyaya cəlb edilə bilməzlər. Qaydaların 1.2-ci bəndinə əsasən, sertifikasiyaya cəlb olunmaq üçün şəxsin müvafiq dövri ixtisasartırma kurslarını keçməsi tələb olunur. Bu, peşəkarlıq səviyyəsinin yoxlanılması üçün ilkin, yəni sertifikasiyaya hazırlıq mərhələsidir. Göründüyü kimi prioritet məsələ faktiki olaraq praktiki tibb fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılmasıdır. İddiaçının uzun illər praktik tibb fəaliyyəti mama-ginekoloq ixtisası ilə bağlıdır. Məhkəmə cavabdeh orqanın mövqeyini və hüquqi dəlillərini “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 1.2-ci bəndinin məqsədinə və Əhalinin sağlamlığının qorunması haqqında Qanunun preambulasına uyğunluğu baxımından təhlil edərkən aşağıda göstərilən xüsusatların qeyd edilməsini zəruri hesab edir: İstinad olunan Qaydaların 1.2-ci bəndində əsas məqsəd, tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılmasıdır. Bu, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və səhiyyə sahəsində peşəkarlığın təmin olunması məqsədini güdür. Bu kontekstdə, faktiki olaraq uzun illər mama-ginekoloq kimi fəaliyyət göstərmiş və müvafiq təkmilləşdirmə kursu keçmiş şəxsin terapevt ixtisası üzrə ixtisasartırma kurslarına cəlb edilməsi həmin şəxsin faktiki iş təcrübəsinə uyğun olmayan bir sahədə peşəkarlığının qiymətləndirilməsi deməkdir. Bu isə qaydaların nəzərdə tutduğu əsas məqsədə uyğun gəlmir. Çünki praktik fəaliyyəti ilə bağlı biliklərin və bacarıqların yoxlanılması başlıca məqsəddir. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun preambulasında qeyd edilmişdir ki, əhalinin sağlamlığının qorunması hər bir insanın fiziki və ruhi sağlamlığının mühafizəsinə, onun fəal uzun ömürlüyünün artırılmasına, tibbi yardımla təminatına yönəldilmiş siyasi, iqtisadi, hüquqi, elmi, tibbi, sanitariya-gigiyena xarakterli tədbirlərin məcmusundan ibarətdir. Burada əsas məqsəd əhalinin fiziki və ruhi sağlamlığının mühafizəsi, fəal uzun ömürlüyün artırılması və keyfiyyətli tibbi yardımla təmin edilməsidir. Uzun illər mama-ginekoloq kimi fəaliyyət göstərmiş bir şəxsin terapevt kimi ixtisasartırma kursuna cəlb edilməsi əhalinin tibbi yardımın keyfiyyətinin artırılması məqsədinə uyğun deyil, çünki bu, həmin şəxsin faktiki olaraq praktik olaraq göstərdiyi xidmətlərin peşəkarlığının yoxlanılmasını təmin etmir. Praktik tibb fəaliyyəti ilə məşğul olan şəxsin sahəsinə uyğun ixtisasartırma kursuna cəlb edilməməsi və sertifikasiyadan keçirilməməsi, onların xidmət etdiyi pasiyentlərin sağlamlığı üçün potensial risklər yarada bilər. Odur ki, cavabdehin mövqeyi tibbi-sosial yardımın keyfiyyətini və əlçatanlığını təmin etmək, səhiyyə xidmətlərinin keyfiyyətli təşkili və sağlamlığın qorunması ilə bağlı “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun məqsəd və prinsiplərinə ziddir. Məhkəmə həmçinin qeyd edir ki, istinad olunan maddi hüquq normalarının məqsədi, yalnız hüquqi formallıqların yox, həm də əhalinin faktiki sağlamlığının qorunması üçün peşəkarlığın təmin edilməsidir. İddiaçı mama-ginekoloq olaraq fəaliyyət göstərdiyi üçün onun bu sahədə ixtisasartırma kurslarına cəlb edilməsi və sertifikasiyadan keçməsi, praktiki fəaliyyəti ilə uyğunluq təşkil etməklə birbaşa qaydaların məqsədinə uyğundur. Terapevt ixtisası üzrə ixtisasartırma kurslarına və sertifikasiyaya cəlb edilmə isə iddiaçının faktiki təcrübəsinə uyğun olmamaqla nə Qaydaların, nə də Qanunun nəzərdə tutduğu məqsədə nail olmağı təmin etmir. İddiaçının mama-ginekoloq kimi ixtisasartırma kurslarına və sertifikasiyaya cəlb edilməsi həmin sahədə profilaktik tibbi yardımın keyfiyyətini yüksəltməyə xidmət edəcəyi və yüksək ixtisaslı mama-ginekoloq xidmətlərinin əlçatanlığını təmin edəcəyi halda, terapevt ixtisası üzrə sertifikasiya bu məqsədi təmin edə bilməz. Nəzərə alınmalıdır ki, dövlətin əsas vəzifələrindən biri səhiyyə sisteminin keyfiyyətli təşkilini və əhalinin sağlamlığın qorunmasını təmin etməkdir. Azərbaycan Respublikasının Konstitusiyasının 41-ci maddəsinə əsasən hər bir insanın sağlamlığının qorunması hüququ vardır. Bu hüquq dövlətin və onun strukturlarının səhiyyə xidmətlərinin keyfiyyətli təşkili ilə bağlı birbaşa məsuliyyət daşımasını tələb edir. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, cavabdeh orqan imtinasını formal hüquqi baxımdan əsaslandırsa da, faktiki olaraq həmin imtina praktik məqsədlər və əhalinin sağlamlığının qorunması baxımından adekvat olmamışdır. Buna görə də, iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin üzərinə İddiaçı “mamaginekoloq” ixtisası üzrə ixtisasartırma kurslarına cəlb edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar