Məhkəmə qərarları › İş №2-1(116)-765/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-765/2025

21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-765/2025 21.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “1994-cü ildən 2006-cı ilədək Ağsu şəhər mərkəzi bazarında sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müddətin sosial sığorta stajına daxil edilməklə xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəmə iddia ərizəsi ilə müraciət edərək “1994-cü ildən 2006-cı ilədək Ağsu şəhər mərkəzi bazarında sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə sosial sığorta stajının müəyyən edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icasında iddiaçı iddia tələbini dəqiqləşdirərək, “1994-cü ildən 2006-cı ilədək Ağsu şəhər mərkəzi bazarında sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müddətin sosial sığorta stajına daxil edilməklə xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-ci il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - 2023-cıİ ilin yanvar ayının 25-də onun 65 yaşı olmuşdur. Odur ki, yaşa görə əmək pensiyası almaq üçün fevral ayının 3-də sənədlərini Ağsu rayon DSMF-sinə təqdim etmişdir. 2023-cü il mart ayının 15-də, cavabdehin yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması barədəki məktubunu almışdır. Təqdim edilmiş əmək kitabçasının surətinə və hərbi xidmət haqqında arayışa əsasən sığorta stajı 23 il 9 ay 17 gün təşkil edir. Lakin 1994-cü ildən, 2006-cı il dövrdəki, 12 il 3 ay 15 günlük sahibkarlıq işlərini qəbul etmirlər. O, 1994-cü ildən 2006-cı il aprel ayının 15-nə kimi Ağsu şəhər Mərkəzi bazarında kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 1994-cü ildən 1998-ci ilə kimi vergiləri Ağsu rayon maliyə şöbəsinə ödəmişdir. 1998-ci ildən 2004-cü ilə kimi 9 rəqəmli VÖEN-lə (3********) vergiləri Ağsu rayon Vergilər idarəsinə ödəmişdir. 2004-cü ildən-2006-cı il 15 aprelə kimi, 10 rəqəmli VÖEN-lə (**********) vergiləri 4 saylı Şamaxı Ərazi Vergilər idarəsinə ödəmişdir. 1998-ci ildən, 2006cı ilə kimi məcburi dövlət sığorta haqqı ödəmişdir. Azərbaycan Respublikası "Əmək pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslər ərazi 25-il sığorta stajı olduqda, yaşa görə əmək pensiyası hüququ qazanır. Onun əmək kitabçasında 23 il 9 ay 17 gün təşkil edir. Sahibkarlıq fəaliyyəti isə 12 il 3 ay 15 gün təşkil edir. Bundan əlavə, 2006-cı il ayının 1-dən 2007-ci il yanvar ayının 7-nə kimi Ağsu rayon məşğulluq idarəsində işsiz kimi qeydiyyatda olmuşdur. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı iddia ərizəsinin əsasları kimi 1994-cü ildən 2006-cı ilin 15 aprel ayınadək Ağsu şəhər Mərkəzi bazarında kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, müvafiq olaraq vergi və məcburi dövlət sosial sığorta haqları ödədiyini iddia edərək məhkəmədən 1994-cü ildən 2006-cı ilə kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu 12 il 03 ay 15 gün sosial sığorta stajı nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi xahişi ilə xx.xx.2023-cü il tarixli ərizə ilə inzibati orqana müraciət etmişdir. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-S-123710/2024 nömrəli məktubu ilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtina məktubuna əsasən iddiaçı tərəfindən təqdim edilən əmək kitabçasının, hərbi xidmət haqqında arayışa əsasən sığorta stajı qanunvericiliklə tələb olunan sosial sığorta stajından (25 il) az - 23 il 09 ay 17 gün təşkil etdiyindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçı cavabdehin məktubu ilə razılaşmayaraq iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirlər ki, İddiaçı iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Etirazın əsasları və tətbiq edilməli hüquq normaları: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 01 07.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlü İddiaçı pensiya yaş həddinə, yəni 65 yaşına xx.xx.2023-cü il tarixdə çatmışdır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Qanunla müəyyən olunmuş yaş həddinə çatması ilə yanaşı Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: • fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; • azı 25 il sosial sığorta stajı olduqda. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il. 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Bildirirlər ki, İddiaçı tərəfindən təqdim edilən əmək kitabçası və hərbi xidmət haqqında arayışa əsasən sosial sığorta stajı 24 il 3 ay 20 gün təşkil edir: xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət dövrü; xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək əmək fəaliyyəti dövrü; xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək əmək fəaliyyəti dövrü; xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək əmək fəaliyyəti dövrü; xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək əmək fəaliyyəti dövrü; xx.xx.1979-cu il tarixdən xx.xx.1981 -ci il tarixədək əmək fəaliyyəti dövrü; xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək əmək fəaliyyəti dövrü; xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək əmək fəaliyyəti dövrü; xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək əmək fəaliyyəti dövrü; xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək əmək fəaliyyəti dövrü; xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək əmək fəaliyyəti dövrü; xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək işsizlikdən müavinət aldığı dövr nəzərə alınmaqla. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Eyni zamanda bildirirlər ki, iddiaçı tərəfindən təqdim edilən iddia ərizəsinin məzmununa əsasən, o, 1994-cü ildən 2006-ci ilin 15 aprelinədək Ağsu şəhər Mərkəzi bazarında kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu iddia edir. Lakin iş materiallarından görünür ki, iddiaçı inzibati orqana müraciət edən zaman iddia etdiyi həmin dövrə dair təsdiqedici sənəd təqdim etməmişdir. İş materiallarında olan iddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasının surətində iddiaçının 1994-2006-cı il tarixləri arasındakı dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı qeydlər yoxdur. Bununla da, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, sözügedən dövrlərdə vergi və məcburi dövlət sosial sığorta haqları ödəmiş və həmin ödənişlərlə bağlı ona 3-4 qəbz təqdim edilsə də, itirdiyindən həmin sahibkarlıq fəaliyyəti dövrünün sosial sığorta stajına daxil edilməsi üçün cavabdehə sənəd təqdim edə bilmir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin (bundan sonra - 4 saylı ƏVİ) xx.xx.2023-cü il tarixli məktubuna əsasən iddiaçı xx.xx.1998-ci il tarixdə ********* nömrəli VÖEN-lə 4 saylı ƏVİ-də vergi uçotuna alınmışdır. Həmin məktuba əsasən iddiaçı xx.xx.2004-cü il tarixdə ********** nömrəli VÖEN-lə 4 saylı ƏVİ-də yenidən vergi uçbotuna alınmış, ərizəsinə əsasən xx.xx.2021-ci il tarixdə vergi uçotundan çıxarılmışdır. Bununla da inzibati icraat zamanı iddiaçı tərəfindən təqdim edilən yuxarıda qeyd olunan məktuba əsasən İddiaçı 2006-cı il tarixədək vergi ödəyicisi kimi fəaliyyətinin araşdırılması məqsədi ilə müvafiq olaraq sorğu ünvanlanmışdır. İş materiallarında olan 4 saylı ƏVİ-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən iddiaçının faktiki olaraq sahibkarlıq fəaliyyətindən 2006-cı ilin İ rübü ərzində 60,00 manat gəlirinin olduğu, digər dövrlərdə hər hansı gəlirlərinin olmadığı, vergi ödəyicisi kimi fəaliyyətinə xx.xx.2021-ci il tarixdə xitam verildiyi və VOEN-in ləğv edildiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən bildirilir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkilinə 01 yanvar 2006-cı il tarixdən etibarən başlanıldığından xx.xx.1994-cü il tarixdən 01.01 2006-cı il tarixədək ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların təqdim edilməsi mümkün olmamışdır. Bildirilir ki, Mərkəzləşdirilmiş elektron informasiya sistemində iddiaçının 2006-cı il üçün məcburi dövlət sosial sığorta haqqı üzrə hesabat və ödəniş məlumatları aşkar edilməmişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq, bu barədə sığortaçıya hesabat vermək və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Qanuna əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sosial sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi, iddia tələbi əsassızdır və cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi, İT-İ ******* nömrəli əmək kitabçasının surəti, SHÇDX-nin Ağsu Rayon şöbəsinin xx.xx.2023-cü il tarixli arayışı, 4 saylı ƏVİ-nin xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli cavab məktubları, Vergilərin hesablanması baraədə xx.xx.2004-cü il tarixli bildiriş, vergi ödəyicisinin,onun filialının, nümayəndəliyiin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin dayandırılması haqqında xx.xx.2006-cı il tarixli arayış. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyət etibarilə əsassızdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddia tələbindən göründüyü kimi məhkəmədə hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır. Bunun üçün iddiaçı 1994-cü ildən 2006-cı ilədək Ağsu şəhər mərkəzi bazarında sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müddətin sosial sığorta stajına əlavə edilməsini tələb edir. İddiaçı mübahisələndirilməyən sosial sığorta stajı əmək kitabçası və hərbi xidmət haqqında arayışa əsasən 24 il 3 ay 20 gün təşkil edir. İddiaçı, 1994-cü ildən 2006-cı ilədək Ağsu şəhər mərkəzi bazarında sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirərək həmin müddətin onun sosial sığorta stajına daxil edilməsini tələb edir. İş materiallarından görünür ki, iddiaçının mübahisələndirilməyən 24 il 3 ay 20 gün sosial sığorta stajının tərkibinə onun xx.xx.1994-xx.xx.1996 və xx.xx.2001xx.xx.2004-cü il tarixlərə aid əmək fəaliyyəti müddətləri daxildir. DVX-nin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını təsdiq edən sənədlərin 2002-2004-cü illərə aid olması müəyyən edilir (həmin dövr iddiaçının sosial sığorta stajında əmək kitabçası əsasında nəzərə alınır). Qeyd olunanları nəzərə alaraq, mhəkəmə hesab edir ki, iddiaçının ümumi sosial sığorta stajı 25 ildən az olduğundan cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “1994-cü ildən 2006-cı ilədək Ağsu şəhər mərkəzi bazarında sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müddət sosial sığorta stajına daxil edilməklə xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar