Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-766/2021 08.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehnə qarşı “Tibbi Ekspert Komissiyasının qərarının ləğv olunması və 16.05.2012-ci il təvəllüdlü X1 əlliliyin təyin olunması öhdəliyinin cavabehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə Şəki İnzibati Məhkəməsinin binasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı (üçüncü şəxs: Zaqatala Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi) məhkəməyə müraciət edərək, Tibbi Ekspert Komissiyasının qərarının ləğv olunması və 16.05.2012-ci il təvəllüdlü X1 əlliliyin təyin olunması öhdəliyinin cavabehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən 08.04.2021-ci il tarixli sərəncam verilmiş və tərəflərə 22.04.2021-ci il tarixli yardım məktubu ünvanlanaraq, bildirilmişdir ki, iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iddianın ərazi aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə iddianın növü müəyyən olunmalıdır. İnzibati orqana edilən müraciətlərlə bağlı qaldırılan iddia növləri müvafiq orqanın qərar qəbul edə bilmək imkanlarından və hərəkətlərindən asılı olaraq dəyişir. Mübahisələndirmə haqqında iddia şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) yönəlirsə, məcburetmə haqqında iddiada inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulması və ya inzibati orqanın hərəkətsizliyindən müdafiə tələb olunur. Mübahisələndirmə haqqında iddiaya dair Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Ancaq nəzərə almaq lazımdır ki, tələbin mübahisələndirmə haqqında iddianın predmetinə aid olub-olmadığını müəyyənləşdirmək üçün əlverişli və əlverişsiz inzibati aktın fərqləndirilməsi zəruri şərtdir. Belə ki, mübahisələndirmə haqqında iddianın predmeti, əsasən əlaverişsiz inzibati akt olur. Lakin hər hansı əlverişli şəraiti yaradan halın təmin edilməməsi əlverişsiz inzibati akt sayılmamalıdır. Çünki belə bir qərar hüquqi vəziyyəti dəyişmir, sadəcə və yalnız hüquqların genişlənməsinin qarşısını alır. Ona görə də, bu cür qərara qarşı mübahisələndirmə deyil, məcburetmə haqqında iddia qaldırılmalıdır. Göstərilənlərin hazırkı mübahisəyə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçının tələbi inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara, yəni məcburetmə haqqında iddialara aiddir. Cavabdeh tərəfindən avtomatlaşdırılmış elektron sistem üzərindən iddiaçıya verilmiş imtina inzibati akt kimi qiymətləndirilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununu 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri olduğu halda, hazırkı mübahisə üzrə cavabdeh tərəfindən iddiaçıya münasibətdə hər hansı qərar qəbul olunmadan faktiki xarakterli hərəkət edilmiş, iddiaçının hüquqi vəziyyətində heç bir dəyişiklik baş verməmişdir. Odur ki, tələb mübahisələndirmə haqqında deyil, məcburetmə haqqında iddia növünə aid olduğundan, işə İPM-in 8.1.4-cü maddəsinə müvafiq olaraq cavabdehin yerləşdiyi yerin, məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara və İPM-in 13-cü maddəsinə müvafiq olaraq, iddiaçının nəzərinə çatdırılmışdır ki, iddiaya cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalı olduğundan, iş cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh yerləşdiyi yer - Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon, Mirmahmud Kazımovski küçəsi 134 ünvanı nəzərə alınmaqla, baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının 14.11.2019-cu il tarixli 4 nömrəli qərarının 15.1-ci bəndinə əsasən Bakı şəhərinin Binəqədi rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. İPM-in 8.2-ci maddəsinə görə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Üçüncü şəxs məhkəmənin yardımına cavab olaraq 29.04.2021-ci il tarixli 314 nömrəli məktubla bildirmişdir ki, məhkəmənin məktubu 14.04.2021-ci il tarixli 275 nömrəli məktubla cavablandırılmışdır. Belə ki, üçüncü şəxsin 14.04.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, əlilliyin və sağlamlıq imkanları məhdudluğunun təyin olunması HMK-nın səlahiyyətləri çərçivəsində deyil, odur ki, prosesə iştirakları olmadan baxılmasını xahiş etmişlər. İddiaçı məhkəmənin yardımına cavab olaraq ərizə ilə müraciət etmiş və işin baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçının ərizəsi 31.05.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdehə də eyni məzmunlu məktub ünvanlanaraq münasibət bildirməsi təklif edilmiş, məktub cavabdehə 29.04.2021-ci il tarixdə çatdırılsa da, cavabdeh tərəfindən münasibət bildirilməmişdir. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, hazırkı iddia tələbi İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara, yəni məcburetmə haqqında iddialara aiddir. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən İPM-in 8-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq olunur ki, həmin Məcəllənin: 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.3-1-ci maddəsinə görə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.4-ci maddəsinin tələbinə əsasən isə digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Normanın tələbindən də göründüyü kimi, məcburetmə haqqında iddialara, əgər həmin iddialar daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı deyildirsə, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibəti ilə bağlı deyildirsə, Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı deyildirsə, cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yeri olmadığı hallarda olduğu yerin və ya axrıncı yaşayış, yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı iddia məcburetmə haqqında iddiadır və aidiyyətlə bağlı sadalanan istisnalar iş üzrə müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 15ci maddəsinin tələbinə əsasən işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Həmin qanunun 43-cü maddəsinə görə inzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı iddiaya ərazi aidiyyatı üzrə cavabdehin yerləşdiyi yerin məhkəməsində, yəni hüquqi ünvanı ünvan 2 Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının 14.11.2019-cu il tarixli 4 nömrəli qərarının 15.1-ci bəndinə əsasən Bakı şəhərinin Binəqədi rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Məhkəmənin yardım məktubuna cavab olaraq iddiaçı da öz növbəsində işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etməmişdir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 8, 16.3, 80, 81.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehnə qarşı Tibbi Ekspert Komissiyasının qərarının ləğv olunması və 16.05.2012-ci il təvəllüdlü X1 əlliliyin təyin olunması öhdəliyinin cavabehin üzərinə qoyulması tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-766/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-766/2021
08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver