Məhkəmə qərarları › İş №2-1(116)-766/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-766/2025

13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-766/2025 13.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Velicanova Fidan Telman qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2024-cü il tarixli **********5333 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********5333 saylı qərarla 2000 manat məbləğində maliyyə sanksiyasının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, cavabdehin xx.xx.2024-cü il tarixli **********5333 nömrəli qərarının ləğv edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - Azərbaycan Respublikası Vergilər Nazirliyinin Yevlax şəhəri, Bakı prospekti 4-də yerləşən 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə məxsus olan Yevlax rayonu Əkşəm kəndində yerləşən "MOİL" YDM-də vergi müfəttişləri tərəfindən yoxlama aparılmış, yoxlamanın nəticəsinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2024-cü il tarixli, **********5333 saylı qərarla "xxxx" MMC-yə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən bir nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəhd etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Qərarın surətini elektron poçt vasitəsi ilə xx.xx.2024-cü ildə almışdır. Qərardan narazı qaldığına görə qanunla müəyyən edilmiş müddətdə (30 gün) məhkəməyə şikayət vermək qərarına gəlmişdir. Hesab edirik ki, qərar qanunsuz, əsassız və ədalətsiz olduğundan aşağıdakılara əsasən ləğv edilməlidir. Belə ki, "xxxx" MMC-nin Yevlax rayonu Əkşəm kənd ərazisində yerləşən "MOİL" YDM-də vergi müfəttişləri tərəfindən xx.xx.2024-cü il tarixdə yoxlama aparılaraq onların iştirakı olmadan bir nəfər şəxsin əmək müqaviləsi olmadan operator işləməsi barədə akt tərtib edilmiş, eyni zamanda həmin obyektdə icarə müqaviləsi əsasında fəaliyyət göstərən Ehtiram Bəkirovdan izahat alınmış, həmin izahat vergi müfəttişləri tərəfindən tərtib edilmiş, obyekt sahibinə oxunmadan imza etdirilmişdir. Ehtiram Bəkirov xx.xx.2024-cü il tarixdə verdiyi izahatında qeyd etmişdir ki, vergi müfəttişi tərəfindən ona ağ vərəqin altında imza etdirmiş və onun adından vergi müfəttişi tərəfindən yazılmış izahat tam əsassızdır. İzahatda göstərilənləri təsdiq etmir. X4 ilə xx.xx.2024-cü il tarixdə bağlanmış 03 nömrəli icarə müqaviləsinə əsasən Yevlax rayonu Əkşəm kəndində yerləşən "MOİL" YDM-də avtoyuma ona icarəyə verilmiş və o həmin obyektdə avtomobillərin yuyulması xidmətini göstərmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmin icarə müqaviləsinin 5.1-ci maddəsinə əsasən vergilər və digər ödənişlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada obyekti icarəyə götürmüş şəxs tərəfindən ödənilməlidir. Belə olan halda vergi müfəttişi tərəfindən şəxslə icarə müqaviləsi bağlanması nəzərə alınmayaraq əmək müqaviləsinin olmaması kimi qeyd edilmiş, nəticədə yuxarıda qeyd edilmiş qanunsuz və əsassız qərar qəbul edilmişdir. Bununla əlaqədar olaraq 11 saylı Ərazi Vergilər Baş İdarəsinə xx.xx.2024-cü ildə məktub ünvanlayaraq həmin şəxsin əmək müqaviləsi ilə deyil icarə müqaviləsi ilə işlədiyini onların nəzərinə çatdırmışdır. Tərtib edilmiş materiallara baxılmasında iştirak etmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə 11 sayh Ərazi Vergilər İdarəsində olmasına baxmayaraq, bunlar nəzərə alınmamış, onu dinləmədən həmin tarixdə qanunsuz qərar vermişlər. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - dövlət reyestr məlumatlarına əsasən hüquqi şəxs xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı MMC-nin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi “MOİL” YDM adlı təsərrüfat subyektində (obyektin kodu: **********-22002) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********8199 nömrəli qərarı ilə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” və “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması” məsələləri üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024cü il tarixi olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Operativ vergi nəzarəti tədbiri keçirilən zaman İddiaçı MMC-nin rəhbəri Nümayəndə operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərarla, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışla, operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamə ilə tanış edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 11:36-da aparılmış vergi nəzarəti tədbirləri zamanı təsərrüfat subyektində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, həmin şəxsin izahatı alınmış və aşkar edilmiş qanun pozuntusu xx.xx.2024-cü il tarixli, DVX seriyalı 001221 nömrəli aktla rəsmiləşdirilmişdir. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş X4 izahatında mart ayının 4-dən işlədiyini, əmək müqaviləsi bağlanmadığını, gündəlik əmək haqqının 10 manat olduğunu, ödənişin nağd qaydada edildiyini bildirmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı tərtib edilmiş sənədlər İddiaçı MMC-nin rəhbəri Nümayəndə tanış olmaq və imza etmək üçün təqdim edilmiş, lakin Nümayəndə imza etməkdən və sənədlərin bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. Odur ki, fərdi sahibkar barəsində qəbul ediləcək qərar üzrə operativ vergi nəzarəti materiallarına baxılmasında iştirak etməsi üçün xx.xx.2024-cü il tarixli **********468800 nömrəli bildiriş göndərilmişdir. Operativ vergi nəzarəti materiallarına baxılması üzrə fərdi sahibkar barəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən bir nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tərtib edilərək, vergi məsuliyyətinə cəlb edilməsi barədə xx.xx.2024-cü il tarixli **********5333 nömrəli qərar qəbul edilmişdir. İddiaçının iddia tələbini əsaslandırdığı konkret hallarla bağlı isə bildiririk ki, işin faktiki və hüquqi hallarından da göründüyü kimi iddiaçının iddia ərizəsində göstərdikləri yanlış olmaqla iş materialları ilə təkzib olunur və iddia ərizəsi məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Belə ki, operativ vergi yoxlaması vergi ödəyicisinin səlahiyyətli nümayəndəsinin, daha dəqiq desək hüquqi şəxsin qanuni təmsilçisi olan direktor Nümayəndə iştirakı ilə keçirilmişdir və o, operativ vergi yoxlamasının keçirilməsi barədə qərar və digər sənədlərlə tanış olaraq imzalamışdır. X4 vergi müfəttişi tərəfindən ona ünvanlanmış sualları cavablandıraraq verdiyi izahatı öz imzası ilə təsdiq etmişdir. Odur ki, vergi orqanı əməkdaşları tərəfindən ona ağ vərəqə imza etdirilməsi barədə iddiaçının iddiası həqiqətə uyğun deyil. X4 ilə iddiaçı cəmiyyətin arasındakı münasibətlər icarə münasibətləri deyil, əmək münasibətləri olmuşdur. Bu, X1 izahatında göstərdiklərindən başqa aşağıdakı faktlarla da sübuta yetirilir. Belə ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, “MOİL” YDM-də olan avtoyuma sexi X2 icarəyə verilmiş, icarə müqaviləsinə əsasən vergilər və digər ödənişlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada obyekti icarəyə götürmüş şəxs tərəfindən ödənilməli olduğu göstərilmişdir. Bununla bağlı bildiririk ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidən gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən bu maddəyə uyqun olaraq 14 faiz dərəcə ilə vergini özü ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir. Obyektin icarəyə verildiyi iddia edilən X4 nə icarə müqaviləsinin bağlandığı iddia edilən vaxt, nə də ki operativ vergi nəzarəti tədbirinin həyata keçirildiyi vaxt vergi ödəyicisi kimi uçotda olmamışdır. X4 xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək vergi ödəyicisi kimi uçota alınmışdır (VÖEN:**********). Fəaliyyət növü “Avtomobillərə yuma xidmətlərinin göstərilməsi” olsa da, bu günə qədər müvafiq təsərrüfat subyekti vergi orqanında uçota qoyulmamışdır. İddiaçı MMC-nin 2024-cü ilin 1-2-ci rübləri üçün təqdim etdiyi ödəmə mənbəyində tutulan vergi bəyannamələrindən də göründüyü kimi X4 ilə aralarında icarə münasibətləri mövcud olmamışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə yuma sexinin icarəyə verilməsi barədə müqavilənin bağlandığını bildirsə də, nədənsə icarə haqqının ödənilməsi barədə kassa mədaxil qəbzlərini yalnız operativ vergi nəzarəti tədbirinin keçirilməsindən sonrakı 30 aprel 2024cü il və 31 may 2024-cü il tarixlərə tərtib etmiş, qəbzlərdə icarə haqqının hansı aylar üçün olduğu göstərilməmişdir. Xüsusilə diqqəti cəlb edən fakt isə 30 aprel 2024-cü il və 31 may 2024-cü il tarixlərdə guya icarə haqqı ödənişlərinin edildiyi göstərilən kassa mədaxil orderləri həmin tarixlərdə mövcud olmamış, "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə sifariş edilərək "xxxx" MMC tərəfindən çap edilmiş, xx.xx.2024-cü il tarixdə isə İddiaçı MMC-yə təhvil verilmişdir. Göründüyü kimi iddiaçının iddia ərizəsində göstərdiyi mülahizələrin, həmin mülahizələrin doğruluğunu sübut etmək üçün təqdim etdiyi sənədlərin, işin faktiki hallarının və qanunvericiliyin tələblərinin əlaqəli təhlili onu göstərir ki, iddia ərizəsi əsassızdır və məsuliyyətdən yayınmaq məqsədi daşıyır, iş üzrə təqdim etdiyi sənədlər isə operativ vergi nəzarəti keçirilməsindən sonra məsuliyyətdən yayınmaq sxeminin qurulması üçün tərtib edilsə də, uğurlu alınmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı MMC-nin iddiası əsassız, vergi qanunvericiliyinin tələblərinə tam zidd olduğundan, həmçinin həqiqətə uyğun olmayan mülahizələrə əsaslandığından və məsuliyyətdən yayınmaq məqsədi daşıdığından onun iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin “vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********5333 nömrəli qərarı, cavabdehin Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli **********8199 nömrəli qərarı, KY242105213 №-li “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”. Əsaslandırma hissəsi: İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində ... qaldırıla bilər. Mübahisələndirilən qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, iddia ərizəsi isə məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddəti ilə bağlı xüsusi mümkünlük şərtinə əməl olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Tətbiq edilən hüquq. Vegi Məcəlləsi: Vergi Məcəlləsi: Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; ... 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; Maddə 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Maddə 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Hazırkı iş üzrə iddiaçı cavabdehin “vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********5333 nömrəli qərarını mübahisələndirir ki, həmin qərarla iddiaçıya barəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən bir nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdehin Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli **********8199 nömrəli qərarında Vergi Məcəlləsinin 23, 41 və 50-ci maddələrinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”da isə Vergi Məcəlləsinin 50.2.4-cü maddəsinə istinad edilmişdir. Qeyd edilməlidir ki, Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlamasının keçirilməsidir. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilməsi şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad etməlidir. Hazırkı qərarın 15-ci bəndində (Vergi Məcəlləsinin 50.2-ci maddəsi) operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, Vergi Məcəlləsinin 23, 41 və 50-ci maddələrinə ümumi şəkildə istinad edilmişdir. Halbuki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə, qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Çünki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Cavabdeh orqan müvafiq yolxamanın X6 tərəfindən edilmiş müraciət əsasında VMnin 50.2.4-cü maddəsinə əsasən aparıldığını bildirir. Təqdim edilmiş müraciətin məzmunundan görünür ki, Vüqar Əsgərov cavabdeh orqana müraciətində İddiaçı-də birləşən 3 YDM-də 40-dan çox işçinin çalışması, buna baxmayaraq 14 nəfərlə əmək müqaviləsinin bağlanması və s. barədə məlumat vermiş, yoxlama aparılmasını xahiş etmişdir. Cavabdeh orqan məhz həmin müraciət əsasında operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul etmişdir. Cavabdeh orqan həqiqiliyi şübhə doğuran, yoxlanılmamış ilkin məlumata əsaslanaraq Vergi Məcəlləsinin 50.2.4-cü maddəsini tətbiq etmiş, müvafiq yoxlama aparıldıqdan sonra həmin məlumatların doğruluğunu müəyyən etmişdir. Bu isə onu göstərir ki, vergi orqanı yoxlamaya qədər "kifayət qədər əsas"a malik olmamış, əksinə, bu əsası sonradan keçirdiyi yoxlama ilə yaratmışdır. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 50.2.4-cü maddəsi vergi orqanına yalnız 50.1-ci maddədə nəzərdə tutulan halların mövcudluğu şəraitində operativ vergi nəzarəti həyata keçirmək səlahiyyəti verir. Bununla belə, belə nəzarət tədbirinin başlanması üçün sadəcə ehtimal və ya ümumi xarakterli məlumatlar deyil, ilkin qiymətləndirməyə əsaslanan və real faktlara söykənən əsaslandırılmış şübhə – yəni “kifayət qədər əsas” olmalıdır. Sahibkarlıq subyektlərində “kifayət qədər əsas” olmadan bu cür “məlumatlar” əsasında yoxlamaların aparılması özbaşınalığa və səlahiyyətlərdən sui-istifadələrə səbəb ola bilər. Vergi orqanlarının subyektiv yanaşmalar əsasında yoxlama aparmasının və sahibkarlıq fəaliyyətinə əsassız müdaxilələrin qarşısını almaq məqsədilə qanunverici məhz “kifayət qədər əsas” ifadəsini normaya daxil etmişdir. Bu anlayış subyektiv qənaətlərə və ya adi şikayət müraciətlərinə deyil, obyektiv dəyərləndirmə ilə təsdiqlənən konkret hallara əsaslanmalıdır. Beləliklə, cavabdeh orqan informativ xarakterli məlumatlarla kifayətlənməməli, həmin məlumatların hüquqi əsas yaratmaq qabiliyyətini ilkin mərhələdə dəyərləndirməklə “kifayət qədər əsas”ın mövcudluğunu müəyyən etməlidir. Hazırkı iş üzrə cavabdehin operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli **********8199 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilmədiyindən, bundan əlavə, reyestrdən çıxarışda 50.2.4-cü maddəyə (vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olması) istinad edilsə də, cavabdeh operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğunu əsaslandırmadığından, beləliklə də, aparılmış operativ vergi yoxlaması qanunsuz olduğundan, həmin yoxlama nəticəsində qəbul edilmiş qərar əsassız və qanunsuz hesab edilməklə ləğv olunmalıdır. Belə ki, aparılmış yoxlamanın qanunsuz olması yoxlama nəticəsində qəbul edilmiş inzibati aktın ləğv edilməsi üçün birbaşa əsas sayılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********5333 nömrəli “vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ləğv edilir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar