Məhkəmə qərarları › İş №2-1(116)-767/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-767/2023

01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-767/2023 01.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “iddiaçının mülkiyyətində olan, Qəbələ rayon Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşən və Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin verdiyi xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda təyinatı səhv olaraq kənd təsərrüfatı təyinatlı torpaq kimi qeyd olunmuş 0.75 ha (3/4 hissə) bağ torpaq sahəsinin mövcud vəziyyətdə olan statusunun həyətyanı torpaq sahəsi olduğuna görə təyinatının həyətyanı torpaq sahəsi kimi qeyd olunması, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa düzəliş edilməklə yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qəbələ rayon Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşən 0,75 ha ona, 0,25 ha mərhum qardaşı X7 məxsus olmuş torpaq sahəsinin təyinatının həyətyanı torpaq sahəsi kimi göstərməklə cavabdehin 29 iyun 2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** saylı çıxarışa düzəliş edilməsini və yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3821/2022 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1023/2022 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(107)-363/2022 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1023/2022 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2768/2022 nömrəli qərardadı ilə cavabdeh ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir. Daha sonra iddiaçı, tələbini dəqiqləşdirərək “cavabdehin verdiyi xx.xx.2021-ci il tarixli qeydiyyat nömrəsi ********** saylı çıxarışa düzəliş edilərək 0.75 ha iddiaçının, 0.25 ha mərhum qardaşının mülkiyyətində olan və Qəbələ rayon Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşən, təyinatı səhv olaraq kənd təsərrüfatı təyinatlı torpaq kimi qeyd olunmuş bağ torpaq sahəsinin mövcud olan vəziyyətdə statusunun müəyyən edilməsi və yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən İPM-nin 13-cü maddəsinə müvafiq olaraq iddia tələbinin qeyrimüəyyən olması ilə bağlı iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı tərəfindən növbəti dəfə tələb dəqiqləşdirilərək “0,75 ha iddiaçının, 0,25 ha mərhum qardaşının mülkiyyətində olan və Qəbələ rayon Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşən və Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin verdiyi xx.xx.2021-ci il tarixli qeydiyyat nömrəsi ********** nömrəli çıxarışda təyinatı səhv olaraq kənd təsərrüfatı təyinatlı torpaq kimi qeyd olunmuş 1 ha bağ torpaq sahəsinin mövcud vəziyyətdə olan statusunun həyətyanı torpaq sahəsi olduğuna görə təyinatının həyətyanı torpaq sahəsi kimi qeyd olunması və xx.xx.2021-ci il tarixli qeydiyyat nömrəsi ********** nömrəli çıxarışa düzəliş edilməsi və yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-767/2023 nömrəli qərardadı ilə iddia tələbinin “iddiaçının mərhum qardaşı X4 mülkiyyətində olan, Qəbələ rayon Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşən və Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin verdiyi xx.xx.2021-ci il tarixli qeydiyyat nömrəsi ********** nömrəli çıxarışda təyinatı səhv olaraq kənd təsərrüfatı təyinatlı torpaq kimi qeyd olunmuş 0.25 ha (1/4 hissə) bağ torpaq sahəsinin mövcud vəziyyətdə olan statusunun həyətyanı torpaq sahəsi olduğuna görə təyinatının həyətyanı torpaq sahəsi kimi qeyd olunması və xx.xx.2021-ci il tarixli qeydiyyat nömrəsi ********** nömrəli çıxarışa düzəliş edilməsi və yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi mümkün sayılmamışdır. İddia ərizəsinin əsaslarına görə Qəbələ rayonu Bum qəsəbə yaşayış məntəqəsi daxilində 0,75 ha iddiaçının, 0,25 ha mərhum qardaşı X5 adına olmaqla mülkiyyətlərində 1 (bir) hektar həyətyanı torpaq sahəsi vardır. Bu barədə onların adına 29 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış da verilmişdir. Mülkiyyətlərində olan torpaq sahəsi Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşməsinə və həyətyanı torpaq sahəsi olmasına baxmayaraq, qeyd olunan Çıxarışda kənd təsərrüfatı təyinatlı torpaq kimi qeyd olunmuşdur. İddiaçı qeyd edir ki, həmin torpaq sahəsi ailə üzvlərinin həyətyanı torpaq sahəsi olmuşdur, Qəbələ Rayon Məhkəməsinin 20 iyul 2009-cu il tarixli 2/025-150 saylı qətnaməsi ilə mərhum anasının payı ailə üzvlərinin payına əlavə edilməklə və hər birinə 0,25 ha olmaqla 4 nəfər ailə üzvünün mülkiyyətinə verilmişdir. Hər birinə 0,25 ha verilməsinin səbəbi torpağın 4-cü kateqoriyaya aid olması olmuşdur. Sonradan 2 nəfər ailə üzvü öz paylarını iddiaçıya bağışlamış və iddiaçının həyətyanı torpaq sahəsi hal-hazırda 0,75 ha-dır. Həmin torpaq sahəsində 2000-ci ildə ailə üçün ev də tikilmiş, eyni zamanda mülkiyyətlrində və istifadələrində olan həmin həyətyanı torpaq sahəsi Bum qəsəbə sakinlərinin həyətyanı torpaq sahələri ilə əhatə olunmuşdur. Lakin xx.xx.2021-ci il tarixli çıxarışda torpaq sahəsinin təyinatı səhvən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd olunmuşdur. İddiaçı bu səbəblə analoji tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavadeh xx.xx.2022-ci il tarixli **********46 nömrəli etiraz məktubunda imtina məktubunda göstərilənləri qeyd etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəfindən göstərilən faktiki torpaq sahəsi 0,80 hektardır. Torpaq sahəsi kənd təsərrüfatı təyinatlı, uqodiyası daşlıq-qumluq olan ərazidir. Yeni tərtib edilmiş uçot materiallarına (TEKUİS) əsasən mülkiyyətçisi - bələdiyyə, təyinatı - yaşayış məntəqələrinin torpaqları, uqodiyasıçoxillik əkmələr olan torpaq sahəsi kimi baza məlumatlarında öz əksini tapmışdır. Digər subyektlərə məxsus torpaq sahələri ilə üst-üstə düşmür. İddiaçının iddia etdiyi torpaq sahəsi Qəbələ rayon Bum qəsəbəsi İnzibati Ərazi Darəsinin sərhədləri daxilində, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası daşlıq-qumluq olan yararsız ərazi olmaqla bələdiyyənin mülkiyyətinə aiddir. Həmçinin həmin torpaq sahəsi iddiaçının faktiki istifadəsində olmaqla 0,80 ha təşkil edir. **********52 reyestr nömrəli Çıxarış tərtib edilənədək və ondan sonra torpaq sahəsinin təyinatında, uqodiyasında dəyişiklik baş verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 1 ha torpaq sahəsi X8, İddiaçı, X6 və X3 ümumibirgə mülkiyyətində olmuşdur. - xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 1 ha torpaq sahəsi X8 (1/4) və İddiaçı (3/4) paylı mülkiyyətindədir. - A 369313 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Qəbələ rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2/025-150 saylı qərarına istinad olunmaqla Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 3300 kv.m torpaq sahəsi ilə bağlı X4 adına tərtib edilmişdir. - A 369314 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Qəbələ rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2/025-150 saylı qərarına istinad olunmaqla Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 3300 kv.m torpaq sahəsi ilə bağlı X2 adına tərtib edilmişdir. - A 369315 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Qəbələ rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2/025-150 saylı qərarına istinad olunmaqla Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 3400 kv.m torpaq sahəsi ilə bağlı İddiaçı adına tərtib edilmişdir. - cavabdeh orqanın təqdim etdiyi yerquruluşu planından görünür ki, İddiaçı istifadəsində olan faktiki naturada ölçülmüş torpaq sahəsi 0,80 ha-dır. - “AZEMİS”-dən çıxarışdan görünür ki, mərhum X8 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 9 Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi

1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.

2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Maddə 10. Torpaqların məqsədli təyinatı və hüquqi rejimi

1. Torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir.

2. Torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir.

3. Bir çox kateqoriyalara aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər qüvvədədir. Torpaq sahəsinin hüquqi rejimi barədə mübahisə zamanı daha ciddi hüquqi rejimə malik olan torpaq kateqoriyasına üstünlük verilir. Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi

1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.

2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.

3. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.

4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir.

5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırırlar. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5. Dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının aparılması geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı, aqrokimya, meliorasiya, geobotanika və digər axtarıştədqiqat işlərinin həyata keçirilməsi ilə təmin edilir. Respublika tabeli şəhərlərdə torpaq kadastrı, digər sahəvi kadastrlar ilə birlikdə şəhər kadastrının tərkib hissəsi olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və kadastr məlumatlarının surəti müvafiq kadastrları və daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanlarına təqdim edilir. Dövlət torpaq kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Maddə 6. Dövlət torpaq kadastrının məlumatları Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli 113 №-li Fərmanına əsasən “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 5ci maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir (28 dekabr 2022-ci il tarixli 1922 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 28 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286) ilə 2-ci hissəsinin beşinci abzasdan “7-ci maddəsinin ikinci hissəsində,” sözləri çıxarılmışdır və həmin abzasda “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir. Maddə 18. Yaşayış məntəqələrinin torpaqları və onların tərkibi

1. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir.

2. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri; ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; sənaye, kommersiya, kommunal, anbar tikinti massivlərində sənaye, kommunal, anbar tikililəri altında olan və bu kimi istehsal obyektlərinin inşası üçün nəzərdə tutulan torpaq sahələri; nəqliyyat, rabitə və mühəndis kommunikasiyaları torpaqlarında dəmir yolu, avtomobil, çay, dəniz, hava, boru kəməri nəqliyyatına, mühəndis infrastrukturu və rabitə magistralına aid binalar, tikililər və qurğular altındakı, habelə bu məqsədlər üçün nəzərdə tutulan torpaq sahələri; təbiət abidələri, təbii parklar, milli dendroloji parklar, nəbatat bağları, meşə yerləşən, turizm və rekreasiya, habelə əhalinin kütləvi istirahəti üçün istifadə olunan xüsusi qorunan ərazilərin, təbiəti mühafizə, təbii qoruq, sağlamlaşdırma, istirahət (rekreasiya) və tarix-mədəniyyət təyinatlı obyektlərin torpaqları, habelə təbii müalicəvi xassəyə malik olan mənbələr yerləşən və tarix-mədəniyyət abidələri, muzey-qoruqlar və xatirə parkları, qəbiristanlıqlar, məzarlar, arxeoloji abidələr və digər obyektlər yerləşdiyi torpaq sahələri; [18] yerüstü su axarları, sututarlar, akvatoriyalar, su mühafizə zonaları, hidrotexniki və digər su təsərrüfatı qurğularının yerləşdiyi su obyektləri torpaqları; kənd təsərrüfatı üçün istifadə olunan torpaqlardan şum və çoxillik əkmələr, habelə kənd təsərrüfatı binaları, tikililəri və qurğuları altındakı torpaq sahələri; hərbi və digər xüsusi hüquqi rejimli zonaların torpaq sahələri; şəhərsalmaya və digər fəaliyyətə cəlb olunmayan ehtiyatda qalan torpaq sahələri.

3. Ərazi quruluşu və inzibati ərazi bölgüsü müvafiq qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilir. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 1 ha torpaq sahəsinin ¾ hissəsi İddiaçı paylı mülkiyyətindədir. İddiaçı, mübahisələndirilən çıxarışda düzəliş edilməsini tələb etdiyi torpaq sahəsinin ölçüsünü 0,75 ha qeyd etmiş, lakin hazırkı inzibati mübahisə ilə bağlı araşdırma aparılarkən torpaq sahəsinin naturada ölçüsünün 0,80 ha olması müəyyən edilmişdir. Həmçinin iş materialları ilə müəyyən edilir ki, həmin çıxarışda torpaq sahəsinin ölçüsü 1 ha qeyd edilsə də, sözügedən torpaq sahəsinə 2013-cü ildə və daha sonra 2021-ci ildə çıxarış tərtib edilərkən plan-ölçü sənədləri hazırlanmamışdır. Belə ki, Qəbələ rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2/025-150 saylı qərarına əsasən tərtib edilmiş A 369313 (3300 kv.m), A 369314 (3300 kv.m) və A 369315 (3400 kv.m) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri nəzərə alınmaqla mübahisələndirilən çıxarışda torpaq sahəsinin ölçüsü 1 ha qeyd edilmişdir. Bununla belə hər bir halda iddiaçının ¾ hissə payının olduğu faktiki mövcud olan 0,80 ha torpaq sahəsinin təyinatının həyətyanı (ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış üçün nəzərdə tutulan torpaq sahələri) torpaq sahəsinə aid olması iş materialları ilə sübuta yetirilməmişdir. İddiaçı, sözügedən torpaq sahəsinin yaşayış məntəqəsi daxilində yerləşməsini Qəbələ rayon Bum bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 01 nömrəli arayışı ilə əsaslandırır. Lakin, məhkəmə həmin arayışı torpaq sahəsinin təyinatını müəyyən etməyə imkan verən sübut qismində qəbul etmir. Belə ki, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanunun 5-ci maddəsinin 5-ci hissəsinə əsasən Dövlət torpaq kadastrı hazırkı iş üzrə cavabdeh orqan tərəfindən aparılmalı olduğundan və həmin Qanunun 6-cı maddəsinin 9cu hissəsində Dövlət torpaq kadastrının məlumatlarının ... məhkəmələrin qərar qəbul etməsi üçün əsas olması birmənalı müəyyən edildiyindən, mübahisələndirilən çıxarışda qeyd edilmiş torpaq sahəsinin xüsusiyyətlərinə dair yalnız cavabdeh orqanın məlumatları sübut qismində qəbul edilə bilər. Həmin torpaq sahəsinin xüsusiyyətlərinin öyrənilməsi ilə bağlı cavabdeh orqandan rəyin verilməsi tələb edilmiş, cavabdeh orqan müvafiq məlumatların təqdim edilməsi üçün smeta xərcinin ödənilməli olduğunu bildirmişdir. Həmin xərclərin ödənilməsi iddiaçıya təklif olunsa da, iddiaçı mütəxəssis xərcinin ödənilməsindən imtina etmişdir. İş materiallarında olan cavabdeh orqanın iddia tələbinə etirazında mübahisələndirilən çıxarışda qeyd edilmiş torpaq sahəsinin xüsusiyyətləri aşağıdakı kimi qeyd edilmişdir: - yeni tərtib edilmiş uçot materiallarına (TEKUİS) əsasən mülkiyyətçisi - bələdiyyə, təyinatı - yaşayış məntəqələrinin torpaqları, uqodiyası-çoxillik əkmələr olan torpaq sahəsi kimi baza məlumatlarında öz əksini tapmışdır. Digər subyektlərə məxsus torpaq sahələri ilə üst-üstə düşmür. İddiaçının iddia etdiyi torpaq sahəsi Qəbələ rayon Bum qəsəbəsi İnzibati Ərazi Darəsinin sərhədləri daxilində, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası daşlıq-qumluq olan yararsız ərazi olmaqla bələdiyyənin mülkiyyətinə aiddir. Həmçinin həmin torpaq sahəsi iddiaçının faktiki istifadəsində olmaqla 0,80 ha təşkil edir. **********52 reyestr nömrəli Çıxarış tərtib edilənədək və ondan sonra torpaq sahəsinin təyinatında, uqodiyasında dəyişiklik baş verməmişdir. Nəzərə alınmalıdır ki, mübahisələndirilən çıxarışda qeyd edilmiş torpaq sahəsinin xüsusiyyətləri barədə mütəxəssis rəyi də cavabdeh orqan tərəfindən verilməli olduğundan, məhkəmə cavabdeh orqanın iddia tələbinə etirazda qeyd etdiyi torpaq sahəsinə dair məlumatlarla kifayətlənmiş və həmin məlumatları iş üzrə mötəbər sübut qismində qəbul etmişdir. Həmin torpaq sahəsinin yaşayış məntəqələrinə aid olmasına münasibətdə isə məhkəmə qeyd edir ki, Torpaq Məcəlləsinin 18-ci maddəsinin 2-ci hissəsinin 8-ci abzasına əsasən kənd təsərrüfatı üçün istifadə olunan torpaqlardan şum və çoxillik əkmələr, habelə kənd təsərrüfatı binaları, tikililəri və qurğuları altındakı torpaq sahələri də yaşayış məntəqələrinin torpaqlarına aiddir. Yəni, torpaq sahəsinin yaşayış məntəqəsi ərazisində (Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilində) yerləşməsi həmin torpaq sahəsinin birmənalı olaraq həyətyanı (ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış üçün nəzərdə tutulan torpaq sahələri) torpaq sahəsi kimi qiymətləndirilməsi demək deyildir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi yaşayış məntəqəsi torpaqları daxilində çoxillik əkmələrə aid olan kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğundan və xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilmiş torpaq sahəsinin ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış üçün nəzərdə tutulan torpaq sahələrinə aid olması sübuta yetirilmədiyindən, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “iddiaçının mülkiyyətində olan, Qəbələ rayon Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşən və Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin verdiyi xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda təyinatı səhv olaraq kənd təsərrüfatı təyinatlı torpaq kimi qeyd olunmuş 0,75 ha (3/4 hissə) bağ torpaq sahəsinin mövcud vəziyyətdə olan statusunun həyətyanı torpaq sahəsi olduğuna görə təyinatının həyətyanı torpaq sahəsi kimi qeyd olunması, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa düzəliş edilməklə yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar