Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-768/2021 01.11.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinin nümayəndəsi Hacı-X1 iştirakı ilə, İddiaçı Əbdürəhman oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “cavabdehin 15.03.2021-ci il tarixli **********76 nömrəli imtinasının qanunsuz hesab edilməsi və Şəki rayonu Aqrar İslahat Komissiyasının 08.11.1997-ci il tarixli 39 nömrəli qərarına əsasən Şəki rayonu Çayqaraqoyunlu kənd sakinləri X7, X6, X12, X8 və X4 verilmiş 3.57 hektar torpaq sahəsinin hazırda kimin mülkiyyətində olması və onun mülkiyyətinə keçənə kimi daha əvvəl kimin mülkiyyətində olması və bütün alqı-satqı müqavilələrinin tarixləri, reyestr nömrələri, hansı notariat kontorunda bağlanması, həmin müqavilələr əsasında hansı tarixdəhansı nömrəli çıxarışların verilməsi barədə ətraflı məlumatın və həmin sənədlərin təsdiq edilmiş surətlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Əbdürəhman oğlu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “15.03.2021-ci il tarixli imtinanın qanunsuz hesab edilməsi və Şəki rayonu Aqrar İslahat Komissiyasının 08.11.1997-ci il tarixli 39 nömrəli qərarına əsasən Şəki rayonu Çayqaraqoyunlu kənd sakinləri X7, X6, X12, X8 və X4 26.11.2003-cü il tarixli JN 258 (KOD ********) saylı Dövlət Aktı ilə verilmiş 3.57 hektar torpaq sahəsi ilə bağlı DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin arxivində mövcüd bütün hüquq müəyyənedici sənədlərin təsdiq edilmiş surətlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya tələbin dəqiqləşdirilməsi ilə bağlı 07.09.2021-ci il tarixdə hüquqi yardım edilmiş, iddiaçı tərəfindən 01.10.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə təqdim edilmişdir. Şəki İnzibati Məhkəməsinin 06.10.2021-ci il tarixli 2-1(116)-768/2021 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, İddiaçı Əbdürəhman oğlu fərdi qaydada fəaliyyət göstərən vəkil olaraq X9 ilə 22.02.2021-ci il tarixdə müqavilə bağlamış və aidiyyəti qurumlara sorğunun verilməsi ilə bağlı tapşırığın icra edilməsi məqsədilə DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək hüquqi yardım göstərdiyi şəxsə məxsus olan 3.57 ha torpaq sahəsinə dair sənədlərin təsdiq edilmiş surətlərinin və torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı aparılmış əməliyyatlar barədə məlumatların verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan sözügedən torpaq sahəsinin notarial qaydada özgəninkiləşdirilərək digər mülkiyyətçinin adına qeydiyyata alınmasını bildirərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələb hüququnu “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci və 15-ci maddəsi, “İnformasiya əldə etmək haqqında” Qanunun 24.1-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə etirazını əsaslandıra bilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tələb edilən sənədlərin və məlumatların yalnız məhkəmə qərarı əsasında, yəni iddia tələbi təmin olunacağı halda təqdim ediləcəyini bildirərək, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - 22.02.2021-ci il tarixli, 009670 №-li “vəkil orderi”nin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı X4 göstərdiyi hüquqi yardımın məzmunu aidiyyəti qurumlara sorğu verilməsi ilə bağlı olmuş, müqavilənin tarixi 22.02.2021-ci il, nömrəsi 48 olmaqla qeydiyyat aparılmışdır. - iddiaçı tərəfindən cavabdeh inzibati orqana ünvanlanmış 23.02.2021-ci il tarixli 221 nömrəli sorğu və DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin 15.03.2021-ci il tarixli imtina məktubundan görünür ki, anoloji tələblə iddiaçı tərəfindən cavabdeh inzibati orqana müraciət edilmiş, lakin cavabdeh inzibati orqan heç bir əsas gətirmədən müraciətin təmin edilməsindən imtina etmişdir. - Şəki rayon Məhkəməsinin 29.10.2021-ci il tarixli 2(075)-383/2020 nömrəli qətnaməsindən görünür ki, X7, X9 və digərləri ilə X10 arasında bağlanmış 22.02.2006-cı il tarixli 4ə-İ/135 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. - JN0258 KOD 40402058 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Şəki RAİK-nın 08.11.1997-ci il tarixli 39 nömrəli qərarı ilə X5 5 nəfər ailə üzvü ilə birlikdə 26.11.2003-cü ildə, kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 3.57 ha torpaq sahəsi verilmişdir. Əsaslandırma hissəsi: Tərəflər inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etmişlər. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmişdir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Yəni, X9 tərəfindən iddiaçıya müvafiq səlahiyyət verilmişdir (iddiaçının C.Mustafayevə hüquqi yardım göstərməsi ilə bağlı vəkil orderi işdə mövcuddur), sənədlərin və məlumatların təqdim edilməsinin tələb edildiyi torpaq sahəsi isə X4, digər ailə üzvləri ilə birlikdə Şəki RAİK-nın 08.11.1997-ci il tarixli 39 nömrəli qərarı əsasında, JN0258 KOD 40402058 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə verilmişdir. Həmçinin, iddia əsaslıdır. Belə ki, AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən təşkilati formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar vəkillərə öz peşə borclarını yerinə yetirərkən yardım etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinin İİ hissəsinə əsasən vəkillər hüquqi yardım üçün müraciət edən fiziki və hüquqi şəxslərin müdafiəçisi olmaq, onların mənafelərini təhqiqat, istintaq, məhkəmə, digər dövlət orqanlarında, təşkilatlarında, qeyri-dövlət təşkilatlarında, xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təmsil etmək...peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətlərini çıxarmaq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular vermək... hüquqlarına malikdirlər. Azərbaycan Respublikası Vəkillər X3 27.09.2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş, “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən vəkil orderi (bundan sonra – order) – müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə səlahiyyətlərin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.1, 2.2 və 2.3.2.-ci maddələrinə görə Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. İnformasiya sahibinə müraciət edən hər kəs informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. Həmin Qanunun 3.0.1, 3.0.5 və 3.0.6-cı maddələrində isə təsbit edilmişdir ki, informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlardır; informasiya sahibi - informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslərdir; informasiya sorğusu - informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciətdir. “İnformasiya əldə etmək haqqında” Qanun informasiyanın əldə edilməsinin iki müxtəlif üsulunu fərqləndirir – informasiyanın sorğu əsasında əldə edilməsi və informasiyanın açıqlanması. Qanunun 29-cu maddəsində sadalanmış informasiyaları açıqlamaq informasiya sahibinin vəzifəsidir, çünki həmin maddədə yalnız ümumi ictimai əhəmiyyət kəsb məlumatların dairəsinə daxil olan informasiyalardan bəhs edilir və cəmiyyət maraqları naminə onların sorğusuz açıqlanmalı olduğu imperativ qaydada müəyyən edilir. İddiaçı isə fərdi xarakterli məlumatın verilməsini tələb etdiyi üçün onun müraciəti informasiyanın sorğu əsasında əldə edilməsi halına aiddir. X9 tərəfindən iddiaçıya müvafiq səlahiyyətin verilməsi işin mübahisəsiz halıdır və cavabdeh inzibati orqan həmin halı mübahisələndirməmişdir. Bu həm də işdə olan vəkil orderi ilə də sübut olunur. Lakin, işin hallarından göründüyü kimi cavabdeh inzibati orqan informasiya sorğusunu icra etməkdən imtina etsə də, özünün mövqeyini əsaslandırmamış, məhz hansı halın mövcud olduğunu bildirməmiş, özünün mövqeyini sözügedən Qanunun 21.2-ci maddəsindəki hallardan birinin mövcudluğu ilə əlaqələndirməmişdir. İnzibati işin məhkəmə araşdırması zamanı iddiaçının tələb etdiyi sənəd və məlumatların verilməsini mümkünsüz edən, istinad olunan Qanunda nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin 15.03.2021-ci il tarixli **********76 nömrəli imtinası qanunsuz olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Həmin Qanunun 21.1.1-ci maddəsində təsbit edilmişdir ki, informasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edir: sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə. Həmin Qanunun 21.2-ci maddəsində informasiya sahibinin sorğunun icrasından imtina edə biləcəyi hallar aşağıdakılar kimi sadalanmışdır: sorğuçuya artıq belə bir informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa; bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində nəzərdə tutulan hüquqi və fiziki şəxslərdən sorğulanan informasiya bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində göstərilən vəzifələrin yerinə yetirilməsinə aid deyilsə; sorğu edilən informasiyanın həcmi iri olduğundan sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaradırsa və ya əsassız böyük məsrəflərə səbəb olursa; sorğunun icrasını bir dəfəyə təmin etmək mümkün deyilsə; sorğunun icrası informasiyanın sistemləşdirilməsini, təhlil edilməsini və ya sənədləşdirilməsini tələb edirsə. Həmin Qanunun 21.3-cü maddəsində isə təsbit edilmişdir ki, informasiya sorğusunun təmin edilməsindən imtina barədə cavab Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq maddələri də göstərilməklə, aydın və əsaslandırılmış şəkildə tərtib edilməlidir. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilir. Cavabdehin 15.03.2021-ci il tarixli **********76 nömrəli imtinası qanunsuz hesab edilir. Şəki rayonu Aqrar İslahat Komissiyasının 08.11.1997-ci il tarixli 39 nömrəli qərarına əsasən Şəki rayonu Çayqaraqoyunlu kənd sakinləri X7, X6, X12, X8 və X4 verilmiş 3.57 hektar torpaq sahəsinin hazırda kimin mülkiyyətində olması və onun mülkiyyətinə keçənə kimi daha əvvəl kimin mülkiyyətində olması və bütün alqı-satqı müqavilələrinin tarixləri, reyestr nömrələri, hansı notariat kontorunda bağlanması, həmin müqavilələr əsasında hansı tarixdə, hansı nömrəli çıxarışların verilməsi barədə ətraflı məlumatın və həmin sənədlərin təsdiq edilmiş surətlərinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.