Məhkəmə qərarları › İş №2-1(116)-768/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-768/2024

16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-768/2024 16.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı1, İddiaçı2, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “JN seriyalı 493 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı”nda 493R planşet nömrəsi ilə qeyd olunan 0.3521 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı”nda 493R planşet nömrəsi ilə qeyd olunan 0.3521 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli, 29 saylı qərarı, JN seriyalı 493 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Balakən rayonu, Kortala kəndində 1,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıların ümumi birgə mülkiyyətə verilmiş verilmişdir. Qeyd olunan 1,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 3 (üç) hissədən ibarət olmaqla kəndin müxtəlif ərazilərində yerləşir. Həmin torpaq sahələrindən JN seriyalı 493 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət aktı"nda 493E planşet nömrəsi ilə qeyd olunan məqsədli istifadə növü çoxillik əkmələr olan 7762,20 m2 kənd təsərrüfatı təyiantlı torpaq sahəsinə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 may 2018-ci il tarixli, 2-1(84)-52/2018 iş nömrəli qərarı ilə çıxarış verilmişdir.Hazırkı tələblə cavabdehə müraciət edilmiş,xx.xx.2023-cü il tarixli imtina məktubu verilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, ərizənin icrası ilə bağlı təqdim edilmiş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, qeyd olunan 0,3521 ha torpaq sahəsi ərazi idarəsinin xidməti istifadəsində olan DWJ xəritələrində başqa vətəndaşa məxsus JN-692 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədində qeyd olunmuş torpaq sahsəsinin cizgiləri ilə üst-üstə düşür. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iclasında iddiaçılar iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. JN-493 kod 40106018 saylı Dövlət Aktının surətindən görünür ki, 1.69 ha torpaq sahəsi Balakən rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci tarixli 29 saylı qərarı ilə İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.

3. RX seriyalı ******* qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Balakən rayon Kortala kəndi ərazisində yerləşən 0.7762 ha torpaq sahəsi İddiaçı1 xüsusi mülkiyyətindədir.

4. A seriyalı 292521 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-52/2018-ci il tarixli qətnaməsi əsasında İddiaçı1 0.7762 kv.m torpaq sahəsi ayrılmışdır.

5. JN-692 kod 40106018 saylı Dövlət Aktının surətindən görünür ki, 1.69 ha torpaq sahəsi Balakən rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci tarixli 29 saylı qərarı ilə X2 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə -Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3- 60/2-2865/2023 nömrəli məktubuna əlavə olunan sənədlərdən görünür ki, xx.xx.2002-ci il tarixli Balakən rayonu Kortala kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, İddiaçı1 və ailə üzvləinin adı qeyd olunmuşdur.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, JN-493 nömrəli və JN-692 Dövlət Aktlarının DWJ və TEKUİS bazasında yerləşmə vəziyyəti barədə müqayisəli sxemlər tərtib edilmişdir. İddiaçı1 və qeyrilərinə JN-493 KOD 40106018 olan Torpağa mülkiyyət hüququ haqqında Dövlət Aktına əsasən verilmiş 0.3524 ha torpaq sahəsinin xüsusiyyətləri ilə bağlı bildirirk ki, İddiaçı1 naturada istifadə etdiyi torpaq sahəsi Balakən rayonu, Kortala kəndi ərazisində ölçüləri 1.13 hektardır və bundan 0.7762 ha hissəsi İddiaçı1 ailə üzvlərinin adına hüquqları dövlət reyestrində qeydiyyata alınmış reyestr nömrəsi **********24 olan Çıxarış sənədi ilə rəsmiləşdirilmiş, qalan 0.3521 ha hissəsi isə Balakən rayonu Kortala bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisidir. Faktiki istifadə olunan torpaq sahəsi JN-493 KOD 40106018 olan Torpağa mülkiyyət hüququ haqqında Dövlət Aktına əsasən verilmiş 0.3521 ha torpaq sahəsi ilə üst-üstə düşmür. JN-692 nömrəli Dövlət Aktının koordinatları həmin subyektin faktiki istifadə etdiyi yerə uyğundur. JN 493 KOD 40106018 olan Torpağa mülkiyyət hüququ haqqında Dövlət Aktına əsasən verilmiş 0.3521 ha torpaq sahəsi başqa şəxslərin torpaq sahələri ilə üst-üstə düşür və həmin torpaq sahəsi Balakən rayonu Kortala bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisdir. Ancaq iddiaçı tərəfindən faktiki istifadə olunan torpaq sahəsi başqa şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahəsləri ilə üst-üstə düşmür.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala ərazi idarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əlavədən görünür ki, TEKUİS-ə əsasən faktiki isifadə edilən torpaq sahəsi JN-692 nömrəli Dövlət Aktının koordinatları ilə üst-üstə düşmür. JN-692A nömrəli “Torpağa mülkiyyət hüququ haqqında Dövlət Aktı"na əsasən təkrar mülkiyyət hüququ qeydə alınmamışdır. JN seriyalı 493 nömrəli “Torpağa mülkiyyət hüququ haqqında Dövlət Akt’nın 493R planşetində qeyd olunan 0.3521 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin digər torpaq sahəsi ilə əvəz edilməsi, yerinin dəyişdirilməsi barədə aqrar islahat komissiyasının və ya bələdiyyənin qərarı idarənin arxiv fondunda aşkar edilməmişdir

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçıların iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır.İddiaçılar cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur,ancaq iddia əsaslı deyil.Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Azərbaycan Respublikası İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 5-ci bəndinə əsasən, torpaq üzərində mülkiyyət hüququna dair şəhadətnamə vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən dövlət orqanı tərəfindən verilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, torpaq payı almaq hüququ olan subyektlərin siyahısında iddiaçıların adı aşkar edilmiş, aqrar islahat zamanı onların mülkiyyətinə 1.69 ha torpaq sahəsi verilmişdir. İddia olunan 0.3521 ha torpaq sahəsi aqrar islahat zamanı iddiaçıya ayrılan torpaq sahəsi ilə eyni deyildir.Belə ki,təqdim olunan mütəxəssis rəyindən və iddiaçının məhkəmə iclasında verdiyi izahatdan görünür ki, faktiki isifadə edilən torpaq sahəsi TEKUİS-ə əsasən JN-692 nömrəli Dövlət Aktının koordinatları üst-üstə düşmür. Həmin torpaq sahəsi Balakən rayonu Kortala bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisdir.Göründüyü kimi iddia olunan torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmaqla aqrar islahat zamanı iddiaçıya ayrılan torpaq sahəsi ilə eyni deyildir.Həmçinin,torpaq sahəsinin yerinin dəyişdirilməsi ilə bağlı hər hansı sənəd tərtib edilməmişdir. Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “JN seriyalı 493 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı”nda 493R planşet nömrəsi ilə qeyd olunan 0.3521 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar