Məhkəmə qərarları › İş №2-1(116)-769/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-769/2024

18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-769/2024 18.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Mingəçevir Şəhər Qeydiyyat Şöbəsinə qarşı “barəsində tərtib edilmiş xx.xx.1993-cü il tarixli 214 nömrəli doğum haqqında akt qeydində adı yazılmış qrafada adının “Gülnar”dan “Günel”ə düzəliş edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onun doğum haqqında akt qeydində adı yazılan qrafada – “Günel” kimi düzəliş edilməsi və təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1993-cü ildə anadan olmuşdur. Yevlax rayon Tanrıqulular kəndində daimi qeydiyyatdadır və həmin ünvanda yaşayır. iddiaçı mərhum atasından qalan mirasın qəbulu faktı ilə bağlı sənədləşdirmə işləri apararkən Mingəçevir şəhər Qeydiyyat şöbəsinə müraciət edərək, vərəsələrin dairəsini müəyyənləşdirmək və müvafiq arayış almaq istəmişdir. Mingəçevir şəhər Qeydiyyat şöbəsində onun doğum haqqında akt qeydi nəzərdən keçirilmiş və uşaq haqqında məlumat qrafasında adının “Günel” deyil, “Gülnar” kimi qeyd edildiyi müəyyən edilmişdir. Şəxsiyyət vəsiqəsində və digər sənədlərində isə adı “Günel” kimi qeyd edilmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-16-5/8-İ-15-72-23 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Mingəçevir şəhər qeydiyyat şöbəsində xx.xx.1993-cü ildə tərtib edilmiş 214 saylı doğum haqqında akt qeydi nəzərdən keçirilərkən uşaq haqqında məlumat qrafasında iddiaçının adının “Günel” deyil, “Gülnar” kimi qeyd edildiyi müəyyən edilmişdir. İddiaçının şəxsiyyətini təsdiq edən sənəddə isə adı “Gülnar” deyil, “Günel” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1-ci bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə oimadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmənin qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəanın 2-ci bəndinə əsasən, aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Beləliklə, doğum haqqında akt qeydi ilə iddiaçının şəxsiyyətini təsdiq edən sənəddə adında ziddiyyət olduğundan təkrar şəhadətnamənin verilməsi imkan xaricindədir. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-16-5/7-14-2023-1042 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etməklə iddiaya qarşı yazılı münasibətini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “barəsində tərtib edilmiş xx.xx.1993-cü il tarixli 214 nömrəli doğum haqqında akt qeydində adı yazılmış qrafada adının “Gülnar”dan “Günel”ə düzəliş edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına və cavabdehin xx.xx.2023-cü il tarixli məktubunun məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət etibarı ilə əsaslıdır və təmin edilməlidir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1993-cü il tarixli 214 nömrəli doğum haqqında akt qeydində xx.xx.1993-cü il təfəllüdlü iddiaçıya dair uşaq haqqında məlumatlar bölməsinin ikinci – adı qrafasında iddiaçının adı Gülnar olaraq qeyd edilmiş, ata haqqında məlumatlar bölməsində X7, ana haqqında məlumatlar bölməsində X13 göstərilmişdir. İddia ərizəsinə əlavə olunmuş: AA******* nömrəli şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, vəsiqədə xx.xx.1993-cü il təvəllüdlü iddiaçının adı “Günel” olaraq qeyd olunmuşdur. 647942 nömrəli “Nikah haqqında” şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü X1 Rövşən Ərəstun oğlu ilə xx.xx.2011-ci ildə nikah bağlamışdır. Nikah bağlandıqdan sonra arvada “İsmayılova” soyadı verilmişdir. 253795 nömrəli “Doğum haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Şəhadətnamədə xx.xx.1993-cü il təvəllüdlü iddiaçının adı “Günel” kimi yazılmışdır (ada sonradan düzəliş olunduğu aşkar görünür). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Asan-Mingəçevir tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışında xx.xx.1993-cü il təvəllüdlü İddiaçı Yevlax rayonu Tanrıqulular ərazi dairəsi, Tanrıqulular kəndində xx.xx.2013-cü il tarixdən qeydiyyatda olduğu göstərilmişdir. Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-18/2-532/2023 nömrəli məktubuna əlavə olunmuş Əhalinin Dövlət Reyestrindən çıxarışda xx.xx.1993-cü il təvəllüdlü iddiaçının adı “Günel” kimi, həyat yoldaşı X9, övladları X4, X14 və X10 olaraq qeyd edilmişdir. Həmin məktuba əlavə edilmiş digər məlumatlara əsasən iddiaçının anası X13 xx.xx.1971-ci ildə anadan olmuşdur. Onun mərhum həyat yoldaşı xx.xx.1961-ci il təvəllüdlü X7 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X3 xx.xx.1993-cü il tarixdə, oğlu X11 xx.xx.1991-ci ildə anadan olmuşdur. X6 barədə məlumatlar hissəsində doğum tarixli xx.xx.1993-cü il, doğulduğu yer Mingəçevir şəhəri kimi qeyd olunmuş, şəxsiyyət vəsiqəsi məlumatlarının əks olunduğu qrafa boş saxlanılmış, ailə vəziyəti və ünvanı qrafalarına müəyyən edilməyib qeydi aparılmışdır. Cavabdehin etiraz məktubuna əlavə olunmuş 214 nömrəli xx.xx.1993-cü il tarixli “Doğum haqqında” akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, sənəddə iddiaçının adı “Gülnar” olaraq qeyd olunmuşdur. İddiaçı tərəfindən məhkəmə iclasında əsli təqdim edilmiş doğum haqqında şəhadətnamədə iddiaçının adının Günelə düzəliş edildiyi, şəhadətnamədə “Düzəliş Günel inanılsın” qeydi aparılmış, imzalanmış və möhürlə təsdiq edilmişdir (Möhürün məzmunu dəqiq oxunmadı). Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarına qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən: 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir... 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər... 163.1. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının: 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinə müvafiq olaraq uşağa ad valideynlərin razılığı ilə verilir. 2.2-ci bəndinə görə valideynlər arasında uşağın adına münasibətdə razılıq olma-dıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. 3.1-ci bəndinə görə uşağa ata adı atasının adına, valideynlər öz aralarında nikahda olmadıqda isə uşağın atası kimi qeydə alınan şəxsin adına görə verilir. 6-cı hissəsinə əsasən: 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir. 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir... 6.6. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə (1 nömrəli əlavə) vətəndaşın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluq idarəsinə verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları tərəfindən “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Əsasnamənin 2.2-ci bəndinə görə vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının adı ona münasibətdə tərtib edilmiş doğum haqqında akt qeydində “Gülnar” və şəxsiyyət vəsiqəsində “Günel” olaraq göstərilmiş, doğum haqqında şəhadətnaməsində isə adı “Günel”ə düzəldilmişdir. Məhkəmənin sorğusuna əsasən əladə edilmişAzərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri məlumatlarına daxil edilmiş məlumatlara əsasən müəyyən olunmuşdur ki, iddiaçının adı İddiaçı, doğum tarixi xx.xx.1993-cü il, fərdi identifikasiya nömrəsi xxxxxxx olaraq reyestrə daxil edilmişdir. İddiaçıya məxsus doğum haqqında akt qeydində onun ailənin ikinci övladı olduğu göstərilmiş, Əhalinin Dövlət Reyestri məlumatlarına əsasən bacısının olmadığı, ailənin birinci övladının onun qardaşı X11 olduğu müəyyən edilmişdir. Bu isə sənədləşmə zamanı iddiaçıya münasibətdə başqa ailə üzvünə dair məlumatların daxil edilməsi və ya onun digər ailə üzvünün sənədlərindən istifadə etməsi ehtimalını istisna edir. Cavabdehin nümayəndəsi izahatında iddianın təmin olunmasına etirazlarının olmadığını bildirmişdir. Beləliklə məhkəmə araşdırması ilə aşkar olunmuşdur ki, xx.xx.1993-cü il təvəllüdlü iddiaçının adı Günel olduğu halda ona münasibətdə tərtib edilmiş doğum haqqında akt qeydində səhvən Gülnar olaraq yazılmışdır. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya münasibətdə tərtib edilmiş doğum akt qeydi məlumatlarında yol verilmiş yalnışlıq aradan qaldırılmalı, uşaq haqqında məlumat hissəsinin müvafiq olaraq adı qrafasında yazılmış ad “Gülnar”dan “Günel”ə düzəliş edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, cavabdehin imtinası əsassız olmaqla inzibati praktikaya zidd olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM 58.7 və 68.2). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı münasibətdə tərtib edilmiş xx.xx.1993-cü il tarixli 214 nömrəli doğum haqqında akt qeydinin uşaq haqqında məlumat hissəsinin adı qrafasında yazılmış adın “Gülnar”dan “Günel”ə düzəliş edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Mingəçevir Şəhər Qeydiyyat Şöbəsinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar