Məhkəmə qərarları › İş №2-1(116)-77/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-77/2020

23.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-77/2020 23.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X1, İddiaçı oğlunun, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “ona xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı 1954-cü ilin noyabr ayının 25-də Şəki rayonunun Oravan kəndində anadan olmuşdur. 2018-ci il may ayının 18-də 63 yaş yarım olduğundan onun pensiya almaq hüququ yaranmışdır. Bununla bağlı DSMF-nin Şəki şəhər şöbəsinə ərizə ilə rəsmi qaydada müraciət etmişdir. Ancaq bu günə qədər ona pensiya təyin edilməmişdir. O, 1971-ci ildən əmək fəaliyyətinə başlamışdır. 10 iyul 2001-ci il tarixədək əmək kitabçasında iş stajı var. DSMF isə ona səbəb olaraq 1980-cı ildən 1990-cı ilədək Oravan kənd Nizami adına kolxozda işlədiyi müddətdə iş günlərinin az olmasını göstərir. Müəyyən səbəblərdən iş günləri az göstərilib. Ancaq buna baxmayaraq o həmin illər ərzində yüksək əmək haqqı qazanmışdır. Odur ki, hüququ yarandığı tarixdən ona pensiya təyin edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli iclasında iddiaçı iddiasının dəyişdirilməsi barədə ərizə verərək, “ona xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında ərizə icraata qəbul edilmişdir. Cavabdeh etirazında bildirmişdir ki,xx.xx.2017-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə istinadən (xx.xx.2017- xx.xx.2018-ci il tarixinədək) 63 yaş 6 ayı tamam olan kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (16742,88 manat) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sosial sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ əldə edirlər. Vətəndaşın təqdim etdiyi əmək kitabçası, hərbi bilet, arxiv arayışı, diplomunun surətlərinə və Şəki İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-cu il tarixli 2-1 (84)-1277/2018 saylı qərarına əsasən cəmi 23 il 2 ay 12 gün sığorta stajı və bu staja uyğun olaraq pensiya kapitalı 16274.28 manat təşkil etmişdir. İddiaçının sosial sığorta stajının hesablanması vərəqi əlavə olunur. 1988-1989-cu illər təhsil müddəti ilə üst-üstə düşdüyü üçün nəzərə alınmamışdır. Nəticədə iddiaçının tələb olunan 25 il sosial sığorta stajı və ya 16742,88 manat pensiya kapitalı olmadığı üçün yaşa görə əmək pensiyası almaq hüququ yoxdur. İddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara DSMF-nin Şəki şəhər şöbəsinin xx.xx.2019-cu il tarixli **********4 nömrəli imtina məktubu, H3 seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, xx.xx.2018-ci il tarixli 246 nömrəli arxiv arayışı, 182 nömrəli 1971-ci il tarixli kolxozçunun əmək kitabçasının təsdiqlənmiş surəti, DSMF-nin Şəki şəhər şöbəsinin xx.xx.2018-ci il tarixli **********7 nömrəli məktubu, DSMFnin xx.xx.2019-cu il tarixli **********0 nömrəli məktubu, AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin məlumatları, DSMF-nin Şəki şəhər şöbəsinin xx.xx.2019-ci il tarixli **********2 nömrəli məktubu, xx.xx.2019-cu il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə, DSMF-nin Şəki şəhər şöbəsinin xx.xx.2019-ci il tarixli **********6 nömrəli məktubu, xx.xx.2017-ci il tarixli **********03 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi, RX seriyalı ******* nömrəli çıxarışın təsdiqlənmiş surəti, DSMF-nin Şəki şəhər şöbəsinin xx.xx.2019-ci il tarixli **********5 nömrəli, xx.xx.2019-cu il tarixli **********3 nömrəli, xx.xx.2019-cu il tarixli **********2 nömrəli, xx.xx.2020-ci il tarixli **********7 nömrəli məktubları, xx.xx.2020-ci il tarixli 18 nömrəli arayış, DSMF-nin Şəki şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli **********4 nömrəli, xx.xx.2016-cı il tarixli 80/3030 nömrəli məktubları, K seriyalı 807161 nömrəli Diplomun təsdiqlənmiş surəti, DSMF-nin Şəki şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli **********9 nömrəli məktubu aiddir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət baxımından əsassızdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia, mahiyyət etibarı ilə əsassızdır. Belə ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Əmək Pensiyaları haqqında Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi iddiaçı xx.xx.1954-cu il tarixdə doğulmuş və onun 63 yaş 6 ayı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur. Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinin qeydinə əsasən kişilərin yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, hər il 6 ay artırılır. İddiaçıya xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı və ya minimum 25 il sosial sığorta stajı tələb olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi iddiaçının cəmi 23 il 2 ay 12 gün sığorta stajı və həmin staja uyğun olaraq pensiya kapitalı 16274.28 manat təşkil etmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tələb olunan 25 il sığorta stajına malik olmadığından ona sığorta stajına görə pensiya təyin edilə bilməz. Bunlardan başqa məhkəmə qeyd edir ki, xx.xx.2018-ci il tarixdən 2018-ci ildə pensiya təyin edilməsi üçün tələb olunan pensiya kapitalı 16742,88 manat təşkil etmiş və 2018-ci ildə xx.xx.2006-cı il tarixədək qazanılmış iş stajının hər ili üçün 701,48 manat pensiya kapitalı hesablanır. Bu da onu deməyə əsas verir ki, iddiaçının pensiya kapitalının müəyyən edilməsi üçün onun iş stajı 701,48 manata vurulmaqla pensiya kapitalı müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçının cəmi 23 il 2 ay 12 gün sosial sığorta stajı müəyyən olunur ki, iddiaçının həmin illərə görə cəmi 16274.28 manat pensiya kapitalı vardır. Bu da tələb olunan 16742,88 manat pensiya kapitalından az olduğundan onun pensiya kapitalına görə də pensiya hüququ yaranmır. İddiaçının mülkiyyətçisi olduğu 40408038-204 saylı torpaq aktına verilən **********5 SUN-a 2008-ci ildə 30 manat, 2012-ci ildə 10 manat, 2015-ci ildə 5 manat MDSSH ödənməsi və müvafiq olaraq “Əmək Pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinə əsasən pensiya hüququnun yaranmasına dair məhkəmə aşğıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa 22-1-ci maddə əlavə edilmişdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. 2019-cu ilin yanvarın birindən qüvvəyə minmiş “Əmək Pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinə əsasən; 22-1.1-ci maddəyə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2-ci maddəyə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1-ci maddəyə əsasən 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.4-ci maddəyə əsasən Bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: 22-1.4.1-ci maddəyə əsasən 2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı; 22-1.4.2-ci maddəyə əsasən 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019-cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı; Yuxarıda qeyd olunan normalara əsasən məhkəmə hesab edir ki, iddiaçının pensiya yaşı xx.xx.2018-ci ildə tamam olduğu üçün və “Əmək Pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin tələblərindən göründüyü kimi 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablandığı üçün qeyd olunan maddəyə əsasən ona pensiya təyinatı aparıla bilməz. Həmçinin məhkəmə qeyd edir ki, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır ki, iddiaçının da həmin tarixə pensiya kapitalı qeydə alınmamışdır. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəməm təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin Qanunun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcədə müvafiq şəxs üçün “çatımlı” olmalı və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda, “öncədən görmək” mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Göründüyü kimi, bərabərlik prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli qərarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar