Məhkəmə qərarları › İş №2-1(116)-77/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-77/2022

05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-77/2022 05.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə (üçüncü şəxs: Öryət Bələdiyyəsi) qarşı “Şəki rayonu Öryət Bələdiyyəsinin 15 iyun 2007-ci il tarixli 9 saylı iclas protokolundan çıxarış qərarına əsasən ayrılan 0,08 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Şəki rayonu Öryət Bələdiyyəsinin 15 iyun 2007-ci il tarixli 9 saylı iclas protokolundan çıxarış qərarına əsasən ayrılan 0,08 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 05.04.2021-ci il tarixli 2-1(116)-77/2022 nömrəli qərardadı ilə Oğuz rayonu Çeşməli bələdiyyəsi üçüncü şəxs qismində adi cəlb etmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Öyrət bələdiyyəsinin 15.06.2007-ci il tarixli 9 saylı qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikilməsi məqsədilə 0.08 ha torpaq sahəsi satılmış, iddiaçı tərəfindən satılan torpaq sahəsinin dəyəri ödənilmiş və müvafiq torpaq sahəsinin plan hazırlanmışdır. İddiaçı, müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı tələb hüququnu müvafiq torpaq sahəsinin ona Öyrət bələdiyyəsinin qərarına əsasən satılması, satılan torpaq sahəsinin dəyərini ödəməsi ilə əsaslandırmışdır. Cavabdeh iddia tələbinə etirazını torpaq sahəsinin ayrıldığı vaxt qüvvədə olan qanunvericiliyin tələbinə görə “torpaqların alqı-satqısına dair” akt tərtib olunmalı olsa da aktın tərtib olunmaması, torpaq sahəsinin 0.0265 ha hissəsi ərazidən keçən 35 kV-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşməsi ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi sonuncu məhkəmə iclasında iştirak etməmiş, əvvəlki məhkəmə iclaslarında iddia tələbinə etiraz etdiyini bildirərək iddianın təmin edilməməsini xahiş etmişdir. Üçünücü şəxs Çeşməli bələdiyyəsi 16.05.2021-ci il tarixdə məhkəməyə ünvanladığı ərizəsində Öryət bələdiyyəsinin ləğv olunaraq Çeşməli bələdiyyəsinə birləşdiyini və Öyrət kənd sakini İddiaçı bələdiyyənin 15.07.2007-ci il tarixli 9 saylı qərarı ilə satılmış 0.08 ha həyətyanı torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına etiraz etmədiyini bildirmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Şəki rayon Öyrət bələdiyyəsinin 15.06.2007-ci il tarixli 9 saylı iclas protokolundan çıxarışdan və 29.05.2007-ci il tarixli qəbzdən görünür ki, iddiaçıya fərdi yaşayış evi tikmək məqsədilə bələdiyyənin perspektiv inkişaf fondu torpaqlarından 0.08 ha torpaq sahəsi satılmış və iddiaçı tərəfindən bələdiyyənin hesabına 320 manat pul vəsaiti ödənmişdir. - DT və XK-nin Şəki rayon şöbəsinin 22.05.2007-ci il tarixli rəyindən görünür ki, vətəndaşa göstərilən məqsəd üçün torpaq sahəsinin ayrılmasına və təyinatı üzrə istifadə olunmasına etiraz edilməmişdir. - Şəki rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti bölməsinin 29.05.2007-ci il tarixli məktubundan görünür ki, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 0.08 ha torpaq sahəsinin ayrılmasına etiraz edilməmişdir. - X2 X4 03.08.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçıya ayrılmış torpaq sahəsinin cənub-qərb hissəsindən X5 balansında olan 35 kV-luq Çeşməli HEVX keçir. Torpaq sahəsinin cənub-qərb sərhədini təyin edə bilmədiklərindən hansı hissənin sözügedən HEVX-nin mühafizə zonasında yerləşdiyini dəqiqləşdirmək mümkün olmamışdır. Aparılan ölçü nəticəsində torpaq sahəsində inşa edilmiş yaşayış evinin sözügedən HEVX-yə tərəf 2.5 metr hissəsinin həmin xəttin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. 35 kV-luq Çeşməli hava xətti 1964-cü ildə layihə əsasında müvafiq trassa seçilərək çəkilmiş və fərdi yaşayış evi üçün quraşdırılmış elektrik sayğacı enerji təchizatı müəssisəsinin abonent bazasında **********00019 saylı abonent kodu ilə X3 adına qeydiyyatdadır. Fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması və qeydiyyata götürülməsi onu deməyə əsas verir ki, ev tikilərkən X8 tərəfindən xəttin mühafizə zonasına görə etiraz edilməmişdir. - "xxxx" MMC-nin 23.11.2021-ci il və 07.01.2022-ci il tarixli məktublara əlavə edilmiş mütəxəssis rəylərindən görünür ki, təsərrüfatın DWG faylına (mülkiyyətə verilmiş torpaqların kompleks yerquruluşu layihəsinə) əsasən iddiada göstərilən torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına aid uqodiyası əkin olmaqla bələdiyyənin perspektiv inkişaf fond torpaqlarında yerləşir. Həmin 0.08 ha torpaq sahəsinin 265 kv.m hissəsi 35 kV-luq elektrik xəttinin mühafizə zolağına düşür. X6 bazasına əsasən həmin torpaq sahəsinin keyfiyyət qrupu İ, bonitet balı 100 olmaqla kənd təsərrüfatına yararlı sahədir. - cavabdehin 06.04.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - cavabdeh tərəfindən təqdim edilmiş, iddiaçıya ayrılmış torpaq sahəsinin qonşuluğunda yerləşən, daşınmaz əmlakın dövlət reyestrində hüquqları Dövlət qeydiyyata alınmış X1 məxsus 0.12 ha torpaq sahəsinin yerquruluşu sənədlərindən görünür ki, Öyrət bələdiyyəsinin 31.10.2007-ci il tarixli 13 saylı iclas protokoluna əsasən Ələddin İsmayılova fərdi yaşayış evinin tikilməsi məqsədilə, bələdiyyənin perespektiv inkişaf fondu torpaqlarından 0.12 ha torpaq sahəsi satılmış, torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları olaraq qeyd edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin və üçüncü üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Öyrət kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi Öyrət Bələdiyyəsinin 15.06.2007-ci il tarixli qərarı əsasında iddiaçıya satılmış və həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə qərar, torpaq sahəsinin dəyərinin ödənilməsi barədə qəbz, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsinin müvafiq rəyi, Şəki Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin rəyi, o cümlədən torpaq sahəsinin planı ilə də təsdiq edilir. İş materiallarında göründüyü kimi həmin torpaq sahəsinin iddiaçıya satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi və Şəki Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi etiraz etməmişdir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdehin iddiaya qarşı dəlilləri - həmin torpaq sahəsinə dair alqı-satqı aktının tərtib olunmaması və torpaq sahəsinin 0.0265 ha hissəsinin ərazidən keçən 35 kv-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşməsi ilə bağlı olmuşdur. Cavabdehin etirazının “mübahisəli torpaq sahəsinə diar alqı-satqı aktının tərtib olunmaması” ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin, müvafiq alqı-satqı aktı və digər belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyillər. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq alqı-satqı aktının tərtib edilməməsi kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe). Cavabdehin etirazının “torpaq sahəsinin 0.0265 ha hissəsinin ərazidən keçən 35 kv-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, X2 X4 03.08.2021-ci il tarixli məktubu ilə müəyyən edilir ki, mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evi üçün quraşdırılmış elektrik sayğacı enerji təchizatı müəssisəsinin abonent bazasında **********00019 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. Bu isə o deməkdir ki, 35 kv-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına cavabdeh olan qurum - X8 - ev tikilərkən tərəfindən xəttin mühafizə zonasına görə etiraz etməmişdir. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş, “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasın, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 09.03.2021-ci il tarixli, 445/2021 nömrəli qərarında yuxarıda qeyd olunan hüquqi mövqe əks olunmuşdur). "xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində mübahisəli torpaq sahəsinin uqodiyası əkin, keyfiyyət qrupu İ, bonitet balı 100 olmaqla kənd təsərrüfatına yararlı sahə olaraq göstərilsə də, müəyyən edilir ki, həmin torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaqlarına aiddir və bələdiyyənin perspektiv inkişaf fond torpaqlarında yerləşir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar. Həmin Qanunun 7.2-ci maddəsində isə hansı torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsinin mümkün olmaması qeyd edilmiş və bələdiyyələrin kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsi qadağan edilmişdir. Qanunvericiliyin tələbindən görünür ki, yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqların xüsusi mülkiyyətə verilməsinə qadağa müəyyən olunmadığından, mübahisəli torpaq sahəsinin uqodiyasının əkin olmaqla kənd təsərrüfatına yararlı olması onun kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qiymətləndirilməsinə səbəb olmur. Digər tərəfdən cavabdeh tərəfindən təqdim edilmiş, qonşu torpaq sahəsinə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış torpaq sahəsinin də yerquruluşu sənədlərinin iddiaçı ilə eyniyyət təşkil etdiyi müəyyən olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Şəki rayonu Öryət Bələdiyyəsinin 15 iyun 2007-ci il tarixli 9 saylı iclas protokolundan çıxarış qərarına əsasən ayrılan 0,08 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnu qeydiyyata alaraq, adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar