Məhkəmə qərarları › İş №2-1(116)-771/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-771/2024

29.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-771/2024 29.07.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “mərhum həyat yoldaşı X2 üçün nəzərdə tutulmuş birdəfəlik ödəmənin verilməsinə dair ümumi siyahıya adının əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “mərhum həyat yoldaşı X2 üçün nəzərdə tutulmuş birdəfəlik ödəmənin verilməsinə dair ümumi siyahıya adının əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının mərhum həyat yoldaşı X2 Silahlı Qüvvələrdə 16 mart 1994-cü ildən 18 mart 1995-ci ilədək xidmət etmiş və həqiqi hərbi xidmətdə olarkən Füzuli bölgəsində şəhid olmuşdur. Lakin bu günə qədər mərhum həyat yoldaşı X2 üçün nəzərdə tutulan 11.000 manat məbləğində sığorta ödənişini ala bilməmişdir. Sığorta ödənişinin ona verilməsi üçün nəzərdə tutulmuş ümumi siyahıya mərhum həyat yoldaşı X1 adının əlavə edilməsi xahişi ilə bir çox tarixlərdə cavabdehə ərizə ilə müraciət etmiş, lakin müraciətinə uzun müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən biganə cavab verilmiş və ya bir çox vaxtlarda cavablandırılmamışdir. Bu barədə nəzərdə tutulmuş ümumi siyahıya mərhum həyat yoldaşı X1 adının əlavə edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli iddia tələbinə münasibətində qeyd etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı mərhum həyat yoldaşı X2 üçün vərəsələrinə nəzərdə tutulmuş birdəfəlik ödəmənin verilməsi ilə əlaqədar adının ümumi siyahıya əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Xidmətin aparatına daxil olmuş 26 aprel 2024-cü il tarixli 2-1 (116)-771/2024 nömrəli məktubunuza baxılmışdır. Bildiririk ki, vətəndaş İddiaçı mərhum həyat yoldaşı X1 “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-cı il 19 aprel tarixli 1 nömrəli Fərmanına əsasən adının birdəfəlik ödəmənin verilməsinə dair ümumi siyahıya əlavə edilməsi barədə xx.xx.2023-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş əvvəlki müraciəti üzrə tərəfimizdən ətraflı araşdırma aparılmışdır. Araşdırma zamanı mərhum R.M.Mərdanovun şəhid statusunun təsdiq edilməsi üçün onun ölüm şəraiti və səbəbinə dair məlumatların əldə edilməsi məqsədi ilə aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat və Hüquq idarələrinə sorğular edilmişdir. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş idarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin xx.xx.2023-cü il tarixli 3-25-14/2-M-17868-1/2023 nömrəli cavab məktubunda mərhum əsgər X2 barəsində “Şəxsi heyətin elektron məlumat sıstemi"nə əsasən məlumatlar aşkar edilmədiyi bildirilmişdir. Müdafiə Nazirliyinin Hüquq idarəsinin xx.xx.2024-cü il tarixli 3-25-4/2-1664/2024 nömrəli cavab məktubunda isə Füzuli Hərbi Məhkəməsindən sorğu əsasında əldə olmuş 19 sentyabr 1995-ci il tarixli hökmün surətinə istinad etməklə R.Mərdanovun sərxoş vəziyyətdə tağım heyətinin qarşısında hərbi qulluqçu əsgər X3 dəfələrlə nalayiq ifadələr işlədərək təhqir etməsi və vurması səbəbindən sonuncunun avtomat silahından atəş açaraq 13 mart 1995-ci il tarixdə onu qəsdən qətlə yetirməsi qeyd olunmuşdur. Həmin məktubda mərhum R.Mərdanovun vəfatının döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin icrası ilə bağlı olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilir. Həmin Fərmanın 8-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və aidiyyəti digər orqanlar fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş hərbi qulluqçuların siyahısını müəyyən etmək məqsədi ilə müvafiq məlumatları iki ay müddətində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etməlidirlər. Həmçinin bu Fərmanın 5-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etməklə üç ay müddətinə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir. Qeyd olunmalıdır ki, Xidmətin Qəbələ rayon şöbəsində vətəndaş İddiaçı tələbini təmin etməyə əsas verən hüquqi sənədlərin olub-olmaması araşdırılmışdır. Məlum olmuşdur ki, bu kimi sənədlər mövcud deyil (əldə olan sənədlər əlavə olunur). Göstərilənləri nəzərə alaraq, qeyd olunan Fərmanda göstərilən tələblər əsasında R.Mərdanovun adının 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını əlavə edilməsi mümkün olmamışdır. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, AZ-İİ 367613 ölüm haqqında şəhadətnamə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli 4/2- 1859 nömrəli arxiv arayışı, Füzuli Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunmuş xx.xx.1995-ci il tarixli hökm, Əmək və Əhalinin Dövlət Sosial Müdafiəsi Nazirliyinin və Qəbələ Rayon Hərbi Komissarlığının möhürü ilə təsdiq edilmiş mart 2010cu il tarixli akt. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsində məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı, cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmanın 8-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və aidiyyəti digər orqanlar fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş hərbi qulluqçuların siyahısını müəyyən etmək məqsədi ilə müvafiq məlumatları iki ay müddətində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etməlidirlər. Həmçinin bu Fərmanın 5-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etməklə üç ay müddətinə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir. İş materiallarından görünür ki, Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2021-ci il tarixli 4/2-1859 nömrəli arxiv arayışında N saylı hərbi hissənin əsgəri R.M.Mərdanovun xx.xx.1995-ci il tarixdə Füzuli rayonunun Alxanlı kəndində xidməti vəzifəsini yerinə yetirən zaman odlu silahdan açılmış atəş nəticəsində həlak olması barədə məlumat qeyd edilmişdir. İşdə olan Əmək və Əhalinin Dövlət Sosial Müdafiəsi Nazirliyinin və Qəbələ Rayon Hərbi Komissarlığının möhürü ilə təsdiq edilmiş mart 2010-cu il tarixli aktdan görünür ki, mərhum R.Mərdanovun şəhid statusu ləğv edilmişdir. Füzuli Hərbi Məhkəməsindən sorğu əsasında əldə olmuş 19 sentyabr 1995-ci il tarixli hökmdən görünür ki, R.Mərdanov sərxoş vəziyyətdə tağım heyətinin qarşısında hərbi qulluqçu əsgər X3 dəfələrlə nalayiq ifadələr işlədərək təhqir etməsi və vurması səbəbindən sonuncu, avtomat silahından atəş açmaqla 13 mart 1995-ci il tarixdə onu qəsdən qətlə yetirmişdir. Yəni, mərhum R.Mərdanovun ölümü onun döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin icrası ilə bağlı olmamışdır. Beləliklə, mərhum R.Mərdanov 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçular kateqoriyasına aid olmadığından cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “mərhum həyat yoldaşı X2 üçün nəzərdə tutulmuş birdəfəlik ödəmənin verilməsinə dair ümumi siyahıya adının əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar