Məhkəmə qərarları › İş №2-1(116)-772/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-772/2020

29.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-772/2020 29.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X31 qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “X17, X24, X28, X25, X15, X21, X7, X8 onun mülkiyyətində olan Mingəçevir şəhəri Təbriz küçəsi ev 15A saylı evin 8 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Mingəçevir şəhəri Təbriz küçəsi 15-A saylı evin 8 saylı mənzili iddiaçının mülkiyyətindədir. Mülkiyyəti olan mənzildə ya özü ya da ailə üzvlərindən heç kim qeydiyyatda deyil. Mingəçevir şəhəri Təbriz küçəsi 15-A saylı evin 8 saylı mənzili dayısı X41, X9 alqı satqı yolu ilə almış, adına rəsmiləşdirdikdən sonra ona bağışlamışdır. Mənzildə kiminsə qeydiyyatda olmasından ya dayısının, ya da ki, onun məlumatı olmamışdır. X17, X24, X28, X25, X15, X21, X7, X18 adlı şəxslərin mülkiyyətində olan Mingəçevir şəhəri Təbriz küçəsi 15-A saylı evin 8 saylı mənzilində qeydiyyatda olmasını bilməmişdir. Yuxarıda göstərilən şəxslərin başqa yaşayış yerləri var, ancaq ünvanları ona məlum deyildir. Dəfələrlə əlaqə saxlamağa çalışmışdır ki, onun mənzilindən qeydiyyatdan çıxsınlar, ancaq mümkün olmamışdır. X9 mənzili alanda razılaşmaya əsasən mənzildə qeydiyyatda heç kim qalmamalı idi. X17, X24, X28, X25, X15, X21, X7, X8 onun mülkiyyətində olan Mingəçevir şəhəri Təbriz küçəsi 15-A saylı evin 8 saylı mənzilində qeydiyyatda olmaları iddiaçıların mülkiyyət hüquqlarını pozur. Onların iddiaçının mənzilində qeydiyyatda olmaları yalnız sənət üzərindədir. Cavabdeh iddiaya qarşı münasibətində bildirmişdir ki, X12 28.09.2008-ci il tarixdə Cavabdeh qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən AZE seriyalı 06728639 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. X19 14.12.2004-cü il tarixdə Cavabdeh qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən AZE seriyalı 03029262 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. X10 11.06.2009-cu il tarixdə Cavabdeh qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən AZE seriyalı 10701098 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. X16 14.12.2004cü il tarixdə Cavabdeh qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən AZE seriyalı 03029272 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. X4 24.05.2006-cı il tarixdə Cavabdeh qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən AZE seriyalı 10700273 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. X13 14.08.2003-ci il tarixdə Cavabdeh qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən AZE seriyalı 00975060 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Həmin illərə məxsus ərizə-anket qovluqları Azərbaycan Respublikası DİN-in müvafiq əmrinin tələblərinə uyğun olaraq müddətin bitməsi səbəbi ilə əlaqədar məhv edildiyindən şəxsiyyət vəsiqələrinin verilməsi üçün təqdim etdiyi sənədlərin surətinin sizə təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçıın nümayəndəsi iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti, Cavabdeh 08.02.2020-ci il tarixli 158-4252J-3220 nömrəli imtina məktubu, DƏDRX-nin RX seriyalı ******* nömrəli çıxarışı, Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışı, İ-ЖГ seriyalı 403551 nömrəli, A3 seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamələrin surəti, DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin 11.03.2020-ci il tarixli **********20 nömrəli məktubu, 27.01.2017-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinin surəti, DƏDRX-nin RX seriyalı ******* nömrəli çıxarışı, AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı- Satqı Müqaviləsinin surəti, DƏDRX-nin RX seriyalı ******* nömrəli çıxarışı, 04.02.2016-cı il tarixli X11 Müqaviləsi, 04.02.2016-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə, AR Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X6, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 02407 nömrəli qeydiyyat vəsiqəsi, 410 saylı 17.05.2005-ci il tarixli çıxarış, 31.12.1988-ci il tarixli 7289 nömrəli Order, Azərbaycan Respublikası Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17.03.2020-ci il tarixli 37 nömrəli məktubu, Cavabdeh 17.03.2020-ci il tarixli 158-9870-1220 nömrəli məktubu aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş,Azərbaycan Respublikası Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 17.03.2020-ci il tarixli 37 nömrəli məktubla bildirmişdir ki, Şəki İnzibati Məhkəməsinin üçüncü şəxslər, X20, X24, X28, X22, X15, X21, X7, X13 (qeydiyyat ünvanı:ünvan 1-ci il tarixli məktubu, sərəncamı və ona əlavə olunmuş sənədləri ünvan sahiblərinə çatdırılması mümkün olmamışdır. Adları qeyd olunan şəxslər həmin ünvanda qeydiyyatda olmalarına baxmayaraq orada yaşamırlar və harada yaşamaları barədə məlumat yoxdur. Məhkəmə cavabdeh və üçüncü şəxslərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia aşağıdakılara görə əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İş materiallarında olan RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 65.0 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan 27.01.2017-ci il traixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, X5 şəhəri, Təbriz küçəsi, 15A, mənzil 8 ünvanında yerləşən ümumi sahəsi 58.37 kv/m olan 3 otaqlı mənzili tam mülkiyyət üzrə iddiaçıya yəni İddiaçı bağışlamışdır. Bundan başqa Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin AN-İ seriyalı ******* nömrəli müqaviləsindən görünür ki, X1 şəhəri, Təbriz küçəsi, 15A, mənzil 8 ümumi sahəsi 58.37 kv/m olan 3 otaqlı mənzilin tam mülkiyyət üzrə X2. Hazırkı mübahisədə, həqiqətən, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin “həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin Qanunun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcədə müvafiq şəxs üçün “çatımlı” olmalı və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda, “öncədən görmək” mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh üzərinə üçüncü şəxslər X17, X24, X28, X25, X15, X21, X7, X8 İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri, Təbriz küçəsi ev 15A saylı evin 8 saylı mənzildən yaşayış yeri üzrə qeydiyyatından çıxarılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar