Məhkəmə qərarları › İş №2-1(116)-772/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-772/2023

06.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-772/2023 06.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhəri 1-ci Təbriz döngəsində yerləşən 0.05 ha torpaq sahəsinə dair adına mülkiyyət hüququnun tanınması və mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması Çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Mingəçevir şəhəri 1-ci Təbriz döngəsində yerləşən 0.05 ha torpaq sahəsinə dair adına mülkiyyət hüququnun tanınması və mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması Çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-772/2023 nömrəli qərardadı ilə Mingəçevir Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir. İddiaçı iddiasının onunla əsaslandırmışdır ki, o, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə ərizə ilə müraciət edərək sözügedən torpaq sahəsinin qeydiyyatına alınmasını xahiş etmişdir. Lakin, cavabdeh ərizənin təmin edilməsindən imtina etmişdir.İmtina səbəbi isə bu şəkildə qeyd edilmişdir.xx.xx.2007-ci il tarixli Akta əsasən ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən 17 saylı Yevlax ərazi idarəsinə təhvil verilmiş Mingəçevir SES MMC-nin “Bahar” kollektiv bağçılıq təsərrüfatının adlı siyahısında İddiaçı adı qeyd edilməmişdir. Ləğv edilmiş DTXK-nın Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş 0.060296 ha bağ sahəsinə dair X5 kitabında xx.xx.2009-cu il tarixində 1898 nömrə ilə uçota alınmış A seriyalı 158674 nömrəli torpaq sahəsinin planı və ölçüsü ilə torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini, şərti işarələr və nişanələr vasitəsi ilə əkt etdirən olan texniki sənəddir. Həmçinin faktiki torpaq sahəsinin planı və ölçü sənədində göstərilən torpaq sahəsindən 210 metr məsafədə yerləşir. Bundan əlavə iddaiçıda Bahar Kollektiv bağçılıq təsərrüfatından şəhadətnaməsi var. Belə ki, torpaq Mingəçevir XDS-nın 291 saylı, xx.xx.1982-ci il tarixli qərarına və Mingəçevir SES MMC-nin 71 saylı, xx.xx.1984-cü il tarixli qərarına əsasən verilmişdir. Torpağa dair ilkin sənədlər olsa da adının siyahıda bu və ya digər səbəbdən olmaması səbəbindən 30 ildən çoxdur istifadəsində olan torpaq sahəsini sənədləşdirə bilmir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya qarşı münasibətində bildirmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2007-ci il tarixli Akta əsasən ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən 17 saylı Yevlax ərazi idarəsinə təhvil verilmiş Mingəçevir SES MMC-nin “Bahar” kollektiv bağçılıq təsərrüfatının adlı siyahısında İddiaçı adı qeyd edilməmişdir. Ləğv edilmiş DTXK-nın Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş 0.060296 ha bağ sahəsinə dair X5 kitabında xx.xx.2009-cu il tarixində 1898 nömrə ilə uçota alınmış A seriyalı 158674 nömrəli torpaq sahəsinin planı və ölçüsü ilə torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini, şərti işarələr və nişanələr vasitəsi ilə əkt etdirən olan texniki sənəddir. Həmçinin faktiki torpaq sahəsinin planı və ölçü sənədində göstərilən torpaq sahəsindən 210 metr məsafədə yerləşir. Təqdim olunmuş sənədlərdəndə göründüyü kimi ilkin hüquq sahibi ilə İddiaçı arasında şifahi razılaşma əsasında qeyri-rəsmi alqı-satqı aparılmışdır. Lakin aralıqda olan şifahi razılaşma hazır ki, vəziyyətə və o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun mövcud tələblərinə əsasən iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dəlalət vermir.Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mövcud tələblərinə əsasən yalnız üzərində mükiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak alqı-satqı predmenti ola bilər. Belə olan halda vətəndaşa torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasından əsaslı imtina edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə iclasına üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. A seriyalı 158674 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surətindən görünür ki, 602.96 kv. metr torpaq sahəsi Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 161 nömrəli sərəncamı ilə İddiaçı adına verilmişdir.

3. “Bahar” Kollektiv Bağçılıq təsərrüfatının pasportundan görünür ki, xx.xx.1984-cü il tarixli 71 nömrəli sərəncama əsasən İddiaçı 5 sot torpaq sahəsi verilmişdir.

4. Mingəçevir şəhər dövlət arxivinin xx.xx.2022-ci il tarixli 415 nömrəli arxiv arayışında Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin arxiv sənədlərinə əsasən xx.xx.1982-ci il tarixli 291 nömrəli qərarı ilə SES Silsiləsinə bağçılıq üçün torpaq sahəsinin verilməsi qeyd olunmuşdur.

5. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2008-ci il tarixli 161 nömrəli Sərəncamın surəti;

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********55 nömrəli məktubuna əlavə edilmiş, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2008-ci il tarixli 161 nömrəli Sərəncam və ona əlavə edilmiş siyahının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı adı siyahıda qeyd edilmişdir.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli məktubundan görünür ki, iddiaçının adı Mingəçevir şəhər “Bahar” Kollektiv Bağçılıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı qeyd edilməmişdir.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-898/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, “Bahar” Kollektiv Bağçılıq təsərrüfatı tərəfindən iddiaçıya verilmiş 0.05 ha həyətyanı torpaq sahəsinə aid olan “Torpaq sahəsinin planı və ölçüsü” səndində qeyd edilmiş koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi arasında hava xətti ilə 234 metr məsafə var.İddiaçı Bahar” Kollektiv Bağçılıq təsərrüfatı tərəfindən verilmiş .05 ha həyətyanı torpaq sahəsinə aid olan “Torpaq sahəsinin planı və ölçüsü” səndində qeyd edilmiş koordinatlar daxilində yerləşən torpaq sahəsinin təyinatl sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahəsi olmaqla, dövlət mülkiyyətinə aid Milli Elmlər Akademiyası X1 X2 balansına verilmiş torpaq sahəsidir. İddiaçı naturada göstərdiyi 695 kv m sahəsinin döngə nöqtələri koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçı naturada göstərdiyi 695 kv m sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyətçisi Mingəçevir bələdiyyəsidir. Torpaq sahəsinin istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Torpaq sahəsi digər şəxslərin toraq sahələri ilə üst-üstə düşmür.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıda qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə iddianı əsaslı hesab edir. “Torpaq islahatı haqqında” Qanun: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. (-). Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. 19 fevral 2016-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə: Bu Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir: 1.Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. (-). Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-); 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-). Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Mingəçevir şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Həmin sərəncamın 2.2-ci bəndinə əsasən, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlərin görülməsi Nazirlər Kabinetinə tapşırılmışdır. Cavabdeh orqanın iddia tələbinə qarşı dəlili iddiaçının adının “Bahar” Kollektiv Bağçılıq təsərrüfatından verilmiş siyahıda olmaması ilə bağlıdır.Formalaşmış məhkəmə təcrübəsinə əsəsən cavabdehin imtinası qanuni olmamışdır. Belə ki,işin Məhkəmə tərəfindən araşdırılmış hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçıya torpaq sahəsinin ayrılmasına dair Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 161 nömrəli sərəncamına və “Bahar” Kollektiv Bağçılıq təsərrüfatınıda verilmiş bağçılıq təsərrüfatı pasportuna əsasən iddiaçının istifadəsində olmuş torpaq sahəsinin müvafiq qaydada ayrıldığı təsdiqini tapmışdır. Mingəçevir Şəhər İcra Hakimiyyəti sözügedən Sərəncamı ilə Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı hazırlanmış yerquruluşu sənədləri təsdiq edilmişdir. Mingəçevir şəhəri üzrə vətəndaşların xüsusi mülkiyyətinə verilən bağ sahələrinə aid siyahıda iddiaçının adı 4543-cü sırada göstərilmiş və 0,06 ha torpaq sahəsi verilməsi nəzərdə tutulmuşdur. Həmin siyahı Şəhər İHB-nın şəhər təsərrüfatı üzrə müavini V.Əliyev, Fərdi yaşayış sahələrinə xidmət idarəsinin MMC-nin müdiri E.Rəşidov, Mingəçevir şəhər bələdiyyəsinin sədri C.Yusubov, Mingəçevir şəhər Memarlıq və Tikinti şöbəsinin müdiri E.Abdullayev, şəhər bələdiyyəsinin “Ərazi, torpaq və memarlıq” komissiyasının sədri C.Abdullayevf, şəhər bələdiyyəsinin “Ərazi, torpaq və memarlıq” komissiyasının üzvü İ.Kərimov, DTXK-nın Mingəçevir şəhər şöbəsinin müdiri Ş.Məhərrəmov imzalanaraq təsdiq edilmişdir. X4 Monitorinqi və İnformasiya Mərkəzi tərəfindən verilmiş siyahıya əsasən iddiaçının mülkiyyətinə torpaq sahəsi verilmişdir. Təqdim edilmiş mütəxəssis rəyindən görünür ki,iddiaçının faktiki istifadəsində 695 kv.m torpaq sahəsi mövcuddur.İstifadə olunan torpaq sahəsinin yerinin müəyyən edilməsi ilə bağlı məhkəmənin sualına cavab olaraq qeyd edilmişdir ki,iddia olunan torpaq sahəsi “Bahar” Kollektiv Bağçılıq üçün ayrılmış ərazi daxilində yerləşir. Yuxarıda qeyd edilmiş işin hallarından göründüyü kimi, iddia olunan torpaq sahəsi İddiaçı qanuni istifadəsində olduğundan müvafiq qaydada bu barədə qeydiyyat aparılmışdır. Şərh olunalara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Mingəçevir şəhəri 1-ci Təbriz döngəsində yerləşən 0.05 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq Çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar