Məhkəmə qərarları › İş №2-1(116)-773/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-773/2024

02.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-773/2024 02.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “iddiaçının adına 2001-ci tarixdə Müstəqil Azərbaycan Universitetinin, Humanitar Elmlər fakultəsinin, İbtidai Təhsilin Pedaqogika və Metodikası ixtisasını bitirməsinə dair diplomun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək “iddiaçının adına 2001-ci tarixdə “Müstəqil Azərbaycan” Universitetinin Humanitar Elmlər fakultəsi İbtidai Təhsilin Pedaqogika və Metodikası ixtisasını bitirməsinə dair diplomun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbində qeyd etmişdir ki, o, 1997-2002-ci illərdə “Müstəqil Azərbaycan” Universitetinin ibtidai təhsilin Pedaqogika və metodikasının qiyabi şöbəsini bitirmişdir. İngilis dili və pedaqogika fəndlərindən dövlət imtahanı vermişdir. Ödənişli təhsil almışdır xx.xx.2000-ci ildə ingilis dili fənnindən, xx.xx.2001-ci ildə isə pedaqogika fənnindən dövlət imtahanı vermişdir. Sonuncu dövlət imtahanından sonra 2001-ci ilin fevral ayında tələbə biletlərini universitetə təhvil vermişdir.İddiaçı ixtisasını bitirməsinə dair diplomun verilməsi tələbi ilə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə imtina məktubu gəlmişdir. Hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərdən göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, fəaliyyəti dayandırılmış Müstəqil Azərbaycan Universitetinin arxiv sənədləri Elm və Təhsil Nazirliyinı təhvil verilməmişdir. Bununla əlaqədar olaraq, sorğuda qeyd edilən sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. X1 xx.xx.2024-cü il tarixli 9-3/2-443/2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı 1997-ci ildə ali təhsilin bakalavriat səviyyəsinə İİİ ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında 700 ballıq şkala üzrə D altqrupunda 62.449 DT bal, TH altqrupunda 51.666 bal, X altqrupunda 45 bal, H altqrupunda 35.833 bal toplamış, heç bir təhsil müəssisəsinə qəbul olmamış və barəsində hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir. Həmçinin 1997-ci ildə Müstəqil Azərbaycan Universitetinə bakalavr səviyyəsi üzrə tələbə qəbulu həyata keçirilməmişdir.

3. İddiaçı imtahan cavablarının əks olunduğu kodlaşdırma barədə məlumat.

Əsaslandırma hissəsi:

İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. İddia ərizəsindən görünür ki, iddiaçının hüquqi marağı ixtisasını bitirməsinə dair diplomun verilməsinə nail olmaqdır. Azərbaycan Respublikası İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Lakin, iddia əsassızdır. Həmin dövrdə qüvvədə olmuş “Təhsil haqqında” Azərbaycan Respublikasının 7 oktyabr 1992-ci il tarixli, 324 nömrəli Qanunu: Maddə 19. Ali məktəblər Ali məktəblər (ali kolleclər, institutlar, konservatoriyalar, akademiyalar, universitetlər və s.) ali ixtisas təhsili proqramlarını həyata keçirən tədris müəssisələridir. Azərbaycan ali məktəbləri konkret ixtisaslar verən tədris müəssisələri, çoxpilləli tədris kompleksləri, tədris-elmi komplekslər, tədris elmi-istehsalat müalicə kompleksləri və başqa formalarda fəaliyyət göstərir. Onların nəzdində müxtəlif pillədən olan tədris müəssisələri (orta məktəblər, litseylər, peşə litseyləri, texnikumlar, kolleclər və s), elmi tədqİqat mərkəzləri və institutları, istehsalat müəssisələri, klinikalar, əczəxanalar və s. fəaliyyət göstərir. Maddə 21. Ali və orta ixtisas məktəblərinə qəbul Ali və orta ixtisas təhsili müəssisələrində tələbə qəbulu strateji əhəmiyyətə malik olan çox mühüm dövlət tədbiridir. Qəbul imtahanlarının sayı və sorğu sistemi müəyyən olunarkən, habelə imtahanlar keçirilərkən ixtisas biliyi və bacarığına üstünlük verilir. Tələbə qəbulunda heç bir imtiyaza yol verilmir. “Dövlət təhsil müəssisələrində tələbə qəbulu qabaqcıl dünya təcrübəsinə əsaslanan “Qəbul qaydaları”na və onların nizamnamələrinə müvafiq olaraq aparılır”. Hökumətin müəyyən etdiyi imtiyazlar (o cümlədən xaricdə yaşayan azərbaycanlılar üçün müəyyən olunmuş imtiyazlar) hazırlıq şöbələrinə qəbul zamanı nəzərə alınır. Hazırlıq şöbələrinə qəbul xüsusi əsasnamə ilə tənzim olunur. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün minimal keçid balı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Qeyri-dövlət ali məktəblərinə tələbə qəbulu onların nizamnamələri əsasında aparılır”. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycan Respublikasında Ali məktəblərə tələbə qəbulunu həyata keçirmək məqsədi ilə 1992-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə yaradılmışdır. Tələbə qəbulu TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada, test üsulu ilə həyata keçirilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 1997-ci ildə ali təhsilin bakalavriat səviyyəsinə İİİ ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında 700 ballıq şkala üzrə D altqrupunda 62.449 DT bal, TH altqrupunda 51.666 bal, X altqrupunda 45 bal, H altqrupunda 35.833 bal toplamış, heç bir təhsil müəssisəsinə qəbul olmamışdır.Barəsində hər hansı təhsil müəssisəsinə qəbul əmri verilmədiyindən iddia tələbi əsassızdır. Həmçinin,iddiaçının təhsil aldığını iddia etdiyi Müstəqil Azərbaycan Universitetinə 1997-ci ildə bakalavr səviyyəsi üzrə tələbə qəbulu həyata keçirilməmişdir Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “iddiaçının adına 2001-ci tarixdə “Müstəqil Azərbaycan” Universiteti Humanitar elmlər fakultəsinin, İbtidai Təhsilin Pedaqogika və Metodikası ixtisasını bitirməsinə dair diplomun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar