Məhkəmə qərarları › İş №2-1(116)-775/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-775/2020

03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-775/2020 03.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1975-1977-ci illər keçmiş Sovet ordusunda həqiqi hərbi xidmət keçmişdir. 1986-cı ildən N saylı hərbi hissədə (988) gizir rütbəsində 1997-ci ilə kimi hərbi xidmət keçmişdir. 1997-ci ildən Müdafiə Nazirliyinin xətti ilə hərbi pensiya alır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçular və hərbi qulluqçu sırasından olan pensiyaçılar 2005-ci ilə kimi “komunal, nəqliyyat və digər xidmətlərdən pulsuz istifadə edirdilər. 1997-ci ildən müharibə iştirakçılarına Müdafiə Nazirliyi tərəfindən veteran vəsiqələri verilməyə başlanmışdır. Həmin dövrdə o, ehtiyata buraxıldığına görə veteran vəsiqəsi ala bilməmişdir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2005-ci il 257 №-li fərmanı ilə Komunal və digər xidmətlərin ödənilməsi üçün ayda 55 min (11 manat) manat məbləğində müavinət təyin edilmişdir. Hərbi qulluqçular sırasından olan pensiyaçılara bu müavinət onların pensiyalarına əlavə olunurdu. 11 manat məbləğində müavinəti o, 2012-ci ilə kimi pensiyasına əlavə kimi almışdır. 2012-ci ilin may ayından bu müavinət ləğv edilmişdir. Müavinət ona pensiya işində olan döyüşlərdə iştirakını təsdiq edən sənəd əsasında ödənilirdi. Səhlənkarlığı nəticəsində o dövrdə müharibə veteranı vəsiqəsi almaq üçün müraciət etməmişdir. 2012-ci ildən 2019-cu ilə kimi hərbi qulluqçular sırasından olan pensiyaçılara bu müavinət qanuna edilən dəyişikliyə əsasən verilməsi dayandırılmışdır. xx xxxxxx 2019-cu ildə Prezidentin Sərəncamı ilə müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikasının Prezidentinin təqaüdü təyin olunmuşdur. Bu təqaüd pensiyaçılara DSMF-nin yerli şöbələrinə veteran vəsiqələrinin surətini təqdim etməklə təyin olunmuşdur. Vaxtında almadığı müharibə veteranı vəsiqəsi olmadığına görə ona təqaüd təyin olunmamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmə faktını sübut edən Mərkəzi Arxiv arayışını və digər sənədləri veteran vəsiqəsi almaq üçün Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının verilməsi üzrə komissiyaya göndərmişdir. Komissiyadan ona veteran vəsiqəsinin verilməsini məqsədə uyğun hesab etməmişlər. Səbəbini arxiv arayışında adının və ata adının tam yazılmadığını və döyüş bölgəsinə döyüşlərdə iştirak etmək haqqında hərbi hissə komandirinin əmrlərində ezamiyyətdən qayıtma əmrinin verilməməsi göstərilmişdir. Bu hərbi hissə komandirinin səhlənkarlığıdır. Onun burada heç bir günahı yoxdur. Arxiv arayışından görünür ki o, dəfələrlə döyüş tapşırığını yerinə yetirmək üçün döyüş zonasına ezam olunmuşdur. Hərbi hissə komandiri necə ola bilər ki, o, ezamiyyətdən qayıtmamış onu təkrar ezamiyyətə göndərsin. O dövrün kadrlar şöbəsi rəisinin savadsızlığı nəticəsində hərbi hissə komandirinin əmrlərində tək onun yox, bütün hərbi qulluqçularının hərbi hissə komandirinin əmrində hərbiçinin rütbəsi, familyası və inisialı göstərilirdi. Müdafiə Nazirliyinin ona imtina cavabı verməsi tamamilə əsassızdır. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etmədiyindən, həmçinin döyüş əməliyyatları aparılan hərbi hissələrə ezam olunmağı barədə əmrlərdə adının və ata adının tam yazılmadığından və ezamiyyətdən qayıtmağı barədə əmr olmadığından (ezam olunma, ezamiyyətdən qayıtmağı da nəzərdə tutur) iddiaçıya “Müharibə veteranı” adının verilməsindən imtina edilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa və “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə uyğun olmuşdur. Hərbi qulluqçu ezamiyyətə gedib ezamiyyət yerində həqiqətən də olubsa, ezamiyyətdən qayıtması da əmrlə rəsmiləşdirilir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. İş materiallarında olan Dövlət X2 X1 İdarəsinin xx.xx.2020-ci il tarixli **********1 nömrəli məktubundan görünür ki, iddiaçıya xx xxxxx 2012-ci il tarixədək müavinət ödənilmişdir. İş materiallarında olan SHXÇDX-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli 8 nömrəli Arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixə kimi və xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixə kimi keçmiş Sovet Ordusunda, xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixə kimi N saylı hərbi hissədə təsərrüfat tağımının anbar rəisi vəzifəsində həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin 031 gm saylı xx.xx.1997-cı il tarixli əmrinə əsasən təşkilati tədbirlər ilə əlaqədar xidmətdə olanlardan istifadə etmək mümkün olmadığına görə ehtiyata tərxis edilmişdir. İş materiallarında olan Şəki şəhər (rayon) polis şöbəsinin xx.xx.2020-ci il tarixli 189- 6408-1220 nömrəli məktubu və ona əlavə edilmiş “2 saylı əlavə”dən görünür ki, İddiaçı barəsində cinayət məsuliyyətinə cəlb olunma barədə heç bir məlumat yocdur. İş materiallarında olan Qarabağ Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 16/1092 nömrəli və Füzuli Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 17/1275 nömrəli məktublarından görünür ki, İddiaçı barəsində Qarabağ hərbi prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli ş/v surəti, H3 seriyalı ******* nömrəli hərbi bilet, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2018-ci il tarixli 1/Ə-6252 nömrəli imtina məktubu, Dövlət X2 X1 İdarəsinin xx.xx.2020-ci il tarixli **********1 nömrəli məktubu, Müdafiə Nazirliyi Mərkəzi Arxivin xx.xx.2018-ci il tarixli 9/2-4988 nömrəli məktubu, SHXÇDX-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli 8 nömrəli Arayışı, xx.xx.2020-ci il tarixli 3E-48669 nömrəli Arayışın surəti, Şəki şəhər (rayon) polis şöbəsinin xx.xx.2020-ci il tarixli 189-6408-1220 nömrəli məktubu və ona əlavə edilmiş “2 saylı əlavə”, SHXÇDX-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli 389 nömrəli məktubu, Nailiyyət siyahısının surəti, Qarabağ Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 16/1092 nömrəli məktubu, Füzuli Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 17/1275 nömrəli məktubu, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 11/3398 nömrəli məktubu və ona əlavə edilmiş 22 vərəq Arxiv Çıxarışları, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin xx.xx.2020-ci il tarixli 11/3801 nömrəli etirazı, Müdafiə Nazirliyi Mərkəzi Arxivin xx.xx.2018-ci il tarixli 9/2-5504 nömrəli məktubu, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 11/4977 nömrəli məktubu, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin xx.xx.2020-ci il tarixli 11/4743 nömrəli məktubu və ona əlavə edilmiş Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin məktubunun surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İşin məhkəmə araşdırmasından məlum olduğu kimi iddiaçı hərbi xidmət əleyhinə cinayət törətməmiş, cinayət məsuliyyətinə cəlb olunmamışdır. O, qanuni əsaslarla ordudan tərxis edilmişdir. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissələrə (982, N və 017) döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunması iş materiallarında olan xx.xx.1993-cü il tarixli 180 nömrəli, xx.xx.1994-cü il tarixli 7 nömrəli, xx.xx.1994-cü il tarixli 27 nömrəli, xx.xx.1993-cü il tarixli 20 nömrəli, xx.xx.1993-cü il tarixli 30 nömrəli, xx.xx.1993-cü il tarixli 80 nömrəli əmrlərdən arxiv çıxarışları ilə təsdiqini tapır. İddiaçının adı və ata adının tam qeyd olunmaması barədə dəlili məhkəmə əsassız sayır, belə ki, iddiaçının şəxsi işinin təsdiqlənmiş surətindən də görünür ki, həmin dövrdə onun rütbəsi gizir (praporşik) olmuş, hərbi biletdə də adı, soyadı və ata adı Алиев Азиз Кулу оглу qeyd edilmişdir. Əmrlərin arxiv çıxarışlarında da onun rütbəsi praporşik qeyd olunmaqla adı Алиев А.К yazılmışdır ki, bu da həmin şəxsin iddiaçı olmasını təsdiq edir. Etirazda “Hərbi qulluqçu ezamiyyətə gedib ezamiyyət yerində həqiqətən də olubsa, ezamiyyətdən qayıtması da əmrlə rəsmiləşdirilir.” dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı ezamiyyətə gedib geri qayıtmasa idi, yəqin ki, növbəti dəfə ezamiyyətə göndərilə bilməzdi və ən azından barəsində hərbi hissəyə qayıtmaması ilə bağlı müvafiq tədbirlər görülərdi ki, bu da iş materialları ilə öz təsdiqini tapmır. Göründüyü kimi, iddiaçıya veteran adının verilməsi üçün hüquqi əsaslar vardır, bunu istisna edən hallar mövcud deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar