Məhkəmə qərarları › İş №2-1(116)-775/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-775/2021

22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-775/2021 22.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəylər qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xİdməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "Balakən rayon Şambul kənd “Azərbaycan” kolxozunun 1971-ci ilin “Qaytanlanmış torpaq kitabı”na əsasən 31-ci sırada onun adına ayrılmış 0,25 ha həyətyanı torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayon Şambul kənd “Azərbaycan” kolxozunun 1971-ci ilin “Qaytanlanmış torpaq kitabı”na əsasən 31-ci sırada onun adına ayrılmış 0.25 ha həyətyanı torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 08.04.2021-ci il tarixdə daxil olmuş və həmin vaxtdan icraata qəbul edilmişdir. İddia ərizəsində iddia tələbi belə əsaslandırılmışdır ki, Balakən rayon Şambul kənd “Azərbaycan” kolxozunun 1971-1984-cü il qaytanlanmış torpaq kitabına əsasən 31-ci sırada iddiaçının adına 0,25 ha həyətyanı torpaq sahəsi olduğu göstərilmişdir. Bu fakt iddiaçının ərizəyə əlavə etdiyi Balakən rayon Şambul kənd “Azərbaycan” kolxozunun məlumatında öz əksini tapır. İddiaçı iddia ərizəsində qeyd edir ki, həmin torpaq sahəsindən bugünə kimi istifadə etmir. İddiaçı sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb çıxarışın verilməsi üçün dəfələrlə DƏDRX-nin 18 saylı ərazi idarəsinə müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 04.06.2020-ci il tarixli imtina məktubunda qeyd edir ki, iddiaçının ərizəsi bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, müraciətində qeyd olunan ünvan 1i ünvanında yerləşən 0,25 ha torpaq sahəsinin yerləşdiyi ərazi (1,98 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi Balakən rayon Aqrar İslahat Komissiyasının 12 may 2001-ci il tarixli, 05 saylı qərarı ilə iddiaçı və ailə üzvlərinin umumi birgə mülkiyyətinə verilmiş və həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları (müraciətində qeyd olunan 0,25 ha torpaq sahəsi də daxil olmaqla) ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-578 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı” ilə rəsmiləşdirilmişdir. İdarə tərəfindən qeyd olunan torpaq sahəsinin yerləşdiyi əraziyə iddiaçının iştrakı ilə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, arxiv arayışına əsasən iddiaçının mülkiyyətinə həyətyanı kimi verilməli olan 0,25 ha torpaq sahəsi iddiaçı və ailə üzvlərinin JN-578 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı”na əsasən 578K planşet hissəsində göstərilən 1,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindədir. Bundan başqa həmin 1,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,12 ha hissəsi başqa şəxlər tərəfindən hasarlanaraq üzərində yeni fərdi yaşayış evi inşa edilmişdir, Aqrar İslahat Komissiyasının qərarı ilə vətəndaşların mülkiyyətinə verilmiş torpaq sahələrinin təyinatının dəyişdirilməsi (bir kateqoriyadan başqa kateqoriyaya keçirilməsi) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Torpaq sahəsinin təyinatının (kateqoriyasının) dəyişdirilməsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə əsasən “Torpaqların kateqoriyalara aid ediİməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən həyata keçirilir”. Cavabdeh məhkəməyə ünvanladığı 03.05.2021-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı Ömərov X5 rayonu, Şambul kəndində “Azərbaycan” kolxozunun qərarı ilə ona ayrılmış 0,25 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi məqsədi ilə 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. Ərizənin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, ünvan 1i ünvanında yerləşən 0,25 ha torpaq sahəsinin yerləşdiyi ərazi (1.98 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi Aqrar İslahat Komissiyasının 12 may 2001-ci il tarixli, 05 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinin ümumibirgə mülkiyyətinə verilmiş və (müraciətdə qeyd olunun 0,25 ha torpaq sahəsi də daxil olmaqla) Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən JN-578 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı” ilə rəsmiləşdirilmişdir. Aqrar İslahat Komissiyasının qərarı ilə vətəndaşların mülkiyyətinə verilmiş torpaq sahələrinin təyinatının dəyişdirilməsi (bir kateqoriyadan başqa kateqoriyaya keçirilməsi) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmaması səbəbindən ərizənin icrası mümkün olmamış və bu barədə ərizəçiyə 12 iyun 2020-ci il tarixli, **********89 nömrəli məktub ünvanlanmışdır. Məlumat üçün bildirilir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “ünvan 2 “Azərbaycan” kolxozunun 1971-ci ilin qaytanlanmış torpaq kitabına əsasən 31-ci sırada adına ayrılmış 0,25 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsin 03 aprel 2019-cu il tarixli, 2-1(84)-50/2019 qərardadı ilə iddiaçının iddia tələbi mümkün sayılmamışdır. İddia ərizəsi bağlı qeyd olunan torpaq sahəsinin yerləşdiyi ərazidə idarə tərəfindən İddiaçı iştrakı ilə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, İddiaçı arxiv arayışına əsasən həyətyanı kimi verilməli olan 0,25 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin JN-578 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı” na əsasən 578K planşet hissəsində göstərilən 1,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindədir. Qeyd olunan Dövlət Aktı ilə bağlı dövlət reyestrində əməliyyatlar aparılmamışdır. Bundan başqa həmin 1,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,12 ha hissəsi başqa şəxslər tərəfindən hasarlanaraq üzərində fərdi yaşayış evi inşa edilmişdir. Baxış zamanı həmin şəxsləri müəyyən etmək mümkün olmamışdır. Digər şəxs tərəfindən hasara alınaraq üzərində fərdi yaşayış evi inşa edilmiş 0,12 ha torpaq sahəsinə dair arxiv fondunda və elektron kadastr xəritələrdə hər-hansı bir məlumat aşkar edilməmişdir. İddiaçıya məxsus JN-578 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı”na əsasən 578K planşet hissəsində göstərilən 1,98 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı, çoxillik əkmələr üçün nəzərdə tutulan torpaq sahələrinə aiddir. Digər təfərdən məlumat üçün bildirilir ki, İddiaçı Aqrar İslahat Komissiyasının 23 noyabr 2004-cü il tarixli, 02 saylı qərarı ilə Balakən şəhərində 0,07 ha həyətyanı torpaq sahəsi verilmiş və həmin qərara əsasən Ləğv edilmiş DTXK tərəfindən onun adına JN- 1451B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” tərtib edilmişdir. Həmin şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlərə əsasən İddiaçı 0,07 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi daşınmaz dövlət reyestrində qeydiyyata alınmış və 28.08.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Bildirilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Torpaq sahəsinin təyinatının (kateqoriyasının) dəyişdirilməsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə əsasən “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən həyata keçirilir”. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatından imtina olunur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Balakən Rayon Dövlət Arxivinin 20.07.2011-ci il tarixli, 154 nömrəli arxiv arayışında qeyd edilir ki, Balakən rayon Meşə Şambul kənd X1 İcraiyyə Komitəsinin Təsərrüfatbaşına kitabına əsasən 1963-1965-ci illərdə İddiaçı ailə başçısı olmaqla anası X4 təsərrüfatda qeydiyyatda olmuşlar. Ev 1918-ci ildə tikilmiş, həyətyanı torpaq sahəsi 0,28 ha olaraq qeyd edilmişdir. Sənədin qeyd hissəsində 1963-cü ildə torpaq sahəsində qaralama olduğu göstərilmişdir. Arxiv arayışının aşağı hissəsində qeyd edilmişdir ki, qaralama onu göstərir ki, həmin ildən 0,28 ha həyətyanı torpaq sahələri 0,25 hektara endirilmişdir. İş materiallarında olan X10 filialının 15.11.2016-cı il tarixli 1588 nömrəli məktubunda qeyd edilir ki, Balakən rayon Şambul kənd “Azərbaycan” (Sovet Azərbaycanı) kolxozunun 1971-ci ilin Qaytanlanmış torpaq kitabına əsasən 31-ci sırada İddiaçı torpağının cəmi 0,25 olması qeyd edilmişdir. İş materiallarında olan Respublika Dövlət Arxivinin Balakən filialının 02.09.2016-cı il tarixli 795 nömrəli arayışında qeyd edilir ki, Balakən rayon Şambul kənd sakini X3 atası X12 iyun 1944-cü ildə X6 itkin düşmüşdür (əsas: X8 iştirakçıları əlifba qeydiyyat kitabı sıra sayı 102, səhifə 58). İş materiallarında olan Balakən Rayon Dövlət Arxivinin 22.04.2021-ci il tarixli, 22 nömrəli arxiv arayışında qeyd edilir ki, ünvan 2 ZDS İcraiyyə Komitəsinin 1960-1965-ci illərə aid təsərrüfatbaşına kitabları Dövlət Arxivinə təhvil verilməmişdir. Şambul kənd ZDS İcraiyyə Komitəsinin 1966-1968-ci illərə aid bir təsərrüfatbaşına kitabı Dövlət Arxivində mühafizə olunur. Həmin kitabda İddiaçı təsərrüfatı barədə qeydiyyat aparılmamışdır. İş materiallarında olan JN-578 kod 40116018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın təsdiq edilmiş surətindən görünür ki, Balakən rayon AİK-nın 12.05.2001-ci il tarixli, 05 saylı qərarı ilə ünvan 2ində yerləşən 2.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinə verilmişdir. İş materiallarında olan JN-1451B kod 40101004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, Balakən rayon AİK-nın 23.11.2004-cü il tarixli, 02 saylı qərarı ilə 0.07 ha həyətyanı torpaq sahəsi İddiaçı verilmişdir. Sənəd kitabda 4966 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilən 28.08.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, MH seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın təsdiq edilmiş surətindən görünür ki, Balakən şəhəri, Niyazi küçəsində yerləşən 0.07 ha torpaq sahəsində tikilən 22 nömrəli fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir və sənəd daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 163 nömrəli vərəqində qeydiyyata alınmışdır. Əsaslandırma hissəsi: İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 nömrəli Fərmanına əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahıda Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər hüquqların əldə edilməsini təsdiq edən sənəd qismində göstərilməkdədir:

1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri;

2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri;

3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı;

4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları;

5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr;

6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr;

7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları;

8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd;

9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə);

10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı.

11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. Göründüyü kimi, göstərilən sənədlər siyahısında iddiaçının öz tələbini əsaslandırmaq üçün istinad etdiyi qaytanlanmış torpaq kitabındakı məlumatlar torpaq sahəsi üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd qismində göstərilməmişdir. Həmçinin məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsinin həyətyanı torpaq sahəsi qismində ona ayrılmasını iddia etsə də, ünvan 2i ünvanında yerləşən 0,25 ha torpaq sahəsinin yerləşdiyi ərazi (1.98 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi Aqrar İslahat Komissiyasının 12 may 2001-ci il tarixli 05 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinin ümumibirgə mülkiyyətinə verilmiş və (müraciətdə qeyd olunun 0,25 ha torpaq sahəsi də daxil olmaqla) Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən JN-578 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı” ilə rəsmiləşdirilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı Aqrar islahat Komissiyasının 23.11.2004-cü il tarixli, 02 saylı qərarı ilə Balakən şəhərində 0,07 ha həyətyanı torpaq sahəsi verilmiş və həmin qərara əsasən Ləğv edilmiş DTXK tərəfindən onun adına JN-1451B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” tərtib edilmişdir. Həmin şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlərə əsasən İddiaçı 0,07 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi daşınmaz dövlət reyestrində qeydiyyata alınmış və 28.08.2008ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya Aqrar İslahat Komissiyasının qərarı ilə iki yerdə həyətyanı torpaq sahəsinin ayrılması qanunvericiliyin tələblərinə əsasən yolverilməz olduğundan iddiaçının tələbini əsaslnadırmaq üçün istinad etdiyi dəlillər iş materialları ilə öz təsdiqini tapmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xİdməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "Balakən rayon Şambul kənd “Azərbaycan” kolxozunun 1971-ci ilin “Qaytanlanmış torpaq kitabı”na əsasən 31-ci sırada onun adına ayrılmış 0,25 ha həyətyanı torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar