Məhkəmə qərarları › İş №2-1(116)-776/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-776/2023

06.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-776/2023 06.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “təyin edilmiş 2-ci dərəcəli əlilliyin ləğv edilməsi barədə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair ərizə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "təyin edilmiş 2-ci dərəcəli əlilliyin ləğv edilməsi barədə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya xx.xx.2023-cü il tarixdə yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, iddia ərizəsinin “xahiş etdim” hissəsi hüquqi marağına uyğun ifadə edilməmişdir. Belə ki, hazırkı iddia tələbi əlilliyin təyin edilməsi ilə bağlı olduğu halda, iddia ərizəsinə əsasən tələb “təyin edilmiş 2-ci dərəcəli əlilliyin ləğv edilməsi barədə cavabdehin qərarının ləğvindən ibarətdir. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçıya xx.xx.2016-ci il tarixdə 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmiş, əlilliyin müddəti xx.xx.2021-ci il tarixdə başa çatmışdır. Yəni, cavabdeh inzibati orqan tərəfindən təyin edilmiş əlillik ləğv edilməmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə iclaslarında iştirak etmədiyi üçün hüquqi yardım qaydasında iddia tələbinin dəqiqləşdirilməsi mükün olmamışdır. İddiaçıya məhkəmənin yardım məktubuna 5 gün müddətində münasibət bildirməsi təklif olunmuşdur. İddiaçı yardım məktubuna münasibət bildirməmiş,dəqiqləşdirilmiş iddia ərizəsini məhkəməyə təqdim etməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, ilk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyil. Belə ki, iddia tələbi inzibati icraat çərçivəsində deyil, inzibati xəta ilə bağlı yaranan hüquq münasibətinə əsaslanır. “İnzibati icraat haqqında” haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən bu qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7). Məhkəmə ərizəni qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşin hallarına əsasən iddiaçıya xx.xx.2016-ci il tarixdə 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmiş, əlilliyin müddəti xx.xx.2021-ci il tarixdə başa çatmışdır.Bundan sonra iddiaçı barəsində rəsmiləşdirilmiş göndərişə cavabdeh inzibati orqan tərəfindən qiymət verilmiş,göndərişin natamam doldurulması əsası ilə əlilik təyin olunmasından imtina edilmişdir. İddiaçı tərəfindən hazırkı iddia ərizəsində “təyin edilmiş İİ dərəcəli əlilliyin ləğv edilməsi barədə cavabdehin qərarının ləğvi” tələbi irəli sürülmüşdür.Cavabdehin belə bir qərarı olmadığından iddiaçıya hüquqi yardım qaydasında izah olunmuşdur ki,iddia tələbini hüquqi marağına uyğun dəqiqləşdirməklə müraciət edə bilər.Yəni,iddiaçının hüquqi marağı ona əlillik təyin edilməsindən ibarət olduğundan iddia ərizəsini həmin tələbə uyğun tərtib etməklə təqdim edə bilər.Məhkəmə tərəfindən iddianın dəqiqləşdirilməsi məqsədi ilə xx.xx.2023-cü il,xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərinə məhkəmə iclasları təyin edilsə də iddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçıya məxsus elektron kabinetə xx.xx.2023-cü il tarixdə hüquqi yardım məktubu göndərilərək təkrar hüquqi marağına uyğun iddia ərizəsi təqdim etmək təklif edilmişdir.Yuxarıda qeyd olunanlara baxmayaraq iddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia ərizəsi təqdim edilməmişdir. Göründüyü kimi ləğvi tələb olunan qərar ümumiyyətlə mövcud olmadığından hazırkı iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16,35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “təyin edilmiş 2-ci dərəcəli əlilliyin ləğv edilməsi barədə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar